Nərminə Şamil  qızı Qurbanova (elmlər namizədi)

BİLİK TÜKƏNMƏYƏN SƏRVƏTDİR

Hər dəfə o böyük şəxsiyyəti – görkəmli alim, iki çağırış Milli Məclisdə seçicilərini ləyaqətlə təmsil edən  millət vəkili, ictimai-siyasi xadim, professor Şamil Qurbanovu xatırlayanda yadıma hər şeydən əvvəl türk dünyasının əvəzolunmaz şairi Zəlimxan Yaqubun aşağıdakı misraları düşür:

Yeridin, başına səpələndi qar,
Baxmadın yolların uzaqlığına.
Elmin yollarında ağaran saçlar,
Döndü bir millətin üzağlığına.

Bəli, Şamil müəllim sözün həqiqi mənasında millətinin üz­ağlığına, başucalığına çevrilən bir ömür yaşadı. Doğulub boya-başa çatdığı Borçalının başucalığına çevrildi, anamız Azərbay­can­la qürur duydu, onun şöhrətini ucaltdı. On üç ildir ki, ara­mız­da olmasa da, bu gün Şamil müəl­lim həyatda yoxdur de­mə­yə ada­mın dili gəlmir, çünki o, sadəcə cismən aramızda deyil. Xeyirxah əməlləri, etdiyi yaxşılıqlar, sanballı elmi araşdır­maları ilə yenə də bizimlədir, onu sevənlərin qəlbindədir. Həm də ona görə bizimlə­dir ki, özündən sonra ocağının işığını yandıran  Cey­hun kimi oğ­lu, hər yerdə adını şərəflə, ləyaqətlə daşıyan Nər­minə xanım kimi qızı var. Ceyhun hüquq-mühafizə sistemində çalışır. Nərminə isə atasının yolunu davam etdirir – şair demiş, elmin yollarında saç ağardır. Bu yolda üzağlığı ilə, şərəf və namusla addımlayır.

Nərminə Şamil  qızı Qurbanova 1968-ci il noyabrın 22-də Bakıda anadan olub. 1975-cı ildə Bakı şəhərindəki 20 saylı orta məktəbdə 1-ci sinifə gedib. 1985-ci ildə həmin məktəbdə orta təh­silini müvəffəqiyyətlə bitirərək Azərbaycan Dövlət Univer­site­ti­nin (indiki BDU-nun) Şərq­şü­naslıq fakültəsinin Fars dili və ədə­biyyatı şöbəsinə daxil olub.  1990-cı ildə  həmin fakül­təni  “Filo­loq. Fars dili və ədəbiyyatı müəllimi. Tərcü­məçi” ixtisasları üzrə fərqlənmə diplomu ilə bitirib. Universiteti bitir­dikdən sonra ilk əmək fəaliyyətinə M.F.Axundov adına Azərbaycan Rus dili və Ədəbiyyatı Pedaqoji Universitetində (indiki Bakı Slavyan Uni­ver­siteti) başlayıb, 1990-1992-ci illərdə bu universitetin hazırlıq şöbəsində metodist vəzifəsində çalışıb. 1992-2001-ci illərdə Azər­baycan Elmlər Akademiya­sının Milli münasibətlər İnsti­tu­nun “Milli-mədəni və etnodil prosesləri” şöbəsində kiçik elmi işçi kimi fəaliyyət göstərib. 2011-2014-ci illərdə BDU-nun Sosial və pedaqoji psixologiya kafed­ra­sının “Sosial psixologiya” ixtisası üzrə əyani doktorantı olub. Filologiya elmləri doktoru, professor S.Ş.Nuriyevin elmi rəhbərliyi altında tədqiq etdiyi dissertasiya işi “Müasir Azər­baycanda milli-etnik qrupların sosial-psixoloji adap­tasi­yası məsələləri” mövzusuna həsr olunub. Çox maraqlı və aktual mövzuya həsr olunmuş dissertasiya işi mütəxəssislər tərə­fin­dən yüksək qiymətləndirilir. Bəllidir ki, tarixən Azərbaycanda çoxsaylı etnik qruplar yaşayıb və bu gün də yaşamaqdadır. Mü­asir polietnik Azərbay­can özünün iqtisadi, siyasi və digər inkişaf parametrlərinə görə yüksəliş və çiçəklənmə dövrünü yaşayır. Milli-etnik qrupların sosial-psixoloji adap­tasiyasında yaranan problemlərin həlli ölkəmizdə dini, mədəni və milli tolerantlığı artı­rır, Azərbay­can  mədəniyyətinin rənga­rəng­liyini zən­ginləş­di­rir. Belə bir şəraitdə Azərbaycanda yaşayan milli-etnik qrup­ların sosial-psixoloji adaptasiyasının istiqamətlərini öyrənmək və onların psi­xoloji adaptasiyasında yaranan problemləri aradan qaldırmaq olduqca aktual və tədqiqi zəruri problemlərdəndir.

Nərminə xanımın tədqiqat işində milli-etnik qrupların sosial-psixo­loji adaptasiyasının öyrənilməsinə həsr olunmuş təd­qi­qatlar sistemləş­diril­miş, sosial-psixoloji adaptasiyanın təşəkkül müxanizmləri araşdırıl­mış, Azərbaycanda yaşayan müxtəlif etnik qrupların, o cümlədən, Rusi­yadan köçürülüb gəti­rilmiş rusların sosial-psixoloji adaptasiyasına təsir göstərən amillərin təsnifatı verilmiş, adaptasiyanı çətinləşdirən kom­ponentlər araşdırılmış, mul­tikul­turalizm şəraitində milli-etnik qrupların yaşam tərzi, özünüdərki və milli identi­fikas­iyası­nı­n­ təşəkkül xüsusiy­yət­ləri, eləcə də, keçid cəmiyyətində sosial-psixoloji adap­tasi­yanın trans­for­masiya meyilləri müəyyən­ləş­di­rilərək müvafiq tövsiyələr hazır­lan­mış­dır. Bu nöqteyi-nəzərdən, onun dissertasiya işi çox maraqlı və aktual bir məsə­lənin tədqiqinə həsr edilib.

Nərminə xanımın apardığı tədqiqat işinin əhəmiyyətini artı­­ran bir də odur ki, dissertasiyada milli-etnik qrupların sosial-psixoloji adaptasiya məsə­lələrinə həsr edilmiş tədqi­qatlar psixo­lo­ji aspektdən inteqrativ şəkildə qruplaşdırılıb, milli-etnik qrupların adaptasiya məsələsinin sosial-psixoloji vəziyyətinin müəyyənləş­di­rilməsində mövcud nəzəriyyələr tarixi aspektdə nəzərdən keçirilərək problemin müasir vəziyyəti ətraflı araşdırılıb.

Nərminə xanımın elmi araşdırmasını yüksək qiymət­lən­dirən mütə­xəs­sislər onu da qeyd edirlər ki, disseratsiya işində müəllif etnik qrup­ların sosial, emosional, koqnitiv, fiziki və s. adaptasiya sahələrini tədqiq edib və onların qiymətləndirilməsi zamanı ortaya çıxan subyektiv amilləri təhlil edərək, prob­lemlərin aradan qaldırılması yollarını göstərib.   Eyni zamanda, sosial-psixoloji adaptasiyanın təmin edilməsi istiqamə­tin­də stan­dartlaşdırılmış metodikaların rolu və əhəmiyyətini araş­dırıb, fikrini elmi, məntiqi ardıcıllıqla səlis dildə ifadə edə bilib.

N.Qurbanovanın indiyədək tədqiqat işi ilə bağlı nüfuzlu elmi jur­nallarda 8 elmi məqalə və tezisi dərc olunub,  4 Beynəlxalq  konfransda iştirak edib.

Hazırda Bakı Dövlət Universitetinin Sosial elmlər və psixologiya fakültəsinin Sosial və pedaqoji psixologiya kafedrasında saathesabı qaydada dərs deyərək, həm də pedaqoji fəaliyyətlə məşğul olur və burada da özünü işə məsuliyyətlə yanaşan, tələbkar bir əməkdaş kimi göstərib. İşə məsuliyyəti, tələbkarlığı,  üzərinə düşən və­zi­fələri vaxtında və məs­uliy­yətlə yerinə yetirməsi, səmimiliyi və xe­yir­xahlığı ilə professor-müəl­lim heyətinin və tələbələrin hörmətini qazanıb.

2015-ci ildən “Etika Akademiyası” Azərbaycan Gənc­lərinin Avro­paya İnteqrasiyası Təşkilatının İnkişaf Mərkəzində təlimçidir.

Bir məşhur qırğız atalar sözündə deyilir: “Ağıl geyimdir – köh­nəlməyən, bilik mədəndir – tükənməyən”. Həqiqətən, bilik tükənmə­yən sərvətdir – xalqn sərvəti, millətin sərvəti. Hamımız yüzdə yüz inanırıq ki, türk dünyasının böyük alimi Şamil Qurbanovun qızı Nərminə xanım nəslinin və millətin sərvəti olmaqla qürur duyacaq. Biz buna inanır və Nərminə xanıma inam kimi baxırıq.

Nərminə xanım ailəlidir, üç övlad anasıdır.  Həyat yoldaşı Qurbanov Oktay Sudef oğlu Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyində Yaxın şərq və Afrika idarəsinin rəis müavini vəzifəsində çalışır. Oğlu Riyad  1994-cü ildə  anadan olub, Bakı Dövlət Universitetinin Hüquq fakültəsini bitirib. Qızları  Ayan və Səriyyə isə orta məktəbdə oxuyurlar.

İstər bir elm adamı, istərsə də bir şəxsiyyət kimi cəmiy­yət­də öz yerini müəyyənləşdirməyi bacaran, öz karyerasını qura bilən Nərminə xanımın hələ bundan sonra da çox uğurlarının şahidi olacağıq. Bu uğurlardan  yaxınları, doğmaları sevinəcək, xatirəsi hər zaman mənim üçün əzizi olan unudulmaz Şamil müəllimin isə ruhu şad olacaq! Çünki övladlarına hər zaman halallığı, düzlüyü öyrədən, özü kimi elm aləmində görmək istəyən bu böyük şəxsiyyətin arzuları bu gün reallığa qovuşur.

Şamil müəllimə Allahdan rəhmət diləyir, Nərminə xanıma isə həyatda və elmi-pedaqoji fəaliyyətində uğurlar arzulayıram.

Mənbə : Səməndər Məmmədov – “Faxralılar”, Bakı – “Elm və təhsil” – 2017, I kitab.

Faxralı.com saytında yerləşdirilən məlumatlar Hüseynqulu Məmmədli, Səməndər Məmmədov, Rəşid Faxralı, Allahverdi Kərimovun müəllifi olduğu 8-dən çox kitab və digər mənbələr əsasında tərtib olunmuşdur