Şəhla İbrahim qızı Əlizadə

“YAŞAMAQ VACİB DEYİL, YAXŞI YAŞAMAQ VACİBDİR”

İndiyədək doğma Borçalımın ləyaqətli oğul və qızları haqda çox yazmışam. Və hər dəfə də böyük məhəbbətlə yazmışam, ürəkdən yazmışam, səmimi ürək sözlərimi çatdırmağa çalışmışam. Yazılarımın qəhrəmanları arasında bu gün səsi-sorağı Gürcüstanın və Azərbaycanın hüdudlarını aşaraq çox-çox uzaqlardan gələn elm adamları da var, şəfalı əlləri ilə minlərlə xəstəni yenidən həyata qaytaran həkimlər də, saz-söz adamları da var, hər birimizin həyatda uğur qazanmasında böyük zəhmət payı olan müəllimlər də, həyatda əldə etdiyi nailiyyətlərə görə ancaq əllərinin qabarına və alnının tərinə borclu olan sadə peşə adamları da… Onların arasında bu gün yaşayanlar çoxluq təşkil etsə də, artıq haqq dünyasında olsalar da yaratdıqları ilə, xeyirxah əməlləri ilə elin-obanın yaddaşında yaşayanlar da az deyil. Və onların hər biri mənim üçün sadəcə bir yazının qəhrəmanı deyil, həm də qürur mənbəyimdir. Çünki harada yaşamalarından və hansı sahədə çalışmalarından asılı olmayaraq öz əməlləri ilə doğulduqları Borçalı diyarının, bütövlükdə millətimizin başını uca edir, xalqımızın şöhrətini daha da ucaldırlar.

Gənclərimizin xoş sədasını eşitmək isə məni ikiqat sevindirir. Axı, onların hər bir uğuru təkcə özlərinin yox, xalqımızın, dövlətimizin daha işıqlı sabahına inamımızı, bütövlükdə gəncliyə güvənimizi artırır. Bu yerdə istər-istəməz alman filosofu Şopenhauerin məşhur bir fikri yadıma düşür: “Böyük zəkalar bəşəriyyətə nə verməlidirlərsə, onlar onu artıq gənclikdən toplamağa başlayırlar”.

Yəqin diqqətli oxucu artıq bu yazımda da gəncliyin uğurundan – daha bir gənc alimimizdən söhbət açacağımı duymamış deyil. Bəli, bu dəfə də bir gənc alimizidən söhbət açmaq, onu daha geniş ictimaiyyətə tanıtmaq istəyirəm.

Şəhla İbrahim qızı Əlizadə 1980-ci il iyun ayının 19-da Gürcüstanın Bolnisi rayonunda anadan olub. Orta təhsilini Bakı şəhərində alıb, 1997-ci ildə paytaxtdakı 159 saylı orta məktəbi bitirib. Ali təhsil almaq arzusu onu Azərbaycan Memarlıq və İnşaat Universitetinə gətirib. 1997-2001-ci illərdə bu ali təhsil ocağında təhsilin magistr pilləsində oxuyaraq “İstehsalat və xidmət sahələrinin iqtisadiyyatı və idarə edilməsi” ixtisasına yiyə-lənib. Dörd illik tələbəlik dövründə əla qiymətlərlə oxumasının məntiqi yekunu kimi fərqlənmə diplomu qazanması elmin çətin, ancaq şərəfli yolunda daha inamla irəliləməsi üçün ona bir növ stimul olub. Təhsilini davam etdirmək qərarına gələrək həmin universitetdə magistraturaya daxil olub. 2001-2003-cü illərdə təhsilin bu pilləsində də müvəffəqiyyətlə oxuyaraq “Biznesin təşkili və idarəedilməsi” ixtisası üzrə fərlənmə diplomu alıb.

Çoxları bəlkə də bir gənc xanım üçün ali təhsilin hər iki pilləsində müvəffəqiyyətlə oxuyub fərqlənmə diplomu əldə etməyi yetərli sayardı. Amma Şəhla xanım üçün isə bu, son hədd deyildi. “Elm əqlin çırağıdır” kimi məşhur xalq deyimini özünün bir növ həyat devizi sayaraq bu yolda “tamam” yox, “davam” dedi.

Gələcək arzularına çatmaq üçün savadı, qabiliyyəti, istedadı ilə yanaşı, qarşısına qoyduğu məqsədə çatmaq üçün həm də böyük zəhmət və inadkarlığın vacib olduğunu yaxşı bilirdi. Yaxşı bilirdi ki, klassiklərdən birinin dediyi kimi, “istedad hələ hər şey demək deyil, əgər o son dərəcə inadkar olmayan bir adama verilibsə, məhv olub gedə bilər. İstedad bircə çimdik də olsa kifayətdir, inadkarlıq isə dərya qədər olmalıdır”.

Bu inam və inadkarlıq onu yenidən Azərbaycan Memarlıq və İnşaat Universitetinə gətirib çıxardı – bu dəfə artıq tələbə kimi yox, bir vaxtlar ona dərs demiş müəllimləri ilə həmkar kimi. Əvvəlcə universitetin “Xidmət sahələrinin iqtisadiyyatı və menecment” kafedrasında baş laborant kimi fəaliyyətə başladı, sonra saathesabı dərs dedi. 2011-ci il noyabrın 26-da universitetin rektorunun əmri ilə həmin kafedraya “Sahə iqtisadiyyatı” (5312.01) ixtisası üzrə dissertant təhkim olundu.

Atalar yaxşı deyib ki, çəkilən zəhmət eç vaxt yerdə qalmaz. Hansı sahə olur-olsun, əgər zəhmət çəkdinsə, onun bəhrəsini də görəcəksən. Şəhla xanımın elmi axtarışları da, nəhayət, öz bəhrəsini verdi – 2018-ci il mart ayının 12-də “Tikinti müəssisələrində investisiya resurslarından səmərəli istifadə istiqamətləri” mövzusunda dissertasiya işini uğurla müdafi etdi və elə həmin il iyun ayının 1-də elmi işinin müdafiəsi təsdiq olunaraq ona iqtisad üzrə fəlsəfə doktoru elmi dərəcəsi verildi. Elimizin alimləri sırası bir boy da ucaldı.

İqtisad üzrə fəlsəfə doktoru Şəhla Əlizadə 30-dan artıq elmi məqalə və elmi-metodik işin müəllifi və həmmüəllifidir.

Şəhla xanım həm də hər bir qadın üçün həyatda ən böyük missiya olan şərəfli ana adını ləyaqətlə daşıyır. İki uşaq anasıdır.

L.N.Tolstoy yazır ki, “yaşamaq vacib deyil, amma yaxşı yaşamaq vacibdir”. Və bir də deyir ki: “Mən həyatda ancaq iki əsl bədbəxtlik tanıyıram. Vicdan əzabı və xəstəlik. Xoşbəxtlik də ancaq bu iki şeyin olmaması deməkdir”.

Həyatda özünəmxsus mövqe qazanan, yaxşı yaşamağı bacaran Şəhla xanımın indiyədək elə bir əməli olmayıb ki, nə zamansa ona vicdan əzabı çəkdirsin. Arzu edirik ki, Allah ona xəstəlikdən, ağrı-acıdan uzaq elə bir sağlam və uzun ömür nəsib etsin ki, həyatın bütün xoşbəxtliklərini görsün, şirinliyini dadsın.

Mənbə: Səməndər Məmmədov –  “Faxralılar və tarix yaradanlar” kitabı

Faxralı.com saytında yerləşdirilən məlumatlar Hüseynqulu Məmmədli, Səməndər Məmmədov, Rəşid Faxralı, Allahverdi Kərimovun müəllifi olduğu 8-dən çox kitab və digər mənbələr əsasında tərtib olunmuşdur