Elnarə Vaqif qızı Nəbiyeva (fəlsəfə doktoru)

ÜRƏKDƏN SEVİLƏN SƏNƏT

Dünyda pis sənət yoxdur. Yəni sənətin pisi-yaxşısı yoxdur, sənəti pis yaxud yaxşı bilən var. Hansı sənət olur-olsun, əsas olan o sənəti ürəkdən sevməkdir.

Hər kəsin lap uşaqlıqdan sə­nət seçməklə bağlı özünəməxsus arzula­rı olur, hər kəs özünün uşaqlıq dün­ya­sında min cür xəyal qurub özünə bir peşə seçir. Böyüdükcə bu arzu­ların çin olanı, xəyalların gerçək­lə­şəni də olur, gerçəkləşməyəni də. Təbii ki, uşaqlar daha çox valideynlərinə, yaxın qohumlarına bənzəmək istəyir, gələcəkdə məhz onların peşəsinin davamçısı olmağı arzulayırlar. Çünki hər hansı peşəni də məhz onların timsalında tanıyırlar, onlara oxşamağa can atırlar. Amma böyüdükcə, yaş artdıqca arzuların arealı da genişlənir, dünyaya baxış dəyişir və özünə bir peşə seçmək məsələsində götür-qoy etməli olurlar.

Elnarə də gözünü açandan evdə ağxalatlıları görüdyündən, hələ bu sənətin nə qədər çətin, eyni zamanda şərəfli və müqəd­dəs bir sənət olduğunu tam mənasında dərk eləməsə də, elə uşaqlıqdan həkim olmaq istəyib. Yuxarıda da qeyd etdiyimiz kimi, burda hər iki valideynin həkim, özü də sıradan biri deyil, həm də alim olmaları da böyük rol oynayıb. Elnarənin atası Vaqif Nəbi oğlu Nəbiyev Borçalıda – ağır elli Faxralıda doğu­lub boya-başa çatıb, bu kənddə orta məktəbi bitirdikdən sonra təhsilini Bakıda tibb institutunda davam etdirib. 1990-ci ildə Sankt-Peterburq şəhərində dissertasiya işini müdafiə edib tibb elmləri namizədi alimlik dərəcəsi alıb. Uzun müddət Bakı Onkoloji mərkəzində Endosko­piya şöbəsinin müdiri vəzifəsində çalışıb, Bakı şəhərinin baş endoskopisti olub. Respublikada tanınan, sayılıb-seçilən həkimlərdən olub. Təəs­süf ki, həyatdan vaxtsız köçüb, arzularını sonadək reallaşdıra bilməyib. Elna­rənin anası – Minayə Yolçu qızı Nəbiyeva da həkimdir, eyni zamanda elmi-pedaqoji fəaliyyətlə məşğul olur.  1994-cu ildə “İri sənaye şəhərinin atmosfer çirklənməsinin məktəbəqədər yaşlı uşaqların sağlamlıq vəziyyə­tinə və immu­noloji göstəricilərinə təsiri” mövzusunda dissertasiya mü­dafiə edərək, tibb elmləri namizədi alimlik dərəcəsi alıb. 2003-cü ildən Azərbaycan Dövlət Tibb Universitetinin “Əmək gigiye­nası, uşaq-yeni­yet­mələr gigiyenası” kafedrasında dosent vəzi­fəsində calışır.

Bəli, Elnarə Vaqif qızı Nəbiyeva 1981-ci  il aprelin 8-də Bakı şəhə­rində belə bir aildə anadan olub. Elə ailədə böyüyüb ki, burada insanlara qayğı, insanlığa hörmət hər şeydən üstün tutulub. Hər iki valideyni şəfalı əlləri ilə insanların sağlam­lığı­nın keşiyində durub, minlərlə ailəyə sevinc bəxş ediblər. Böyük ümidlərlə onlara müraciət edən hər kəsin ümidləri doğrulub, heç kim naümid qayıtmayıb. Hər bir xəstəyə şəfa verib ailələ­rinə sevinc bəxş etdikcə özlərini dünyanın ən bəxtəvər adamları sayıblar. Axı, insanları yenidən öz sağlamlığına qovuşdur­maq­dan gözəl nə ola bilər ki?!

Valideynlərinin şəfalı əllərindən yaranan bu xeyirxah mis­siya Elna­rəyə də təsirsiz qalmayıb. Hər axşam onlar evə gələrkən çöhrələrəindəki xoş təbəssümdən bilirdi ki, bu gün yenə bir xəstə şəfa tapıb, bir ailəyə sevinc bəxş olunub. Bu hisslər ona da sirayət edib və o da valieynləri kimi həkim olmaq qərarına gəlib. Orta məktəbi bitirdikdən sonra təhsilini Azərbaycan Tibb Universitetində davam etdirib. 2004-cü ildə həmin universitetin I Müalicə-profilaktika fakültəsini fərq­lənmə diplomu ilə bitirən Elnarə Vaqif qızı bir il Bakı Onkoloji dispanserində internatura kursu keçib. Artıq müstəqil həkim kimi hər hansı bir kilinikada çalışa bilərdi Elnarə. Amma həm özünün təhsilini davam etdirmək arzusu, elmi-tədqiqat işlərinə marağı, həm də universitetdəki müəllimlərinin onun gələcəyinə böyük ümidlər bəsləməsi onu təhsilini davam etdirməyə sövq edib. 2005-ci ildə ATU-nun Elmi şurasının qərarı ilə Pediatriya fakül­tə­sinin cərrahi xəstəliklər kafedra­sın­da baş laborant vəzi­fə­sində saxlanılıb. Yenidən elmi kitabxa­nalarda, labora­tori­ya­larda gərgin elmi axtarışlar başlayıb. Ata­lar yaxşı deyib, çəki­lən zəhmət yerdə qalmaz. Elnarənin zəhməti də öz bəh­rə­sini verib, o, 2014-cü ildə “Maliqni­za­si­yaya uğramış mədə xora­la­rının diaqnostikasında müasir metod­ların və cərrahi müali­cə­nin optimallaşdırılması” mövzusunda müdafiə edib və tibb üzrə fəlsəfə doktoru alimlik dərəcəsi alıb.

Elnarə 2014-cü ildən fəaliyyətini Azərbaycan Tibb Uni­versi­tetinin Tədris Cərrahiyyə Klinikasında yerləşən III Cər­rahi xəstəliklər kafed­rasında həkim-cərrah kimi davam etdir­məkdədir. Eyni zamanda 2013-cü ildən ATU-nun II Müalicə-profilaktika fakültəsində akademik məsləhətçi kimi də fəaliyyət göstərir, elmi axtarışlarını davam etdirir. İndiyədək  ölkəmizdə və xarici ölkələrdə nəşr olunan nüfuzlu elmi jurnallarda 35 elmi məqaləsi dərc olunub.

Elnarə hələ gəncdir, bu günədək bir sıra elmi uğurlara imza atsa da, onun daha böyük uğurları hələ qarşıdadır. İnanı­rıq ki, o, yeni-yeni nailiyyətləri ilə bizi bundan sonra da çox sevindirəcəkdir. Bu yolda ona uğurlar arzulayırıq.

Mənbə : Səməndər Məmmədov – “Faxralılar”, Bakı – “Elm və təhsil” – 2017, I kitab.

Faxralı.com saytında yerləşdirilən məlumatlar Hüseynqulu Məmmədli, Səməndər Məmmədov, Rəşid Faxralı, Allahverdi Kərimovun müəllifi olduğu 8-dən çox kitab və digər mənbələr əsasında tərtib olunmuşdur