İsa Əli oğlu Xəlilov (texnika elmləri doktoru, professor)

QISA MƏLUMAT

İsa Əli oğlu Xəlilov 1961-ci il may ayının 2-də Bolnisi rayonunun Faxralı kəndində anadan olmuşdur. 1968-1978-ci illərdə Faxralı kəndində orta təhsil almışdır. 1978-ci ildə Azərbaycan Politexnik İnstitutunun (indiki Azərbaycan Texniki Universitetinin) maşınqayırma fakültəsinə daxil olmuşdur. 1984-cü ildə İsa Xəlilov aspiranturaya daxil olmuş, 1990-cı ildə “Dişli muftaların sistemli ehtimal hesabı alqoritminin yaradılması” mövzusunda namizədlik dissertasiyası müdafiə etmiş, texnika elmləri namizədi elmi dərəcəsi almışdır. 30-dan çox elmi əsərin müəllifidir. Əsərləri Azərbaycanda, Rusiyada, Türkiyədə, Almaniya Federativ Respublikasında nəşr edilmişdir. 4 elmi-metodik məcmuənin, 1 dərsliyin və 2 texniki lüğət kitabının müəllifidir. “Makine elemanları sözlüyü” adlı rusca-azərbaycanca-türkcə-ingiliscə texniki lüğət kitabı Türkiyədə nəşr edilmişdir. “Elevatorların layihələndirilməsi” adlı dərs vəsaiti bu sahədə azərbaycanca yazılmış ilk kitabdır. Azərbaycanda ilk dəfə olaraq “Maşınların yaradılmasının texniki əsasları” fənni üzrə mühazirələrin müəllifidir. 1987-1991-ci illərdə Azərbaycan Texniki Universitetinin “Maşın detalları və YQNM” kafedrasında assistent, 1991-ci ildən bu günə kimi isə dosent vəzifəsində çalışır. Bununla yanaşı 1990-1992-ci illərdə həmin universitetin “Robot texnikası” fakültəsində tədris işləri üzrə, 1993-1998-ci illərdə isə elmi işlər üzrə dekan müavini vəzifəsində çalışmışdır. O, 1988-ci ildə Moskvada Bauman adına Ali Texnika Məktəbdə ixtisasartırma kursu keçmişdir. 1992-ci ildə Almaniya Federativ Respublikasının Akademik Mübadilələr İdarəsi İsa Xəlilovun elmi fəaliyyətini nəzərə alıb onu bir illik Boxum şəhərinin Ruhr Universitetinə elmi işə dəvət etmişdir. O, burada tamamilə yeni bir prinsiplə işləyən yumruqlu mexaniki ötürmənin kinematik hesabı alqoritmini tərtib etmişdir. 1998-ci ildə AFR Akademik Mübadilələr İdarəsi yenidən İsa Xəlilovu Almaniyanın Karlsrue Universitetinə elmi işə dəvət etmişdir. İsa Xəlilov 1996-1997-ci illərdə AFR-nın 80 illik tarixi olan, bütün dünyada texniki-iqtisadi kadr mübadilələri aparan məşhur Karl Düysberq cəmiyyətinin dəvəti ilə yenidən Almaniyada olmuşdur. İsa Xəlilov Daymler Kraysler AC-nin Azərbaycan təmsilçiliyində satış şöbəsinin müdiri vəzifəsinədək yüksəlmişdir.

İsa Xəlilov 2013-cü ildə “Maşın intiqallarının sis­temli analizi ilə muftaların seçilməsinin nəzəri əsaslarının işlən­mə­si” mövzusunda dok­tor­luq dissertasiyasını müda­fiə edərək texnika elmləri doktoru elmi dərəcəsini almışdır.barədə

İsa Xəlilov barədə əlavə məlumata bu saytdan tanış ola bilərsiniz.

Mənbə : REDAKTORDAN

 

ÇEŞMƏYƏ BAXANDA DURULUR İNSAN

Son zamanlar tez-tez şahidi olu­ram, in­san­lar daha çox vaxtın azlı­ğın­dan giley­lənirlər. Bil­mi­rəm, bəl­kə də bu, məişət prob­lem­lərinin çox­luğun­dan, ya­xud şəhər həya­tı­nın özünə­məx­sus­lu­ğun­dan­dır, am­ma fakt bu­dur ki, bu sarıdan hamı­mız giley­liyik. Bu, kənd­də böyü­yüb son­ra­dan müxtəlif sə­bəb­lərdən hə­yat­larını şəhər­lə bağla­yan­­larda özü­nü daha qabarıq göstərir. Çün­­ki kəndin ge­niş­liyindən, təbiət qoy­­nundan ayrı­lıb hət­ta onilliklər boyu şəhərdə yaşasaq da, bu mü­hitin yeknəsəgliyinə alışa bilmirik. Kənddə ol­duğu kimi, istədiyimiz vaxt doğmala­rı­mı­za, dost-tanışlarımıza baş çəkmək imkanımız olmur. Bəzən müəy­yən səbəblərdən hətta ən əziz adamımızla belə ancaq xeyirdə-şərdə görüşməli olur və bunu da ilk növbədə vaxtın azlığı ilə izah etməyə çalışırıq.

Bu hisslər mənə də yad deyil. Qırx ilə yaxındır ki, Bakıda yaşasam da, özümü bircə an da olsa Borçalısız, doğulub boya-başa çatdığım Faxralısız təsəvvür etdiyim an olmayıb. Yaranan ilk fürsəti əldən vermə­yərək doğma yurda baş çəkir, doğma­la­rım­la, bir vaxtlar orta məktəbdə mənə dərs demiş müəllim­lə­rimlə, el ağsaqqalları ilə görüşüb hal-əhval tuturam. Bu gün sə­si dünyanın bir çox ölkələrindən gələn faxralılardan aldığım xoş soraqlar qəlbimi dağa döndərir. Bir də Faxralı kimi saf bir tə­bi­əti olan yerdə doğulub, böyüyənlər əsasən mətin, mərd, qorx­­­­­maz, möhtəşəm, saf və duru olurlar. Natiqlik qabiliyyəti ilə yeri-göyü titrədən böyük söz fatehi Zəlimxan Yaqub demiş­kən:

…Palçığa baxanda bulanır içi,
Çeşməyə baxanda durulur insan.

Tez-tez görüşə bilməsəm də, haqqında eşidib uğuruna sevindiyim eloğlularmndan biri də İsa Xəlilovdur.

…İsa Əli oğlu Xəlilov 1961-ci il may ayının 2-də Faxralı kəndində ziyalı ailəsində anadan olub. 1968-1978-ci illərdə Faxralı kəndində orta təhsil alıb. 1978-ci ildə orta məktəbi əla qiymətlərlə başa vurub, ali təhsil almaq arzusuyla Bakıya gəlib. O zamanlar abituriyentlər ali məktəbə qəbul üçün dörd fəndən imtahan verirdilər. Belə bir eksperiment qayda da var idi ki, ilk iki imtahandan yüksək nəticə göstərən abituriyent digər imta­hanlardan azad edilirdilər. İsa da elə həmin ildə iki imtahanın nə­ticəsinə görə eksperiment yolu ilə Azərbaycan Politexnik İns­­titutunun (indiki Azərbaycan Texniki Universitetinin) me­xanika fakültəsinə daxil olub. Tələbəliyin ilk günündən yaxşı oxuması və institutun ictimai həyatında yaxından iştirak etməsi ilə seçilib, professor-müəllim heyətinin diqqətini çəkib. Keç­miş SSRİ-də ali məktəblərdə əla oxuyan tələbələrə verilən ən yüksək təqaüdə – Lenin təqaüdünə layiq görülüb. İnstitut Əlaçılar Şurasının sədri olub, mexanika fakültəsində komsomol təşkila­tının katibi vəsifəsinə irəli çəkilib. 1981-ci ildə Azər­baycan Komso­mo­lunun 31-ci qurultayına nümayəndə seçilib.

1983-cü ildə institutu fərqlənmə diplomu ilə bitirən İsa Xə­lilov hə­min ilin sentyabrından 1984-cü ilin yanvar ayınadək Ba­kı Məişət Kondisionerləri zavodunda mühəndis-texnoloq və­zi­fəsində çalışıb. Bəlkə də istehsalatda çalışmasını davam et­dir­­səy­di daha böyük uğurlar əldə edər, vəzifə pillələrində yük­sə­lər­di. Amma onun taleyinə başqa bir yol yazılmışdı: özünü el­mə həsr etməliydi. Bunun üçün zəmin isə hələ tələ­bəlikdən ya­ran­mışdı. Elmi axtarışlara olan həvəs, daim yeni­liklər axtar­maq marağı istehsalatda cəmisi dörd ay çalışdıqdan sonra onu yenidən  Azərbaycan Politexnik İnstitutuna gətirib və o, 1984-cü ilin yanvar ayında “Maşın detalları və yükqaldıran-nəqliyyat maşınları” kafedrasında “Maşınşü­nas­lıq” ixtisası üzrə aspiran­turaya daxil olub. Bir vaxtlar tələbə kimi gəldiyi doğma divar­lar yenidən onu qoynuna alıb. Bu dəfə gənc tədqiqatçı kimi. Ye­­­nidən yuxusuz gecələr, elmi kitabxanalar və labo­ra­tori­ya­lar. Nə­hayət, bütün bu əzab-əziyyət, çəkilən zəhmət öz bəhrə­si­ni verib və o, 1990-cı ildə “Dişli muftaların sistemli ehtimal hesabı al­qo­rit­minin yaradılması” mövzusunda namizədlik disser­ta­siyası müdafiə edərək, texnika elmləri namizədi elmi dərə­cə­sinə layiq görülüb.

İ.Xəlilov 2013-cü ilin aprel ayında “Maşın intiqallarının sis­temli analizi ilə muftaların seçilməsinin nəzəri əsaslarının işlən­mə­si” mövzusunda dok­tor­luq dissertasiyasını müvəffəqiyyətlə müda­fiə edərək texnika elmləri doktoru elmi dərəcəsini alıb. Onun dok­tor­­luq işi rəsmi opponentləri – Azərbaycan Milli Aviasiya Aka­demiyasının “Nəqliyyat mexanikası və materialşünaslıq kafedra­sı­nın müdiri, texnika elmləri doktoru, professor Ə.X.Can­əhmədov, Azər­­baycan Memarlıq və İnşaat Universitetinin elm və texnika üz­rə prorek­toru, “İnşaat, yol və meliorasiya maşınları” kafedrasının mü­diri, Əməkdar müəl­lim, texnilka elmləri doktoru, professor A.R.Şə­rifov, Azərbaycan Texniki Univer­sitetinin “Texniki mexa­nika” kafedrasının professoru, texnika elmləri doktoru N.A.Nə­si­bov tərəfindən yüksək qiymətləndirilmiş, müəllif tərəfindən yara­dıl­mış dinamik modelin və onun həlli üçün tərtib edilmiş alqo­rit­min maşın intiqallarının kompleks öyrənilməsində böyük elmi yenilik olduğu vurğulanmışdır. Qeyd edilmişdir ki, ilk dəfə olaraq maşın intiqalının sistemli analizi əsasında maşınların hərəkətverici və işçi orqanlarının işi ilə əlaqəli yaranan dinamiki qüvvələrin, inti­qal sistemindəki məcburi rəqslər tezliyinin, fırlanan detalların kütlə ətalət momentlərinin, intiqal elementlərinin sərtlik və dem­p­ferləmə xüsusiyyətlərinin, valların quraşdırılma xətala­rı­nın, intiqal siste­min­dəki ara boşluqlarının və muftanın dempferlənməsi nəti­cəsində ya­ra­nan temperatur fərqinin nəzərə alınması ilə muftaların seçilmə­sinin nəzəri əsasları işlənmişdir.

İnstitutu bitirdikdən sonra 4 ay istehsalatda çalışmasını nə­zərə almasaq, demək olar ki, İsa Xəlilov 1978-ci ildən öz ta­leyini Texniki Universitetlə bağlayıb və bu gün də bu ali təhsil ocağında fəaliyyətini davam etdirir. 30 ildir ki, elmi-pedaqoji fəaliyyətlə məşğul olduğu universitetdə müxtəlif vəzi­fələr daşı­yıb. 1987-ci ilin fevral ayından 1991-ci ilin dekabr ayına kimi “Maşın detalları və yükqaldıran-nəqliyyat ma­şın­­ları” kafedra­sında assistent, 1991-ci ildən isə həmin kafedrada do­sent vəzi­fəsində çalışıb. Bununla yanaşı, 1990-1992-ci illər­də həmin uni­ver­si­tetin “Robot texnikası” fakültəsində tədris işləri üzrə, 1993-1998-ci il­lər­də isə elmi işlər üzrə dekan müavini, 2005-2008-ci illərdə isə rek­torun mü­şaviri vəzifəsində çalışıb. 2008-ci ildən isə Azərbaycan Texniki Uni­versitetində tərbiyə işləri üzrə prorektordur. 2013-cü ildən eyni zamanda həmin univer­si­tetin “Maşın və mexanizmlər” kafedrasının müdiridir.

Bu müddətdə bir alim kimi də məhsuldar elmi fəaliyyəti olub. İndiyədək 60-dan çox elmi-texniki və metodik əsəri çap edilib, 1 monoqrafiyanın, 6 dərslik və dərs vəsaitinin, 5 elmi-metodik məc­muənin və 2 texniki lüğət  kita-bının müəllifidir. Ümumilikdə 10-dan çox kitabı nəşr olunub.  Dəfələrlə bey­nəlxalq və respublika miqyaslı elmi konfrans və simpozi­um­larda məru­zələrlə çıxış edib. 20-dən ar­tıq elmi əsəri Almaniya, İngiltərə, Türkiyə, Rusiya və digər ölkə­lərin nüfuzlu elmi jur­nallarında dərc olunub. Elm və təhsil sahə­sin­dəki uğurlarına görə Azərbaycan Respublikası Təhsil Nazirliyinin “Fəxri Fərman”ı ilə təltif olunub.

Əldə etdiyi uğurlar onu arxayınlaşdırmayıb, daim öz üzə­rində çalı­şıb, son zamanlar sürətlə gedən elmi-texniki tərəqqi ilə ayaqlaşmaq üçün xarici ölkələrin nüfuzlu elm ocaqlarında ix­tisasartırma kurslarında olub. Və elə buradaca qeyd etmək yerinə düşər ki, rus və alman dillərində sərbəst danışması da onun üçün bu mənada böyük imkanlar yaradır. 1988-ci ildə Mosk­vada Bauman adına Ali Texniki Məktəbində, Almaniya Federativ Respublikasının Akademik  Mübadilələr İdarəsinin (DAAD) dəvəti ilə 1992-1993-cü illərdə Boxum şəhərinin Ruhr Universitetində, 1997-1998, 2003, 2006 və 2009-cu illər­də Karlsue Universitetində elmi və pedaqoji ixtisasartırma kur­su keçib.

1996-1997-ci illərdə AFR-nın Karl Düyserq Cəmiyyətinin də­vəti ilə Daymler-Bens (indiki DaymlerKraysler) AC-də geniş proq­ramlı ixtisaslaşma keçən İsa Xəlilov  Karl  Düysberq Cəmiy­yə­­tinin proqramı çərçivəsində soaial bazar iqtisadiyyatı şəraitində müəs­sisə­lərin yaradılması, idarə edilməsi və inkişafı istiqamətində me­nec­ment kurslarını ən yüksək balla başa vura­raq 1-ci dərəcəli dip­loma layiq görülüb. Bu proqram çərçi­vəsində dünyada ən böyük av­tomobil zavodlarından biri olan Vört şəhərindəki Mersedes-Benz zavo­dun­da avtomo­bil­lərin istehsalının texniki və iqtisadi təşkili, avto­mat­laş­dı­rılmış isteh­sal şəraitində iri müəssisələri idarəetmə təc­rübəsi keçib. 1998-ci ildən 2003-cü ilə kimi universitetdəki əsas işi ilə yanaşı eyni zamanda Daymler­Kraysler AC-nin Azərbaycan­dakı rəsmi nü­ma­yəndəliyində “Mersedez-Benz” avtomobillə­rinin satış şöbə­sinin direktoru vəzifəsində də çalışıb.

İsa Xəlilov hazırda ömrünün ən gözəl məqamını – ömrün al­tınçı onilliyinin ilk illərini yaşayır. Kiçik bir yazıda bir insan öm­rünə bütövlükdə ayna tutmaq mümkünsüz olsa da, bu illər ər­zində bir alim və pedaqoq öm­rünün olduqca səmərəli və məh­­­suldar oldu­ğunu yuxarıda sadaladıqlarımızdan da görmək olur. Və bir insan ki­mi İsa müəllimin xoşbəxtliyi bir də ondadır ki, həm də ləyaqətli vətəndaş-ziyalı, qeyrətli eloğlu və gözəl bir ailə başçısı ol­ma­sı onun alim-pedaqoq şəxsiyyətini tamamlayır, bü­töv­ləşdirir. Həyat yoldaşı Kəmalə xanım müəllimədir, Bakı şə­hə­rindəki 245 saylı orta mək­təbdə fizika müəllimi işləyir. İki öv­ladı var. Qızı Ay­nur xanım Azərbaycan Dövlət Neft Şir­kə­tin­­də mühasib vəzifə­sin­də çalı­şır, oğ­lu Əli isə Azərbaycan Tex­ni­ki Universitetinin “Radio­tex­nika və rabitə” fakültəsinin ma­gist­ratura pilləsini də bitirib.

Arxada qoyduğu illərdə İsa Xəlilov bir alim kimi çox uğura imza atsa da, onu tanıyanlar xüsusilə də hər uğurundan böyük if­tixar hissi duyan faxralılar inanırlar ki, daha böyük uğurlar hə­lə qabaqdadır. Mən də elə bu inamla və hörmətli eloğluma yeni-yeni uğurlar arzusuyla bu yazım hələlik burda bitirirəm…

Mənbə : Səməndər Məmmədov – “Faxralılar”, Bakı – “Elm və təhsil” – 2017, I kitab.

Faxralı.com saytında yerləşdirilən məlumatlar Hüseynqulu Məmmədli, Səməndər Məmmədov, Rəşid Faxralı, Allahverdi Kərimovun müəllifi olduğu 8-dən çox kitab və digər mənbələr əsasında tərtib olunmuşdur