Kərim Məmmədəli oğlu Kərimov (elmlər namizədi)

QISA MƏLUMAT

Kərim Məmmədəli oğlu Kərimov 1929-cu ildə Bolnisi rayonunun (həmin vaxt Borçalı mahalının Çürük Qəmərli nümayəndəliyi adlanırdı) Faxralı kəndində anadan olmuşdur. 1937 – 1948-ci illərdə Faxralı orta məktəbini  bitirmişdir. 1949-cu ildə Gəncə şəhərində Azərbaycan Kənd Təsərrüfatı İnstitutunun zootexnik fakültəsinə daxil olmuş, 1954-cü ildə həmin fakültəni bitirib zootexnik ixtisasına yiyələnmişdir. 1955-ci ildə Faxralı kəndinə qayıtmış və “Qələbə” kolxozunun baş zootexniki vəzifəsini icra etmişdir. 1967-ci ildə Kərim Kərimov həmin kolxozun partiya təşkilatının katibi işləmişdir. 1968-ci ildən 1973-cü ilədək həmin kolxozun sədri olmuşdur. Kərim Kərimov əmək fəaliyyəti ilə yanaşı, eyni zamanda elmi işlə də məşğul olmuşdur. 1968-1973-cü illərdə Azərbaycan Elmi-Tədqiqat Heyvandarlıq İnstitutunda qiyabi aspiranturada oxumuşdur. 1974-cü ildə namizədlik dissertasiyası müdafiə edib kənd təsərrüfatı elmləri namizədi elmi dərəcəsi almışdır. Kərim Kərimovun elmi və əmək fəaliyyəti 5 elmi əsərdə və 10-a yaxın elmi-praktiki məqalədə öz əksini tapmışdır. O, əməkdə qazandığı nailiyyətə görə “Qırmızı Əmək Bayrağı” ordeni və bir neçə əmək rəşadəti medalları ilə təltif olunmuşdur. Kərim Kərimov öz doğma elində səxavətli və xeyirxah eloğlu kimi də ad-san qazanmışdır. 1970-ci illərin əvvələrində kəndə ətraf bölgədən içməli su çəkdirmişdir.

Mənbə : REDAKTORDAN

DİLƏKLƏR GÜL AÇIR DAŞIN İÇİNDƏ

Bu gün Faxralı kəndi Bor­ça­lı­da həm də ən çox alimi olan kəndlərdən biri, bəlkə də birincisi kimi tanınır. Bu kəndin ye­tirməsi olan onlarla alim el­min müxtəlif sahələrində əldə etdik­ləri uğur­larla təkcə böyüyüb boya-başa çatdıqları kəndə yox, eyni za­man­da Borçalıya başucalığı qa­zan­dı­rır, Azərbaycan el­mi­nin şərəfini dün­ya­nın hər yerində yüksəldirlər. Bu­nunla belə, ra­yon­da və kənddə rəhbər vəzifələrdə çalışaraq Borçalıda ad-san qazanan oğulları, həyatda qa­zan­dıqları hər şeyə görə yalnız əllərinin qabarına və alnının tərinə borclu olan əmək adamları da çoxdur bu kəndin. Və onların hər biri adını bu kəndin tari­xinə yazmışlar. Bu gün onlardan bəziləri həyatda olmasalar da, faxralıların qəlbində şirin xatirələri yaşayır. Daha doğrusu, hə­rə­dən özünəməxsus bir iz, bir xatirə qalıb ürəklərdə. Axı, nahaq deməyiblər ki, elin gözü tərəzidir.

Bu yazıda onlardan biri haqqında söhbət açmaq istəyirəm. Elə bir adam haqqında ki, elmlə istehsalatı çox ustalıqla uzlaş­dıra bilib. Doğma yurddan, eldən-obadan ayrılmadan elmlə məş­ğul olmağın mümkün­lü­yünü göstərib. Burada sevimli şairimiz Zəlimxan Yaqubun bir bəndini xatırlamamaq olmur:

Əgər ağıl varsa başın içində,
Diləklər gül açar daşın içində.
Zəlimxan yaz tapar qışın içində,
Tək arzu tükənib, ömür bitməsin!

Həm bacarıqlı kənd təsərrüfatı işçisi, həm də alim kimi ta­nındı rayonda. Təsərrüfatdakı uğurları elmi işində karına gəldi, elmdə əldə etdiyi nəticələri isə təcrübədə asanlıqla tətbiq etdi.

…Kərim Məmmədəli oğlu Kərimov 1929-cu ildə Borçalıda – Faxralı kəndində kəndli ailəsində anadan olub. 1937-ci ildə Faxralı kənd orta məktəbinin birinci sinfinə daxil olub. İkinci dünya müharibəsi başlayanda atası Məmmədəli kişi cəbhəyə yola düşüb. Müharibənin ağrı-acısı yaşıdları kimi, onun da qay­ğısız uşaqlıq illərini əlindən alıb, ailəsinin ehtiyacı üzündən bə­zən məktəbdən ayrılaraq təsərrüfat işləri ilə məşğul olmaq məc­bu­riyyətində qalıb. Müharibə qurtardıqdan sonra təhsilini davam etdirib və 1948-ci ildə Faxralı orta məktəbini bitirib. Ali təhsil almaq arzusu 1949-cu ildə onu da Azərbaycana gətirib çıxarıb. Amma o, yaşıdlarının çoxu kimi Bakıda yox, Gəncədə təhsil almağı üstün tutub. Bu da səbəbsiz deyildi. Bütün varlığı ilə doğma el-obasına bağlılıq, kənd təsərrüfatı sahəsində çalış­mağa meyilli olması onu bu şəhərə gətirmişdi. İstəyirdi ki, ali təhsilli kənd təsərrüfatı mütəxəssisi olsun. Elə bu arzu-istəklə də Gəncədəki Kənd Təsərrüfatı İnstitutunun zoomühəndislik fa­kültəsinə daxil olub. Tələbəlik illərində Ümumittifaq Kənd Tə­sərrüfatı Elmləri Akademiyasının (ÜKTEA) həqiqi üzvü F.Ə.Kərimov və həmin Akademiyanın müxbir üzvü A.Ə.Ağa­bəyli kimi görkəmli alimlərdən dərs alıb. 1954-cü ildə institutu fərqlənmə diplomu ilə bitirərək ali təhsilli zootexnik kimi Fax­ralıya qayıdıb və kənddəki “Qələbə” kolxozunda baş zootexnik vəzifəsinə təyin edilib. Təsərrüfat işini bilməsi, təşkilatçılıq qabiliyyəti rayon rəhbərliyinin diqqətindən yayınmayıb, 1967-ci ildə o, kolxoz partiya təşkilatının katibi vəzifəsinə seçilib. Bir il sonra – 1968-ci ildə isə ona daha böyük etimad göstərərək həmin kolxozun sədri vəzi­fəsinə irəli çəkiblər. Bu vəzifədə 1973-cü ilə kimi çalışan Kərim Kərimov məsul rəhbər vəzifədə çalışmasına baxmayaraq, nəzəriyyə ilə təcrübənin vəhdətini əsas tutaraq, əmək fəaliyyəti ilə yanaşı, eyni zamanda elmi işlə də məşğul olub. 1968-1973-cü illərdə Azərbaycan Elmi-Təd­qiqat Heyvandarlıq İnstitutunun qiyabi aspiranturasında oxu­yub. Hələ tələbəlik illərindən tanıdığı hörmətli müəllimi – gör­kəmli alim, professor, Əmək­dar Elm Xadimi A.Ə.Ağabəyli onun elmi rəhbəri olub. 1974-cü ildə namizədlik disser­ta­si­yasını uğurla müdafiə edərək “kənd təsərrüfatı elmləri namizədi” elmi dərəcəsi alıb.

K.Kərimov kəndin sosial həyatının yaxşılaşdırılması və abadlıq sahəsində də işlər görüb. Kəndə su çəkilməsi də onun kolxoz sədri olduğu illərə təsadüf edir.

K.Kərimov həm də zəhmətkeş ata olub. Gözəl övladlar tərbiyə edib. Övladlarının hər birinə ali təhsil verib.

Maarif­pər­vər ziyalı kimi elmə, təhsilə həmişə xüsusi önəm verirdi. Təva­zö­karlıqdan uzaq olsa da, deməliyəm ki, bir dəfə mənim çox hör­mətli ədəbiyyat müəllimim, Borçalımızın çox səviyyəli zi­yalısı, gözəl şairimiz Əli Səngərliyə dedi: “Əli müəllim! Neçə ildir dərs deyirsən bilmirəm, amma, Səməndərə çəkdiyin zəh­mətə görə sənə minnətdaram”.

Kərim müəllim həm də gözəl həmsöhbət idi. Hər görüşü­müzdə Bakıda yaşayan ziyalıları soruşardı. Onların uğurların­dan söhbət açardıq. Azərbaycanda publistska tarixində müs­təsna xidməti olan, Respublikanın Əməkdar jurnalisti, maarifçi alim Məmməd Məmmədovdan söz düşəndə sifətində təbəssüm yaranar, sevinərdi. Məmməd müəllimlə bağlı xatirələr danı­şardı. Bir sözlə, yaxınlarının, doğmalarının uğuruna necə sevi­nir­disə, elin hər bir ziyalısının uğuruna da eləcə sevinirdi.

Böyük oğlu Almaz məsul vəzifədə işləyir. Yurdcanlı, el­can­lı bir ziyalıdır. Valideynlərinin, elinin, obasının adını uca tu­tan oğuldur. Hər bir ləyaqətli övlad elin əvəzsiz sərvətidi. Kərim Kərimovun da ən böyük sərvəti və mükafatı cəmiyyət üçün tərbiyə edib yetişdirdiyi övladlarıdır.

Bir neçə çağırış rayon və kənd Sovetinin deputatı seçilən K.Kəri­movun zəhməti dövlət tərəfindən qiymətləndirilib, o döv­rün ən yüksək mükafatlarından sayılan “Qırmızı Əmək Bayrağı” ordeni və bir sıra medallarla təltif olunub. Təqaüdə çıx­dıqdan sonra da o, kəndin ictimai işlərində  yaxından iştirak edib.

K.Kərimov 2007-ci ilin noyabr ayında vəfat edib.

Mənbə : Səməndər Məmmədov – “Faxralılar”, Bakı – “Elm və təhsil” – 2017, I kitab.

Faxralı.com saytında yerləşdirilən məlumatlar Hüseynqulu Məmmədli, Səməndər Məmmədov, Rəşid Faxralı, Allahverdi Kərimovun müəllifi olduğu 8-dən çox kitab və digər mənbələr əsasında tərtib olunmuşdur