Elxan Hüseynqulu oğlu Məmmədli (elmlər namizədi)

QISA MƏLUMAT

Elxan Hüseynqulu oğlu Məmmədli 1946-cı il yanvar ayının 1-də Bolnisi rayonunun Faxralı kəndində anadan olmuşdur. 1963-cü ildə Bakının 23 saylı orta məktəbini bitirmişdir. 1965-ci ildə ADU-nun (indiki BDU-nun) filologiya fakültəsinə daxil olmuş, 1971-ci ildə ali təhsilini uğurla başa vurmuşdur . Elmi fəaliyyətə “Şair Nəbinin həyat və yaradıcılığı”na həsr etdiyi diplom işi ilə başlamışdır. 1969-cu ildən folklorumuzun toplanması və təbliği ilə bağlı geniş fəaliyyət göstərir. Həmin ildən e’tibarən Azərbaycan radiosunda fəaliyyət göstərən “Bulaq” verlişinin aparıcı müəlliflərindən biri kimi tanınmışdır. Yaradıcı ömrünün on ildən çoxunu “Bulağ”a həsr edən Elxan Məmmədli 80-ci illərin əvvəlindən başlayaraq Azərbaycan televiziyasında saz-söz sənətkarlarına həsr etdiyi bir sıra verilişləri ilə də yadda qalmışdır.1979-cu ildən öz taleyini Nizami adına Ədəbiyyat İnstitutunun folklor şöbəsi ilə bağlayan tədqiqatçı-alim bu illər ərzində bir sıra folklor kitablarının işıq üzü görməsində əlindən gələni əsirgəməmişdir. Belə ki, iki cilddən ibarət “Azərbaycan aşıqları və el şairləri” (1984-cü il), “Azərbaycan bayatıları” (1984-cü il), “Cinaslar” (1985-ci il), “Bayatı, qoşma, təcnis” (1988-ci il), “Borçalı şair Nəbi” (1991-ci il) kimi kitabların tərtib və toplanması məhz Elxan Məmmədlinin yorulmaz əməyinin məhsuludur. Filologiya elmləri namizədi elmi dərəcəsi almaq üçün yazdığı “Təcnis sənətkarlığı” dissertasiyası nəzəri baxımdan kamil poetika əsəri kimi mütəxəssislər tərəfindən yüksək qiymətləndirilmişdir. 50-dən çox elmi məqalənin və bir sıra monoqrafiyanın müəllifidir. 1992-ci ildən bu günə kimi Azərbaycan radiosunda “Sarıtel” və “Gözəlləmə” həftəlik musiqili verilişlərin aparıcısı kimi sazın-sözün təbliği işində əvəzsiz xidmət göstərir. Elxan Məmmədov üç cildlik “Borçalı folkloru” kitabının müəllifidir.

Mənbə : REDAKTORDAN

“EL ÜÇÜN YARADAN, EL ÜÇÜN YANAN, DİRİDİR HƏMİŞƏ, SAĞDIR HƏMİŞƏ”

Bəzən gündəlik qayğılar başımızı elə qatır ki, ömrün-günün ne­cə keçdiyindən də xəbərimiz olmur. Bir də gözümüzü onda açırıq ki, nağıllarda deyildiyi kimi, ömür yarı, gün yarıdır.

Neçə il əvvəl  əmioğlu Elxanın altmış yaşının tamam ol­ma­sını eşidəndə də ilk növbədə bu hissləri yaşamışdım. Aylar, il­lər necə də sürətlə bir-birini əvəz edirmiş. Bir anlığa xəyal mə­ni uzaqlara, bir neçə onilliyin o üzündə qalmış qayğısız illərə apardı. Gözəl dağı, Qaraarxac yaylağı gözlərim önünə gəldi. Qay­ğısız uşaqlıq illərimizi xatırladım. İndi tarixə dönmüş şirin xatirələr məni yenidən qoynuna aldı.

Elxan məndən bir neçə yaş böyük idi. Məktəbdə yaxşı oxu­yurdu və onun ali məktəbə daxil olacağına kimsədə şübhə yox idi. Təhsildə olduğu kimi, fiziki cəhətdən də yaşıdlarından seçi­lirdi. Yaxşı güləşirdi. Tay-tuşları arasında böyük hörməti vardı. Mən ona həmişə “əmioğlu” deyə müraciət edərdim. Elə bu gün də belə müraciət edirəm. Yaş fərqimizə baxmayaraq aramızda olduqca səmimi münasibət vardı. Çox vaxt bir yerdə olurduq. Həmişə mənə böyük qayğı və diqqətlə yanaşırdı.

1962-ci ildə onlar ailəlikcə Bakıya köçdülər. O, ADU-nun (indiki BDU) filologiya fakültəsində təhsil aldı. Bir müddət bir-birimizlə müntəzəm əlaqə saxlaya bilməsək də o, mənim üçün doğma bir insan olaraq qalırdı. Nəhayət, mən də orta mək­təbi bitirib ali təhsil almaq üçün Bakıya gəldim. Təbii ki, mənim üçün hələlik yad olan bu böyük şəhərdə mütləq onu gör­mək istəyirdim. Ancaq bir tərəfdən şəhəri tanımamağım, di­gər tərəfdən də imtahan qayğıları bu istəyimi reallaşdırmağa imkan vermirdi. Sənədlərimi Elxan əmioğlunun təhsil aldığı fa­kül­təyə – universitetin filologiya fakültəsinə vermişdim. Yəqin ki, burada da mənim hələ uşaqlıqdan Elxanla olan isti müna­sibətimin, ruhən yaxınlığımızın və bir də o vaxtlar təkcə Fax­ra­lıda yox, bütünlükdə Borçalıda dəyərli ziyalı kimi tanınıb böyük hörmət və nüfuz qazanmış rəhmətlik Hüseynqulu müəl­limin də təsiri olmuşdu. Mən də onun kimi ədəbiyyatçı olmaq istəyirdim. O vaxtlar ali məktəblərə qəbul indiki kimi testlə yox, ixtisasa uyğun olaraq ayrı-ayrı fənlərdən imtahan götür­mək­lə keçirilirdi. Universitetin həyəti əsl bilik yarışı mey­danına çevrilirdi. Müəllimlərdən öncə abituryentlər özləri bir-birlərini sınağa çəkərək suallaşırdılar. Təbii ki, bu sual-ca­vab yarışmasından kənarda qalmırdım. Növbəti imtahan ərə­fəsində yenə yığışıb suallaşırdıq. Bir də gördüm Elxan əmioğlu mənə yaxınlaşdı. Görüşüb hal-əhval tutduq. Onun kimi filologiya fakültəsini seçdiyimi dedim. Təsadüfən rastlaşmağımız onu da, məni də hədsiz sevindirmişdi. Qəbul imtahanlarını uğurla verib universitetə daxil oldum. Elə o vaxtdan da Elxan müəllimlə əv­vəlki isti münasibətlərimiz yenidən öz təbii axarı ilə davam et­məyə başladı. Tez-tez mənimlə görüşür, hər hansı bir çətinli­yimin olub-olmamasını soruşurdu. Universitetdə mənə dərs deyən müəllimlərin vaxtilə ona da dərs deməsi və ondan razı­lıq­­la danışmaları çox zaman köməyimə çatırdı. Artıq bizim mü­­na­sibətimiz sadəcə qohum, dost münasibətləri ilə məhdud­laşmırdı. Biz həm də elmi mövzularda fikir mübadiləsi edirdik. Mənim şeir yazdığımı bilir, folklorumuzla, elimizin saz-söz adamları ilə bağlı araşdırmalarımı yüksək qiymətləndirirdi. Fax­ralının neçə-neçə el şairinin irsini araşdırıb nəşr etdirərkən mən həmişə folklorumuzun bilicisi və yorulmaz tədqiqatçısı ki­mi onun və saçlarını bu yolda ağartmış müdrik ağsaqqal Hü­seyn­qulu müəllimin dəyərli məsləhətlərini əsas tutmuşam. Bu səbəbdəndir ki, bu gün Elxan müəllim mənim üçün uşaqlıq dünyamızın şirin xatirələrinin canlı tarixi, səmimi dost və qo­hum olmaqla yanaşı, həm də istedadlı bir filoloq alim,  folklo­ru­muzun cəfakeş tədqiqatçısı, bilicisidir. O, Azərbaycanımızın hər guşəsinin folklorunun özünəməxsusluğunu, incəliklərini o qədər dərindən bilir ki, bu sahədə onun arqumentlərini qəbul etməmək sadəcə mümkün deyildir. Onun keçirdiyi tədbirlərin, apardığı tədqiqat işlərinin, yazdığı kitab və məqalələrin hesa­bını aparsaq həqiqətən böyük bir siyahı alınar. Elə təkcə neçə il­lərdir ki, efirdə səslənən və hər buraxılışı səbirsizliklə gözlə­ni­lərək böyük rəğbətlə qarşılanan “Sarıtel” verlişinin adını çək­mək kifayətdir ki, Elxan Məmmədli haqqında hər kəsdə təsəvvür yaransın.

Onu da qeyd edim ki, Elxan müəllimin folklorumuza bunca bağlılığında Borçalının qadın şairləri arasında özünəməxsus yeri olna nənələrimiz Səhnə Alməmmədlinin və Yetər Bayram qızının da rolu böyükdür… Yetər nənə olduqca hazırcavab, sö­zü məqamında deməyi bacaran və sinədəftər bir qadın idi. Filo­logiya elmləri doktoru, professor, folklormuzun gözəl bilicisi Şurəddin Məmmədlinin “Azərbaycan ədəbiyyatının Borçalı qolu” əsərində yazdığı kimi, Yetər nənəyə də bu keyfiyyətlər anası Səhnə Alməmmədlidən keçmişdi.

Heç yadımdan çıxmaz, bir dəfə Elxan əmioğlu ilə birlikdə Faxralıya getmişdik. Bizi doqqazda qarşılayan Yetər nənə üzü­nü Elxana tutub dedi:

Yalqız ağac yaldadı,
Dağlar ona daldadı.
Demirsənmi, ay zalım,
Gözlərimiz yoldadı.

Sonra da əlavə etdi:

-Hardasınız ay qırılmışlar, niyə tez-tez gəlmirsiniz?

…Tale verən ömrü elə yaşamalısan ki, bir anlığa nəfəs dərib arxada qoyduğun illərə boylanmağa, bir növ özün-özünə he­sabat verməyə haqqın olsun. Vay o adamın halına ki, bu mə­qam­da geriyə boylanmağa üzü olmasın. Elxan əmioğlu bu mə­nada bəxti gətirənlərdən, el yanında üzüağ olanlardandır. Bəli, onun həm elmdə, həm də eldə üzüağdır. İnanıram ki, ömrünün yetkinlik yaşını yaşayan alim qardaşım Elxan Məmmədli – Elxan əmioğlu hələ bundan sonra çox işlər görəcək, onun gərgin elmi axtarışları çox qaranlıqlara işıq salacaqdır.

Sevimli şairimiz Hüseyn Arif şeirlərinin birində yazmışdır:

Çəkilmədim otaqların küncünə,
Düzlər keçib, dağlar aşan şairəm.
Mən nə deyim, görürsünüz özünüz,
Qocaldıqca cavanlaşam şairəm.

Qocalmaq sözü sənə yaraşmır, əmioğlu. Arzu edirəm ki, bun­dan sonra da gənclik eşqi ilə yaşayıb yaradasan. Biz sənin gü­cünü dizindən çox ürəyində və biləklərində görmüşük. Qoy bu güc heç vaxt azalmasın.

Çoxlarının da etiraf etdiyi kimi, adam həmişə öz yaxınları, doğmaları haqqında nəsə yazmaqda çətinlik çəkir. Bilmirsən nədən başlayıb, nədə qurtarasan. Elxan əmioğlu haqqında yaz­maq istəyəndə mən də eyni hissləri yaşadım. Bizi bir-birimizə bağlayan tellər birmi, beşmi? Hansından söhbət açasan… Elə bu səbəbdən də deyirəm: “Hər cür yasarın at oynada bilmədiyi Faxralıda” ər oğlu ərlər çoxdur. Onlardan biri də folklormuzun yorulmaz araşdırıcısı, gözəl alimimiz, istiqanlı qohumumuz, Respublikamızın Əməkdar mədəniyyət işçisi Elxan Məmmədlidir. O Elxan Məmmədli ki, diridir həmişə. Gözəl şairimiz Rasim Kərimlinin vəsf etdiyi kimi:

Durnaya kəm baxmaz tel üçün yanan,
Seldən ayrı düşməz sel üçün yanan,
El üçün yaradan, el üçün yanan
Diridir həmişə, sağdır həmişə.

Mənbə : Səməndər Məmmədov – “Ağır elsən, Borçalıda adın var…”, Bakı – “Nurlan” – 2010, II kitab.

 

SAZ ÖMÜR VƏ DADINDAN DOYULMAYAN SAZ ÖMRÜ YAŞA, ƏMİOĞLU!

2016-cı ilin yeni nəşrlərindən bi­ri də tanın­mış folklorşünas alim Elxan Məm­məd­linin anadan olma­sının 70 illiyi münasibətilə hazır­lan­mış, onu yaxından tanıyan ziya­lı­la­rın, mütə­xəs­sislərin, aşıq və sənət­çi­lərin, tə­lə­bə yoldaş­la­rının, yaxın qo­hum­larının ürək sözləri ilə ya­naşı, yu­bilyarın poetik yara­dıcı­lığından nü­mu­nə­­lərin də daxil edildiyi “El­xan ömrü, saz ömrü” kita­bı­dır. Kitabın re­dak­­toru filologiya üzrə elmlər doktoru, professor Mahmud Allah­man­lı, tərtib edəni Vüsal  Abi­yev, sponsoru t.e.f.d, dosent Hüseyn Artıkoğludur. Kitab AMEA Folk­lor İnstitutunun xətti ilə Bakıda “Ağrıdağ” nəşriyyatında işıq üzü görüb.

Elxan Hüseynqulu oğlu Məmmədli 1 yanvar 1946-cı ildə Borçalı mahalının Bolnisi rayonunun Faxralı kəndində anadan olub. 1971-ci ildə Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsini bitirib. Əmək fəaliyyətinə fəhləlikdən başlayan Elxan Məmmədli bir müddət pedaqoji fəaliyyətlə məşğul ol­duq­dan son­ra, 1976-1979-cu illərdə Pedaqoji Elmlər İnsti­tutunda elmi işçi işləyib.

1979-cu ildən etibarən müsabiqə yolu ilə Nizami adına Ədəbiyyat İnstitutunun Folklor şöbəsinə kiçik elmi işçi vəzifə­sinə qəbul edilib.

1994-cü ilə kimi Ədəbiyyat İnstitutunun Folklor şöbəsində çalışan E.Məmmədli böyük elmi işçi kimi həmin ildən Folklor Elmi-Mədəni Mərkəzinə köçürülüb.

1998-ci ildə “Azərbaycan aşıq yaradıcılığında təcnis” möv­zu­sunda namizədlik dissertasiyası müdafiə edərək filolo­gi­ya elmləri namizədi alimlik dərəcəsi alıb. 1999-cu ildən AMEA-nın Folklor İnsitutunda Aşıq yaradıcılığı şöbəsinin müdiridir.

1969-2009-cu illər ərzində Azərbaycan radio və televizi­ya­sında “Bulaq”, “Ustadnamə”, “Sazın-sözün sehrində”, “Gözəl­lə­mə” və “Sarıtel” verlişlərinin müəllifi və aparıcısı olub.

O, bir monoqrafiya, 10-dan çox toplama-tərtib kitabını nəşr etdirib, 30-dan çox kitabın redaktoru, rəyçisi olub.

2008-ci ildə “Əməkdar mədəniyyət işçisi” fəxri adına  layiq görülüb.

Azərbaycan Aşıqlar Birliyi İdarə heyətinin və Azərbaycan Jurna­listlər Birliyinin üzvüdür.

Elxan Məmmədlinin rəhbərlik etdiyi Aşıq yaradıcılığı şö­bə­­sində Azər­baycan aşıq yaradıcılığı araşdırılır, nümunələri top­la­nı­lır, sis­tem­ləşdirilir və nəşrə hazırlanır. Aşıq sənətinin poetik xü­su­siy­yətlərinin, ideya-məzmun məsələlərinin tədqiqi, ayrı-ayrı aşıqların bədii irsinin top­lan­ması və nəşri, onlar haq­qında mono­qra­fik tədqiqatlar aparılması, “Azər­baycan aşıqları” çoxcild­li­yi­nin tərtib və nəşr edilməsi də bu şöbə­nin əsas vəzi­fələrindəndir. Şöbə Azərbaycan folklorunun toplanması, təd­qiqi və nəşri isti­qa­mətində folklorumuzun tarixi və nəzəri problemləri ilə məş­ğul­dur. Şöbədə 21 nəfər elmi əməkdaş fəaliyyət göstərir. Onlardan 1 nəfəri AMEA-nın həqiqi üzvü, 1nəfəri elmlər doktoru, professor, 5 nəfəri elmlər namizədi, qalanları isə laborant, kiçik elmi işçi və böyük elmi işçilərdir.

Aşıq sənətinin kökləri qədim dövrə gedib çıxsa da, Elxan Məmmədli aşıq sənətinin əsasının XV əsrin sonu XVI əsrin əv­vəl­lərində qoyulduğu qənaətindədir. Mətbuata verdiyi müsa­hibə­lə­rin birində Elxan müəllim deyir ki, xalqın  tarixi dəyəri və mənəvi inkişaf  səviyyəsi həmin xalqa mənsub yaradıcılıq fəaliy­yət­lərinin nəticələri ilə müəyyən olunur: “Təbii ki, Azər­baycan xalqının yaradıcılıq istiqamətlərindən biri də çoxəsrlik aşıq musi­qisində təzahür olunur. Bu, xalqın fəlsəfi mədəniy­yətinin for­ma­laş­dığı xüsusi bədii təfəkkür sahəsidir. Bu incə­sənət növündə poezi­ya, musiqi, rəqs, ifaçılıq sintezi özünü gös­tərir. Aşıq musi­qisi, aşıq insanın mənəvi dəyərlərini, əməllərini tərənnüm edir və bundan ilham alır. Aşıq sənətinin əsas möv­zuları məhəbbət və təbiət gözəlliyi, insan və onun əməl­ləridir. Özü də bu yaradıcılıq prosesi sintez, yeni teatrlaş­dırılmış şəkil­də improvizator aşıq tərəfindən sazda ifa kimi tərənnüm olunur”.

Elxan Məmmədli əmindir ki, Azərbaycan, aşıq sənəti, saz yalnız Azərbaycan xalqına məxsusdur: “Televiziya kanal­la­rın­da, etdiyimiz sə­fər­lərdə görürük ki, Türkiyədə, Mərkəzi Asiya ölkə­lərində saza bənzər musiqi alətləri var. Ancaq bizim saz sənətimiz bizə məxsusdur. İstər qərb bölgəsi, itərsə də Şirvan bölgəsi olsun, bu sənət sırf Azərbaycana məxsusdur. Arzu­olunan oldu ki, dövlətin dəstək və qayğısı nəticəsində  2009-cu ildə Azərbaycan aşıq sənəti UNESCO-nun qeyri-maddi mədəni irs siyahısına daxil edildi. Bir var, şəhər musiqisi, şəhər ədə­biyyatı, biri də var elat musiqisi. Elat musiqisinə aşıq yara­dıcılığı daxildir. Şəhər musi­qi­sinə isə muğam daxildir. Son za­manlar şəhər və elat mədəniyyəti qovuşmaq üzrədir. XIX əsrdə Sadıqcan tarı dizdən sinəyə qal­dır­dı, tarın texniki imkanlarını artırdı. Eyni zamanda Azər­baycan xalqının istedadı mu­ğama öz töhfəsini verdi, muğamın məzmu­nuna təsir göstərdi. Nəti­cə­də muğam hazırda əlçatmaz möv­qe­də­dir. Demək istəyirəm ki, aşıq sənəti doğmamızdır, muğam sənə­ti­ni isə doğmalaşdır­mı­şıq. Hər iki sənə­ti­miz böyük sənətdir. Bəd­nam qonşularımız muğam sənətimizə, aşıq sə­nə­tinə, mətbə­xi­mizə əl atırlar, mənəvi-maddi irsimizi özlərininki kimi dün­yaya təqdim etmə­yə çalışırlar, can atırlar. Azərbaycan xalqı nə qədər zən­gindir ki, onun süfrəsinin tör-töküntüləri başqalarını da dolandırır, yaşadır”.

Elxan müəllim uzun illərdən bəri respublika televiziya və radiosu vasitəsilə aşıq sənətinə dair silsilə verlişlər hazırlayıb, aşıqsevərlərə ər­mə­ğan edib. Bu verlişlər demək olar ki, bütün Azərbaycan aşıqlarının, ha­belə Gürcüstan, Türkiyə və İran İslam Respublikasının saz-söz usta­larının həyat və yaradıcı­lı­ğını özündə əks etdirən qiymətli audio-video sənədləridir. Hörmətli alim əsl milli qeyrət göstərərək təmənnasız olaraq bu qiymətli sənət nü­mu­­nələrini Azərbaycan Respublikası Dövlət Səs Yazıları Arxi­vi­nə təqdim edib. Sonradan həmin materiallar elmi-texniki cəhət­dən işlənərək rəqəmsal formata keçirilmişdir. Arxiv rəhbərliyi Elxan müəllimin bu addımını “əsl milli qeyrət nümunəsi” adlandırıb.

Professor M.Allahmanlının redaktoru olduğu “Elxan ömrü, saz ömrü” kitabına müqəddimədə yazdığı kimi, Elxan Məm­məd­liyə olan rəğbət və sevgidən yoğrulan bu kitabda folk­lor­şü­nas alimin həyat və fəaliyyətinin müxtəlif tərəfləri təfərrüatlı şəkildə özünün ifadəsini tapmış, onun Azərbaycan folklor­şü­nas­lığı, mə­dəni mühiti, sazımızın, sözümüzün təbliği üçün gör­düyü işlər boy göstərir, sonsuz, daha doğrusu, ilahi sevgi ilə milli mədəniyyətin qorunub saxlanılması və gələcəyə ötürül­məsi yo­lun­da apardığı mücadilə təqdim olunur. Şadam ki, kitab­da Elxan Məm­mədli haqda yüksək fikirləri paylaşılan müqtədir söz sahiblərinin qələm məhsullarının sirasında mənim də müəllifi olduğum, daha əvvəl “Ağır elsən, Borçalıda adın var” kitabımın II cildində getmiş “El üçün yaradan, el üçün yanan, diridir həmişə, sağdır həmişə” başlıqlı oçerkim yer al­mış­dır. Yaxın adamım, doğmam, əmim oğlu olduğundan, onun barəsində yazmağa çətinlik çəkirəm. Orta məktəb illərində də, ali məktəbdə oxu­du­ğum dövrdə də məndən bir neçə yaş böyük, seçdiyim Bakı Dövlət Uni­ver­sitetinin filologiya fakültəsinin məzunu olan əmim oğlundan gör­dü­yüm diqqət və qayğı ölçü­yəgəlməzdir desəm, yanılmaram. O vaxt yaz­dığımın indi də üstündə dururam ki, Elxan əmioğlu bəxti gətirən insanlar­dan­dır. Belə ki, o tale verən ömrü elə yaşayıb ki, hər an nəfəs dərib arxaya boylanmağa, bir növ özü özünə hesabat verməyə haqqı var. Vay o adamın halına ki, bu məqamda geriyə boylanmağa üzü olmasın.

Elxan Məmmədli ilə birgə 1986-cı ilin yayına təsadüf edən Göyçay səfərindən yazan AMEA Folklor İnstitutunun direk­toru, AMEA-nın müx­bir üzvü Muxtar İmanov yubilyarın port­ret cizgi­lərini təsvir edərkən, ilk növbədə təvazökarlığının, təmənna­sız­lı­ğının altını cızır: “…Aşıq ədəbiyyatına aid neçə-neçə elmi yazının müəllifi olan bu adam biz yol­daş­larından fərqli olaraq, elmlər namizədi olmağa o qədər də həvəs göstər­mirdi. Bu baradə yol­daş­lar arasında söz düşəndə mən zarafatla deyirdim ki, savadsız namizədlərin günü-gündən artmağı mü­da­fiə məsə­ləsini Elxanın gözündən salıb. Zarafat zarafat yerin­də, amma namizəd­lik məsə­ləsinə E.Məmmədlinin adi bir şey kimi baxmağında, bəl­kə, aşıq şeirinin özündən gələn bir fəlsəfə var­dı. Hadi­sələrə yumorla yanaşan E.Məmmədli hər xırda şeyi özünə dərd eləmək istəmir, hər xırda uğurla qürrələnməyi uşaq işi  sayırdı”.

Filologiya üzrə elmlər doktoru, Dövlət Mükafatı laureatı, Əməkdar elm xadimi Məhərrəm Qasımlı çağdaş Azərbaycan folklorçuları içəri­sin­də onun qədər xalqa yaxın ünsiyyətdə olan ikinci bir araşdırmaçının olmadığını təxmin edir: “Saz-sözdən söhbət gedən elə bir məclis olmaz ki, orada Elxan Məmmədli xatırlanmasın. Bu sahənin ən mübahisəli, qa­ran­lıq problem­lə­ri­nin aydınlaşmasında onun faktoloji biliyi hər zaman həlledici olur. Elxan sazı və bütövlükdə aşıqlığı ustad aşıqların özü səviy­yəsində bilir. Mən dəfələrlə müşahidə etmişəm ki, onun olduğu saz-söz məclislərində aşıqlar öz çalğı və oxumalarına xüsusi həssaslıqla diqqət yetirirlər”.

Filologiya elmlər doktoru, professor Mədəd Çobanov isə qə­na­ətini be­lə bölüşür ki, Elxan Məmmədli hər bir ədəbi-bədii məc­­lis­lərdə çıxış edə­rkən sanki dinləyiciləri ovsunlayır, filolo­gi­ya üzrə fəlsəfə doktoru adını harada olmasından asılı olma­yaraq lə­ya­qətlə doğrulda bilir: “O, ziya­lı­larımız arasında, de­mək olar ki, özünün azərbaycançılığı, vətən­pər­vərliyi, milli ru­hu, milli ide­ya­sı, alicənablığı, insanpərvərliyi, əxlaqi-etik gö­­rüşlərinə və ümumi dünyagörüşünə görə hamımızın sevimlisinə çevri­lən ən yaxşı eloğlulardan və həmkarlardan biridir, bəlkə də, birin­cisi­dir…”

Rəhmətlik şair, böyük müəllimimiz Əli Səngərlinin qarda­şı oğlu Elxan Məmmədliyə yazdığı şeir də kitabda yer alıb:

Qocalıq gözümdən yaman alıbdır,
Daha köç üstəyəm, a qardaş oğlu.
Qaçqını, köçkünü görəndən bəri,
Sağlamaz xəstəyəm, a qardaş oğlu.

Dolu divan tutub, tağım quruyub,
Bostanım soğulub, bağım quruyub,
Çəmənli, çiçəkli çağım quruyub,
Sanki qəfəsdəyəm, a qardaş oğlu.

Ağrımı, acımı bilənim yoxdu,
Könlümün pasını silənim yoxdu,
Gözlərim yoldadı, gələnim yoxdu,
Qulağım səsdədi, a qardaş oğlu.

Şair Osman Əh­məd­oğlu (Dərviş) Elxana hər zaman bir dastan kimi baxdığını yazıb: “Duruşunda, yerişində, cah-cəlallı söz-söhbətində bir das­tan tamlığı, bütövlük və yetkinlik urvatı görmüşəm. Özünün sambalı sözünün sambalıyla tən gəlib hər zaman. Sərrast düşün­cə­ləri, hədəfə de­yən fikirləri onu köklü-köməcli bir tamlıq sim­gəsi kimi tanıdıb əhli-ürfan aləmində. “Zər qədrini zərgər bilər” demiş atalar. Onun duruş gətirə bil­mə­diyi söz oyununa rast gəl­mədim onu tanıyanı və biləni. Əslində çox uzun zamana ehtiyacı var onu başdan-ayağa oxumağın. Çünki bir dəfəyə oxunan və ya bir tənliklə həll olunan məsələyə bənzəyən döyül Elxam Məmmədli”.

Dosent, dövlət qulluğunun müşaviri Eldar Hüseynquluoğlu böyük qardaşını folklora gətirən yoldan yazır və onun xətrini Azər­baycanın hər yerində əziz olduğunu sübuta yetirən bir əhva­lat nəql edir: “Mən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazir­li­yində işləyəndə iş yoldaşlarımla (Onlardan biri Tovuz, digəri isə Gədəbəy rayonundan idi) söhbət edirdik. Söz aşıqlardan, “Sarı­tel” verlişlərindən və Elxandan düşdü. Yoldaş­larım bir-biri ilə mübahisə etməyə başladı, biri deyir Elxan Tovuzludur, digəri isə Gədəbəydən olmasını israr edirdi. Mən isə bunlara baxıb gülür­düm. Mənə dedilər ki, Eldar müəllim, nəyə gülürsüz? Mən dedim ki, mənim böyük qardaşımın üs­tündə bir-birinizin “qırmağınıza” gülürəm. İksi də bir ağızdan “Elxana yiyə çıxanın biri də artdı” dedilər. Nə isə, mən səhəri gün rəhmətlik atam Hüseynqulu müəllimin “Görüm Faxralının biri olsun beş”… kitabını gətirib bunlara verdim və onlar bizim ailəvi şəkilmizi kitabda gördükdən sonra Elxanın Borçalıdan olmasına inandılar və hər iksi qeyd etdi ki, Elxanı bizim rayon­da bütün xeyir və şərdə iştirak edən və aşıqlarımızın yubiley­lərini aparan görmüşük, ona görə də elə bilirdik ki, bizim rayondandır”.

Azərbaycan Aşıqlar Birliyinin katibi, Əməkdar Mədəniyyət İşçisi, “Ozan dünyası” jurnalının baş redaktoru Musa Nəbioğlu Elxan Məmmədli haqda yazısının əvvəlini Çingiz Aytmatovun ibrətamiz fikri ilə başlayıb: “İnsanın başqaları üçün görə bilə­cəyi ən yaxşı iş öz ailəsində ləyaqətli uşaqlar tərbiyə etməkdir”. Musa müəllim bu fikri ona görə xatırladır ki, Hüseynqulu müəllim tək­cə öz elmi-pedaqoji fəaliyyəti, bir el ağsaqqalı kimi dəyərli məs­ləhətləri ilə yox, həm də böyük yazıçının dediyi kimi, ailəsində ləyaqətli övladlar böyütməklə cəmiyyətə öz töh­fəsini vermişdir və elə bu səbəbdən də bu gün onun ruhu şad­dır: “Onun ruhu  bir də ona görə şaddır ki, övladlarından biri həm də onun elmi fə­aliy­­yət sahəsindəki işinin layıqli davam­çısıdır. Elxan müəllimin bir folklorşünas kimi yetişməsində, tanınmasında təkcə bir ata kimi yox, həm də tanınmış bir pedaqoq kimi Hüseynqulu Məmmədlinin böyük rolu olub”.

Filologiya üzrə fəlsəfə doktoru, şair-publisist Qiymət Məhər­rəmli də Elxan müəllim haqqında qiymətli fikirlərini qələmə alıb: “Elxan Məmmədli o qisim kimsələrdəndi ki, ağır-ağayana yerişi-du­ruşu, salğarlı-səbatlı danışığı, doğruluğu-dürüstlüyü ilə hər kə­sə nümunə, örnək ola  biləcək halaldan halal bir ömür yaşayıb. 15-20 il qabaq onu necə görmüş, necə tanımışamsa, bu gün də həmin xislətdə, həmin sanbalda, həmin insanlıq pilləsində qərar­laşıb. Yolunu həmişə düz gedib: hər cür pislik­lərdən, xəbis­lik­lər­dən uzaq, müdrik, nurani-pirani bir dərviş ömrünü da­vam etdir­məkdədir. Yorulub-usandığını gör­mə­dim əsla! Yaxşılıqdan, halal­lıqdan usanılarmı heç?! Çünki bu cür Tanrı övladları yalnız xeyirxahlıq missiyasını həyata keçir­­mək üçün göndəriliblər Yer üzünə. Həmişə… kimə görəsə narahat, nigaran, sevgili, sayğılı… – belə bir missiyanın daşıyıcısıdır bizim Elxan Məmmədli!”

Kitabda Elxan Məmmədlinin haqqında yer alan yazıların əksə­riyyətinin elə sərlövhələri yubilyarın barəsində çox şey deyir. Məsə­lən, “Aşıq sənətinin yorulmaz yolçusu” (İsrafil Ab­baslı), “Folklorlaşan folk­lorşünas” (Mahmud Allahmanlı), “Şa­man  Elxan” (Mürsəl Həki­mov), “Aşıq sənətini Elxandan soruş” (Səadət Buta), “Dostluğun fövqündə dayanan insan” (Ta­riyel Abbaslı), “Elin xanı” (Miraslan Bəkirli), “Güney aşıqlarının sevimlisi” (Böyükbəy Ələkbəroğlu), “Ozan kimi” (Həzi Həsənli), “Bir ömürdə iki həyat yaşayan alim” (Elbəyi Cəlaloğlu), “Aşıq sənətinin məcnunu” (Şöhlət Əfşar), “Folk­lo­rumuzun cəfakeşi” (Maşallah Xudubəyli), “Dədə Elxan” (Aşıq Altay Məmmədov), “Sazın bəstəsində yaşayan ömür” (İsmayıl İlməzli) və s.

Hələ Xalq şairi, Türk dünyasının böyük söz fatehi Zəlim­xan Yaqub sağlığında Elxan Məmmədlinin 60 illik yubiley gecə­sindəki çıxışında demişdi: “Elxan öz səsini elə səslərə qoş­du ki, ona nə ayrılıq, nə də zaman sədd, sərhəd şəkə bilmədi. Tür­küs­tanda da, Qafqazda da, İranda da, Türkiyədə də, Şərq aləmində də, Türk dünyasında da, bütövlükdə Şərqi, Qərbi qucaqlayan bö­yük dünyada da dalğalara qoşuldu Elxan səsi, şa­irlərimizin, alim­lə­rimizin, aşıqlarımızın, ozanlarımızın, ustad­­larımızın, övli­ya­la­rı­mızın, dədələrimizin təbliğatı ilə məşğul ola-ola özü də nura­ni­ləş­di, piraniləşdi, gözəlləşdi, duruldu, saflaşdı, oldu saz, oldu aşıq, oldu şair, oldu folklor­şünas. Bax, bu mənada, bunun bir səbəbi də onu yetirən, onun doğulduğu ailədi. O ailədi ki, Borçalı ziya­lı­ları­nın hamısının ocağı olub Hüseynqulu müəllimə görə. Və saçları qar kimi dümağ olan qibləgahımız, anamız Fatma xanım bu gün bu məclisdə iştirak edirsə, o deməkdir ki, bu əsərin baş qəh­rəmanı Fatma xanımdır. Ən böyük folklorşünas alim odur. Bu­na görə, əzizim, iki gözlüm, Fatma ana, Səməd Vurğun deyirdi ki:

Dünya binasını qurandan bəri,
De, hansı dahinin xəyal şahpəri,
Ucala bilmişdi barı bir kərə,
Ana qəlbindəki sonsuz göylərə”.

Saz ömür və dadından doyulmayan, saz ömrü yaşa, əmioğlu!

Mərhumə ananız və hamımızın anası Fatma xala hər söhbətimizdə mənə deyərdi: “Atan Eyvaz Məmmədov Hüseyn­qulu əminin sıxıntılı günlərində həmişə tərəzinin Hüseynqulu müəllim olan gözündə olardı”. Hörmətli bükülməz biləkli pələng əmioğlu! Bu fikrə şərh vermək çətindi. Özümüzü biləndən bu fikrin üstündə köklənmişik, bir-birimizə arxa-dayaq olmuşuq. Bundan belə də Allah verən ömrü beləcə, şərəflə və şərəfimizi qoruya-qoruya yaşamalıyıq.

 

Mənbə : Səməndər Məmmədov – “Faxralılar”, Bakı – “Elm və təhsil” – 2017, I kitab.

Faxralı.com saytında yerləşdirilən məlumatlar Hüseynqulu Məmmədli, Səməndər Məmmədov, Rəşid Faxralı, Allahverdi Kərimovun müəllifi olduğu 8-dən çox kitab və digər mənbələr əsasında tərtib olunmuşdur