Minayə Yolçu qızı Nəbiyeva (Əlizadə) (elmlər namizədi)

QISA MƏLUMAT

Minayə Yolçu qızı Nəbiyeva 1953-cü ildə Bolnisi rayonunun Faxralı kəndində anadan olmuşdur. 1960 -1970-ci illərdə Faxralı orta məktəbini bitirmişdir. Həmin ildə Azərbaycan Dövlət Tibb İnstitutunun (indiki ADTU-nun) sanitariya-gigiyena fakültəsinə daxil olmuşdur. 1976-cı ildə ali təhsilini başa vurduqdan sonra 1976-1980-ci illərdə tə’yinatla Xanlar rayon Sanitar Epidemioloji Stansiyasında həkim-epidemioloq kimi fəaliyyət göstərmişdir. 1980-cı ildə o, müsabiqədən keçərək ATİ-nun (indiki ADTU-nun) əmək gigiyenası və peşə xəstəlikləri kafedrasına assistent vəzifəsinə seçilmişdir. 1994-cü ildə “İri sənaye şəhərinin atmosfer çirklənməsinin məktəbəqədər yaşlı uşaqların sağlamlığı vəziyyətinə və immunoloji göstəricilərinə tə’siri” mövzusunda namizədlik dissertasiyası müdafiə etmişdir. Minayə Nəbiyevanın elmi fəaliyyəti 25 elmi məqalədə və 2 elmi metodik tövsiyədə öz əksini tapmışdır. O, uşaq və yeniyetmələr gigiyenası və əmək gigiyenası kafedrasında baş müəllim vəzifəsinədəkyüksəlmişdir.

Mənbə : REDAKTORDAN

ÖYRƏDƏN VƏ ÖYRƏNƏN ZİYALI

Allah verən ömrü şərəflə yaşamaq hər bir insanın insanlıq borcudur. Gərək onu elə yaşayasan ki, sonradan keçən hər mənasız gün üçün təəssüf hissi keçirməyəsən.

“Sənət meydanının tufanı” böyük Səməd Vurğun vaxtı ilə yazırdı:

 Bir yandan boşalır, bir yandan dolur,
Sirrini verməyir sirdaşı dünya .

Sirrini sirdaşa verməyən dünyanın nəbzini hər adam tuta bil­mir. Əxlaqi fəzilətlərə tapınıb zamanın nəbzini tuta bilən insan isə sağlığında heykəlləşir, yaxın və uzaq ətrafının mehri-mə­həb­bətini qazanır. Nəcib əməlləri ilə içi məhəbbətlə dolu insan­lar cərgəsində durur. Bu məhəbbətin işığı, nuru onların çöhrə­sinə hopur. Bəzən belə insanlar vaxtın azlığında gileylənə-gi­ley­lənə, qayğıların içində aza-aza ömürlərini şam kimi əridirlər, zaman adlı bir qazanın içində. Vətənin qıraqda qalan yeri “Borçalı mahalının şəfalı əlləri ilə min-min xəstəyə şəfa” verən həkim qızı – alim Minayə xanım Nəbiyeva da belə xeyirxah insanlardan biridir.

Nəbiyeva (Əlizadə) Minayə Yolçu qızı 25 yanvar 1953-cü ildə Borçalı mahalının Faxralı kəndində qulluqçu ailəsində anadan olub. 1960-cı ildə o, Faxralı kəndində birinci sinfə gedib, sonralar isə ailəsi Bakıya köçdüyünə görə, 1970-ci ildə Bakı şəhərindəki 111 saylı orta məktəbi bitirib.

1970-1976-cı illərdə Azərbaycan Dövlət Tibb İnstitutu­nun Sanitariya-gigiyena  fakultəsində təhsil alıb.

1976-1980-ci illərdə təyinatla Xanlar rayonu Sanitar Epide­mioloji Stansiyasında həkim-epidemioloq vəzifəsində çalışıb.

1980-ci ildə müsabiqə yolu ilə indiki ATU-nun “Əmək gigiyenası və peşə xəstəlikləri” kafedrasına assisent seçilib.

1994-cü ildə “İri sənayə şəhərinin atmosfer çirklənməsinin məktəbəqədər yaşlı uşaqların sağlamlıq vəziyyətinə və im­mu­noloji göstəricilərinə təsiri” mövzusunda dissertasiya müdafiə edərək, tibb elmləri namizədi alimlik dərəcəsi alıb.

O, 4 metodik tövsiyyənin, 3 tədris-metodik vəsaitin, 1 dərs­lik kitabının, cəmi 54 elmi əsərin müəllifidir.

Hal-hazırda “Uşaq və yeniyetmələr gigyenası və əmək gigi­yenası” kafedrasında dosent vəzifəsində çalışır. Kafedrada mülki-müdafiə işinin rəhbəridir. Bu işinə görə 1983-cü ildə şəxsi işinə yazılmaq şərtilə təşəkkür, 2007-ci ildə isə mükafat almışdır. 2004 – cü ildə “XXI əsrin tanınmış alimi” Beynəlxalq Diplomu ilə təltif olunmuşdur. Azərbaycan Tibb Universi­te­tinin Qadınlar Şurasının üzvüdür.

Tibb elmləri namizədi Minayə Nəbiyeva öyrənə-öyrənə həm də öyrədir. İ.V.Hötenin dediyi kimi: “Təkcə bilik azdır, onu tətbiq etmək lazımdır, istəmək azdır, fəaliyyət göstərmək lazımdır”. Bu mənada Minayə xanım bildiyini öyrətməkdən zövq alır. Tanrı verən ömrü öyrənə-öyrənə, öyrədə-öyrədə yaşayır.

Minayə xanım yalnız həkim kimi yox, bir insan kimi də sadəliyi ilə seçilir, həyatın fövqündə insanlığı görür. Adət-ənə­nə­mizə hörmətlə yanaşır, sazımızın, sözümüzün fanatıdır. Ömür yollarının bütün mərhələlərində insanlara birinci növ­bədə hörmət etməyə çalışır. Minayə xanım həm də qürur duyulası adlı-sanlı Koxallı nəslinin işıqlı övla­dıdır. O işıq Minayə xanımın ömür yollarının sədaqətli, etibarlı bələdçisidir.

Mənbə : Səməndər Məmmədov – “Ağır elsən, Borçalıda adın var…”, Bakı – “Nurlan” – 2010, II kitab.

Faxralı.com saytında yerləşdirilən məlumatlar Hüseynqulu Məmmədli, Səməndər Məmmədov, Rəşid Faxralı, Allahverdi Kərimovun müəllifi olduğu 8-dən çox kitab və digər mənbələr əsasında tərtib olunmuşdur