İsa Səməd oğlu Babaşov (texnika elmləri namizədi)

QISA MƏLUMAT

İsa Səməd oğlu Babaşov 1939-cu il avqust ayının 1-də Bolnisi rayonunun Faxralı kəndində anadan olmuşdur. O, 1958-ci ildə Faxralı orta məktəbini bitirdikdən sonra AzPİ-nin mexanika fakültəsinə daxil olmuşdur. 1963-cü ildə həmin institutu fərqlənmə diplomu ilə bitirmişdir. 1964-1965-ci illərdə orduda xidmət etmiş, tərxis olunduqdan sonra Azərbaycan Politexnik İnstitutunun metallurgiya kafedrasında müəllim işləmişdir. 1968-1971-ci illərdə Moskva Polad və Ərintilər İnstitutunda aspiranturada oxumuş və “Dəmir-kükürd sisteminin təzyiq-temperatur-tərkib koordinatlarındakı diaqramının tədqiqi” mövzusunda namizədlik dissertasiyasını müdafiə etmişdir. Sonra Azərbaycan Politexnik İnstitutunda müəllimlik fəaliyyətini davam etdirmişdir. 1973-cü ildə İsa Babaşov Moskva şəhərində yerləşən “Vsesoyuznıy Nauçno-İssledovatelskiy İnstitut Neorqoaniçeskix Materialov (VNİİNM)” institutuna işə də’vət olunmuş və həmin institutda 1985-ci ilin sentyabr ayına qədər baş elmi işçi və elmi qrupun rəhbəri vəzifəsində çalışmışdır. Sonrakı illərdə pedaqoji və elmi fəaliyyətini Azərbaycan Politexnik İnstitutunda və “Azərelektromaş” Elmi-İstehsalat Birliyinin Azərbaycan Elmi-Tədqiqat Elektrotexnika İnstitutunda davam etdirmişdir. İsa Babaşov 40 elmi əsərin müəllifidir. Elmi-tədqiqat işlərinin nəticələri haqqında Moskva, Leninqrad, Sverdlovsk və Bakı şəhərində keçirilən elmi konfranslarda çıxış etmişdir. Onun məqalələri Moskvada Bakıda çıxan jurnal və məcmuələrdə nəşr olunmuşdur. İsa Babaşov öz tədqiqatlarında metallurji proseslərin nəzəri və praktiki məsələlərin həllinə, riyazi üsulların elmi-tədqiqat işlərində tətbiq olunmasına geniş yer vermişdir. O, “Riyazi üsulların elmi-tədqiqat işlərinə tətbiqi” adlı kitabın müəlliflərindən biridir.

Mənbə : REDAKTORDAN.

 

ÖMÜR YOLU

Hərənin bir ömür yolu var. Bu ömür yolu insanı hara aparır və sonu necə qurtarır, onu Allah-Təaladan baş­qa heç kəs deyə bilməz. Onu da heç kəs deyə bilməz ki, insanın kə­dərli anları nə vaxt olacaq, qəmli mə­qam­ları haçan baş verəcək. Bir sözlə, hə­ya­tı yaradan hər şeyi əvvəl­cədən yazıb qoyur. Və sonradan in­san hə­min anları yaşayır. Böyük filo­sof Monteskye ya­zır: “Biz üç şəkildə təhsil alırıq. Birinci təh­si­li valideyn­lə­ri­miz, ikinci müəllimlərimiz, üçün­cü isə həyat verir. Sonuncunun dərs­­ləri əvvəl­cə­dən öyrəndiklərimizin hamısını yalana çıxar­dır”.

İsa Səməd oğlu Babaşov həyatın hər cür çətinliklərini gö­rüb yaşamış insanlardandır. O, 1939-cu il avqustun 1-də Faxralı kəndində dünyaya göz açıb. Aydındır ki, o kənddə orta məktəb olduğuna görə, həmin təhsil ocağında 1-ci sinfə gedir. Orta məktəbdə digər tay-tuşlarından, yoldaş­la­rından istedadı və savadı ilə fərqlənən İsa Babaşov məktəbi bitirdikdən sonra ali təhsil almaq məqsədilə sənədlərini Azər­bay­can Politexnik İnstitutuna verir və ora qəbul olur.

Tələbəlik illərində də o digər yoldaşlarından seçilir. Yəni başqa tay-tuşları yeyib-içməyə, istirahətə gedəndə onun həyat amalı kitabxanaya get­mək, orda oxumaq və imtahanlara hazır­laş­maq olur. Yuxusuz gecələr, əzablı anlar heç də onu bezdirib ruhdan salmır. Əksinə, İsa Babaşov yax­şı bilirdi ki, o yuxusuz gecələrin bir neçə ildən sonra bəhrəsini görəcək, elmin enişli-yoxuşlu yolları ilə addımlayacaq və bir alim kimi özünü təsdiq edə biləcəkdir.

Ali məktəbi fərqlənmə diplomu ilə bitirən İsa Babaşov ordu sıra­la­rın­­da xidmət edəndən sonra yenidən bitirdiyi ali məktəbə – Azərbaycan Politexnik İnstitutuna qayıdır və orda metallurgiya kafedrasında müəllim işləyir.

Təbii ki, ali məktəbdə çalışdığı dövrdə yeni axtarışlar aparır və özü yolunu tapır. Daha doğrusu, 1968-1971-ci illərdə Moskva Polad və Ərintilər İnstitutunda aspiranturada oxuyub, “Dəmir-kükürd sisteminin təzyiq-temperatur-tərkib koridantla­rın­dakı diaqramının tədqiqi” mövzu­sunda namizədlik işi müdafiə edib, elmlər namizədi adını qazanır. Alimin axta­rış­ları heç də bu uğurla tamamlanmır. Yəni ö, öz üzərində daim iş­lə­yir, müxtəlif elmi kitablarla və tədqiqat əsərləri ilə ma­raq­lanır, elm aləmində yeni söz demək üçün axtarışlarını davam etdirir.

O, Moskvadakı ali məktəblərdən birində bir müddət işə dəvət olunur və həmin institutda 1985-ci ilin sentyabr ayına qədər baş elmi işçi və elmi qrupun rəhbəri vəzifələrində çalışır. Moskva mühitində yaşamaq və işləmək alimin həyatında əsaslı dönüş yaradır. O, bu illərdə SSRİ-nin tanın­mış elm adamları, alimləri və ziyalıları ilə tanış olur, onlardan bəh­rə­lənir. Müəy­yən illər ötdükdən sonra İsa Səməd oğlu Babaşov yenidən və­tənə qayıdıb, əvvəlcə elmi fəaliyyətini Azərbaycan Politexnik İns­titutunda, sonra isə “Azərelektromaş” Elmi-İstehsalat Bir­liyinin Azər­bay­can Elmi-Tədqiqat Elektronika İnstitutunda davam etdirir. Vətənə dö­nü­şü və qayıdışı da ona uğur gətirir. Müxtəlif vaxtlarda yazdığı 40-a ya­xın elmi əsərin müəllifi olan bu alim Azərbaycanda da tanınır və məş­hur­laşır. Təbii ki, onun elmi-tədqiqat əsərləri böyük maraq doğu­rur­du. Elə bu ma­rağa görə də Sovet İttifaqının vaxtında alim Moskva, Lenin­qrad, Sverd­lovsk və Bakı şəhərlərində keçirilən konf­ranslara dəvət olu­nur və həmin konfransda maraqlı çıxışları ilə alimlərin diqqətini özünü cəlb edir.

A.Bakıxanov yazır: “Dövlət və mənsəb həmişə bir qərarda qalmaz. Nə qədər məşhur və nəcib silsilədən olursa ol, vaxt ki, özündə layiqli bir şey yoxdur, xalqın nəzərində qədir-qiymətini itirmiş olursan. Ancaq… elm və fənlər aləmində bir bilik və bacarıq qazanırsansa, lazımınca bilik hasil edib özündən sonra gələnlərə, elmdən və biliyindən bir səmərə qoyursansa o vaxt özünü xoşbəxt hesab etməyə haqqın var”.

Sanki bu sözləri böyük yazıçı İsa müəllim haqqında deyib. Çünki İsa müəllim elm aləmində çox böyük işlər görüb. Ən azından onun elm aləmindəki yenilikləri deməyə əsas verir ki, bu insan şam kimi elm yolunda ömrünü yandırmaqdan peşiman deyil. Çünki onun şöləsi və işığı çox insanın köməyinə çatıb.

Alim və gözəl insan İsa Babaşov həm də “Riyazi üsulların elmi-tədqiqat işlərinə tətbiqi” adlı kitabın müəllifidir. Elə bu kitabın özü bu ziyalını çoxlarına tanıtdırıb.

İsa Babaşov 2012-ci il may ayının 17-də dünyasını dəyişib. Allah rəhmət eləsin!

Mənbə : Səməndər Məmmədov – “Faxralılar”, Bakı – “Elm və təhsil” – 2017, I kitab.

Faxralı.com saytında yerləşdirilən məlumatlar Hüseynqulu Məmmədli, Səməndər Məmmədov, Rəşid Faxralı, Allahverdi Kərimovun müəllifi olduğu 8-dən çox kitab və digər mənbələr əsasında tərtib olunmuşdur