Rövşən Sabir oğlu Xəlilzadə (tibb elmləri namizədi)

QISA MƏLUMAT

Rövşən Sabir oğlu Xəlilzadə 1972-ci il martın 1-də Bolnisi rayonunun Faxralı kəndində anadan olmuşdur. 1979-cu ildə Faxralı 8 illik məktəbini, 1989-cu ildə isə Bakı şəhəri 53 saylı orta məktəbi qızıl medalla bitirmişdir. 1995-ci ildə Azərbaycan Dövlət Tibb Universitetini fərqlənmə diplomu ilə bitirmişdir.1995-1997-ci illərdə Azərbaycan Tibb Universitetinin nerocərrahiyyə kafedrasının klinik ordinatoru olmuşdur. 1997-2000-ci illərdə aspiranturada oxumuşdur.  2000-ci ildə “Hemorrogik institutlarda cərrahi müalicənin proqnozları” mövzusunda dissertasiya müdafiə edib, tibb elmləri namizədi alimlik dərəcəsi almışdır. Rövşən Xəlilzadənin elmi və pedaqoji fəaliyyəti 7 elmi məqalədə öz əksini tapmışdır. Rövşən Xəlilzadə gənc mütəxəssis kimi 1 il xarici dövlətdə elmi ezamiyyətdə olmuşdur. Rövşən Xəlilzadə bu müddət ərzində bir neçə elmi-praktiki konfranslarda çıxış etmiş, məqalələr çap etdirmişdir.

Mənbə : REDAKTORDAN

 

YAXŞININ GÖZÜNDƏ GÜNƏŞDİ RÖVŞƏN

İndiyədək on kita­bım işıq üzü görsə də, bu kitabların içində mənim üçün ən qiymət­lisi doğ­­ma Faxralım və onun şöh­­­rətini hər yana yayan fax­ra­lı­lar haqqında yaz­dığım kitab­lardır. 2010-cu ildə nəşr olun­muş  iki­cild­lik “Ağır elsən, Bor­­ça­lıda adın var” adlı kita­b­larım bütöv­lükdə faxra­lı­lara həsr olunub və hesab edirəm ki, nə qədər ki, əlim qələm tu­tacaq, bu mövzu mənim üçün önəmli olacaq.

Faxralının şöhrətini ucaldanlardan biri olan Rövşən həkim haqqında bu yazı da çoxdan yazılmalıydı. Daha doğrusu, çox­dandı ki, onun haqqında yazmaq istəyirdim. Amma hər dəfə bir səbəbdən alınmırdı. Və elə buradaca etiraf edim ki, müəyyən səbəblərdən tez-tez görüşə bilməsək də, haqqında çox eşitmiş və həmişə də xoş sorağından qürur duymuşam.

Rövşən Sabir oğlu Xəlilzadə 1972-ci il martın 1-də Borçalının Faxralı kəndində anadan olub. 1979-cu ildə Faxralı kənd 8-illik məktəbinin 1-ci sinfinə gedib, 1989-cu ildə isə Bakı şəhərindəki 53 saylı orta məktəbi qızıl medalla bitirib. Həkim olmaq arzusu onu Azərbaycan Dövlət Tibb Univer­si­tetinə gətirib çıxarıb və elə həmin il bu ali təhsil ocağına daxil olub. Heç bir çətinlikdən qorxmaması, tibb elminin sirlərinə daha dərindən bələd olmaq həvəsi hələ tələbəlik illərindən onun gələcəyin tanınmış həkimlərindən olacağından xəbər ve­rirdi. Nəhayət, elmi laboratoriyalarda, kitabxanalarda və uni­ver­sitet auditoriyalarında keçən günlər öz bəhrəsini verdi və o, 1995-ci ildə universiteti fərqlənmə diplomu ilə bitirdi. Artıq gənc həkim kimi istənilən tibb müəssisəsində fəaliyyətə baş­la­ya bilərdi və deyim ki, uğur da qazanardı. Amma daim yeniliyə can atmaq həvəsi, daha böyük uğurlara imza atmaq istəyi onu ra­hat buraxmırdı. Bu arzunu reallaşdırmaq üçünsə təbii ki, təhsilini davam etdirməli, dünya tibb elminin müasir dövrdə əldə olunmuş nailiyyətləri ilə daha yaxından tanış olmalıydı. Elə bu səbəbdən də Rövşən Xəlilzadə 1995-1997-ci illərdə Azərbaycan Tibb Universitetinin neyrocərrahiyyə kafed­rasının klinik ordinatoru oldu, 1997-2000-ci illərdə isə aspirantu­rada oxudu.

2000-ci ildə faxralılar bir xoş  xəbərin sevincli anlarını yaşadılar: Rövşən Sabir oğlu Xəlilzadə “Hemorrogik inst­i­tutlarda cərrahi müali­cənin proqnozları” mövzusunda disserta­siyanı uğurla müdafiə edərək tibb elmləri namizədi alimlik dərəcəsi alıb. Beləcə, Faxralı alimlərinin sırasına daha bir ad da əlavə olundu, Azərbaycan tibb elmi isə gənc və perspektivli bir alimin şəxsində yeni bir uğura imza atdı.

Yeri gəlmişkən qeyd etmək lazımdır ki, Rövşən Xəlilzadə gənc mütəxəssis kimi 1 il xarici ölkələrdən birində  elmi eza­miy­yətdə də olub, kilinikada çalışmaqla, həm də elmi uğurlarını praktik fəaliyyətlə möh­kəm­ləndirib. Respublikamızda və onun hüdudlarından kənarda keçirilən elmi-praktik konfranslarda iştirak edərək məruzələrlə çıxış edib.

Hal-hazırda o, Mərkəzi Klinikada və Neyrocərrahiyyə xəs­tə­xana­sında çalışmaqla yanaşı həm də  Azərbaycan Tibb Universitetinin neyro-cər­rahiyyə kafedrasının assistentidir. Hər il neçə-neçə xəstə onun əlindən şəfa tapır, neçə-neçə ailə onun sayəsində həyatın acı yellərindən uzaq­laşır. Onun sevinc bəxş etdiyi ailələrdən biri də bizim ailədir. Belə ki, 2010-cu ilin payızında qardaşım Alməmmədin əhvalı qəfildən pisləşdi. Vəziyyəti ağır idi və ümidimizi göydə Allaha, yerdə həkimlərə bağla­maq­dan başqa çarəmiz yox idi. Gözümüz həkimlərin üzündə qalmışdı. Təbii ki, bu məqamda əsas ümid yerimiz həm qohum, həm eloğlu, həm də bir alim-həkim kimi Rövşən Xəlil­zadə idi. Məhz onun, Türkiyəli cərrah Ahmet Memiş, tanınmış ürək-damar cərrahı Rəşad Mahmudov və həkim Həbib Yüz­ba­şıyevin səyi nəticəsində qardaşım yenidən həyata qayıtdı. Böyük ziyalımız Süleyman müəllimin Alməmmədə xüsusi diq­qət və qayğısı isə zaman-zaman  minnətdarlıqla xatırlanacaq.

Adətən həkimlərdən söz düşəndə ilk növbədə onun şəfa verdiyi insanlar yada düşür və bu da təbiidir. Amma unutma­yaq ki, hər bir həkim həkimliyindən əvvəl cəmiyyətin bir üzvü, ailə başçısı, dost, eloğludur. Və bir şəxsiyyət kimi o zaman bütöv olur ki, ixtisasını dərindən bilməsi ilə fərqləndiyi kimi, dostluqda sədaəqti, nümunəvi ailə başçısı olması, el-obasına canyandırması ilə də ictimaiyyət arasında hörmət və nüfuz qa­za­nır. Bu baxımdan Rövşənin ünvanına nə qədər desən xoş söz­lər söyləmək olar. Və mən burada daha çox onun çoxlarına örnək ola biləcək bir dost olduğunu xüsusilə vurğulamaq istə­yirəm. Klassiklərdən biri deyib ki, dünyanı dostlarla bir yerdə görmək lazımdır. Demosfen isə deyirdi: “Əgər sən özgələri üçün bir iş görmürsənsə, heç kəsdən, hətta dostların­dan belə sənin üçün iş görmələrini tələb edə bilməzsən”.

Rövşən Xəlilzadə, sədaqətli dostları həyatın ən böyük ne­məti hesab edən sadiq dostdur. Və mən dediklərimin sübutu kimi istədim ki, bu yazıda onun dostlarından heç olmasa birinin ürək sözlərini oxuculara təq­dim edim. Bu məqsədlə Samir As­lan­oğluna müraciət etdim. Onun dedikləri R.Xəlilzadə haqqın­dakı təsəvvürlərimi daha da dolğunlaşdırdı:

– Eyni kənddən olsaq da, aramızda 10 il yaş fərqi oldu­ğundan əvvəllər onun haqqında yalnız başqalarından eşit­miş­dim, özü də yalnız xoş sözlər.

Tanışılığımız isə 1996-cı ildəndir. O zaman cəmisi bir il idi ki, Tibb Universitetini bitirmişdi və bir dostumun atasının üzərində ağır cərra­hiy­yə əməliyyatı keçirirdi.  Tanış olduğu­muz ilk gündən aramızda səmimi bir münasibət yarandı və sonradan bu münasibət dostluğa çevrildi.

Mən Rövşənin bir cərrah kimi yüksək peşəkarlığından, öz işində əldə etdiyi uğurlu nəticələrdən danışmaq istəmirəm. Bunu həmkarları və bir də şəfa verib yenidən həyata qaytardığı yüzlərlə xəstə və onların ailələri hamıdan  yaxşı bilir.

Uzun illərdir aramızda olan münasibətə əsasən deyə bilə­rəm ki, Rövşən təkcə tibbdə deyil, həyatımızın bütün sahələrinə  dair yüksək məlumata malikdir. Dünyada baş verən proseslər, xüsusilə də Türk dünyası barədə zəngin bilgisi var və onunla bu movzuda söhbətdən adam doymaq bilmir. Borçalını, böyü­yüb boya-başa çatdığı Faxralı kəndini isə canı-qanı qədər sevir. Özü də sadəcə olaraq sevməklə kifayətlənmir, bu elin tarixini, babalarımızın keçdikləri yolu, onlardan yadigar qalmış hikmət xəzinəsini sevə-sevə öyrənir və hər yerdə təbliğ edir.  Fürsət dü­şən kimi doğma Faxralıya baş çəkir, kəndin ictimai həya­tın­da yaxından iştirak etməyə çalışır, maddi və mənəvi dəstəyini əsir­gəmir.

Bir dost kimi əvəzsizdir. 14 ildir ki, bir neçə dost istirahət günlə­ri­mizi bir yerdə keçiririk. Hələ bircə dəfə də olsun ki­minsə xətrinə dəydiyini, kimdənsə incidiyini görməmişəm. Ək­sinə hər hansı səbəbdən kimlərinsə arasına düşmüş kiçicik bir anlaşımazlıq olarsa özünü narahat hiss edir, çox böyük ustalıq və ağsaqqallara yaraşan səbirlə bu incikliyi aradan qaldırır. Elə buna görədir ki, dostlarımızdan heç biri onun bir sözünü iki eləmir. Aramızdakı münasibət ailəvi dostluq səviyyəsindədir və uşaqlarımız onu doğma əmi kimi sevirlər. Bu rəğbəti və hörməti o, özünün etibarı və sədaqəti ilə qazanıb.

Elimin alim oğlu, istedadlı həkim Rövşən Xəlilzadə haq­qın­da çox danışmaq olar. Və hesab edirəm ki, bu, onun haq­qında ilk yazım olsa da, sonuncu olmayacaq. Təki sağlıq olsun. Hələ hər şey qabaqdadır. Qarşıda onu daha böyük uğurlar, daha uca zirvələr gözləyir. Və heç şübhəsiz ki, yeni-yeni uğurları ilə hələ bizi çox sevindirəcək, çox yazılara mövzu verəcəkdir.

Mənbə : Səməndər Məmmədov – “Faxralılar”, Bakı – “Elm və təhsil” – 2017, I kitab.

Faxralı.com saytında yerləşdirilən məlumatlar Hüseynqulu Məmmədli, Səməndər Məmmədov, Rəşid Faxralı, Allahverdi Kərimovun müəllifi olduğu 8-dən çox kitab və digər mənbələr əsasında tərtib olunmuşdur