Sərdar Yusub oğlu Qasımov (fizika-riyaziyyat elimləri namizədi)

QISA MƏLUMAT

Sərdar Yusif oğlu Qasımov 1955-ci ildə Bolnisi rayonunun Faxralı kəndində anadan olmuşdur. 1973-cü ildə Faxralı orta məktəbini bitirərək ADU-nun mexanika-riyaziyyat fakültəsinə daxil olmuşdur. 1978-ci ildə oranı bitirmiş və Azərbaycan EA Kibernetika institutunda baş laborant vəzifəsində işə başlamışdır. 1983-cü ildə Kibernetika institutunda hesablama riyaziyyatı ixtisası üzrə qiyabi aspiranturaya daxil olmuşdur. 1992-ci ildə Kibernetika İnstitutunda dissertasiya müdafiə etmiş, elmlər namizədi elmi dərəcəsinə layiq görülmüşdür. O,  Azərbaycan Dövlət Neft Akademiyasının tətbiqi riyaziyyat kafedrasının dosenti və Azərbaycan EA Kibernetika İnstitutunda baş elmi işçi vəzifəsinədək yüksəlmişdir. 20-yə yaxın elmi məqalənin müəllifidir. O, bir sıra ittifaq və respublika konfranslarının iştirakçısı olmuş, elmi məqalələr çap etdirmişdir.

Mənbə : REDAKTORDAN.

 

“KİMSƏNİN DALINCA DEMƏRƏM YAMAN”

Kimsənin dalınca demərəm yaman,
Utanım üz-üzə gəldiyim zaman.
N.Gəncəvi

İnsan yer üzünün əşrəfidir. Hər adam isə yer üzünün əşrəfi ola bilməz. Həyatda, cəmiy­yətdə insan kimi formalaşıb, hər şe­yin föv­qün­də insan­lığı görənləri görəndə adam sevinir, həyat­dan zövq alır. Belə insanların sırasında “yerdən-göydən güc alan, igidliklə ucalan, dost qarşılıyıb, yağı basan” Faxralının Sərdar  Qasımov kimi ziyalısı da vardır.

Qasımov Sərdar Yusub oğlu 22.01.1955-ci ildə Bolnisi rayonunun Faxralı kəndində ana­dan olub. 1963-cü ildə Faxralı orta məktəbinin I sinfinə daxil olub, 1973-cü ildə həmin məktəbin X sinfini əla qiymətlərlə bitirib.

1973-cü ildə S.M.Kirov adına Azərbaycan Dövlət Uni­ver­sitetinin  mexanika-riyaziyyat fakültəsinə daxil olub və 1978-ci ildə həmin fakül­təni riyaziyyat ixtisası üzrə əla və yaxşı qiymətlərlə başa vurub. Təyinatla Azərbaycan Elmlər Akademiyası Kibernetika institutuna göndərilib və baş laborant vəzifəsində əmək fəaliyyətinə başlayıb.

1983-cü ildə Kibernatika İstitutunda “Hesablama riyaziy­yatı” ixtisası üzrə qiyabi aspiranturaya daxil olub. 1987-ci ildə elmi rəhbəri dos. K.F.Şirinovla Moskvada elmi ezamiyyətdə olub və aldığı elmi nəticələr barədə M.V.Lomonosov adına Moskva Dövlət Universitetində görkəmli riyaziyyatçı, akade­mik A.A.Samarskinin elmi seminarında müvəffəqiy­yətlə çıxış edib.

1992-ci il sentyabrın 30-da Azərbaycan  EA Kibernetika institu­tunda akademik C.E.Allahverdiyevin sədrlik etdiyi ixti­saslaşmış Elmi Şurada “Qeyri-stasionar çoxfazalı qeyri-xətti süzülmə proseslərinin ədədi modelləşdirilməsi” mövzusunda na­­mi­zədlik dissertasiyası müdafiə edib və həmin ilin no­yabrında SSRİ Nazirlər Soveti yanında Ali Attestasiya Ko­mis­siyasının qərarı ilə ona “fizika-riyaziyyat elimləri namizədi” alimlik dərəcəsi verilib.

Dissertasiya işində alınan elmi nəticələr əsasında yaradıl­mış “NEFT” tətbiqi proqramlar paketi ARDNŞ-in “Balaxanı­neft” neftqazçıxarma idarəsində tədqiq olunan proseslərin əsas xarakteristikalarını və istis­marın rasional rejimlərini təyin et­mək üçün tətbiq olunub.

S.Y.Qasımov uzun illər Kibernetika İnstitutunda baş labo­rant, kiçik elmi işçi, elmi işçi, baş elmi işçi vəzifələrində çalışıb.

Elmi fəaliyyətlə yanaşı, pedaqoji fəaliyyətlə də sıx məşğul olub. Belə ki, 1986-cı ildən indiki Azərbaycan Dövlət Neft Aka­demiyasının “Tət­bi­qi riyaziyyat” kafedrasında saat  hesabı ilə, 0,5 ştat əvəzçi assistent və do­sent vəzifələrində, həmçinin Azərbaycan Prezidenti yanında Dövlət İda­­rəçilik Akademiya­sın­da 0,5 ştat dosent vəzifəsində çalışıb. 1996-cı ildən ADNA-nın “Tətbiqi riyaziyyat” kafedrasında dosent vəzifəsində çalışır.

Dəfələrlə respublika və beynəlxalq səviyyəli elmi kon­franslara dəvət olunub və maraqlı elmi məruzələrlə çıxış edib.

Onun 40-a yaxın elmi məqaləsi, həmçinin “Ehtimal nəzəriyyəsi və riyazi statistika”, “Fərq sxemləri nəzəriyyəsi”, “C/C++ dillərində proqramlaşdırma”, “Riyazi fizika tənlikləri” adlı dərs vəsaitləri və iki metodik vəsaiti çap olunub. Hələlik sonuncu kitabı “Riyazi analizin və cəbrin ədədi üsulları”dır.

S.Y.Qasımov Dövlət Neft Akademiyasının ictimai həya­tında da fəal iştirak edir. İqtisadiyyat, Beynəlxalq İqtisadi Münasibətlər və Menecment fakültəsi Elmi Şurasının üzvü ol­maqla yanaşı, “Tətbiqi riyaziyyat” kafedrası müdirinin müavini vəzifəsini də icra edir.

ADNA-nın “Tətbiqi riyaziyyat” kafedrasının dosenti, riyaziyyatçı-filosof-alim, şair, Əmək­dar müəllim, Azər­baycan Yazıçılar Birliyinin üzvü, Ə.Ə.Hüseynovun dediklərindən:

“Faxralı elinin tanınmış saz-söz ustadı Aşıq Orucun nəvəsi olan hörmətli Sədar Yusub oğlu Qasımov  olduqca təvəzökar, mehriban, həlim xasiyyətli bir yoldaşdır. O, gözəl alim, yaxşı pedaqoq olmaqla bərabər, həm də şair təbiətli vəfalı dostdur, gözəl ailə başçısı, sevimli və şirin babadır. Belə insanlar Bor­çalı mahalının mənəvi sərvətidir, dəyərli ziyalısıdır və gənc­lə­ri­mizə yaxşı nümunədir. Allah qorusun!”

ADNA-nın “Tətbiqi riyaziyyat” kafedrasının müdiri, AMEA-nın müxbir üzvü, professor, Əmək­dar müəllim K.R.Ayda-zadə isə S.Qasımov haqqında belə deyir:

“Sərdar müəllimlə mən 1980-cı illərdə tanış olmuşam. O vaxtlar təhsilini başa vurduqdan sonra o, təyinatla Azərbaycan Elmlər Akade­mi­yasının Kibernetika institununa göndərilmişdi. Bütün bu illər ərzində mənim onun haqqında fikirim ildən-ilə zənginləşir. Həmkarları arasında da onun nüfuzu daim artır.

Özünə belə münasibəti o, dərin və hərtərəfli biliyi, əmək­sevərliyi, düzgünlüyü, öz ətrafında olanlarla hər an, hətta lazım gəldikdə belə özünə və öz işinə ziyan vurmaq hesabına köməklik göstərməyə hazır olması ilə qazanmışdır.

Haqlı olaraq o, ADNA-nın professor-müəllim heyəti və tələbələr arasında böyük nüfuza malikdir. Mən çox şadam ki, mənim Sərdar müəllim kimi dostum var”.

Sərdar Qasımov ailəlidir, 2 oğlu və 1 nəvəsi var.

Böyük oğlu Orxan ADNA-nın “Qaz-neft mədən” fakül­tə­sini bitirib və hal-hazırda ARDNŞ-in İnformasiya Texno­logiyaları və Rabitə İdarəsində mühəndis vəzifəsində çalışır.

Kiçik oğlu Elnur isə ADNA-nın İPA fakültəsində oxuyur.

İnsan mənən təmiz olanda daha kamil olur. Kamil insanlar isə bu millətə, bu xalqa arxa olurlar. Müdriklərimizdən birinin dediyi kimi: “Gələcək təmiz adamlara məxsusdur”. Gözəl ziyalımız Sərdar Qasımov isə təmizliyi və insanlığı ilə fəxr edə bilər.

Sərdar Qasımov elinnən durub, elinnən nəfəs alan yurd­canlı Vətən oğludur, nəcib insandır. Həmişə sadəliyi ilə seçilir. Əxlaqi fəzilətlərə tapınan xeyirxah ziyalıdır. Əlindən, istəsə də, pislik gəlməz, lovğalığın nə olduğunu bilməz. Sərdar Qasımov çox gözəl bilir ki, Böyük söz sultanımız Səməd Vurğun demişkən:

Yeridir, bir məsəl desəm yadigar,
Deməsəm ürəyim sıxılacaqdır:
Birinci addımda lovğalananlar,
İkinci addımda yıxılacaqdır.

Sərdar müəllim yaxşı riyaziyyatçı olmaqla bərabər həm də yaxşı müəllimdir. Tələbələrin psixologiyasını gözəl bilir. Riya­ziyyatın sirlərini tələbələrə çox böyük həvəslə öyrədir. Tələbə­lərinin xoş sədasını eşidəndə sevincinin həddi-hüdudu olmur. Fikirləşir ki, zəhməti hədər getməyib. Müəllim üçün həyatda bundan böyük mükafat nə ola bilər.

Sərdar Qasımov çox gözəl bilir ki, “qızıldan gümüşdən, zərdən, zibadan insanın bir təmiz adı gözəldir”. “İnsan qəlbinin mühəndisi” Əbül Fərəcin təbirincə desək: “Daş-qaş əvəzinə özünə bilik yığsan daha çox tanınarsan. Ən qiymətli daşı salıb itirə bilərsən, ən sadə biliyi isə səndən heç kəs ala bilməz”. Sərdar Qasımov sadə bilik yolunu qaralayıb ömür yolunu davam edir. Uca zirvələr səltənətinə aparan yolunu.

Mənbə : Səməndər Məmmədov – “Faxralılar”, Bakı – “Elm və təhsil” – 2017, I kitab.

Faxralı.com saytında yerləşdirilən məlumatlar Hüseynqulu Məmmədli, Səməndər Məmmədov, Rəşid Faxralı, Allahverdi Kərimovun müəllifi olduğu 8-dən çox kitab və digər mənbələr əsasında tərtib olunmuşdur