Rahilə İlyas qızı Ramazanova (elmlər doktoru)

QISA MƏLUMAT

Rahilə İlyas qızı Ramazanova 1969-cu il mayın 4-də Bolnisi rayonunun Faxralı kəndində anadan olmuşdur. 1985-ci ildə Faxralı orta məktəbini bitirmiş, Azərbaycan Neft və Kimya institutunun Geoloji kəşfiyyat fakültəsinə daxil olmuş və 1990-cı ildə həmin fakültədə təhsilini “Neft və qaz yataqlarının axtarışı və kəşfiyyatı” ixtisası üzrə fərqlənmə diplomu ilə başa vurmuşdur. 1990-cı ildə Azərbaycan Elmlər Akademiyası Geologiya institutunda əyani aspiranturaya daxil olmuşdur. 1994-cü ildən həmin institutda “Litologiya” ixtisası üzrə elmi işçi vəzifəsində işləmişdir. “Orta Kür çökəkliyinin təbaşir yaşlı süxurlarının postsedimentasion dəyişilməsi və onların kollektor xassələrinə tə’siri” mövzusunda namizədlik dissertasiyası üzərində işləmişdir. 1995-ci ildən Azərbaycan Neft və Kimya Elmi-Tədqiqat institutunda baş laborant vəzifəsində çalışmış, bir neçə məqalənin müəllifi olmuşdur. 1998-ci ildə ABŞ-nın (Texas ştatında) Hyüston şəhərində yerləşən Texas universitetinin geologiya fakültəsinə daxil olmuş, 1999-cu ildə fakültəni bitirmişdir. Həmin ildən Texas universitetinin geologiya fakültəsi üzrə magistratura şöbəsində təhsil almış və dissertasiya müdafiə edib elmi dərəcə almışdır.

Mənbə : REDAKTORDAN

ELM ƏQİDƏLİ OLMAQ ÜÇÜNDÜR

Elm əqidəli olmaq üçündür, dünya malı yığmaq üçün yox.

Sədi

Hər mahal özünün nemətləri, qeyri-adi, bənzərsiz varlıqları ilə seçilir və məşhurlaşır. Qədim Borçalımızın da hər bir guşə­sində adlı-sanlı şəxsiyyətlər, o cümlədən elm adamları yetiş­mişdir. Deyirlər ki, ulu yaradan ən sevimli bəndələrini çox sı­nağa çəkir. Oğul odur ki, bu sınaqdan alnıaçıq, üzüağ çıxasın. Elm ucu-bucağı görünməyən bir xəzinədir. Elə bir xəzinə ki, hər bir alim bu xəzinədən nə qədər götürsə də, o, bir az da də­rin­ləşir və zənginləşir. Möcüzələrlə dolu qapılarını bəndə­lə­ri­nin üzünə açır. O, bəndələr ki, elmin əsl fatehinə çevrilirlər. Öz fitri istedadı ilə məşhurlaşan Rahilə xanım kimi…

Rahilə İlyas qızı Ramazanova 1969-cu ildə Borçalının  Fax­ralı kəndində dünyaya göz açıb, böyüyüb ərsəyə gəlib. De­yi­lə­nə görə Rahilə xanım uşaqlıq illərindən qeyri-adiliyi ilə seçi­lirmiş. Həmişə təbiətin qoynuna can atarmış, onun füsun­kar­lı­ğını, ecazkar gözəlliklərini seyr etməkdən doymazmış. Təhməz bulağa, Gözəldağa, Səngərə, Qoşabulağa, Qızılqayaya vurul­mamaq olarmı? Onun bir-birindən gözəl, “qüdrətdən yaranmış” daşlarına, qayasına maraq göstərərmiş. Elə bir dağ süxurları, dağ mədənləri olan o görünən və  görünməyən incəliklər onun kör­pə beyninə, qəlbinə hopa-hopa gələcəyin böyük alimi, kəşfiyyatçı-geoloq olmasından xəbər verirdi. Atalar demişkən “Niyyətin hara, mənzilin ora”, bəli, bu maraq, bu həvəs onu arzusuna, niyyətinə çatdırdı. O, 1985-ci ildə Faxralı kənd orta məktəbini bitirmiş, Azərbaycan Neft Kimya İnstitutunun ge­oloji kəşfiyyat fakültəsinə daxil olmuş və 1990-cı ildə həmin fa­kültədə təhsilini “Neft və qaz yataqlarının axtarışı və kəşfiy­yatı” ixtisası üzrə fərqlənmə diplomu ilə başa vurmuşdur. 1990-cı ildə Azərbaycan Elmlər Akademiyası Geologiya İnstitutunda əyani aspiranturaya daxil olmuş, 1994-cü ildə hə­min institututda “Litologiya” ixtisası üzrə elmi işçi vəzifəsində işləmişdir. Bu müddət ərzində öz elmi işində o, böyük nailiy­yətlər əldə etmiş, elmin dərinliyinə doğru addımladıqca daha da püxtələşmiş, bu sahədə apardığı elmi tədqiqat işləri öz bəh­rəsini vermişdir. “Orta Kür çökəkliyinin təbaşir yaşlı süxur­la­rının postedimentesion dəyişməsi və onların kollektor xassə­lə­ri­nə təsiri” mövzusunda namizədlik dissertasiyası üzərində işlə­miş və uğurla müdafiə etmişdir. 1995-ci ildən Azərbaycan Neft  və Kimya Elmi-Tədqiqat  İnstitutunda baş laborant vəzifəsində çalışmış, bir neçə məqalənin müəllifi olmuşdur.

Biliyini artırmaq, təcrübəsini daha da genişləndirmək məq­sə­dilə Rəhilə Ramazanova 1998-ci ildə Amerikaya getmiş, Texas Universitetində fəaliyyətini davam etdirir. Aparıcı və is­te­dadlı alim kimi Texas Universitetində xüsusi hörməti vardır. İngilis, rus və Azərbaycan dillərini yaxşı bilir və tərcümələr edir. Rəhilə xanım artıq elmlər doktorudur. Rəhilə xanım həm də Amerikada Azərbaycan mədəniyyətini təbliğ edir, yeri gəldikcə ölkəmizi tanıtmağı da unutmur. Ən önəmlisi isə xal­qına məhəbbbətini hər şeydən üstün tutur. Osman Sarıvəllinin dediyi kimi:

Dəyişir səmtini ay, günəş, ulduz,
Bir şey dəyişməyir dünyada yalnız.
Sizi düşündürən o sirr, o hikmət.
O böyük həqiqət, o böyük qüvvət
Nə malım, nə mülküm, nə dövlətimdir,
O, mənim Xalqıma məhəbbətimdir.

Rəhilə Ramazanovanı bir alim kimi hələ gələcəkdə böyük ix­tiralar, kəşflər gözləyir. Elmin açılmamış hələ çox sirlərinə bələd olacaq. O, bir alim kimi yerin dərin qatlarında geoloji tədqiqat işlərini daha da genişləndirəcək, eləcə də ekoloji sahədə böyük kəşflər edəcəkdir. Onun ümüdverici elmi təd­qi­qat işləri, elmi axtarışları bir daha sübut edir ki, Rəhilə Rama­za­nova qısa bir zamanda dünyanın ən məşhur alimləri sırasında özünə məxsus yerini tutacaq. Özü ilə bərabər, “aləmdə səsi olan” Faxralını da yaşadacaq. Onda mən də qürur duya-duya fəxrlə deyəcəm: Ağır el kimi sənin nəinki Borçalı da, Amerikada da uca zirvələrdən enməyəcək adın var.

Bəli, Azərbaycan xalqı xoşbəxt xalqdır ki, onun belə ziya­lı­ları var. Yaxşı ziyalı həmişə xalqın başucalığıdır.

Rəhilə xanım ailəlidir, bir qızı var. O qızın da anasının yolunu şərəflə davam etdirməsinə heç bir şübhəmiz yoxdur.

Mənbə : Səməndər Məmmədov – “Ağır elsən, Borçalıda adın var…”, Bakı – “Nurlan” – 2010, II kitab.

Faxralı.com saytında yerləşdirilən məlumatlar Hüseynqulu Məmmədli, Səməndər Məmmədov, Rəşid Faxralı, Allahverdi Kərimovun müəllifi olduğu 8-dən çox kitab və digər mənbələr əsasında tərtib olunmuşdur