Dünyamalı İsa oğlu Şərifov (elmlər namizədi)

QISA MƏLUMAT

Dünyamalı İsa oğlu Şərifov 1957-ci il dekabr ayının 1-də Bolnisi rayonunun Faxralı kəndində anadan olmuşdur. O, 1975-ci ildə Faxralı orta məktəbini bitirmişdir. 1976-cı ildə Azərbaycan Dövlət Kənd Təsərrüfatı İnstitutunun meyvə-tərəvəzçilik və üzümçülük fakültəsinə daxil olmuş, 1981-ci ildə həmin fakültədə təhsilini fərqlənmə diplomu ilə başa vurmuşdur . İnstitutun göndərişi ilə 1982-1985-ci illərdə Moskvada əyani aspiranturaya qəbul olmuş və 1985-ci ildə Ümumittifaq Tərəvəz Təsərrüfatı İnstitutunda “Tərəvəz bitkilərinin sənaye texnologiyası ilə becərilməsinin əsasları” mövzusunda dissertasiya müdafiə etmişdir. 1985-1990-cı illərdə Respublika Aqrar Sənaye Komitəsinin ET Tərəvəzçilik İnstitutunda elmi işçi, aparıcı elmi işçi və şöbə müdiri işləmişdir. 1991-1993-cü illərdə Səhiyyə Nazirliyinin “Farmakologiya və Xalq Təbabəti” EİB-də şöbə rəisi vəzifəsində, 1993-1996-cı illərdə “Azəriqaz” Dövlət Şirkətində baş mütəxəssis kimi işləmişdir. 1997-ci ildən indiyə qədər Dövlət Neft Şirkətinin Quruda Neft və Qazçıxarma İstehsalat Birliyinin tabeliyində olan yardımçı təsərrüfat idarəsinin rəisi vəzifəsində işləyir. Dünyamalı Şərifovun elmi fəaliyyəti 18 elmi əsərdə öz əksini tapmışdır. O, bir neçə beynəlxalq və respublika səviyyəli konfransların iştirakçısı olmuş, elmi məqalələr çap etdirmişdir.

Mənbə : REDAKTORDAN

 

BİR YAXŞILIQ QALIR, BİR DƏ YAMANLIQ

Əlim qələm tutandan doğma Fax­ralımı – Bor­çalının bu ağırı elini, bu elin ye­tirmə­lərini vəsf etməkdən doymadım. Har­da bir eloğlumun xoş sorağını eşit­dim­sə, sevinc­dən, fərəhdən qəl­bim dağa döndü. Qazanı­lan uğuru öz uğurum say­dım, elimi­zin baş­ucalığı hesab elədim. Fax­ralının şöhrətinin üstünə şöhrət gətirən eloğlula­rımla qürur duydum. Onların şəninə kitablar həsr elə­dim. Amma nə qədər yazsam da, neçə-neçə kitab nəşr etdirsəm də, hesab edi­rəm ki, bu müqəddəs məkan – Faxralı kəndi qarşı­sında borcumu verə bilmərəm. Hansı övlad öz valideynlərinə olan borcunu qaytara bilib ki?!

İndiyədək barələrində yazdığım faxralılar arasında alimlər çox­luq təşkil edir. Bu da təbiidir. Axı, kəndimizdən indiyədək el­min müxtəlif sahələri üzrə fəlaiyyət göstərən yüzdən artıq alim çıxıb. Və bu rəqəm ildən-ilə artmaqdadır. Bu gün onların sorağı nəinki Borçalının, hətta Azərbaycanın da hüdudlarından kənar­lar­dan gəlir. Türkiyədə, Avropa ölkələrində, hətta ABŞ-da belə çalı­şan, bir alim kimi nüfuz qazanan alimlərimizlə fəxr etməmək olarmı?

Faxralı məktəbinin yetirməsi olan alimlərdən biri də Dün­yamalı İsa oğlu Şərifovdur. O, 1957-ci il dekabrın 1-də Borçalıda – Bolnisi rayonunun Faxralı kəndində anadan olub. 1965-ci ildə Faxralı orta məktəbinin birinci sinfinə daxil olub, 1975-ci ildə hə­min məktəbi bitirib. Təbiətə olan sonsuz sevgisi və marağı, kənd təsərrüfatına bağlılığı onun elə bu istiqamətdə də ali təhsil alma­sına rəvac verib. 1976-cı ildə Kənd Təsərrüfatı Akademiyasının əyani şöbəsinə daxil olub. 1981-ci ildə fərqlənmə diplomu ilə Aka­demiyada təhsilini başa vurub. Artıq müstəqil həyatın astanasında olan Dünyamalı ali təhsilli kənd təsərrüfatı mütə­xəssisi kimi özünə karyera qura, ixtisasına uyğun olaraq hər hansı bir müəssisədə işə düzə bilərdi. Kim bilir, bəlkə də, bu yolu seç­səydi maddi təminatını da təmin edərdi. Amma o, bu yolu seç­mə­di, bu sahəni təsadüfən seçmədiyini, elmin bu sahəsi üzrə axta­rış­larını davam edirmək arzusunda olduğunu sübut etdi. Elmi-tədqiqatla məşğul olmağa üstünlük verdi. Bu məqsədlə 1982-ci ildə Moskvadakı Kənd Təsərrüfatı Akademiyasının əyani aspiran­turasına daxil oldu. Üç il burada oxuduğu müddətdə vaxtının çoxunu elmi kitabxanalarda, laboratoriyalarda keçirdi, elmi axta­rış­la məşğul oldu. Onun bu zəhməti hədər getmədi, yuxusuz ge­cələr, gərgin axtarışlar nəhayət öz bəhrəsini verdi. Bu zəhmətin ye­kunu kimi namizədlik dissertasiyasını yekunlaşdırıb müdafiə şurasına təqdim etdi. Mütəxəssislərin müsbət rəyindən sonra onun elmi işi müdafiəyə buraxıldı və 1985-ci il may ayının 27-də Moskvada namizədlik disser­tasiyasını uğurla müdafiə edərək elmlər namizədi alimlik dərəcəsi aldı.

Bundan sonra bir alim kimi onun qarşısında yeni üfüqlər açıl­dı. 1985-1987-ci illərdə elmi işçi kimi fəaliyyət göstərdi. 1987-ci ildə alim kimi məhsuldar elmi fəaliyyətini, potensialını nəzərə alan rəhbərlik onu aparıcı elmi işçi vəzifəsinə layiq bildi. Bir il sonra – 1988-ci ildə isə Elmi-Tədqiqat İnstitutunda labo­ratoriya mü­diri vəzifəsinə irəli çəkildi və 1990-cı ilədək bu vəzi­fədə çalışdı.

1990-cı ildən sonra müxtəlif sahələrdə məsul vəzifələrdə ça­lışıb Dünyamalı Şərifov. 1990-cı ildə Səhiyyə nazirliyinin Farma­kologiya və Xalq Təbabəti Elm-İstehsalat Birliyində şöbə rəisi vəzifəsinə təyin olunub və 1993-cü ilədək burada çalışıb. 1993-cü ildə fəaliyyət sahəsini dəyişərək “Azəriqaz” İstehsalat Birliyinə keçib, 1996-cı ilədək burada şöbə rəisi vəzifəsində çalışıb. 1996-cı ildən isə fəaliyyətini Azneft İstehsalat Birliyində davam etdirib və 2000-ci ilədək sahə rəisi vəzifəsini daşıyıb. 2001-ci ildə Azneft İstehsalat Birliyində aparıcı müxtəxəssis vəzifəsinə irəli çəkilib, bu vəzifədə 2009-cu ilədək çalışıb.

Sonradan fəaliyyətini Gürcüstanda davam etdirən Dün­ya­malı Şərifov 2012-2014-cü illərdə burada “Aqroinvest 146” MMC-nin direktoru vəzifəsində çalışıb.

Sədi şeirlərinin birində yazır:

Xalqa bu dünyanı etmə qaranlıq,
Bir yaxşılıq qalır, bir də yamanlıq. 

Dünyamalı da ömrü boyu yaxşılıqları yaşada-yaşada yaşayan ziyalılardandır. Yamanlıqdan uzaq bir ocağın oğludu Dünyamalı. Atası mərhum İsaxan əmi tərbiyənin bünövrəsini elə qoyub. Bütün yaxşılıqları yaşadan eloğlularımız var olsun.

Bəli, bütün bunlar Dünyamalı Şərifovun keçdiyi ömür yo­lun­dan səhifələrdir ki, biz onu sizinlə birlikdə vərəqlədik. İlk ba­xışda hər bir normal adam üçün məqbul sayıla biləcək bir ömür yoludur. Amma bu illərin arxasında nələr dayanır, hansı hisslər, həyəcanlar var? Əsas olan da budur. Tərcümeyi-halından da gör­düyümüz kimi, Dünyamalı müəllim müxtəlif sahələrdə, müx­təlif vəzifələrdə çalışıb. Ancaq iş yerləri müxtəlif olsa da, onun üçün ümumi olan bir şey də var: harda və hansı vəzifədə çalışmasından asılı olmayaraq Dünyamalı Şərifov həmişə işinə vicdanla yanaşıb, hər şeydən öncə öz vicdanının səsini dinləyib. Haqqın, haqlının ya­nında olub həmişə, haqqı nahaqqa qurban verməyib. Tabeli­yin­də olanlara qarşı tələbkarlığı ilə yanaşı, qayğıkeşliyi və səmimiy­yəti ilə də seçilib. Elə bu keyfiyyətlər də ona rəhbərlik etdiyi kol­lektivlərdə hörmət qazandırıb.

Və bir də Dünyamalı müəllim böyüyüb boya-başa çatdığı Faxralının, Borçalının adına layiq olmağa çalışıb. Doğma yurda məhəbbət bircə an da onu tərk etməyib.

Mənbə : Səməndər Məmmədov – “Faxralılar”, Bakı – “Elm və təhsil” – 2017, I kitab.

Faxralı.com saytında yerləşdirilən məlumatlar Hüseynqulu Məmmədli, Səməndər Məmmədov, Rəşid Faxralı, Allahverdi Kərimovun müəllifi olduğu 8-dən çox kitab və digər mənbələr əsasında tərtib olunmuşdur