Polad Məhəmməd oğlu Poladov (elmlər namizədi)

QISA MƏLUMAT

Polad Məhəmməd oğlu Poladov 1930-cu ildə Borçalı mahalının Bolus nümayəndəliyinin (indiki Bolnisi rayonu) Faxralı kəndində anadan olmuşdur. 1947-ci ildə Faxralı orta məktəbini bitirmişdir. Həmin il Azərbaycan Pedaqoji İnstitutunun (indiki ADPU) kimya-biologiya fakültəsinə daxil olmuş, 1951-ci ildə institutu bitirdikdən sonra Faxralı orta məktəbində əmək fəaliyyətinə başlamışdır. Elmə olan marağı onu 1962-ci ildə Bakıya qaytarmışdır. Əvvəlcə Azərbaycan Politexnik İnstitutunda (indiki AzTU) kimya kafedrasında baş laborant kimi fəaliyyət göstərən Polad Poladov sonralar assistent, baş müəllim olmuş, 1972-ci ildə kimya elmləri namizədi elmi dərəcəsi almaq üçün namizədlik dissertasiyası müdafiə etmişdir. Müdafiədən sonra baş müəllim, 1977-ci ildən dosent və 1991-ci ildən isə professor kimi fəaliyyət göstərmişdir. Polad Poladovun 50 elmi əsəri, 7 kitabı və bir neçə dərs vəsaiti çap olunmuşdur. O, 10-a yaxın elmi konfranslarda, kimya və biologiyanın xalq təsərrüfatına tətbiqi və s. problemlər üzpə məruzələr etmiş, materiallar çap etdirmişdir. Polad Poladovun elmi-pedaqoji fəaliyyəti 1981-ci ildə XII Mendeleyev qurultayının 2 medalı, “Gənc kimyaçılar” ümumittifaq olimpiadasının qalibi diplomu, “Sosializm yarışının qalibi” döş nişanı və 1988-ci ildə “Əmək veteranı” medalı ilə qiymətləndirilmişdir.

Mənbə : REDAKTORDAN

“DAŞI MUM ELƏYƏN İNAMIN OLSA…”

Dünyada heç nə bir-birinə bənzəmədiyi kimi, insanlar da bir-birinə oxşamır. İlk baxışdan adama elə gəlir ki, hardasa tanıdığın bir adamda digər bir insanın oxşarlığı və cizgiləri var. Ancaq bir qədər dərindən fikirləşəndə və düşünəndə görürsən ki, hərənin öz görünüşü, düşüncəsi və həyat tərzi var. Sadəcə olaraq, bu insan elə özüdür.

Böyük filosof C.Ruminin belə bir fikri var: “Ya göründüyün kimi ol, ya da olduğun kimi görün”. Zəhmətkeş alim Polad Məhəmməd oğlu Poladov da belə insanlardan olub. O, həmişə alicənablığı, mərdliyi və eyni zamanda qeyri-adi qa­bi­liyyəti ilə böyük nüfuz qazanıb. Daha doğrusu, harda olma­sın­dan və işləməsindən asılı olmayaraq, halal bir yol tutub. Elə o yolla da ömrünü davam etdirib.

Polad Poladov 1930-cu ildə Borçalı mahalının Lüksemburq rayonunun (indiki Bolnisi rayonu) Faxralı kəndində dünyaya gəlib. 1947-ci ildə orta məktəbi bitirib, ali məktəbə qəbul ol­maq üçün sənədlərini hazırlayıb. O, yaxşı bilib ki, ömrün baş­lan­ğıc yolunun yeni səhifəsi ali məktəbin cığırlarından keçir. Bunun üçün isə o, 10 il böyük əziyyətlər çəkib və zəhmət sərf edib. Böyük mütəfəkkir Emil Zolya bu cür insanlar haqqında deyib: “Ən böyük həqiqət əməkdir, həyatın nəşəsi yaradıcılıq­dır. Yaratmaq ölümü öldürmək deməkdir”. Həqiqətən də böyük həyatın astanasında hər şeyə sinə gərən bu dəyərli insan zaman-zaman öz arzusuna qovuşub.

O, Azərbaycan Pedaqoji İnstitutunun (indiki ADPU) kimya-biologiya fakültəsinə daxil olub. 1951-ci ildə həmin ali məktəbi bitirir, doğma kəndinə qayıdır. Doğma kəndində öz el-obasının övladlarına kimya-biologiya fənninin sirlərini öyrədir. Hər ad­dımbaşı öz el-obasının alqış və duasını eşidir. Əlbəttə, insanlar öz tutduqları yolla gedəndə, el-obasına xeyir verəndə, həmişə onun üçün  yeni yollar açılır. Bu yollar bir-birindən çətin olsa da, zəhmətkeş və mübariz insanlar o yolu asanlıqla gedə bilir­lər. Polad Poladov həm də bir ziyalı, bir insan kimi dupduru adam olub. Onun böyük ürəyində heç vaxt ləkə olmayıb. Ək­sinə bu ziyalını tanıyan insanlar həmişə ona hörmətlə yanaşıb­lar ki, Polad müəllimin çox təmiz qəlbi var.

İllər onu elmin daha çətin yollarına doğru aparır. O,1962-ci ildə Bakıya gələrək əvvəlcə Azərbaycan Politexnik İnstitunda (indiki AzTU) kimya kafedrasında baş laborant, assistent, baş müəllim işləyib. 1972-ci ildə kimya elmi üzrə namizədlik dissertasiyası müdafiə edib. Müdafiədən sonra dosent və 1991-ci ildə professor kimi fəaliyyət göstərib.

Təbii ki, illər ötdükcə elm aləmində Polad Poladovun nüfu­zu daha da yüksəlib və artıb. O nüfuz da elə-belə qazanılmayıb. Çünki bu illər ərzində o, 50 elmi əsərin, 7 kitabın və bir neçə dərs vəsaitinin müəllifi olub. Həmin elmi kitabları araya-ərsəyə gətirmək üçün gecəsini-gündüzünə qatıb. Düzdür, onun gözü­nün nuru və işığı bu kitablara sərf olunub, amma bu kitablar da nə qədər insanların gözünə nur, beyninə qida verib. Aydındır ki, həmin dərslikləri mənimsəyən tələbələrin bir çoxu sonradan elm dalınca gedərək müdafiə eləyib, alimlik dərəcəsi qazanmaq istəyiblər. Onlarda bu fikri və duyğunu Polad Poladov zəhmət­sevərliyi aşılayıb. Bununla yanaşı, müxtəlif dövrlərdə bu iste­dadlı alim və gözəl ziyalı 10-a yaxın elmi konfransda böyük ma­raq doğuran məruzələrlə çıxış edib. Və hər dəfə də bu zəh­mətkeş alimin kimya və biologiyanın xalq təsərrüfatına tətbiqi və sair problemlərlə bağlı çıxışları alqışlarla qarşılanıb.

Böyük alimin elmi-pedaqoji fəaliyyəti 1981-ci ildə yüksək qiymətləndirilib. O, XII Mendeleyev qurultayının 2 medalı, “Gənc kimyaçılar” Ümumittifaq Olimpiyadasının qalibi diplo­mu və “ Əmək veteranı” medalı ilə təltif edilib. Bütün bunlar onun zəhmətinin nəticəsi idi. Yenə yadımıza dünya şöhrətli filosof İ.P.Bexerin aşağıdakı sözləri düşür: “Nə vaxt ki, qəmlisən, işlə. Bu, kədəri qovmaq üçün yeganə vasitədir. Heç nə iş qədər adamı cansıxıcı boşluqdan xilas etmir”. Ömür yolunu şərəfli bir işə sərf edən gözəl ziyalı Polad Poladovun doğrudan da tutduğu yol aydın yol olub. Və bu yol onu nurlu və işıqlı sabaha qovuşdurub. Zəlimxan Yaqub demişkən: “Daşı mum eləyən inamın olsa, daşın da qəlbinə yol açmaq olar”…

Mənbə : Səməndər Məmmədov –  “Ağır elsən, Borçalıda adın var…”, Bakı – “Nurlan” – 2010, II kitab.

Faxralı.com saytında yerləşdirilən məlumatlar Hüseynqulu Məmmədli, Səməndər Məmmədov, Rəşid Faxralı, Allahverdi Kərimovun müəllifi olduğu 8-dən çox kitab və digər mənbələr əsasında tərtib olunmuşdur