Əmirxan Mehralı oğlu Babaşov (iqtisad elmləri namizədi)

QISA MƏLUMAT

Əmirxan Mehralı oğlu Babaşov 1947-ci il fevralın 5-də Bolnisi rayonunun Faxralı kəndində anadan olmuşdur.
1954  1965-ci illərdə Faxralı orta məktəbini,  1965  1969-cu illərdə isə Azərbaycan Dövlət Universitetinin Əmtəəşünaslıq və ticarətin təşkili fakültəsini Fərqlənmə diplomu ilə bitirmişdir. 1969 1971-ci illərdə Azərbaycan SSR Dövlət Plan Komitəsi nəzdində Elmi-Tədqiqat İqtisad İnstitutunda (ETİİ) kiçik elmi işçi vəzifəsində çalışmışdır. 1972-1975-ci illərdə əvvəlcə Bakı şəhərində, sonra isə Moskva şəhərində SSRİ Dövlət Plan Komitəsi yanında İqtisadiyyat Elmi-Tədqiqat İnstitutunda əyani aspiranturada oxumuş, “Azərbaycan SSR əhalinin sosial qruplarının həyat səviyyəsinin yaxşılaşdırılması problemləri (iqtisadi təhlil və planlaşdırma məsələləri)” mövzusunda namizədlik dissertasiyasını müdafiə etmiş, iqtisad elmləri namizədi elmi dərəcəsi almışdır.
1975  1994-cü illərdə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin ETİİ-də kiçik elmi işçi vəzifəsindən şöbə müdiri vəzifəsinədək yüksəlmiş, 1994-cü il Azərbaycan Respublikası Milli Məclisinin İqtisadi qanunvericilik şöbəsində baş məsləhətçi vəzifəsində çalışır. Bazar iqtisadiyyatının tələblərinə uyğun iqtisadi qanunvericilik bazasının yaradılmasında fəal iştirak edir.
Əmirxan Babaşov “1976-1990-cı illərdə Azərbaycan SSR-də məhsuldar qüvvələrin inkişafı və yerləşdirilməsinin əsas istiqamətləri” (Bakı, 1978), “2000-ci ilə qədər Azərbaycan SSR-nin məhsuldar qüvvələrinin inkişafı və yerləşdirilməsi sxemi” (Bakı, 1982), “1985-2005-ci illərdə Azərbaycan SSR-də elmi-texniki tərəqqinin Kompleks Proqramı” (Moskva, 1983), “1991-2010-cu illərdə SSRİ-də elmi-texniki tərəqqinin Kompleks Proqramı (Regional bölmə)” (Moskva, 1989) fundamental sənədlərin müəlliflərindən biri olmuşdur.
Ə. Babaşov Bakı, Moskva, Kiyev, Minsk, Tbilisi və digər şəhərlərdə keçirilən simpozium və konfranslarda elmi məruzələrlə çıxış etmiş və həmin şəhərlərdə 50-dən çox elmi əsəri çap olunmuşdur. O, 3 kitabçanın və 20-yə qədər elmi məqalənin müəllifidir. O, “İqtisadiyyat və həyat” jurnalında və bir çox kitabların nəşrində elmi redaktor olmuşdur.
Ə. Babaşov elmi və qanunvericilik bazasının yaradılması ilə yanaşı Neft Akademiyasında, İnşaat Mühəndisləri Universitetində, Əmtəəşünaslıq-Kommersiya İnstitutunda, Təfəkkür Universitetində iqtisadçı bakalavr və magistrantlara iqtisad elminin aktual problemlərindən mühazirə oxuyur, elmi işçi, aspirant və magistrantlara elmi rəhbərlik edir.

Mənbə : REDAKTORDAN.

 

“CAN AY QARDAŞ” ÇAĞIRMAĞA NƏ VAR Kİ…

İnsan öz insanlığını, alicənablığını özüy­lə bir­­gə dünyaya ana bətnindən gətir­mir, bu gözəl xa­siy­­yətləri həyatda qazanır. İn­sanlığa verilən çox ölçü­lər, meyarlar var. Onların sırasında ən əsası ya­xın və uzaq ətrafında olan kəslərin mehr-məhəb­­bəti­dir, insanın bu sevgini qazanmasıdır. Elinin-oba­sı­nın məhəbbətini, həmvətən­lərinin hör­­­­mətini qaza­nan, hörməti Fax­ralıya yayılan belə insan­lardan biri də Əmirxan Babaşovdur. Bunu onun zəngin və şərəfli bioqrafiyası da təsdiq edir.

İstedadlı alim, təcrübəli pedaqoq Əmirxan Mehralı oğlu Ba­başov 5 fevral 1947-ci ildə Gürcüstanda – Bolnisi rayonunun Faxralı kəndində kəndli ailəsində anadan olub. 1954-cü ildə Faxralı kənd orta məktəbinin 1-ci sinfinə gedib, 1965-ci ildə həmin məktəbin 11-ci sinfini bitirib və S.M.Kirov  adına Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Univer­siteti) iqtisad fakül­tə­sinə daxil olub. 1966-cı ildə həmin fakültə yeni təşkil edilmiş D.Bün­yad­zadə  adına Azərbaycan Xalq Təsərrüfatı İnstitutunun tabe­liyi­nə verilib və Ə.Babaşov 1969-cu ildə həmin ins­ti­tutun Əmtəəşünaslıq və ticarətin təşkili fakül­təsini fərqlənmə diplomu ilə bitirib. Gənc mütəxəssis kimi bir müddət Ticarət Nazirliyi sistemin­də işləyib. Azərbaycan SSR Dövlət Plan Komitəsi (indiki İqtisadi İnkişaf Nazirliyi) yanında Elmi-Tədqiqat İqtisad İnistitutunun (ETİİ) direktoru, iqtisad elmləri doktoru professor M.M.Allahverdiyev Ə.Baba­şovun elmi-tədqiqat işinə olan həvəsini nəzərə alıb, onun təyi­natını dəyişdirib İnsti­tu­ta gətirib və kiçik elmi işçi vəzifəsinə işə qəbul edib. Ə.Babaşov 1971-ci ilin may ayından 1972-ci ilin may ayına kimi həqiqi hərbi xidmətdə olub.

Ə.Babaşov 1972-ci ildə ETİİ-də əyani aspiranturaya daxil olmuş və Moskva şəhərinə – SSRİ Dövlət Plan Komitəsi yanında İqtisadiyyat Elmi Təqiqat İnstitutuna ezam olunub. SSRİ Dövlət Plan Komitəsinin əhalinin həyat səviyyəsi və so­sial inkişaf şöbəsinin müdiri, professor N.S.Laqu­ti­nin rəh­bərliyi ilə “Azərbaycan SSR əhalisinin sosial qrup­larının həyat sə­viyyə­sinin yaxınlaşdırılması problemləri (İqtisadi təhlil və planlaş­dırma məsələləri)” mövzusunda namizədlik disserta­si­ya­sı müdafiə edib, iqtisad elmləri namizədi alimlik dərəcəsi al­ıb. 1991-ci ildə SSRİ Ali Attestasiya Komissiyası tə­rə­findən Ə.Babaşova elmi-tədqiqat fəaliyyətinə və çap olunmuş elmi əsərlərinə görə baş elmi işçi attestatı verilib.

1975-ci ilin noyabr ayından 1994-cü ilin may ayına kimi Azər­baycan Respublikası Dövlət Plan Komitəsi yanında ETİİ-də kiçik elmi işçi vəzifəsindən şöbə müdiri vəzifəsinə kimi yüksəlib.

Ə.Babaşov elmi işə hələ tələbəlik illərindən meyl göstər­ib. 1967-ci ildə K.Marksın “Kapital”  əsərinin I cildinin çap olunmasının 100 illiyi münasibəti ilə keçirilən ümumrespublika müsabiqəsində yazdığı elmi iş III dərəcəli diploma (I dərəcə heç kimə verilməyib) və pul mükafatına layiq görülüb.

Ə.Babaşov “Azərbaycan Respublikasında şəhər və kənd əha­lisinin həyat səviyyəsinin yaxşılaşdırılması problemləri” möv­zusunda elmi əsərinə görə respublika komsomolu mükafatı laureatı olub.

Erməni separatçıları öz xəbis niyyətlərini həyata keçirmək üçün Dağlıq Qarabağın sosial-iqtisadi cəhətdən guya geri qal­masını “əsaslan­dır­dıqları” dövrdə ETİİ-nin əməkdaşları elmi dəlillərlə bu ideyanı alt-üst etmişdilər. Ə.Babaşov həmin fun­damental elmi işin mühüm bölmə­lərin­dən birini – “Əhalinin hə­yat səviyyəsi və sosial inkişafının tədqiqi”ni yerinə yetir­ib. Həmin tədqiqatda əhalinin həyat səviyyəsini və sosial in­kişafını xarakterizə edən (əhalinin hər on min nəfərinə düşən həkimlərin sayı istisna olmaqla) bütün göstəricilərin Dağlıq Qarabağda Azərbaycan­dan və Ermənistandan üstün olduğu göstərilib. Həkimlərin sayının belə az olması isə onunla əla­qədar olmuşdur ki, İrəvandan ermənilər Dağlıq Qarabağa işləməyə gəlmirdilər, Bakıdan gedən azərbaycanlıları isə işə qə­bul etmirdilər. Bu məsələlər Moskvadan gələn akademik T.Xa­çatu­rov­la görüşdə də bir daha vurğulanmışdır. O, Azər­bay­can iqtisadçı alimlə­ri­nin faktlarını eşitdikdən sonra səhəri günü kor-peşman Moskvaya qayıdıb.

Ə.Babaşov ETİİ də yerinə yetirilən “1976-1990-cı illərdə Azər­bay­can SSR-də məhsuldar qüvvələrin inkişafı və yer­ləş­di­ril­məsinin əsas isti­qa­mətləri ” (Bakı, 1978),  “2000-ci ilə qədər Azər­baycan SSR-nin məh­sul­dar qüvvələrinin inkişafı və yer­ləş­dirilməsi sxemi” (Bakı 1982), “1985-2005-ci illərdə Azər­bay­can SSR-də elmi-texniki tərəqqinin kom­pleks proq­ramının” (Moskva 1983) və “1990-2005-ci illərdə Azərbaycan SSR-də məhsuldar qüvvələrin inkişafı və yerləşdirilməsi baş sxemi” (3 cilddə) kimi fundamental sənədlərin müəllifləri sırasında olub.

Ə.Babaşov SSRİ Dövlət Plan Komitəsi yanında İqtisadiyyat Elmi-Təd­qiqat İnstitutu ilə birgə yerinə yetirilən “Müttəfiq res­publikalarda mi­nimum istehlak büdcəsi və minimum əmək haqqı problemləri” üzrə dörd blokdan ibarət elmi-tədqiqat işi­nin əsas müəlliflərindən biridir.

Ə.Babaşov Bakı, Tbilisi, Moskva, Minsk və digər şəhərlər­də keçiri­lən simpozium və konfranslarda elmi məruzələrlə çıxış edib, üç kitabçanın və 90-dan çox elmi məqalənin müəllifidir. O, “İqtisadiyyat və həyat” jurnalının və iqtisadiyyata aid bir çox kitabların elmi redaktoru olub.

Ə.Babaşov 1994-cü ildə Milli Məclisin İqtisadi Siyasət Daimi Ko­missiyasına ekspert kimi qəbul edilib, həmin ilin noyabr ayından Milli Məclis Aparatının İqtisadi qanunvericilik şöbəsində böyük məsləhətçi olub. 1996-cı ilin aprel ayından bu günə kimi həmin şöbədə baş məslə­hət­çi vəzifəsində işləyir. Dövlət qulluğunun baş müşaviridir.

Ə.Babaşov iqtisadi və aqrar qanunvericilik bazasının yara­dıl­masında fəal iştirak edir. İşlədiyi müddətdə 30-a yaxın qa­nun layihəsinin hazır­lan­masında, onların müzakirəsinin təşki­lin­də, həmçinin qanun­vericilik mə­sələlərinə həsr olun­muş bir sıra konfrans və seminarlarda iştirak edib. Əmirxan müəl­lim Azərbaycan Respublikasında uzun müddət dövlət qul­lu­­ğun­da səmərəli fəaliyyət göstərdiyinə görə Azərbaycan Res­pub­lika­sı Prezidenti İlham Əliyev cənablarının 23 iyun 2008-ci il 2889 saylı sə­rən­camı ilə “Dövlət qulluğunda fəaliyyətinə görə” medalı ilə təltif olunub.

Ə.Babaşov 2008-ci ilin sentyabr ayında Avropa Şurasının Fransa və Almaniyada keçirdiyi yığıncaqda Azərbaycan Res­pub­likası Milli Məcli­si­nin nümayəndəsi kimi aktual iqtisadi mövzuya aid çıxış edib.

Ə.Babaşov elmi iş və iqtisadi qanunvericilik bazasının yara­dılması ilə yanaşı, pedaqoji fəaliyyətlə də məşğul olmuşdur. O, ayrı-ayrı illərdə Neft Akademiyasında, Bakı Dövlət Əmtə­əşü­naslıq-Kommersiya İnstitu­tun­da, Təfəkkür, Asiya, Memarlıq və İnşaat, Azərbaycan Dövlət İqtisad universitetlərində iqti­sadçı bakalavr və magistrantlara iqtisad elminin aktual prob­lem­lərindən mühazirə oxuyub. Magistr və namizədlik dis­ser­tasiya işlərinin elmi rəhbəri olub, bir çox namizədlik dis­ser­tasiyalarına opponentlik edib.

Ə.Babaşov Azərbaycanda beynəlxalq tələblərə uyğun fəaliy­yət gös­tər­­məyə qadir olan auditor kadrların hazırlanması, on­ların peşə – ixtisas sə­­viy­­yəsinin artırılması və təkmilləşdiril­mə­si işində Azərbaycan Audi­torlar Palatasına yaxından köməklik edib. O, Auditorlar Palatasında təşkil olunmuş hazırlıq kurs­larında dinləyicilərə “Sahibkarlıq fəaliyyətinin qanunveri­ciliklə tənzimlənməsi” barəsində mühazirə oxuyub.

Əmirxan Babaşov Azərbaycan Respublikasında yaşayıb-yaratsa da, necə deyərlər, bir ayağı Borçalıdadır. Gürcüstan azərbaycanlılarının gü­zə­ranı, sosial vəziyyəti, problem və qay­ğı­ları daim onun diqqət mər­kə­zində olub. O, sanki Borçalı ilə, Faxralı ilə nəfəs alır. Bu da təbiidir. Axı nəcabətli nəslin nümayəndəsi olan Ə.Babaşovun dünyaya göz açdığı yerin elə füsunkar təbiəti vardır ki, heç cür unudulası deyil. Mərhum xalq şairi Hüseyn Arif dmişkən:

Gəl çıxaq seyrinə uca dağların,
Çəmən olan yerdə xalça nə lazım?
Gözündən su içək buz bulaqların,
Lilpar olan yerdə dolça nə lazım?

Nə kaman götürək, nə tar, nə qaval,
Orda nəğmə də var, nəğməkar da var.
Qıy vurub dinəndə qayada qartal,
O səsə bərabər bir səs harda var?

Yurdunu hədsiz dərəcədə sevən oğullardan biridir Əmirxan Babaşov. Elə bil, o yerlərə gedib baş çəkəndə Ə.Babaşov bir az da cavanlaşır. Həqiqətən də, Borçalının Qaraarxaç yaylağında, elə bil, təravətləndirici hava var, Divsiz (Dibsiz) və Keçiqıran göllərində sanki cavanlıq eliksiri –  “dirilik suyu” vardır. Allahın heç nəyi  əsirgəmədiyi bu əsrarəngiz yerləri öz bayatı­larımda belə vəsf etmişəm:

Keçiqıran buradı,
Üzü günə, nuradı,
Binə düşən sevinir,
Hasil olur muradı.

Dağ başında tüldü bu,
Çiçəkdi bu, güldü bu,
Adı Divsiz olsa da,
Mavi gözlü göldü bu.

Ə.Babaşov hər dəfə doğma el-obanı ziyarət edəndə ulu­la­rının, əc­dad­ların ruhunu şad eləmək üçün nəsə etməyə çalışır. Bundan ötrü, həm də özündən sonra gələcək nəsillərə görk elə­mək naminə Ə.Babaşov Qara­arxaç yaylağında, Keçiqıran gö­lü­nün, Nazar oğlu bulağının, kiçik Xram çayının yanında daşdan süfrə düzəldib. Bizim ellərdə hər ünvanı orada izi, əməli qalan insanın adı ilə çağırmaq adətdir. Sözsüz ki, Əmir­xan mü­əl­limin də adını onun təkcə elmi işləri yox, həm də Daş süfrəsi əbədiləşdirəcəkdir. Faxralı meşəsində Mahmudoğlu deyilən yerdə dədə-baba binə yerində Əmirxan müəllim Vladivos­tokda, əsgərlikdə nakam ölən qardaşı Şabanın və atası Mehralı kişinin adına bulaq düzəltdirib. Hər il Qaraarxac yaylağına gedəndə mütləq Aralıqda Cənnət bulağında və Təyyarədüşən yerdə olan ulularının yurd yerinə özü ilə bərabər övladlarını və nəvələrini də aparır.  Ə.Babaşov bununla gələcək nəsillərə is­ma­rıc verir ki, dədə-baba yurdunu yaddan çıxarmaq olmaz.

Ə.Babaşov da özündən sonra gələnlərə görk eləyir ki, baxın, sizin­çün belə nümunə yaratmışam ki, öyrənin.

O, həm də saz-söz adamıdır. Sazı sevəndir, sazı sevməyi öyrədəndir. Bu yerdə sazla bağlı yazdığımı xatırlatmaq istəyirəm:

Səməndərəm, sazı ruhum bilmişəm,
Yurd- yuvamdı, ona könül vermişəm.

Ə.Babaşov da saza könül verən oğullardan biridir. Ona qal­sa, deyər ki, başda “Ruhani” olmaqla, bütün saz havaları məhz Faxralıda yaranıb. Əslində Faxralı da elə Böyük Türk Dün­ya­sının ən gözəl ərazilərindən biridir. Təki kənarda yarandığını iddia edən olmasın “Ruhani”nin. “Sarı gəlin” kimi onu da əli­miz­dən qapmağa çalışmasınlar.

İndiyədək saz haqqında çox deyilib, çox yazılıb, şəninə çox təriflər səs­lənib. Ancaq xalq şairi Zəlimxan Yaqubun sözləri hamısından fərqlənib:

Tut ağacı tutum olsun,
Taxtası qutum olsun,
Saz özü tabutum olsun,
Tabut məndən inciməsin.

Mərhum xalq şairi Cabir Novruzun sözü var:

“Can, ay qardaş” çağırmağa nə var ki,
Bax, o canın özü olmaq çətindi.
Böyük yerdə oturmağa nə var ki,
Lazım olsa, kiçik olmaq çətindi.
Kişilikdən dəm vurmağa nə var ki,
Lazım olsa, kişi olmaq çətindi.

Ə.Babaşov da alimdir, məmurdur, vəzivəsi var. Amma bö­yük yerdə otur­mağına baxmayaraq, o, həmişə xalqın arasın­da­dır. Yeri gələndə, məqamı gələndə cəsarətlə sözünü deməyi bacarandır.

Əmirxan Babaşov prinsiplərinə daim sadiq qalmağı bacaran insandır. Prinsipiallıq bir çox hallarda zamandan və məkandan asılı olmur. Həya­tını prinsiplər üzərində quranlar bir çox çətin­liklərlə üzləşsələr də, nəticə etibarı ilə xalqın sevimlilərinə çev­rilirlər. Ən çətin məqamlarda belə prinsiplərindən əl çakmə­dik­ləri üçün hamı onlara etibar edir, onları olduqları kimi qəbul edir və sevir.

Əmirxan Babaşov kimi prinsipial insanlar vicdanlarının səsi ilə yaşa­yır­lar. Onları düzgün istiqamətləndirən yeganə amil isə vicdandır, onun sə­sinə qulaq asan insanlar həmişə doğru  qə­rarlar verir, bataqlığa sürük­lən­mirlər. Əmirxan müəllim üçün vicdan daxili tənzimləmə mexaniz­mi­dir, prinsipləri müəyyən­ləş­dirən də odur. Vicdan, eyni zamanda, gözəl dav­ranışlardan həzz alan, pis hərəkətə görə məyus olan hissləri də özündə cəmləşdirir. Əmirxan müəllim bu hissləri vicdanın ən mühüm xüsu­siy­yət­ləri hesab edir. Onun fikrincə, vicdanının səsinə qulaq asanlar mane­ələr qarşısında iztirab çəksələr də, daxilən bir həzzqarışıq rahatlıq yaşa­yır­lar.

Əmirxan Babaşovun həyatının, məqsəd və niyyətlərinin mər­kəzində insan var. Belələri başqalarını xoşbəxt görəndə öz­ləri də xoşbəxt olurlar. Heç vaxt kin saxlamırlar, mənfəət­pərəst deyillər. Onlara hamı, hətta düş­mənləri belə güvənir, etibar edir. Çünki özləri və sözləri birdir, riya­kar­lıqdan və yalandan uzaqdırlar. Əmirxan müəllim kimi insanların missiya­ları konkretdir, həyatın gerçəkləri onları dəyişmir. Onların həya­tında daim bir tarazlıq var, daxilən zəngindirlər.

Artıq sübuta yetirilmiş həqiqətdir ki, insanı dəyərli edən onun prinsip və düşüncələridir. Onu dəyərli edən nə mənsub ol­duğu millət, nə vəzifə, nə də var-dövlətdir. Yalnız prinsipial həyat yaşamaqla həqiqi xoşbəxtliyə nail olmaq mümkündür.

Əmirxan Babaşov həm də gözəl ailə başçısı, qayğıkeş atadır. Ə.Baba­­şovun iki oğlu, iki qızı, altı nəvəsi var. Böyük oğlu Etibar Ankara Universitetinin məzunudur. Etibar Babaşlının magistr elmi dərəcəsi var, hazırda rəhbər vəzifəli bank işçisidir. Əmirxan müəllimin böyük qızı Aytən xanım Neft Akademiya­sında bakalavr və magistratura pillələrini bitirmişdir. O, ha­zırda Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA-nın) Aşqarlar Kimyası İnstitutunda aspirantdır. Digər qızı Aynur xanım Bakı Dövlət Universitetinin biologiya fakültəsinin bakalavr və magistratura pillələrini fərqlənmə diplomu ilə bitirib. O, hazırda AMEA-nın Mikrobiologiya İnstitutunda aspiranturanı bitirib. Əmirxan müəllimin ikinci oğlu Mehralı Babaşlı isə Azərbaycan Dövlət İqtisad Universitetində təhsil alıb.

Göründüyü kimi, Əmirxan Babaşovun başçılıq etdiyi ziyalı ailəsində böyüyüb başa çatan övladların hamısı ali təhsilə yiyə­lənmiş və elmi fəaliyyət yolunu seçmişlər. Bu, onların atala­rın­dan əxz etdikləri həm genetik xüsusiyyətlərin təzahürüdür, həm də ailədə aldıqları tərbiyənin məntiqi nəticəsidir. Əmirxan mü­əl­lim üçün həm övladlarının böyüyüb boya-başa çatmasında, onların tərbiyəsində, həm də ümumiyyətlə, həyat yolunda ən böyük dayaq onun ömür-gün yoldaşı Sona xanım olmuşdur. Sona Əli qızı Babaşova otuz ilə yaxındır ki, Respublika İncə­sənət Gimnaziyasında rus dili və ədəbiyyatı fənnini tədris edir.

Müsəlman ailəsinin, Azərbaycan ailəsinin mehriban və firavan yaşa­masının təməlini ailə üzvlərinin bir-birinə olan məhəbbəti müəyyən­ləş­dirir. Atanın başçı, ananın isə idarəçilik məqamını gözlədiyi ailələrdə bir qay­da olaraq, cəmiyyətin saf üzvləri yetişdirilir. Valideyn-övlad müna­si­bətlərinə dair bütün məsləhətlərdə göstərilir ki, valideynlərin dediklərinə əməl et­mək hər bir işdə, hətta vacib olub-olmaması şübhəli olduqda belə, vacibdir. Əmirxan müəllimin başçılıq etdiyi ailədə hamı öz yerini bilmiş, valideyn və övladın bir-biriləri üzərində haqqı gözlənilmişdir.

Həyatda nailiyyətlər qazanmaq üçün mütləq müəyyən mər­hə­lələrdən keçmək lazımdır. Təbiətdə də belədir. Bəhrə götürmək, məhsul almaq üçün dörd fəsil zəhmət çəkmək – tor­pağı şumlamaq, toxum səpmək, sulamaq, becərmək lazımdır. Beləliklə, bütöv bir ili əhatə edən əmək sərf etmək gərəkdir. İnsan özünü də yetişdirməli, öz üzərində əmək sərf etmə­lidir ki, nəyəsə nail olsun. Kəsə yolla nəsə əldə etməklə uzunmüd­dətli xoşbəxtliyi təmin etmək qeyri-mümkündür. Əmirxan Baba­şov da əldə etdiklərini gərgin zəhməti, yorulmaz elmi fəaliyyəti sayəsində qazanıb.

Əmirxan müəllimə uzun ömür, cansağlığı, qanunvericilik elmi və pedaqoji fəaliyyətində yeni-yeni uğurlar arzulayıram. İnanıram ki, o, hələ Azərbaycan elminə çox töhfələr verəcək. Vətənimizin, o cümlədən ulu yurdumuz Borçalının çiçəklən­məsi üçün çox xidmətlər göstərəcəkdir.

Mənbə : Səməndər Məmmədov – “Faxralılar”, Bakı – “Elm və təhsil” – 2017, I kitab.

Faxralı.com saytında yerləşdirilən məlumatlar Hüseynqulu Məmmədli, Səməndər Məmmədov, Rəşid Faxralı, Allahverdi Kərimovun müəllifi olduğu 8-dən çox kitab və digər mənbələr əsasında tərtib olunmuşdur