Şəlalə Məhərrəm qızı Hüseynova (fəlsəfə doktoru)

ÖMRÜN MƏHSULDAR DÖVRÜ

Şəlalə Məhərrəm qızı Hüsey­nova 1975-ci il iyulun 19-da Qaza­xıs­tan Respublikasının Turqay vila­yətində – Arkalık rayonunun Rodina qəsə­bə­sində anadan olub. Atası – Məhər­rəm İsrafil oğlu Hüseynov və  anası – Pürüz Muxtar qızı Hüseynova əslən Borçalının Faxralı kəndin­dən­dirlər, hal-hazırda da Qaza­xıs­tanda ya­şayırlar və sahibkarlıqla məşğul­dur­lar. Borça­lıdan çox-çox uzaqlarda dün­yaya gəlməsinə baxmayaq, Şəlalə xanım əsl Borçalı qızı kimi böyüyüb. Onunla kiçik bir söhbət bəs edir ki, ondakı Borçalı ruhunu, elə-obaya məhəbbətini, Azərbaycan dövlətinə və döv­lətçiliyinə bağlılığını duyasan. Bu da təsadüfi deyil, vətəndən uzaqlarda olsalar da, valideynləri hər za­man övladlarının milli adət-ənənələrimizə sədaqət ruhunda böyümə­lərinə çalışıblar. Şükürlər olsun ki, buna da nail olublar.

Şəlalə Məhərrəm qızı orta təhsilini də elə vətəndən uzaqlarda alıb – 1981-1992-ci  illərdə  Anğar orta məktəbində oxuyub və  bu məktəbi fərqlənmə ilə bitirib. Ali təhslini Bakıda alıb – 1992-ci ildə Bakı Dövlət Universitetinin Geologiya fakültəsinə daxil olub və 1997-ci ildə həmin universiteti “Faydalı qazıntıların axtarışı, kəşfiyyatı və planaalması” ixtisası üzrə fərqlənmə diplomu ilə bitirib.  Bununla kifayətlənməyən Şəlalə xanım dövrün tələblərini nəzə­rə alaraq ikinci ixtisasa da yiyələnib – 2003-cü ildə Azərbaycan Dillər Universitetinin Filologiya fakültəsinə daxil olub və 2008-ci ildə universitetin bakalavr pilləsini  bitirərək ingilis dili müəllimi ixtisasına yiyələnib.

Bəlkə də, çoxları düşünər ki, bir xanım üçün iki ali məktəb bitirmək artıqlamasınca bəs edər. Amma Şəlalə xanım üçün bu da son olmayıb və o, təhsilini davam etdirməkdə qərarlı olub. 2008-2011-ci illərdə AMEA Geologiya İnstitu­tu­nun doktoranturasında “Neft və qaz yataqlarının geologiyası, axtarışı və kəşfiyyatı” ixtisası üzrə   təhsilini davam etdirib.

AMEA-nın vitse-prezidenti, akademik İ.S.Quliyevin elmi rəhbərliyi ilə işlədiyi “Hövzə modelləşdirilməsi texnologiyası əsasında Bakı arxipelaqı karbohidrogen potensialının qiymət­lən­­diril­məsi” mövzusunda dissertasiyasını 2016-cı ildə  uğurla mü­dafiə edərək yer elmləri üzrə fəlsəfə doktoru elmi dərə­cəsini alıb. Hövzə, karbohidrogen sistemləri və rezer­vuarların model­ləş­dirilməsi kimi müasir geotexnolo­giyalar əsasın­da Bakı arxi­pelaqının dərinə gömülmüş çöküntülərinin neft-qaz perspektiv­liliyinin elmi əsaslandırılmasına həsr olunan disser­ta­siya işi özünün  aktuallığı ilə seçilir.

Ümumiyyətlə, Ş.M.Hüseynovanın elmi maraq dairəsi höv­zə, karbohidrogen sistemləri və rezervuarların model­ləş­di­ril­məsi, süxurların litoloji, petrofiziki, geokimyəvi xüsu­siyyət­ləri, neftin palinologiyası və s. kimi istiqamətləri əhatə edir.

Ş.M.Hüseynova 21 elmi məqalənin müəllifidir, bir sıra elmi layi­hələrdə iştirak edib,  konfrans məruzələri tezislərinin müəllifi və həmmü­əllifidir. Onun elmi işlərinin nəticələri müx­təlif ölkədaxili və beynəlxalq konfranslarda, o cümlədən, Av­ro­pa Yer Elmləri Mühəndisləri Assosiasi­ya­sının (EAGE) kon­frans­larında (Avstriya, Vyana, 2011; Niderland, Amster­dam, 2014), Amerika Neftçi Geoloqları Assosiasiyasının (AAPG) konfrans­larında (Ukrayna, Kiyev, 2010; Gürcüstan, Tiflis, 2013), Azər­baycan Neftçi Geoloqları Cəmiyyətinin (ANGC) konfrans­larında (Bakı, 2011, 2012, 2015), Avropa Paleobotanika və Palinologiya konfransında (İtaliya, Padova, 2014), Beynəlxalq Palinoloji konqresdə (Braziliya, Salvador, 2016),  TSOP, ICCP və AASP təşkilatlarının konfransında (ABŞ, Hyuston, 2016) müzakirə edilib və böyük marağa səbəb olub.

Ş.M.Hüseynova EAGE, AAPG və ANGC-nin üzvüdür və ANGC-nin nəşr etdiyi “Azərbaycan Geoloqu” elmi jurnalının məsul katibidir.

Ş.M.Hüseynova əmək fəaliyyətinə 2001-ci ildə Res­pub­lika Ekoloji Tərbiyə və Təcrübəçilik Mərkəzinin “Təşkilati-kütləvi” şöbəsində metodist vəzifəsində başlayıb.  2001-2004-ci illərdə Khon Shipping Ltd şirkətində geoloq-məsləhətçi, 2009-2016-cı illərdə isə AMEA Geolo­giya və  Geofizika İnstitutunun “Neft və qaz geologiyası və geokimyası” şöbə­sində mühəndis, “Hövzə modelləşdirilməsi və geotex­nolo­giyalar” şöbəsində kiçik elmi işçi və elmi işçi vəzifələrində çalışıb. 2016-cı ildən AMEA Neft və Qaz İnstitutunda elmi katib vəzifəsində çalışır.

O, 2013-cü ildən eyni zamanda pedaqoji fəaliyyət göstərir – Bakı Dövlət Universitetitin Geologiya fakültəsində və Bakı Ali Neft Məktəbinin Neft və Qaz Mühəndisliyi fakültəsində dərs deyir.

Şəlalə xanım ailəlidir – gözəl bir ömür-gün yoldaşı, qay­ğı­keş anadır. Həyat yoldaşı Mahmud Ağahüseyn oğlu Hüsey­nov da ali təhsil­lidir, Azərbaycan Dövlət İqtisad Universite­tinin Mühasibat Uçotu və Audit fakültəsini bitirib, hazırda  sahibkarlıqla məşğuldur. Övladları  Riad və  Ağahüseyn  orta məktəbdə oxuyurlar.

Şəlalə xanım ömrünün və elmi-pedaqoji fəaliyyətinin ən gözəl çağını, ən məhsuldar dövrünü yaşayır. İnanırıq ki, onun daha böyük nailiyyətləri hələ qabaqdadır. Ona bu yolda uğurlar arzulayırıq.

Mənbə : Səməndər Məmmədov – “Faxralılar”, Bakı – “Elm və təhsil” – 2017, I kitab.

Faxralı.com saytında yerləşdirilən məlumatlar Hüseynqulu Məmmədli, Səməndər Məmmədov, Rəşid Faxralı, Allahverdi Kərimovun müəllifi olduğu 8-dən çox kitab və digər mənbələr əsasında tərtib olunmuşdur