Arif  Bayraməli oğlu Bədəlov (kimya elmləri namizədi)

QISA MƏLUMAT

Arif Bayraməli oğlu Bədəlov 1959-cu ildə Bolnisi rayonunun Faxralı kəndində anadan olmuşdur. 1976-cı ildə Faxralı kənd orta məktəbini bitirmiş və həmin ildə Azərbaycan Dövlət Universitetinin kimya fakültəsinə qəbul olmuşdur. 1981-ci ildə Universiteti bitirdikdən sonra Azərbaycan Elmlər Akademiyasının “Bioloji Tədqiqatlar Mərkəzində” əmək fəaliyyətinə başlamışdır. 1983-1985-ci illərdə SSRİ Elmlər Akademiyasının Biokimya İnstitutunda (Moskva şəhər) tədqiqat işi aparmış, 1985-ci ildə həmin İnstitutun biokimya ixtisası üzrə məqsədli aspiranturasına qəbul olmuşdur. 1989-cu ildə namizədlik dissertasiyasını müdafiə edib kimya elmləri namizədi elmi dərəcəsi almışdır.
Arif Bədəlov müdafiədən sonra bir müddət Azərbaycan Elmlər Akademiyasında elmi fəaliyyətini davam etdirmiş, sonra isə orta məktəblərdə kimyadan dərs demişdir. Hal-hazırda orta məktəbdə, “Zəngi” litseyində kimya müəllimi kimi fəaliyyət göstərir.
Arif Bədəlovun elmi və pedaqoji fəaliyyəti 12 elmi məqalədə öz əksini tapmışdır.

Mənbə : REDAKTORDAN

 

SƏADƏT GÜNƏŞİ BİRLİKDƏN DOĞAR

Bir olsa yoldaşın, dostun əməli,
Daşdan su çıxardar onların əli.
Nifaq olan yerdə, fəlakət də var,
Səadət Günəşi birlikdən doğar.
N.Gəncəvi

Düzü, əvvəlcə bu yazını başqa formatda yazmağı düşü­nür­düm. Daha doğrusu, haqqında söhbət açdığım alimlərin hər biri haqqında ayrıca yazı yazmaq istəyirdim. Amma son anda fik­rimi dəyişdim. Axı, Tanrıdan taleləri qoşa yazılan, ömür yola­rında qoşa addımlayan, elmdə və eldə həmişə qoşa tanınan insanları mən necə ayıra bilərdim.

Bəli, söhbət elmimizin iki alimindən, elimizin iki ziyalı­sın­dan gedir. Elə bir şəxsiyyətlərdən ki, hər ikisi həyatın enişli-yoxuşlu yollarında daim bir-birlərinə arxa-dayaq olublar. On­la­rı həyatda birləşdirən çox şeylər var, daha doğrusu, həyat yol­larında üzləşdikləri çətinliklər də eyni olub, uğurlar da. Həyatın sərt üzünə birgə sinə gəriblər, problemləri də ortaq olub, se­vinc­ləri də. Çünki bu, onların taleyidir, alın yazısıdır. Və bu qismət, bu alın yazısı çoxlarından fərqli olaraq həm də onunla əlamət­dardır ki, onları birləşdirən sadəcə elmi-pedaqoji fəaliy­yətləri deyil, həm də şəxsi həyatlarıdır. Daha doğrusu, ikisinin birgə addımladığı şərəfli bir yol – ömür-gün yoludur.

Oxucunu çox da intizarda saxlamamaq üçün yazımın qəh­rəmanlarının hər birinin ömür yoluna qısa da olsa nəzər salmaq istəyirəm. Diqqətli oxucu qeyd etdiyim kiçik avtobioqrafik məlumatdan da görəcək ki, bu iki tale bir-birinə nə qədər yaxındır.

…Arif  Bayraməli oğlu Bədə­lov 1959-cu ildə Borçalının qədim el­lərindən olan Faxralı kəndində ana­­dan olub. 1976-cı ildə Faxralıda orta məktəbi bitirib. Ali təhsil ar­zusu onu da Bakıya gətirib çıxarıb. Sə­nəd­lə­rini Azərbaycan Dövlət Uni­­versi­te­tinin (indiki BDU-nun) kim­ya fakül­təsinə verib, qəbul imtahan­la­rın­dan uğurla çıxaraq tələ­bə adını qa­zanıb. 1981-ci ildə universiteti bi­tir­dikdən sonra Azərbaycan Elmlər Aka­de­mi­yasının “Bioloji Tədqiqatlar Mərkəzi”ndə əmək fə­aliy­­yətinə başlayıb. İki il bu­rada çalışdıqdan sonra daha səmə­rəli elmi axtarışlar aparmaq üçün fəaliyyətini Rusiyanın pay­taxtı Mosk­va şəhərində davam etdirib: 1981-1983-cü illərdə o vaxtkı SSRİ Elmlər Aka­de­miyasının Biokimya institutunda tədqiqatla məşğul olub. 1985-ci ildə həmin institutun məq­sədli aspiran­tu­rasına daxil olub. Nəhayət, yuxusuz gecələr, gərgin elmi ax­tarışlar öz bəhrəsini verib – o, 1989-cu ildə namizədlik dis­sertasiyasını uğurla müdafiə edərək kimya elmləri namizədi elmi dərəcəsi alıb.

Namizədlik dissertasiyasının müdafiəsindən sonra elmi fə­aliyyətini bir müddət Azərbaycan Elmlər Akademiyasında da­vam etdirən A.Bədəlov daha sonra pedaqoji fəaliyyətə üs­tünlük verərək orta məktəblərdə kimya fənnini tədris edib. Hazırda pedaqoji fəaliyyətini Bakıdakı “Zəngi” liseyində da­vam etdirir. Pedaqoji fəaliyyətlə elmi axtarışları uğurla əla­qə­ləndirir, elmi məcmuələrdə məqalələrlə çıxış edir. İndiyədək nüfuzlu elmi jurnallarda 15 elmi məqaləsi dərc olunub.

Digər qəhrəmanımız Dilarə Mə­həmməd qızı İsayeva 1958-ci il ap­relin 25-də Borçalının zəngin tarixi keç­mişə malik qədim kəndlə­rindən bi­rində – bu gün Ermənistan adla­nan respublikanın ərazisi sayılan Ləmbəli kəndində ana­dan olub. 1965-ci ildə hə­min kənddəki 2 saylı orta məktəbin birinci sinfinə gedib. Ancaq ermə­ni­lə­rin özbaşına­lı­ğı­na, milli ayrı-seç­ki­lik siyasətinə döz­məyən atası Mə­həm­­məd İsayev ailəsini Bakı şəhərinə köçürməli olduğundan 1970-ci ildən Dilarə təhsilini Bakı şəhərindəki 99 saylı orta məktəbdə davam etdirib. Ali təhsilini isə Moskva şəhərində – o vaxtlar SSRİ-nin ən nüfuzlu ali təhsil ocaqlarından sayılan M.V.Lomonosov adına Moskva Dövlət Universitetində alıb. 1976-cı ildə həmin universitetin biologiya fakültəsinə daxil olub, bu elm ocağında təhsilini müvəf­fə­qiy­yətlə başa vuraraq Bakıya qayıdıb. Ali təhsilli mütəxəssis kimi 1982-ci ildən Azər­baycan Elmlər Akademiyasında əmək fə­aliy­­yətinə baş­layıb. Onun elmi axtarışlara sonsuz həvəsini, el­mi potensialını nəzərə alaraq elə həmin il onu elmi axtarışla məşğul olmaq üçün SSRİ Elmlər Akademiyasının Moskvadakı Bioüzvi Kim­ya  İnstitutuna ezam ediblər. Burada ikiillik tək­milləşmə kursu keçib. Burada özünü bacarıqlı, elmi axtarışlara böyük həvəsi olan gənc mü­tə­xəssis ki­mi tanıdan Dilarə xanı­mın işgüzarlığı, qabiliyyəti diqqətdən kənarda qalmayıb və o, müəllimlərinin təklifi ilə 1984-cü ildən həmin institutun aspi­ranturasında oxuyub. Qısa müddətdə müəllim­lərinin etimadını doğruldub, molekulyar biolo­giya sahəsində apardığı tədqiatlar elmi rəhbəri ilə yanaşı digər alimlərin də diqqətini cəlb edib, əldə etdiyi nə­ticələr yüksək qiy­mətləndirilib. Məqalələri nüfuz­lu elmi jurnal­larda çap olununb, elmi konfrans və simpozi­um­larda məru­zə­lərlə çıxış edib. Bioüzvi Kimya İnstitutnda keçi­ri­lən gənc elmi işçilərin müsabiqəsəində birinci yeri tutaraq dip­lomla təltif olu­nub. 1993-cü ildə isə elmi axtarışlarının yekunu kimi, Rusiya Elmlər Akademiyasının Bioüzvi Kimya İnsti­tu­tunda nami­zədlik dissertasiyası müdafiə edərək biologiya elmləri nami­zədi elmi dərəcəsini qazanıb. Hal-hazırda Azər­bay­can MEA-da elmi fəaliyyətini davam etdirir.

Tərcümeyi-hallarından da göründüyü kimi, hər iki alimin ömür yolun­da bağlılıqlar, bir-birinə uyğun məqamlar çoxdur. Eyni dövrdə ali təhsil alıblar, hər ikisi aspiranturanı Moskvada oxuyub, orada namizədlik dissertasiyası müdafiə ediblər. Hər iki­sinin elmi axtarışları da təbiət elm­ləri üzrədir. Amma bun­larla yanaşı, onları birləşdirən, ömür yollarını qo­şa­laşdıran daha vacib məqam isə alın yazıları, qismətləridir ki, Ulu Tanrı ulduzlarını barışdırıb və onlar ailə həyatı qurublar. Şərəfli alim ömrü yaşayan Arif müəllim və Dilarə xanım həm də nümunəvi valideyn­lərdir. İki qızları var. Böyük qızları Nərgiz Tibb Uni­ver­sitetini bitirib,  kardi­olo­giya ixtisası üzrə rezi­denturada oxuyub. Kiçik qızları Lalə isə Memarlıq və İnşaat Uni­ver­sitetini bitirərək memar ixtisasına yiyələnib.

Həyatın yolları hamar olmur. Enişli-yoxuşlu yollardan ke­­çir həyat. H.Arif demişkən: “Həyatı dərindən duymaqdan ötrü min oddan, alovdan keçəsən gərək”. Arif də bu yolun yol­çusu ola­raq eldə-obada ailəsi ilə birlikdə sevilən ziyalılar­dandır. A.Ba­kıxanov vaxtı ilə yazırdı: “Bəxti­yar­san, əgər çək­di­yin əmək, cahan süfrəsinə versə bir çiçək”. Bu mənada, Arif də, Dila­rə xanım da Allahın yaratdığı yaxşı  bəndələrdəndi. Ona  gö­rə ki, onların çəkdiyi əmək cahan süfrəsinə çox çiçəklər verib.

Onlara güc verən, arzularını qanadlandıran bu gün həm də üç şirin-şəkər nəvələridir. Qoşa addımladıqları, hər uğura birgə imza atdıqları həyat yolunda onlara bundan sonra da xoş günlər, yeni-yeni uğurlar arzulayıram. Ulu Tanrı övladları və nəvələri ilə bağlı bütün arzularına qovuşdursun.

Mənbə : Səməndər Məmmədov – “Faxralılar”, Bakı – “Elm və təhsil” – 2017, I kitab.

Faxralı.com saytında yerləşdirilən məlumatlar Hüseynqulu Məmmədli, Səməndər Məmmədov, Rəşid Faxralı, Allahverdi Kərimovun müəllifi olduğu 8-dən çox kitab və digər mənbələr əsasında tərtib olunmuşdur