Məmmədəli Allahverdi oğlu Babaşlı (ilahiyyət elmləri namizədi)

QISA MƏLUMAT

Məhəmmədəli Allahverdi oğlu Babaşov 1959-cu il avqustun 6-da Bolnisi rayonunun Faxralı kəndində anadan olmuşdur. 1966-1976-cı illərdə Faxralı kənd orta məktəbində təhsil almışdır. 1976-cı ildə Azərbaycan Dövlət Universiteti şərqşünaslıq fakültəsinin ərəb filologiyası şöbəsinə daxil olmuşdur. 1980-ci ildə IV kursdan sonra Yəmən Xalq Demokratik Respublikasına ərəb dili tərcüməçisi kimi ezam olunmuşdur. 1980-1983-cü illərdə Yəmənin paytaxtı Ədən şəhərində tərcüməçi işləmişdir. 1983-cü ildə Yəməndən geri döndükdən sonra yenidən Universitetin V kursunda təhsilini davam etdirmişdir. 1984-cü ildə Universiteti bitirmiş və keçmiş SSRİ-nin Müdafiə Nazirliyinin xəttilə hərbi xidmət keçmək məqsədilə hərbi tərcüməçi olaraq Əlcəzairə göndərilmişdir. 1984-1986-cı illər ərzində Batna Ali Ümumqoşun hərbi məktəbində tərcüməçi və Biskra hərbi desant qüvvələri məktəbində baş tərcüməçi vəzifəsində xidmət etmişdir. 1987-ci ilin yanvar ayında baş leytenant rütbəsində ordudan tərxis olunmuşdur. 1987-ci ildə Azərbaycana dönərək “Bizim həyat” qəzetində tərcüməçi-müxbir vəzifəsində çalışmışdır. 1989-cu ildə SSRİ Jurnalistlər birliyinin üzvlüyünə qəbul olunmuşdur. 1989-cu ilin noyabr ayından e’tibarən Azərbaycan Respublikası Elmlər Akademiyası Əlyazmalar İnstitutunda baş laborant vəzifəsinə işə qəbul edilmişdir. 1994-cü ilin oktyabr ayına qədər həmin institutun “Ərəbdilli yazılı abidələr” şö’bəsində kiçik elmi işçi vəzifəsində elmi fəaliyyətini davam etdirmişdir. 1992-ci ilin sentyabr ayından 1995-ci ilin mart ayına qədər Türkiyənin xeyriyyəçi-maarifpərvər “Çağ” öyrətim işlətmələri şirkətinin Azərbaycan təmsilçisi olaraq fəaliyyət göstərmişdir. 1994-cü ilin oktyabr ayından “Qafqaz” Universitetinin xarici əlaqələr üzrə prorektoru vəzifəsində işləmişdir. Həmin dövrdən e’tibarən Universitetin dosenti, ilahiyyət fakültəsinin dekanı vəzifəsində çalışmışdır. Hal-hazırda həmin universitetin Dil tədrisi mərkəzinin müdiri və elm, tədris və xarici əlaqələr üzrə rektorun müşaviri vəzifəsində çalışmaqdadır. 1993-cü ildə Azərbaycan Respublikası EA Əlyazmaları İnstitutun dissertantı kimi başladığı “Şafii məzhəbi tərixində Yusif Ərdəbili və onun “əl-Ənvar li-’əməlil-əbrar” əsəri adlı tədqiqat işini tamamlamış və 20 iyun 1997-ci ildə ilahiyyat elmləri namizədi elmi dərəcəsi almaq üçün dissertasiyasını müdafiə etmişdir. İslamşünaslığa dair 2 kitabın tərcüməçisi, 16 elmi əsərin müəllifi və 2 kitabın elmi redaktoru olmuşdur.

Mənbə : REDAKTORDAN

“HƏR OCAQ YETİRMƏZ, HƏR ANA DOĞMAZ”

İncim, dürrüm, zər-nişanım Faxralı oğul­lar yetirib, el-el tanı­nıb, qibləgahım, səcdə­gahım Faxralıya başucalığı gətiriblər. Sözün həqiqi mənasında, ziyalı olublar. Məqalələr, kitablar ya­zıb, məqsədli araşdırmalar apa­rıb­lar. Tale verən ömrünü kitab­ların ömrü qədər uzadıblar. Borçalının Faxralı kəndi elə oğullar yetirib ki, saymaqla qurtarmaq olmaz. Şair Nəbi, Mirzə Rza Əlizadə, Mirzə Həbubulla Əli­zadə, Mirzə Seyfulla, Hidayət Turan, Şamil Qurbanov, Azər­baycan Respublikasında publisis­tikanın inkişafında müstəsna xidməti olan Respublikanın əmək­dar jurnalisti Məmməd Məm­mədov, Şəmistan Mikayılov, Namaz Bədəlov və s. ziyalılarla bütün Azərbaycan fəxr edir. Belə istedadlı ziyalılardan biri də M.Babaşovdur.

Babaşlı Məmmədəli Allahverdi oğlu 1959-cu il avqust ayının 6-da Gürcüstan Respublikası Bolnisi rayonunun Faxralı kəndində anadan olmuşdur. 1966-1976-cı illər arasında Faxralı kənd orta məktəbində təhsil almışdır.

1976-cı ildə orta məktəbi bitirdikdən sonra Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universitetinin) şərqşünaslıq fakültəsinin ərəb filologiyası şöbəsinə daxil ol­muş­dur. 1980-ci ildə universitetin IV kursundan sonra “Qlav­za­rubejselxoztexnika” birliyinin xəttilə Yəmən Xalq De­mokratik Respublikasına ezam olunmuşdur. 1980-1983-cü illər arasında Ədən şəhərində yerləşən irriqasiya üzrə sovet-yəmən layihələri baş idarəsinin nəzdində ərəb dili tərcüməçisi kimi fəaliyyət göstərmişdir. Ezamiyyət müddəti başa çatdıqdan sonra, 1983-cü ildə, Bakıya qayıtmış və yenidən universitetin V kursunda ali təhsilini davam etdirmişdir. Şərqşünas kimi yetişməsində tanınmış ərəbşünas alim professor Ələsgər Məm­mədovun və ərəb ədəbiyyatının dərin bilicisi professor Malik Mahmudovun xüsusi rolu olmuşdur. 1984-cü ildə həmin universitetdə ali təhsilini başa vuraraq filoloq, ərəb və Azərbaycan dilləri və ədəbiyyatı müəllimi, tərcüməçi ixtisasları üzrə məzun olmuşdur. Diplom müdafiəsi zamanı professor Ələsgər Məmmədovun təklifi ilə perspektivli gənc mütəxəssis kimi gələcəkdə elmi fəaliyyət göstərməsi məqsədilə Əlyaz­malar fonduna (indiki Əlyazmalar İnstititutuna) işə göndə­rilməsi barədə tövsiyə – qərar qəbul olunmuşdur.

Lakin universiteti bitirdikdən sonra hərbi xidmət keçmək məqsədilə SSRİ Müdafiə Nazirliyi tərəfindən hərbi tərcüməçi kimi Əlcəzairə göndərilmişdir. 1984-1987-ci illər arasında Əlcəzairin Batna şəhərində yerləşən Ümumqoşunlar Hərbi Məktəbində tərcüməçi, Biskra şəhərindəki Hərbi Desant Qüv`­vələri Məktəbində baş tərcüməçi işləmişdir. 1987-ci ilin yanvar ayında baş leytenant hərbi rütbəsi ilə ordu sıralarından tərxis olunmuşdur.

1987-1988-ci illər arasında “Bizim həyat” qəzetində tərcüməçi-müxbir vəzifəsində işləmiş və həmin dövrdə SSRİ Jurnalistlər İttifaqına üzv qəbul edilmişdir.

1988-ci ilin noyabr ayından etibarən isə Azərbaycan Res­publikası Elmlər Akademiyasının Əlyazmalar İnstitutunun ərəbdilli əlyazmalar şöbəsinə baş laborant vəzifəsinə işə qəbul olunmuşdur. May 1989 – noyabr 1991-ci il tarixləri arasında eyni şöbədə kiçik elmi işçi, 1991-ci ilin noyabr ayından 1995-ci ilin dekabr ayınadək isə elmi işçi vəzifələrində fəaliyyətini davam etdirmişdir.

1991-ci ilin oktyabr-dekabr aylarında Əlyazmalar İnstitutu tərəfindən üç ay müddətinə Türkiyəyə elmi ezamiyyətə göndə­rilmişdir. Ezamiyyət müddətində İstanbulda yerləşən Mərmərə Universitetinin ilahiyyat fakültəsində və Türkiyə Diyanət Vəq­finin İslam Ensiklopediyası kitabxanasında elmi işi ilə bağlı araşdırmalar aparmış, tanınmış mütəxəssislərdən məsləhətlər almışdır.

1991-1993-cü illərdə filologiya elmləri namizədi Nəsib Göyüşovla birlikdə transliterasiya edərək çapa hazırladığı, ön söz yazdığı və müvafiq lüğət tərtib etdiyi azərbaycanlı alim Əbu Turab Axundzadənin “İslamın təfriqəsi səbəbləri” adlı  kitab 1993-cü ildə “Azərnəşr” tərəfindən çap edilmişdir.

1994-cü ilin avqust-sentyabr aylarında isə yenidən Əlyaz­malar İnstitutunun göndərişi ilə mərkəzi Londonda yerləşən “əl-Furqan” vəqfi, İstanbulda fəaliyyət göstərən İslam, Tarix, Sənət və Kültür Mərkəzi (İRSİ-KA) və Süleymaniyyə kitabxa­nası tərəfindən İstanbul şəhərində təşkil edilmiş “Ərəbdilli əl­yaz­malaların təsnifatı və kataloqlaşdırılması” mövzusunda bey­nəlxalq ixtisasartırma kursunun dinləyicisi olmuşdur. Həmin kursda ərəbcə əlyazmalarının təsnifatı və kataloqlandırılması mövzusunda dünyanın müxtəlif ölkələrindən xüsusi dəvət olun­muş alimlərin mühazirələrini dinləmiş, mütəxəssislərin rəh­bərliyi altında təcrübə keçərək müvafiq şəhadətnamə almışdır.

Elmi fəaliyyət göstərdiyi müddət ərzində, əsasən orta əsr ya­zılı abidələri əsasında klassik islam irsinin tədqiqi ilə məşğul ol­muşdur. Azərbaycan Elmlər Akademiyası Əlyazmalar İns­ti­tutunun  dissertantı kimi şafii məzhəbinin sonuncu ən  böyük abi­dəsi sayılan, uzun müddət Yaxın və Orta Şərqdə fəqihlər tərəfindən etimad olunan Azərbaycan fəqihi Yusif Ərdəbilinin “əl-Ənvar li-əməlil-Əbrar” adlı əsərini tədqiq etməyə başla­mışdır. Görkəmli ərəbşünas alim, professor Vasim Məmmə­dəliyevin rəhbərliyi altında və Mərmərə Universitetinin ilahiy­yat fakültəsinin dekanı İbrahim Kafi Dönmezin elmi məsləhəti ilə yerinə yetirilmiş tədqiqat işində ilk dəfə şafii məzhəbi, onun Azərbaycanda yayılması və inkişafı tarixi, əsərin üsul və füru baxımından tədqiqi, əlyazma nüsxələri, haşiyə və şərhləri geniş şəkildə araşdırılmışdır. 1997-ci ildə apardığı tədqiqatı başa çat­dıraraq Azərbaycan EA Şərqşünaslıq İnstitutunun nəzdindəki ixtisaslaşdırılmış Müdafiə Şürasında  ilahiyyat elmləri nami­zədi elmi dərəcəsi almaq üçün dissertasiya işini uğurla müdafiə etmişdir.

Eyni zamanda, ilk dəfə olaraq XIX-XX əsrlərdə yaşamış təfsir alimi, mütərcim, Bakı quberniyasının baş qazısı Axund Mir Məhəmməd Kərim Mircəfərzadənin (1853-1938) həyat və fəaliyyətini araşdırmış, onun haqqında dövri mətbuatda məqa­lə­lərin nəşrinə, televiziya proqramlarının hazırlanmasına nail olmuşdur. Həmin dövrdə XX əsrin əvvəllərində Azərbaycanda xeyriyyəçilik prinsipləri əsasında geniş yayılmış milli maarif­çilik hərəkatının tarixini araşdırmış, silsilə elmi məqalələrlə və publisist yazılarla çıxış etmişdir.

Əlyazmalar İnstitutunda elmi fəaliyyətini davam etdirərkən, eyni zamanda, ictimai əsaslarla 1992-1995-ci illər arasında Türkiyənin “Çağ” Öyrətim İşlətmələri şirkətinin Azərbaycan üzrə ilk təmsilçisi vəzifəsini yerinə yetirmişdir. Həmin dövrdə “Çağ” Öyrətim İşlətmələri şirkətinin təsis etdiyi Qafqaz Universitetində ilk prorektor kimi fəaliyyətə başlamış və 1993-1997-ci illər arasında xarici əlaqələr üzrə prorektor vəzifəsində çalışmışdır. Daha sonra, həmin universitetin nəzdində açılmış ilahiyyat fakültəsinin dosenti (1997-1998) və dekanı (1999) və­zi­fələrində elmi-pedaqoji fəaliyyətini davam etdirmişdir. 2000-2001-ci illərdə isə, rektorun müşaviri və Dil tədrisi mər­kəzinin müdiri, filologiya fakültəsinin dekanı (2001-2006) vəzifə­lə­rin­də çalışmışdır. Həmin dövrdə – 2002-ci ildə Qafqaz Universi­tetində ərəb dili və ədəbiyyatı bölməsinin təşkil edil­məsində yaxından iştirak etmi. və bölmənin ilk müdiri (2002-2007) vəzifəsini icra etmişdir. 7-22 may 2006-cı il tarixlərində Misir Ərəb Respublikasının Qahirə Universitetində ərəb dili və mə­də­niyyəti mövzusunda təlim kursunda iştirak etmiş və şəhadət­namə almışdır.

Yuxarıda qeyd olunan vəzifələrlə yanaşı,  2003-cü ildən eti­barən bilavasitə onun təşəbbüsü ilə universitetin nəzdində təşkil edilmiş Tərcümə mərkəzinə rəhbərlik etməkdədir. Əsasən ingilis, rus, türk, ərəb və Azərbaycan dillərində qarşılıqlı yazılı tərcümələr həyata keçirən mərkəzdə şəxsən onun rəhbərliyi altında 10-dan çox elmi və bədii əsər, o cümlədən İlyas Əfəndiyevin “Geriyə baxma, qoca”, “Üçatılan” romanları və seçilmiş pyesləri, Vidadi Babanlının “Vicdan susanda” əsəri Türkiyə türkcəsinə uyğunlaşdırılmışdır.

2007-ci ilin yanvar ayından 2009-cu ilin oktyabr ayına qədər  Qafqaz Universitetinin pedaqoji fakültəsinin dekanı və­zi­fəsində fəaliyyət göstərmişdir. 2009-cu ilin oktyabr ayından etibarən isə, Qafqaz Universitetinin ictimai əlaqələr üzrə pro­rek­toru vəzifəsində fəaliyyətini davam etdirir.

Ümumiyyətlə, islamşünaslıq və şərqşünaslığın müxtəlif mə­sə­lələrinə həsr olunmuş 60-dan çox elmi əsərin müəllifi olan M.Babaşlı namizədlik elmi dərəcəsi verən ixtisaslaşdırılmış müdafiə şuralarının üzvü olmuşdur. Təcrübə mübadiləsi və el­mi əməkdaşlıq imkanlarını araşdırmaq məqsədi ilə 1996-cı ildə İngiltərədə, 2009-cu ildə ABŞ-da işgüzar səfərlərdə olmuşdur. Bakı, İstanbul, İzmit, Sparta, Pusan (Cənubi Koreya), Biş­kek şəhərlərində islamşünaslıq və şərqşünaslığın aktual mə­sələləri, qloballaşma mövzusunda keçirilən respublika sə­viyyəli və beynəlxalq elmi konfranslarda iştirak  etmiş və 30-dan çox elmi məruzəsi nəşr olunmuşdur. Ali məktəblərdə qeyri-ərəblərə ərəb dilinin tədrisi üçün nəzərdə tutulmuş 6 cilddən ibarət “Ərəb dili hamı üçün” dərs kitabının müəl­lif­lərindən biridir. İmam Qəzalinin “Qəlblərin kəşfi” adlı kitabını Azərbaycan dilinə tərcümə etmişdir. İslamşünaslığa aid 6 ki­tabın, o cümlədən İmam Nəvəvinin “Riyazüs-salihin” adlı müx­təsər hədis toplusunun ön sözünün, izah və şərhlərinin müəllifi və elmi redaktorudur.

Məmmədəli Babaşlı abırlı, savadlı, səviyyəli, ağır oturub, batman gələn ziyalıdır.  Hər şeyin fövqündə insanlığı görən və insanlığı yüksək qiymətləndirən eloğludur.Və qızıldan qiymətli Faxralı və Borçalısını  canı qədər sevir. Tanrı varlığına tapınan Məmmədəli Babaşlı, həm də Allah adamıdır. Böyük Nizami Gəncəvinin “Sən bir Allahnan ol, aləmi sel bassa belə, sanma bir tükün də rütubətdə ola” kəlamı sanki onun yol yoldaşıdır. Tanrı varlığına şəkk edənlər onnan ola bilməz. Məmmədəlinin yolu “dünyaya pak gəlib, pak gedənlərin” yoludur. Türk dün­yasının böyük söz sultanı Zəlimxan Yaqubun aşağıdakı bəndi Məmmədəli Babaşlının dilindən düşməyən duasıdır:

…Hər ocaq yetirməz, hər ana doğmaz,
Dünyaya pak gəlib, pak gedənləri.
Ucalan görmədim heç vaxt dünyada,
Tanrı varlığına şəkk edənləri…

Mənbə : Səməndər Məmmədov – “Ağır elsən, Borçalıda adın var…”, Bakı – “Nurlan” – 2010, II kitab.

Faxralı.com saytında yerləşdirilən məlumatlar Hüseynqulu Məmmədli, Səməndər Məmmədov, Rəşid Faxralı, Allahverdi Kərimovun müəllifi olduğu 8-dən çox kitab və digər mənbələr əsasında tərtib olunmuşdur