Rəşid Mehrəli oğlu Qasımov (fizika-riyaziy­yat elmləri namizədi)

QISA MƏLUMAT

Rəşid Mehralı oğlu Qasımov 1956-cı ildə Bolnisi rayonunun Faxralı kəndində anadan olmuşdur. 1973-cü ildə Faxralı orta məktəbini əla qiymətlərlə bitirmişdir. 1973-cü ildə ADU-nun mexanika-riyaziyyat fakültəsinə daxil olmuş və 1978-ci ildə oranı müvəffəqiyyətlə bitirmişdir. 1978-ci ildə Azərbaycan EA Kibernetika institutunda baş laborant vəzifəsində işə başlamışdır.  BDU-nun “Ali riyaziyyat” kafedrasının dissertantı olmuş və 1996-cı ildə Azərbaycan EA Mexanika və Riyaziyyat institutunda “Qeyri-xətti hiperbolik tənlik üçün qeyri-requlyar qarışıq məsələnin həllinin apraksimasiyası” mövzusunda namizədlik dissertasiyası müdafiə etmişdir. 12-yə qədər elmi məqalənin müəllifidir.

Mənbə : REDAKTORDAN

 

VƏTƏNİN BİR PARÇASI…

Ağıllı adamlar, yaxşı adamlar!
Bilik kitabdadır, axtarsan əgər.
Kitabı sevənlər tənhalıq bilməz,
Elmə arxalanar, sınar, əyilməz.
Kitab işıq saçar bir Günəş kimi,
Kitabdır arifin könül həmdəmi.
Ə.Cami

Onun haqqında çox danışmaq, çox yazmaq olar. Təkcə ona görə yox ki, o, sadəcə mənim həmyerlim yox, həm də qohumumdur. Həm də ona görə ki, ara­mız­da elə də böyük yaş fərqi olmadı­ğından, hələ orta məktəb illərindən tez-tez ünsiyyətdə olardıq. Tələbəlik dövründə və sonrakı illər­də də bu səmimi ünsiyyətimiz davam edib. Təbii ki, burda onun böyük qardaşı Tahirlə yaxınlığımın da rolu az olmayıb. Necə deyərlər, həmişə söhbətimiz tutub, bir-birimizə ürək qızdırmışıq. O mənim, mən də onun hər uğuruna sevin­mişik. Bu gün isə onu bircə kəlmə ilə xarakterizə et­məli olsam, sadəcə belə deyərdim: gözəl insan, bütöv şəxsiyyət idi!

Bu kəlmələr qəlbimdən su içib dilimin ucuna gələnə qədər isə mə­nim nələr yaşadıqlarımı bir özüm bilirəm, bir də uca Yaradan. Axı, sənə bu qədər doğma olan, elin-obanın şərəfini qoruyan, onun şöhrətinin üstü­nə şöhrət gətirən biri haqqında keçmiş zamanda danışmaq asan deyil. Doğ­ru­dur, ölüm haqdır, hamımız bu körpüdən keçəcəyik. Amma, bunun da geci-tezi var. Rəşid kimi oğulların ömrün ən məhsuldar vaxtında qara torpağa yem olması təkcə bir ailənin yox, bir elin faciəsidir, itkisidir. Belələri evdən yox, eldən gedirlər…

…Rəşid Mehrəli oğlu Qasımov 1956-cı ildə Borçalının Faxralı kəndində anadan olub. 1963-cü ildə Faxralı orta məktə­binin birinci sinfinə gedib, 1973-cü ildə həmin məktəbdə təh­si­lini uğurla başa vurub. Elə həmin il qəbul imtahanlarını müvəf­fəqiyyətlə verərək Azərbaycan Dövlət Universitetinin (indiki BDU-nun) mexanika-riyaziyyat fakültəsinə daxil olub. 1978-ci ildə “riyaziyyat” ixtisası üzrə universiteti bitirib.

Universiteti bitirdikdən sonra 1978-ci ildə gənc mütəxəssis kimi tə­yinatla Azərbaycan Elmlər Akademiyasının Kibernetika İnstitutuna gön­­dərilib və burada baş laborant kimi əmək fəaliy­yətinə başlayıb. 1980-ci ildən fəaliyyətini Akademiyanın “Av­to­matlaşdırılmış İdarəetmə Sistem­ləri” şöbəsində davam etdirib və 1990-cı ilədək burada mühəndis, böyük mühəndis, aparıcı mühəndis və riyaziyyatçı-mühəndis vəzifələrində çalışıb.

Rəşid Qasımovun sonrakı əmək fəaliyyəti neft sektoru, daha dəqiq desək, ARDNŞ ilə bağlı olub. Bu o vaxtlar idi ki, SSRİ adlı nəhəng im­periya dağılmaq üzrəydi. İndiyədək Azər­baycan neftini sorub daşıyan Moskva öz hayına qalmışdı. Artıq müttəfiq respublikalar müstəqilliyin bir addımlığındaydı. Azər­baycanda müstəqillik mübarizəsi isə daha güclü idi. Tezliklə bu müstəqillik də qazanıldı, ölkəmiz öz sərvətlərinə sahib ol­du. Həmişə dünyanın aparıcı ölkələrinin diqqətini cəlb edən, 70 il ərzində isə Sovet hökümətinin iqtisadiyyatına böyük fayda ver­miş Azər­bay­­can neftinin üzərində sərəncam vermək müstəqil Azərbaycan döv­lətinin səla­hiyyətlərinə keçdi. Belə bir vaxtda Rəşid də özü­nün elmi və təşkilatçılıq potensialını ölkə iqtisa­diyyatının aparıcı sahəsi olan neft sektoruna yö­nəlt­məyi qərara aldı. 1990-1992-ci illərdə “Dənizneft­qaz­layihə” Dövlət Elmi-Tədqiqat Layihə İnsti­tu­tunda aparıcı mühəndis-texnoloq, 1992-2001-ci illərdə isə Döv­lət Neft Şirkəti Xarici Sərmayələr İdarəsində baş mütəxəssis və şöbə rəisi vəzifələrində çalışıb. 2001-ci ildə Dövlət Neft Şirkə­tinin Xarici Sərmayələr İdarə­sində “Layihələrin kom­mer­siya şərt­lərinin təşkili” şöbəsinin müdiri vəzifəsinə irəli çəkilib və 2006-cı ilədək bu vəzifədə çalışıb. 2006-cı ildən ömrünün sonunadək isə “Əli­bay­ram­lı­neft” MMC-nin İçraçı meneceri vəzifəsində fəaliy­yət göstərib.

Rəşid müəllim məsul vəzifələrdə çalışşa da, elmi araşdır­ma­la­rını da davam etdirib. BDU-nun fizika fakültəsinin riya­ziy­yat kafedrasının dis­sertantı kimi, müntəzəm olaraq elmi fəaliyyətlə məşğul olub. Elmi-tədqi­qat işlərinin yekunu kimi, 1996-cı il yan­var ayının 10-da “Hiper­bo­lik tənlik üçün qeyri-requlyar qarışıq məsələnin həllinin approksi­ma­si­yası” mövzu­sun­da dissertasiya­sını uğurla müdafiə edərək fizika-riyaziy­yat elmləri namizədi elmi dərəcəsinə layiq görülüb. Bir sıra san­bal­lı elmi məqalələrin də müəllifi olan R.Qasımov eyni zamanda nüfuzlu elmi konfrans və seminarlarda məruzələrlə çıxış edib.

O, eyni zamanda çalışdığı sahə üzrə təhsilini artırmağı da unutmayıb. 1996-cı ildə Sankt-Peterburq Beynəlxalq Menec­ment İnstitutunda, 1997-ci ildə isə ABŞ-ın Boston şəhərində İnsan Resurslarının İnkişafı Bey­nəl­xalq İnstitutunda Petrol menecmenti üzrə kurs keçərək müvafiq sertifikat alıb.

Rəşid Qasımov hansı vəzifədə çalışır çalışsın, daim işinin öhdə­sin­dən bacarıqla gəlib. Elmi-tədqiqatla məşğul olması isə nəinki onun işinə mane olmayıb, əksinə, daha səmərəli fəaliyyət göstərməsinə yardımçı olub. Ölkəmizin iqtisadiyya­tı­nın daha da möhkəmlənərək dünya birliyin­də öz yerini tutma­sında bilik və bacarığını əsirgəməyib. Onun çəkdiyi zəhmət də diqqətdən kənarda qalmayıb, layiqincə qiymətləndirilib. 2006 və 2010-cu illərdə neft və qaz sənayesindəki xidmətlərinə görə ARDNŞ-nin Fəxri Fərmanı ilə təltif olunub. Çalışdığı kollektivdə böyük hörmət və nüfuz sahibi olub.

Rəşid Qasımov sözünün yerini bilərdi. “Az danışmağın gö­zəl­liyini” yaxşı dərk edirdi. Dinləməyə daha çox üstünlük verərdi. Sədi Şirazi demişkən, əvvəl fikirləşib sonra danışardı. Hansı müd­riksə yaxşı deyib, “adamlarda iki qulaq və bir dil” çox eşidib, az danışmaq üçün verilmiş­dir. Bunlar əvəzsiz əxlaqi fəzilətlərdir. Rəşid Qasımov bu ülvi keyfiy­yətləri unutmurdu. Canında, qanın­da əvəzsiz Ana, Vətən sevgisi vardı. Hər ikisi onun üçün əvəzsiz varlıq idi. Doğulduğu Borçalının Faxralı kən­dinin əziz qonağı ol­muş “düşgün bir ananın gözlərini güldürən, başına bir dünya se­vinc tökülən” böyük Səməd Vurğunun bir bənd şeri dilindən düşməzdi:

Ananın qəlbinə toxunmaq olmaz,
Ana nəfəsindən çiçək də solmaz,
İnsanlıq süd əmmiş ana döşündən,
Soyuq bir məzardır anasız Vətən.

El ağsaqqalı Hacı Həmid Kərimovun dediklərindən: “Rəşid  hörmət, nəcabət, mərdlik yolundan heç vaxt kənara çıx­madı. Heç kimi incitmədi. Əxlaqi dəyərlərimizə tapındı. Sevdi, se­vildi. Vaxtsız haqqa qovuşması isə hamımızı yandırdı, yaxdı. Təsəllimiz odur ki, Rəşid hər za­man müəllimlərinin, yoldaş­la­rının, dostlarının və qohumlarının qəlbindədir”.

Təəssüf ki, amansız olüm Rəşid Mehrəli oğlunu da aramız­dan vaxt­sız apardı. O, 2010-cu ilin iyul ayının 27-də dünyasını də­yiş­di. Ancaq bu gün Rəşid aramızda yoxdur deməyə adamın di­li gəlmir. Çünki, cismən aramızda olmasa da, o, hər an, hər yer­də bizimlədir, eloğlularının, yaxın­larının, doğmalarının, dostları­nın və iş yoldaşlarının qəlbindədir. Özün­dən sonra bizə yadigar qoy­duğu əməlləri ilə bizimlədir. O əməllər ki, bu dünya durduqca onu yaşadacaq.

Rəşid Allah verən ömrü az yaşadı, amma, şərəflə yaşadı. Həm də şərəfini qoruya-qoruya yaşadı. Şərəflə yaşamaq, şərəfini qoruya-qoruya yaşamaq hər adama qismət olmur. Ona insanlıq, sa­dəlik, gözəllik, ləyaqət haqdan gəlmişdi. Ulularımız deyəndə ki, “insan yer üzünün əşrəfidir” Rəşid kimi oğullar nəzərdə tutul­muşdur. “Ölüm yalan sözdür, oğullar ölmür, torpağa qarışıb Və­tən olurlar”. Rəşid də uyuduğu torpaqda Vətənin bir parçasına çevrildi.

Nizami Gəncəvi vaxtı ilə yazırdi:

Ömrünü boş yerə vermə əlindən,
Ötən gün qayıtmır, yaxşı anla sən.
Çatacaq kamına istedadlılar,
İşləri işbilən aparsa əgər.

Rəşid Qasımov ömrü hədər yaşamadı. O, yaxşı bilirdi ki, ötən gün qayıtmır. Ona görə günlərdən səmərəli istifadə edirdi. Onu da gözəl anlayırdı ki, istedadlılara hər yerdə yaşıl işıqdı. Məlum-məşhur həqiqəti də unutmurdu ki, işi işbilən aparsa, pərənimiz pozulmaz, ölkəmiz günü-gündən çiçəklənər. Rəşid bu günü həmişə arzulayırdı. Ölkəmizin imzasınının imzalar içərisində olmasına sevinirdi. Heyif, ölkəmizin belə inkişafını, uca zirvələr səltənətində yerini görə bilmədi. Neyləmək olar, həyatdı. Reallıqlardan qaçmaq olmur. 60 illik yubileyini qohumları, dostları onsuz qeyd etdi.

Övladları ilə, eli-obası ilə bağlı yaxşı nə varsa, Rəşidin ruhuna əyan olsun. Yeri cənnət olsun, inşallah.

Mənbə : Səməndər Məmmədov – “Faxralılar”, Bakı – “Elm və təhsil” – 2017, I kitab.

Faxralı.com saytında yerləşdirilən məlumatlar Hüseynqulu Məmmədli, Səməndər Məmmədov, Rəşid Faxralı, Allahverdi Kərimovun müəllifi olduğu 8-dən çox kitab və digər mənbələr əsasında tərtib olunmuşdur