Söhrab Əli oğlu Hüseynov

Söhrab Əli oğlu Hüseynov 19 oktyabr 1957-ci ildə Bakı şəhərində doğulmuşdur.

Əslən Borçalı mahalının Faxralı kəndindən Yahalar nəslindəndir. O, hələ məktəbdə oxuyarkən Y.Qaqarin adına pionerlər sarayında rəsm dərnəyində məşğul olmuş, bu maraq onu Əzim Əzimzadə adına rəssamlıq məktəbinə aparmışdır. 1972- 1976-cı illərdə rəssamlıq məktəbində bədii tərtibat üzrə təhsil almış, daha sonra 1980-1986-cı illərdə Tbilisi Dövlət Rəssamlıq Akademiyasında təhsilini davam etdirərək qrafik rəssam ixtisasına yiyələnmişdir. O dövrdə demək olar ki, Faxralıda yaşamış, bu elin, obanın gözəlliklərini tablolara köçürmüşdür.

Doğma kəndini əks etdirən 10-a qədər sənət əsərləri vardır. Bakıya qayıtdıqdan sonra bir müddət Azərbaycan Dövlət Televiziya və Radio verilişləri komitəsində rəssam dekorator kimi çalışmışdır. Daha sonra 10 il M.A.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunda Dəzgah qrafikası fakültəsində, 20 ilə yaxın H.Əliyev adına Müasir Təhsil Kompleksində estetika kafedrasında və nəhayət Qərbi Kaspi Universitetində pedoqoji fəaliyyətlə məşğul olmuş, tələbələrinə incəsənətin xüsusi qabiliyyət və istedad tələb edən bu növünün sirlərini öyrətmişdir.

1991-ci ildən Azərbaycan Rəssamlar İttifaqının üzvü idi. 1983-cü ildən başlamış hələ universitetdə təhsil alarkən müxtəlif sərgilərdə iştirak etmiş, əsərləri Bakı, Tbilisi, Omsk, Almata və Moskva şəhərlərində nümayiş etdirilmişdir. Müxtəlif illərdə və məkanlarda keçirilən 18 sərgidə “Kənd motivi” (rəngli linoqravür), “Küçə” (ofort), “Şəhər mənzərəsi” (kağ.akvarel), Exlibris –D.Cabua (ofort), Exlibris- L.Kərimov (linoqravür), “Faxralı” ksiloqrafiya silsilə əsərləri, “Mənim azərbaycanım” ksiloqrafiya silsilə əsərləri, “Sevincli gün” (diptix, ksiloqrafiya), Exlibris-S.Hüseynova (ofort), “Dünya qopur” (linoqravür), “Ş.İ.Xətai-500” (ofort, akvatinta), “Novruz” (ksiloqrafiya) və s.əsərləri geniş tamaşaçı kütləsinə təqdim olunmuşdur.

Ailəli idi, 3 övladı vardır. Övladlarından biri rəssamın sənət yolunun davamçısıdır.

Hüseynov Sörab Əli oğlu 17 dekabr 2020-ci ildə dünyasını dəyişmişdir.

Allah rəhmət eləsin!

Faxralı.com saytında yerləşdirilən məlumatlar Hüseynqulu Məmmədli, Səməndər Məmmədov, Rəşid Faxralı, Allahverdi Kərimovun müəllifi olduğu 8-dən çox kitab və digər mənbələr əsasında tərtib olunmuşdur