Leyla Vaqif qızı Məmmədova (fəlsəfə doktoru)

ƏSL GÖZƏLLİK AĞIL VƏ KAMALDADIR

Atalar yaxşı deyib, ot kökü üstə bitər. İnsan da belədir, nə qədər öz kö­künə bağlı olarsa, adət-ənənəyə sadiq qalarsa, bir o qədər də uğur qazanar, mənsub olduğu nəsilə, elə-obaya baş­ucalığı qazandırar. Amma burada bir şey də var ki, təkcə “mən öz kökümə bağlıyam” deyib dur­maqla da iş bitmir. Gərək məqsədə çatmaq üçün çalışasan, əziyyət çəkə­sən, tər tökəsən. Sözün yaxşı mənasında inadkar olasan. Burada A.Zqorjun bir fikrini xatırlatmaq yerinə düşər:  “Sən öz məqsədinə nail olmaq üçün üç şeyə malik olmalısan: İstedada, inadkarlığa, özünə inama! Bacarmıram, bilmirəm, istəmirəm sözlərini özünə qadağan etməlisən”.

Bəli, istedadın olması vacibdir, amma inadkarlıq və özünə­inam yoxdursa, bu istedad özünü büruzə verə bilməz. Bir el misalında deyilir ki, elm əqlin çırağıdır. Əqlin inkişafı üçün isə bilik, savad və elm lazımdır.

Ziyalı ailəsində böyüyən Leyla da hələ uşaqlıqdan əsas məq­sədə çatmaq üçün zəhmətə qatlaşmağın vacib olduğunu dərk edib. Burada onun valideynlərinin də böyük rolu olub. Atası Vaqif Nəbiyev və anası Minayə Nəbiyeva ali təhsilli hə­kim olmaqla yanaşı, həm də elmi-pedaqoji fəaliyyətlə məşğul olub­lar. Hər ikisi namizədlik dissertasiyası müdafiə edərək tibb elmləri namizdəi elmi dərəcəsi alıb. Minayə xanım bu gün də elmi-pedaqoji fəaliyyətini Tibb universitetində uğurla davam etdirir.

Leyla Vaqif qızı 1978-ci ildə Bakı şəhərində anadan olub. 1995-ci ildə Bakıdakı 189 saylı orta məktəbin rus bölməsini bitirib. Ata və ana həkim olsa da, Leyla tamam başqa sahəni seçib – 1996-cı ildə Azərbaycan Dövlət İqtisad Universitetinin “Əmtəəşünaslıq” fakültəsinin bakalavr pilləsinə daxil olub və 2000-ci ildə burada təhsilini uğurla başa vuraraq fərqlənmə diplomuna layiq görülüb. Təhsilini davam etdirmək məqsədi ilə elə həmin ildə də Azərbaycan Dövlət İqtisad Universitetinin “Əmtəəşünaslıq” fakültəsinin magistratura pilləsinə daxil olub və 2002-ci ildə magistratura təhsilini də uğurla tamamlayıb.

2002-ci ildən başlayaraq Azərbaycan Dövlət İqtisad Uni­ver­sitetinin “İqtisadi təhlil və audit” kafedrasında laborant, ingi­lis dilli “Beynəlxalq iqtisadiyyat” kafedrasında baş laborant kimi fəaliyyət göstərib. Hazırda  Azərbaycan Dövlət İqtisad Universitetinin Rus dilində tədris mərkəzində mütəxəssis vəzifəsində çalışır.

2006-ci ildən hal-hazırki vaxta qədər həm də Azərbaycan Döv­lət İqtisad Universitetində saathesabı müəllim kimi fəalliy­yət göstərir. Hal-hazırda Azərbaycan Dövlət İqtisad Univer­sitetinin Biznes Mərkəzində MBA proqramı üzrə magist­ra­turada saathesabı müəllimədir. Rus dilində Tədris Mərkəzinin Tələbə Elmi Cəmiyyətinin rəhbəri, imtahanda (bakalavr üzrə) Apellyasiya Komissiyasının üzvüdür.

Leyla Vaqif qızı Məmmədova 2014-cü ildə Azərbaycan Dövlət İqtisad Universitetinin nəzdində fəaliyyət göstərən Müdafiə Şurasında disser­ta­siya işini uğurla müdafiə edərək  “Mühasibat uçotu” ixtisası üzrə iqtisad üzrə fəlsəfə doktoru elmi dərəcəsi alaraq Faxralı alimlərinin sırasını bir boy da böyüdüb. 1 metodk vəsaitin, 24 elmi əsərin müəllifidir. Beynəl­xalq konfranslarda elmi məruzələrlə çıxış edib, məqalələr toplusunda tezisləri çap olunub. Bir alim kimi onun daha böyük uğurları isə hələ qabaqdadır.

…Həkim ailəsində böyüyüb boya-başa çatan Leylanın son­rakı taleyi də həkim ailəsi ilə bağlı olub – həkim ailəsinə də gəlin köçüb. Həyat yoldaşı Etibar Məmmədov SOCAR-da iqtisadçı vəzifəsində çalışır. Qayınatası Səməd Məmmədov ötən əsrin 70-80-ci illərində Borçalıda məşhur həkimlərdən biri kimi tanınıb. 90-cı illərin əvvəllərindən isə fəaliyyətini Bakıda davam etdirən Səməd Məmmədov burada da öz peşəkarlığı ilə seçilib, qısa müddətdə böyük hörmət və nüfuz qazanıb. Səməd həkim gözəl bir ailəyə rəhbərlik edir. Nümunəvi ailə əvəz­olun­maz sərvətdir. O sərvəti hər zaman qorumaq da hünərdir. Vaqif həkim kimi bir elcanlı Vətən oğlunun ailəsində tərbiyə alıb, səadət çırağını Səməd həkim kimi gözəl bir ziyalının ocağında yandırmağın özü də bir xoşbəxt­likdir. Vaxtilə F.Köçərli yazırdı: “Əsl gözəllik surətdə deyil, ağıl və kamaldadır”. Ağıllı insanlar həyatda heç zaman büdürəmirlər.

Bu mehriban ailədə Leyla xanım iki gözəl övlad böyüdür. İnanırıq ki, onlar da cəmiyyətimiz, Vətənimiz üçün layiqli övladlar olacaq, həmişə, hər yerdə mənsub olduqları şəcərəyə və el-obaya şərəf gətirəcəklər.

Mənbə : Səməndər Məmmədov – “Faxralılar”, Bakı – “Elm və təhsil” – 2017, I kitab.

Faxralı.com saytında yerləşdirilən məlumatlar Hüseynqulu Məmmədli, Səməndər Məmmədov, Rəşid Faxralı, Allahverdi Kərimovun müəllifi olduğu 8-dən çox kitab və digər mənbələr əsasında tərtib olunmuşdur