Aynur Əmirxan qızı Babaşlı (fəlsəfə doktoru)

ALİM ELOĞLUMUN ALİM ÖVLADLARI

Əmirxan Babaşovun digər qızı Aynur  Babaşlı isə 1980-ci il fevralın 18-də Bakı şəhərində anadan olub. 1987-ci ildə Milli Kon­servatoriyanın nəzdindəki Respub­lika İncəsənət Gimnaziyasının birinci sinfinə qəbul olunub və 1994-cü ilə kimi burada oxuyub, həmin ilin sentyabrından isə təhsilini kimya-biologiya təmayüllü li­sey­də davam etdirib. 1997-ci ildə liseydə təhsilini başa vuran Aynur 2 saylı Bakı Tibb Mək­tə­binə daxil olub. 2000-ci ildə bu mək­təbdə təhsilini mamalıq işi ixtisası üzrə fərqlənmə diplomu ilə bitirib. Bəlkə də çoxları qız uşağı üçün bu­nu yetərli sayar və düşünərdi ki, artıq iş karyerasını qurma­ğın vaxtıdır. Amma Aynur belə düşünməyib, təhsilini davam et­dirmək yolunu seçib. Onun bu fikrini valideyn­ləri də dəstək­ləyib və o, 2000-ci ildə Bakı Dövlət Uni­versitetinin biologiya fakültəsinə daxil olub. 2004-cü ildə həmin fakültəni fərqlənmə diplomu ilə bitirərək biolo­giya ali peşə istiqaməti üzrə bakalavr dərəcəsi alıb. Ancaq bu­nunla da kifayət­lənməyərək elə həmin il Bakı Dövlət Uni­ver­sitetinin Biologiya fakültəsinin “Mikro­bi­olo­giya” ixti­sası üzrə magistra­turasına daxil olub. 2006-cı ildə ma­gistra­tu­ranı da fərqlənmə diplomu ilə bitirərək magistr elmi dərəcəsi alıb. Aynur xanım üçün təhsildə bu da son hədd olma­yıb, necə deyərlər, tamam yox, davam deyib. O, 2006-cı ildə AMEA-nın Mikrobiologiya İnstitutunda əyani aspiranturaya daxil olub. Burada akademik M.Ə.Salmanov və professor M.H.Və­liyevin elmi rəhbərliyi altında “Orta və Cənubi Xəzərin Azərbaycan sahillərindən ayrılmış bakteriyaların fenolları deqra­dasiya et­mək qabiliyyətinin tədqi­qi” mövzusunda namizədlik disser­ta­si­yası üzərində elmi axtarışlara başlayıb. Gərgin elmi axtarışlar, yuxusuz gecələr bahasına başa gələn dissertasiya işini 2010-cu il oktyabrın 8-də uğurla müdafiə edərək biologiya üzrə fəlsəfə doktoru elmi dərəcəsi alıb. Onun bu uğurunu Azərbaycan Respublikası yanında Ali Attestasiya Komissiyası özünün 20 iyul 2011-ci il tarixli qərarı ilə təsdiqləyib.

2010-cu ilin aprel ayından AMEA-nın Mikrobiologiya İnstitutunda kiçik elmi işçi vəzifəsində fəaliyyətə başlayan Ay­nur xanım 2012-ci il fevralın 1-dən həmin institutun “Su mik­ro­­biologiyası” laboratoriyasında elmi işçi, 2013-cü ilin iyun ayından isə həmin laboratoriyada böyük elmi işçi və­zi­fəsinə keçirilib. Burada çalışdığı müddətdə o, müxtəlif elmi layi­hələrin həyata keçirilməsində fəallığı ilə seçilib. Onun “Xə­zə­rin Azərbay­can sahillərindən ayrılmış mikroorqanizm­lər­lə aşağı temperaturda neft və neft məhsullarının biodeqra­da­si­ya­sı­nın öyrənilməsi” adlı layihəsi 2012-ci ildə Azərbaycan Respub­likası Prezidenti yanında Elmin İnkişafı Fon­dunun “Gənc Alim və mütəxəssislərin 1-ci qrant müsabiqəsi”ndə qalib olub.

Aynur Babaşlı müxtəlif xarici ölkələrin elmi məc­mu­ələ­rin­də nəşr olunmuş 30-dan çox elmi əsərin müəllifidir. 2013-cü ilin sentyabrından həm də pedaqoji fəaliyyətlə məşğul olur. Azər­baycan Dövlət İqtisad Universitetinin “Qida məhsullarının texnologiyası” kafedrasının müəlli­midir. O, “Mikro­orqa­nizm­lə­rin iştirakı ilə deqradasiya və transfor­masi­ya” adlı funda­men­tal monoqrafiyanın və “Qida fiziologiyası” fənni­nindən tədris proq­ramının müəlliflərindən biridir. Pedaqoji fəaliyyətlə yanaşı elmi axtarışlarını da davam etdirir.

Böyük müdriklərimizdən olan Şəms Təbrizinin təbrincə desək: “Alimin, ürək sahibinin sözü ona görə xoşa gələn, kö­nüllərə yatan və ürək oxşayandır ki, azdırıcı yox, yol göstərici, çaş­dırıcı yox, öyrədicidir”. Biz də arzu edirik ki, Aytən və Ay­nur bacılarının fəaliyyətləri və əməlləri həmişə xoşa gələn, ürəyəyatan olsun.

Təkcə valideynlərinin yox, bütün faxralıların fəxri olan alim bacılar həm də nümunəvi ailə sahibirdlər. Aytənin iki övladı var. Həyat yoldaşı Elnur Əzimov da alimdir, texnika üzrə fəlsəfə doktorudur. “Britiş Petrolium” şirkətində istehsalat üzrə baş mütəxəssis vəzifəsində çalışır.

Aynur xanımın da iki övladı var. Həyat yoldaşı  Mətin Bədəlov İqtisadiyyat və Sənaye nazirliyi sistemində şöbə müdiri vəzifəsində çalışır.

Mənbə : Səməndər Məmmədov“Faxralılar”, Bakı – “Elm və təhsil” – 2017, I kitab.

Faxralı.com saytında yerləşdirilən məlumatlar Hüseynqulu Məmmədli, Səməndər Məmmədov, Rəşid Faxralı, Allahverdi Kərimovun müəllifi olduğu 8-dən çox kitab və digər mənbələr əsasında tərtib olunmuşdur