Sabir Ömər oğlu Ömərov (elmlər namizədi)

QISA MƏLUMAT

Sabir Ömər oğlu Ömərov 1956-cı ildə Bolnisi rayonunun Faxralı kəndində anadan olmuşdur. 1973-cü ildə Faxralı kənd orta məktəbini bitirmiş və həmin ildə Azərbaycan Dövlət Universitetinin (indiki BDU) riyaziyyat fakültəsinə daxil olmuşdur. 1978-1980-cı illərdə Azərbaycan EA Kibernetika İnstitutunda mühəndis-proqramçı vəzifəsində çalışmışdır. 1980-1983-cü illərdə T.Q. Şevçenko adına Kiyev Dövlət Universitetinin “Ehtimal nəzəriyyəsi və riyazi statistika” kafedrasının əyani aspirantı olmuşdur. 1984-cü ildə “Təsadüfi proseslərin və meydanların interpolyasiyası haqqında” mövzusunda namizədlik dissertasiyası müdafiə edərək fizika-riyaziyyat elmləri namizədi elmi dərəcəsi almışdır. 1985-1990-cı illərdə Azərbaycan EA AİS şöbəsində çalışmışdır. Azərbaycan Dövlət Kənd Təsərrüfatı Akademiyasında dosent vəzifəsinədək yüksəlmişdir. Sabir Ömərov 4 dərs vəsaitinin, bir neçə metodiki tövsiyənin və 18 elmi məqalənin müəllifidir. “Korrelyasiya və reqressiya təhlili”, “Statistik fərziyyələrin yoxlanılması” adlı vəsaitləri nəşr edilmişdir.

Mənbə : REDAKTORDAN

 

BİLİK CAN QUŞUNA QANADDIR

Faxralının ziyalılarından, alim­lə­rindən in-di­­yədək çox yazmışam. Eli­mizin qürur mən­bəyi olan belə in­sanlardan hər dəfə yazdıqca özüm­də daxli rahatlıq tapmışam. Barələrində yazılası həmyerlilə­ri­miz isə bir deyil, beş deyil.

…Sabir Ömər oğlu Ömərov 1956-cı il ap­relin 5-də Borçalının Faxralı kəndində anadan olub. Orta təhsilini də burada alıb – 1973-cü ildə əla qiymətlərlə Faxralı kənd orta məktə­bini bitirib. Ali təhsil almaq arzusu yaşıdları kimi onu da Bakıya gətirib və sənəd­lərini Azərbaycan Dövlət Uni­versi­tetinin (indiki BDU-nun) “Mexanika-riyaziyyat” fakül­təsinə verib, qəbul imtahan­ların­dan uğurla çıxaraq tələbə adını qaza­nıb. Beş illik tələbəlik həyatını da uğurla başa vurub və 1978-ci ildə universiteti də əla qiymətlərlə bitirib. Təyinatla Azər­bay­can Elmlər Akademiyasının Kibernetika İnstitutuna göndərilən S.Ömərov 1978-1980-ci illərdə burada mühəndis-proqramçı vəzifəsində çalışıb.

Hələ tələbləlik illərində ikən elmi fəaliyyətlə məşğul ol­mağı qarşı­sına məqsəd qoyan Sabir Ömər oğlu bu arzusunu da reallaşdırmaq üçün aspirantura təhsli almaq qərarına gəlib və məqsədli aspiranturaya göndə­rilərək 1980-1983-cü illərdə Kiyev Dövlət Universitetinin “Ehtimal nəzə­riyyəsi və riyazi statistika” kafedrasının aspirantı olub. Burada Ukrayna Elmlər Aka­de­mi­ya­sı­nın müxbir üzvü, fizika-riyaziyyat elmləri doktoru M.İ.Yad­renkonun elmi rəhbərliyi altında tədqiatla məşğul olub. Nəhayət, üçillik aspirantlıq dövrü də arxada qalıb və o, yuxusuz gecələr, gərgin elmi axtarışlar bahasına araya-ərsəyə gətirdiyi namizədlik dissertasiyasını 1983-cü ildə müdafiə şu­ra­sına təq­dim edib. Çəkilən zəhmət öz bəhrəsini verib: 1984-cü ildə Ki­yev Dövlət Univerisitetinin “Riyaziyyat” fakül­təsində “Təsa­düfi proseslərin və meydanların interpolyasiyası haqqın­da” namizədlik dissertasiyasını uğurla müdafiə edərək fizika-riya­ziyyat elm-ləri namizədi elmi dərəcəsinə layiq görülüb.

Dissertasiyanın uğurlu müdafisəsindən sonra yenidən elmi fəaliy­yə­ti­ni Elmlər Akademiyasında davam etdirən Sabir Ömə­rov 1985-1987-ci illərdə Akademiyanın AİS şöbəsində böyük mühəndis-proqramçı vəzifəsində çalışıb. 1988-1990-cl illərdə isə Gəncə Regional Elmi Mərkəzində laboratoriyaya rəhbərlik edib.

1990-cı ildən elmi axtarışlarla yanaşı həm də pedaqoji fəaliyyətə başlayıb. Azərbaycan Dövlət Aqrar Universitetində assistent kimi fəaliy­yətə başlayan Sabir müəllim tezliklə baş müəllim və dosent vəzifələrini tutub. 2001-2009-cu illərdə isə “Statistika və maliyyə” kafedrasının müdiri vəzifəsində çalışıb.

Sabir Ömərov elmi axtarışla pedaqoji fəaliyyəti bacarıqla uzlaşdıran alimlərimizdən olub. Bir alim kimi məhsuldar fə­aliy­yət göstərib. Təsa­düfi deyildir ki, o, 50-yə yaxın elmi mə­qa­lə və tədris-metodiki vəsaitin, o cümlədən iki dərsliyin (“Ri­yazi statistika” I hissə, və “Riyazi statistika və ehtimal nəzə­riyyəsi” I hissə) həmmüəllifidir. Elmi məqa­lələrinin Azər­bay­canın elmi jurnalları ilə yanaşı  “Ukrayna Milli Elmlər Akade­mi­yasının xəbərləri”, Kiyev Dövlət Universitetinin “Ehtimal nəzəriyyəsi və riyazi statistika”, “Kiyev Dövlət Universitetinin xəbərləri” kimi aparıcı nəşrlərdə və ABŞ-da (Amerika Riya­ziyyatçılar Cəmiyyəti) çap olunması da onun bir alim kimi elmi axtarışlarının sanbalının, tədqiqatlarına dünya elmi ictima­iy­yətinin marağının göstəricisidir.

Sabir Ömər oğlu istedadlı alim olmaqla yanaşı, həm də sadiq dost, gözəl insan, vəfalı həyat yoldaşı, qayğıkeş ata idi. Çalışdığı kollektivdə, dost-tanış yanında, eldə-obada böyük hörmət-izzət qazanmışdı. Hər yerdə hörmətlə qarşılanırdı, məc­lislərdə yeri yuxarı başda olurdu. Bunu zərrə-zərrə qazan­mışdı. Sanki ömrün vəfasızlığını duyurmuş kimi, hər addı­mın­da yax­şı­lıq etməyə, heç kəsin qəlbinə dəyməməyə çalışırdı. Sanki yax­şılıq etməyə, qurub-yaratmağa tələsirdi. Hardan biləydi ki, ömür yolu yarımçıq qalacaq. Amansız əcəl onu qəflətən ya­xaladı – 2012-ci il iyunun 1-də dünyasını dəyişdi. Ömrünün ən gözəl çağında – daha səmərəli elmi axtarışlar aparmalı, yüksək ixtisaslı kadrlar hazırlamalı, elinə-obasına yararlı işlər görə biləcəyi bir vaxtda – 56 yaşında dünyadan köçdü. Am­ma bu 56 illik ömründə bir neçə ömrə sığmayacaq qədər işlər gördü. Bu gün ondan bizə qalan təkcə elmi əsərləri, kitabları deyil, həm də kö­nüllərdəki şirin, unudulmaz xatirələridir. O, həmkar­la­rı­nın, tələbə­ləri­nin, dostlarının, eloğlularının qəlbində özünə öl­məz­lik abidəsi ucaldıb. Elə bir abidə ki, əbədi yaşayacaq, onu yaşadacaq.

Sabir ölməzlik abidəsini biliyinnən, savadınan qazanmışdı. Sabir müəllim yaxşı bilirdi ki, böyük söz ustası Əvhədi demişkən:

Bilik can quşuna qanaddır, inan,
Ruhunu göylərə odur qaldıran.

Ondan bizə yadigar qalan bir də ləyaqətli övladlarıdır. O övladlar ki, atalarının təmiz adıyla fəxr edirlər, o adı şərəflə yaşadır, cəmiyyətdəki layiqli mövqeləri ilə doğma Faxralının başını hər yerdə ucaldır,  Sabir müəllimin ölməzliyini təmin edirlər.

Mənbə : Səməndər Məmmədov – “Faxralılar”, Bakı – “Elm və təhsil” – 2017, I kitab.

Faxralı.com saytında yerləşdirilən məlumatlar Hüseynqulu Məmmədli, Səməndər Məmmədov, Rəşid Faxralı, Allahverdi Kərimovun müəllifi olduğu 8-dən çox kitab və digər mənbələr əsasında tərtib olunmuşdur