Bahəddin Məhərrəm oğlu Xəlilov (professor)

Bahəddin Məhərrəm oğlu Xəlilov – Gəncə şəhərində yerləşən Azərbaycan Dövlət Aqrar Universitetinin “Dizayn” kafedrasının müdiri, professordur.

O, 5 may 1949-cu il tarixində Gürcüstanın Faxralı kəndində anadan olmuşdur.

Ailəlidir, 3 övladı var.

Bahaddin Xəlilov keçmiş SSRİ Memarlar İttifaqının üzvü, Azərbaycan Memarlar İttifaqının üzvü, Şərq Ölkələri Beynəlxalq Memarlıq Akademiyasının müxbir üzvüdür.

Təhsili, elmi dərəcəsi, elmi adı

  • 1972-ci ildə Bakı Politexnik İnstitutunun  Memarlıq ixtisasını bitirib;
  • 12 iyul 2012-ci ildən ADAU – nun dosentidir;
  • 11 noyabr 2016-cı ildən Azərbaycan Respublikası prezidenti yanında  AAK-nın qərarı ilə (protokol №25-K) “Dizayn” kafedrası üzrə dosent elmi adı verilmişdir;
  • 9 mart 2018-ci ildən Azərbaycan Respublikası prezidenti yanında  AAK-nın qərarı ilə (protokol № 04-R) “Dizayn” kafedrası üzrə professor elmi adı verilmişdir.

Əmək fəaliyyəti

  • 2012-ci ildən hal-hazıra qədər – Azərbaycan Dövlət Aqrar Universitetində “Dizayn” kafedrasının  müdiri;
  • 2009-2012-ci illər Azərbaycan Dövlət Aqrar Universiteti “Memarlıq və texniki qrafika” kafedrasında baş müəllim;
  • 2008-2009-cu illər Azərbaycan Müəllimlər İnstitutunun Gəncə filialında mühəndis;
  • 2001-2008-ci illər Azərbaycan Müəllimlər İnstitutunun Gəncə filialında tərtibatçı;
  • 2000-2001-ci illər Gəncə Elm Təhsil Mərkəzi Nizami adına Gəncə Universitetində rəssam – tərtibatçı;
  • 1998-2000-ci illər Azərbaycan Aqrar-Ekologiya İnstitutunda  rəssam-tərtibatçı;
  • 1977-1998-ci illər Kirovabad Baza İnşaat Texnikumunda  ixtisas üzrə müəllim;
  • 1976-1977-ci illər Kirovabad Çörək-qənnadı istehsalat birliyində konstruktor  şöbəsində rəis;
  • 1972-1976-cı illər Azərdövlətlayihə Kirovabad filialında böyük memar.

Tədqiqat sahəsi

Azərbaycanda aqrosənayedə müasir standartlara cavab verən qablaşdırmanın dizayn prinsipləri.

ƏSƏRLƏRİ

Dərsliklər:

  • B.M.Xəlilov., Ə.Z.Məmmədov., M.R.Mustafayev – “Memarlıq konstruksiyaları”, (Dərslik), Azərbaycan Respublikası Təhsil Nazirliyinin 03.07.2014 tarixli 765 №-li əmri ilə qrif verilmişdir. 290 səh.
  • B.M.Xəlilov., V.İ.Məmmədov – Layihə qrafikası və rəngli kompozisiya (Dərslik) Azərbaycan Respublikası Təhsil Nazirliyi 09 avqust 2018-ci il F-543 saylı qrif verilmişdir. 246 səh.

Dərs vəsaitləri:

  • B.M.Xəlilov., A.X.İsmixanov., H.N.Şərifov., Ə.Z.Məmmədov – Dizayn tarixi 2 (Təsviri incəsənət və memarlıq tarixi), (Azərbaycan dilində), (Dərs vəsaiti). ADAU-nun Elmi Şurasının 30 may 2012–ci il tarixli 10 saylı protokolu əsasında Azərbaycan Respublikası Təhsil Nazirliyinə qrif verilmişdir. 148 səh.
  • B.M.Xəlilov., A.X.İsmixanov., Q.Y.Qurbanov., H.H.Yusifova., S.Ə.Hüseynova – Dizayn tarixi (Dərs vəsaiti). ADAU-nun Elmi Şurasının 30 MAY 2012 –ci il tarixli 10 saylı protokolu əsasında Azərbaycan Respublikası Təhsil Nazirliyinə qrif verilmişdir. 159 səh.
  • B.M.Xəlilov., A.X.İsmixanov., U.F.Bəşirov – Dizayn tarixi 2 (Təsviri incəsənət və memarlıq tarixi), ( Rus dilində), (Dərs vəsaiti). ADAU-nun Elmi Şurasının 30 MAY 2012 –ci il tarixli 10 saylı protokolu əsasında Azərbaycan Respublikası Təhsil Nazirliyinə qrif verilmişdir.  197 səh.
  • B.M.Xəlilov – “Rəsm” (dərs vəsaiti) Azərbaycan Dövlət Aqrar Universiteti Elmi Şurasının 11.09.2017-ci il tarixli 533 saylı qərarı ilə qrif verilmişdir. 163 səh.

O, 15-dən çox elmi məqalələrin müəllifidir.

Bahaddin Xəlilov barədə daha ətraflı məlumata Azərbaycan Dövlət Aqrar Universitetinin saytından əldə etmək olar.

REDAKTORDAN

 

Səməndər Məmmədov: “DONMUŞ MUSİQİ”NİN BƏSTƏKARI

Azərbaycan ərazisində yaşamış qədim insanlar tarix boyu şərəfli yaradıcılıq yolu keçərək çoxsaylı mədəniyyət əsərləri yaratmışlar və onlardan biri də memarlıqdır. Böyük və Kiçik Qafqaz dağlarının ətəklərində, ölkəmizin digər yerlərində aşkar edilmiş mağaralar və nəhayət Füzuli rayonu ərazisində tapılmış Azıx mağarası buna misal ola bilər.

Azərbaycanda memarlıq İslamaqədərki və İslamın gəlişindən sonrakı dövrdə, orta əsrlərdə, çar imperiyası, sovet və müstəqillik dönəmində inkişaf etmiş, bu günkü yüksək səviyyəsinə gəlib çatmışdır. Azərbaycan memar və nəqqaşları başqa ölkələrdə də fəaliyyət göstərmiş, müxtəlif şəhərlərdə maraqlı sənətkarlıq örnəkləri yaratmışlar.
Azərbaycan Politexnik İnstitutu İnşaat fakültəsinin nüfuzlu məzunlarından biri olan eloğlum barədə söz açmaq istəyirəm.

Bahəddin Məhərrəm oğlu Xəlilov 1949-cu il mayın 5-də Gürcüstan Respublikasının Bolnisi rayonunun Faxralı kəndində anadan olub. 1966-cı ildə Faxralı orta məktəbini bitirib, bir il sonra – 1967-ci ildə Bakı Politexnik İnstitutunun Memarlıq ixtisasına daxil olub. 1972-ci ildə həmin ali məktəbdə təhsilini başa vuraraq təyinatla “Azdövlətlayihə” İnstitutunun Kirovabad (indiki Gəncə) filialında əmək fəaliyyətinə başlayıb. 1976-1977-ci illərdə Kirovabad şəhərində Çörək-Qənnadı Fabrikində Konstruktor şöbəsinin rəisi, 1977-1997-ci illərdə Kirovabad Baza İnşaat Texnikumunda ixtisas müəllimi kimi fəaliyyət göstərib.

1998-1999-cu illərdə Azərbaycan Ekologiya İnstitutunda baş rəssam, tərtibatçı vəzifəsində, 2000-2001-ci illərdə Gəncə Elm Təhsil Mərkəzi Nizami adına Gəncə Universitetində rəssam-tərtibatçı işləmişdir. 2004-2009-cu illərdə Azərbaycan Müəllimlər İnstitutu Gəncə filialında rəssam, tərtibatçı və mühəndis kimi fəaliyyət göstərib.
2009-cu ildə Azərbaycan Dövlət Aqrar Universitetinin (ADAU) “Memarlıq və texniki qrafika” kafedrasında baş müəllim kimi çalışıb, 2012-ci ildə “Memarlıq və dizayn” kafedrasına müdir təyin olunub. İşlədiyi müddətdə özünü yaxşı mütəxəssis kimi göstərə bilib. O, öz işinin öhdəsindən bacarıqla gəldiyinə görədir ki, hazırda da kafedra müdiri vəzifəsində işləyir.

Universitetdə çalışdığı müddət ərzində kafedrada elmi mövzular üzrə aparılan tədqiqat işlərinin yerinə yetirilməsində fəal iştirak edib. Onun elmi fəaliyyəti çoxşaxəlidir, müxtəlif sahələri əhatə edir.

Bahəddin Məhərrəm oğlu Azərbaycan SSR və keçmiş SSRİ-nin Memarlar İttifaqına üzv qəbul olunub.
Bahəddin müəllimin rəhbərliyi altında tələbələr gözəl sənət əsərləri yaradaraq Bakı və Gəncədə keçirilən sərgilərdə iştirak etmiş, fəxri fərmanlara və diplomlara layiq görülmüşlər.

26 noyabr 2012-ci ildə Milli Elmlər Akademiyasında memarların müsabiqəsində iştirak edərək Şərq Ölkələri Beynəlxalq Memarlıq Akademiyasına müxbir üzv seçilib.

2012-ci ildə ADAU Elmi Şurasının 12 iyul tarixli iclasının (protokol № 11) qərarı ilə B.M.Xəlilova ADAU-nun dosenti adı verilib. 2016-cı ildə Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının 11 noyabr tarixli (protokol № 25-K) qərarı ilə B.M.Xəlilova dosent elmi adı verilmişdir. 9 mart 2018-ci ildən Azərbaycan Respublikası Prezidenti yanında AAK-nın qərarı ilə (protokol № 04-R) “Dizayn” kafedrası üzrə professor elmi adı verilib.

Onun elmi rəhbərliyi ilə bakalavr pilləsində təhsil alan çoxlu sayda tələbə buraxılış işləri yazmış və müvəffəqiyyətlə müdafiə etmişlər. Kafedra müdiri işlədiyi müddətdə tədris etdiyi fənnin tələbələr tərəfindən mənimsənilməsini asanlaşdırmaq üçün müsbət nəticələr əldə etmişdir. Bakalavriat səviyyəsi üzrə “Rəsm”, “Layihələndirmə”, “Maketləşmə”, Magistratura səviyyəsi üzrə “Dizaynın fəaliyyət sahələri”, “Dizayn və informasiya”, “Dizayn və incəsənət” və s. fənləri tədris edən Bahəddin Xəlilov “Memarlıq konstruksiyaları”, “Layihə qrafikası və rəngli kompozisiya” dərsliklərinin, “Dizayn tarixi” dərs vəsaitlərinin həm müəllifi, “Rəsm” dərs vəsaitinin müəllifidir. Müəllifi və həmmüəllifi olduğu “Müasir şəhərsalmada landşaft formaların seçilməsi”, “Təbii iqlim şəraitinin yaşayış binalarının quruluşuna təsiri”, “Gəncə memarlığının tarixi inkişaf mərhələləri”, “Qədim dövrün dini və xatirə tikililəri”, “Qarabağda memarlıq abidələri”, “Abşeron məscidləri”, “Azərbaycan dulusçuluq sənətinin formalaşması”, “Ornamentin yaranma tarixi və analizi”, “Həndəsi motivlərin tematikası”, “Məlumatların loqotip və etiketlərinin müasir tendensiyaları”, “Yeni şəhərsalma konsepsiyaları” (rus dilində), “Azərbaycan tikililəri” (rus dilində) və başqa elmi məqalələri Azərbaycan və dünyanın bir çox ölkələrinin elmi ictimaiyyətləri tərəfindən maraqla qarşılanmışdır. Gərgin intellektual əmək sərf edərək hazırlamış olduğu “Qrafik dizayn”, “Kompozisiya, layihə qrafikası və şriftin əsasları”, “Layihələndirmə”, “Mühit dizaynının əsasları”, “Portfolio” (Layihə prezentasiayasına hazırlıq), “Aqrar sahəsinin qrafikası”, “Rəsm”, “Maketləşdirmə”, “Dizayn və reklam”, “Tədqiqat üsulları” fənn proqramları, “Landşaft memarlığının əsasları”, “Memarlıq ixtisası tələbələri üçün buraxılış işinin yerinə yetirilməsi” adlı metodik vəsaitləri uğurla tətbiq olunmaqdadır.

Professor Xəlilov ADAU-nun ictimai-siyasi həyatında fəal iştirak edir. Universitetin rəhbərliyi və iş yoldaşları arasında böyük hörmət qazanıb. Siyasi tədbirlərdə fəal və hazırlıqlıdır. 2001-ci ildən Yeni Azərbaycan Partiyasının üzvüdür.

Bahəddin Xəlilovun seçdiyi məslək yolunun əsla təsadüf deyil, ona məhz İlahi tərəfindən verilmiş bəxşiş olduğunu söyləməyə əsas verən əlamətləri müşahidə etmişəm: belə ki, o, Gəncə şəhərində qorunan qədimi binaların bərpasının layihələrini işləmiş, onların tarixi görünüşünün saxlanması üçün 100 ədəd layihəni Gəncə şəhər İcra Hakimiyyətinə vermişdir. Həmin memarlıq inciləri arasında Bahəddin Xəlilovun ulu həmkarı və adaşı Şeyx Bəhaəddinin 1606-ci ildə inşasını başa çatdırdığı Gəncə Cümə məscidi və ətrafındakı meydanın memarlıq ansamblı da vardır. İkinci əlamət də budur ki, onun doğulduğu 1949-cu ildə dünya memarları ilk dəfə Lozanna şəhərində bir araya gəlmiş və öz peşə bayramlarını təsis etmişlər.

Memarlığı bəzən “donmuş musiqi” adlandırırlar, çünki o, notlar kimi riyazi qanunlar və incəsənət üslublarına tabe olur. Tarix boyu sivilizasiyalar onlardan qalan memarlıq abidələri ilə fərqlənmişlər. Kahkəşandakı parlaq ulduzlar səyyahlara yol göstərdikləri kimi, Misir öz Ehramları, İsgəndəriyyə – mayakı, Çin – Böyük Çin Səddi, Roma İmperiyası – Böyük Kolizey və Müqəddəs Pyotr kilsəsi, Afina qədim Akropol, Paris – Eyfel qülləsi ilə bütün dünyada məşhurdur. Azərbaycanımızda belə ulduzların bürcü vardır desək, yanılmarıq. Parlaq memarlıq incilərimizi yaradan, bərpası və xarici görünüşünün qorunması ilə qayğılanan, üzərində imzası olan eloğlum Bahəddin müəllimə əzizlərinin əhatəsində uzun ömür, can sağlığı arzulayıram.

Mənbə: Səməndər Məmmədov – “Faxralılar və tarix yaradanlar” kitabı

Faxralı.com saytında yerləşdirilən məlumatlar Hüseynqulu Məmmədli, Səməndər Məmmədov, Rəşid Faxralı, Allahverdi Kərimovun müəllifi olduğu 8-dən çox kitab və digər mənbələr əsasında tərtib olunmuşdur