Rövşən Qulu oğlu Poladov (fəlsəfə doktoru)

QÜVVƏT ELMDƏDİR…

İndiyədək işıq üzü görmüş “Ağır elsən, Bor­çalıda adın var” adlı üçcildli­yimdə doğ­ma Fax­ralı­mı tərənnüm etmiş, onun şan-şöhrətini dünyaya yayan elm və sənət adamları, həkimlər, mühən­dislər və digər peşə sahibləri, həyatda qazandığı hər şeyə görə alnının tərinə və əllərinin qaba­rına borclu olan əmək adamları, idmançılar haq­qında yazmış, onları faxralılar və bütöv­lükdə  borça­lı­larla yanaşı, Azərbaycan ictimaiyyətinin də daha yaxın­dan tanımasına çalışmışam. Eloğlularımın hər bir uğuruna sevinib, qürur duymuşam. Sabahımız olan gənclərin uğur­ları isə məni daha çox sevindirib. Xüsusilə də elmlə məş­ğul olan gənclərimizin hər bir ilə fəxr edirəm. Çünki dahi Niza­mi Gəncəvi demiş:

Qüvvət elmdədir, başqa cür heç kəs,
Heç kəsə üstünlük eyləyə bilməz.

Bəli, bu gün qüvvət elmdədir. Nahaq yerə demirlər ki, XXI əsr yeni texnologiyalar əsridir, elmi tərəqqi dövrüdür. Mən fəxr edirəm ki, Azər­baycan elminin inkişafında  doğma Faxralımın yetirməsi olan gənclərin də xidmətləri az deyil, bu gün onların səsi Gürcüstan və Azərbaycanın hüdudlarını aşa­raq, həm də dünyanın bir çox ölkələrinin nüfuzlu elm ocaqla­rından gəlir.

Faxralının başucaldan, qürur mənbəyi olan gənc alimlə­rindən biri də Rövşən Qulu oğlu Poladovdur. O, 1979-cu il mayın 19-da Gürcüstanda – Bolnisi rayonunun Faxralı kəndin­də anadan olub. Orta təhsilini də doğma kəndində alıb – 1985-ci ildə Faxralı orta məktəbinin birinci sinfinə daxil olub, 1996-cı ildə həmin məktəbdə orta təhsilini başa vurub. Elə həmin ildə də ali təhsil almaq arzusu onu Bakıya gətirib – 1996-cı ildə test imtahanında yüksək bal toplayaraq Bakı Dövlət Uni­ver­sitetinin Mexanika-riyaziyyat fakültəsinin baka­lavr pilləsinə daxil olub.  2000-ci ildə bakalavr pilləsi üzrə təhsilini bitirib. Bu, o vaxtlar idi ki, gənclərin çoxu elm dalınca getməyə o qədər də maraqlı deyildilər, daha çox qazanc əldə etmək məq­sədilə biznes sahəsinə maraq göstərirdilər. Amma Rövşənin qərarı qəti idi: təhsilini davam etdirmək. Bu istəklə də elə universiteti bitirdiyi il Bakı Dövlət Universitetinin Mexanika-riyaziyyat fakültəsinin magistratura pilləsinə daxil olub. İki il burada təhsil aldıqdan sonra  2002-ci ildə magistra­tura pilləsini fərqlənmə diplomu (Bakı Dövlət Univer­sitetinin rektorunun Fəxri fərmanı) ilə bitirib.

Tələbəlik illərində professor-müəllim heyətinin hörmətini və etimadını qazanan Rövşənin sonrakı taleyi də bu universitet­lə bağlıdır. 2002-ci ildə Bakı Dövlət Universitetinin Mexanika-riyaziyyat fakültəsində aspirant kimi elmi fəaliyyətə başlayıb, bir vaxtlar ona dərs demiş müəllimlərlə bərabər elmin çətin yollarında ilk inamlı addımlarını atıb. “Diferensial opera­tor­ların spektral nəzəriyyəsinin bəzi məsələləri” mövzusunda disser­tasiya üzərində işləyib. Elə müəllimləri də onun gələcə­yinə böyük ümid bəsləyiblər, elmi axtarışlarının uğurlu nəticə­lərə gətirib çıxaracağına inanıblar. 2005-ci ildə aspiranturanı bitirib. Elmi-tədqiqat işiylə bağlı  yerli və xarici elmi jurnallar­da məqalələri dərc olunub.

2014-cü il may ayının 23-də Azərbaycan Milli Elmlər Akademiyası Riyaziyyat və Mexanika İnstitutunun nəzdindəki elmlər doktoru və fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün Dis­sertasiya Şurasının iclasında namizədlik dissertasiyasını uğurla müdafiə edib. Müdafiə şurası üzvləri tərəfindən yekdil­liklə  ona riyaziyyat üzrə (Analiz və funksional analiz ixtisası üz­rə) fəlsəfə doktoru elmi dərəcəsinin verilməsi qərara alınıb. Azərbaycan Respublikasının Prezidenti Yanında Ali Attesta­si­ya Komissiyasının 24 dekabr 2014-cü il tarixli qərarı ilə isə Rövşən Poladova  riyaziyyat üzrə fəlsəfə doktoru elmi dərəcəsi verilib.

Rövşən Poladov bu gün bir vaxtlar tələbə kimi qapısını açdığı Bakı Dövlət Universitetinin müəllimidir, 2011-ci ildən  Mexanika-riyaziyyat fakültəsinin riyazi analiz kafedrasında çalışır. Pedaqoji fəaliyyətlə yanaşı, elmi axtarışlarını da davam etdirir. Elmin çətin yollarında onun daha böyük uğurları hələ qarşıdadır. Və o, bu uğurları ilə təkcə yaxınlarını və doğ­malarını deyil, bütün faxralıları, borçalıları sevindirəcəkdir.

Rövşən ailəlidir, iki övladı var. İnanırıq ki, o, elmin çətin, lakin şərəfli yollarında inamla addımlayaraq  bundan sonra da uğurlar əldə etməklə yanaşı, layiqli övladlar da böyüdəcəkdir.

Mənbə : Səməndər Məmmədov – “Faxralılar”, Bakı – “Elm və təhsil” – 2017, I kitab.

Faxralı.com saytında yerləşdirilən məlumatlar Hüseynqulu Məmmədli, Səməndər Məmmədov, Rəşid Faxralı, Allahverdi Kərimovun müəllifi olduğu 8-dən çox kitab və digər mənbələr əsasında tərtib olunmuşdur