Süleyman Mehralı oğlu Qasımov (iqtisad elmləri doktoru, professor)

QISA MƏLUMAT

Süleyman Mehralı oğlu Qasımov 1961-ci ildə Bolnisi rayonunun Faxralı kəndində anadan olmuşdur.1978-ci ildə Faxralı kənd orta məktəbini bitirdikdən sonra Azərbaycan Xalq Təsərürfatı İnstitutuna (indiki ADİU-nun) daxil olmuşdur. 1982-ci ildə həmin institutu bitirmiş və iqtisadçı ixtisasına yiyələnmişdir.1982-ci ildə Neft Daşları, Neft və qazçıxarma idarəsində gənc mütəxəssis kimi əmək fəliyyətinə başlamışdır. 1982-ci ildən 1991-ci ilədək həmin idarədə mühasiblikdən baş mühasib vəzifəsinədək yüksəlmişdir. 1991-ci ildə Xəzərdənizneftqaz İstehsalat Birliyində, 1992-ci ildə Azərneft neft və qazçıxarma baş idarəsində və 1994-cü ildə Dənizdə neft və qazçıxarma İstehsalat Birliyində baş mühasib vəzifəsində çalışmışdır. 1996-cı ildə Azərbaycan Dövlət İqtisad İnstitutunun “Muhasibat uçotu və audit” kafedrasının dissertantı qəbul olunmuş, 2001-ci ildə “Mühasibat uçotu, nəzarət və təsərrüfat fəaliyyətinin təhlili” ixtisası üzrə “Dənizdə neft və qazçıxarma sənayesində idarəetmə uçotunun təşkili problemləri və tətbiqi istiqamətləri” mövzusunda dissertasiya müdafiə edərək iqtisad elmləri namizədi alimlik dərəcəsi almışdır. Süleyman Qasımovun elmi fəaliyyəti 10 elmi əsərdə öz əksini tapmışdır. Bu müddət ərzində bir neçə elmi və elmi-praktik konfrans və simpoziumlarda çıxış edib, materiallar çap etdirmişdir.

Hal-hazırda Süleyman Qasımov ARDNŞ-nin iqdisadi məsələlər üzrə vitse-prezidenti, iqtisad elmləri doktoru, pofessordur.

Mənbə : REDAKTORDAN

SAFLIQ ÖMRÜN ŞƏRƏFİDİ

Şər ilandı, şər əfidi,
Saflıq ömrün şərəfidi,
Qoru görüm, şərəfi di,
Qorudunsa, yaşamısan.

Zəlimxan Yaqub

Düzü, bu yazı çoxdan yazılmalı idi. Daha doğrusu, kəlmə – kəlmə, misra-misra yazılırdı da. Sadəcə ola­raq kağıza köçürül­məsi qalırdı. Bu­nun da bir səbəbi bu yazını belə asan­lıqla bitirməyin mümkün olmaması idisə, digər səbəbi də onun özü­nün belə şeyləri xoşlamaması, hər cür tərifdən daim uzaqda durmağa çalışması idi. Heç zaman etdiyi xeyirxahlığı gözə soxmağa çalışmamış, əldə etdiyi uğurlara da soyuq­qanlılıqla yanaşaraq daxili sevincini büruzə verməmişdir. İstər el­min çətin yollarında, istərsə də vəzifə pillələrində yük­səl­dik­cə sadə­li­yinə, təvazökarlığına sadiq qalmış, yersiz öyün­mə­miş­dir. Bəl­kə də elə bu səbəbdəndir ki, hər dəfə onun haqqında dü­şünəndə yadıma ilk olaraq Osman Sarıvəllinin bu sözləri düşür:

Ləyaqətin varsa, taparlar səni,
Şan – şöhrət dalınca qaçmaq  əbəsdir.

Və onun haqqında düşünəndə bir də A.Lunaçarskinin bir fik­ri­ni xatırlayıram: ”Qiymətli vaxtını öldürən adam özünü öl­dü­rür, öz insanlıq ləyaqətini öldürür, insanlıq idealını öldü­rür”. Bu yazımın qəhrəmanı həmişə vaxtın qiymətini bilib, ondan səmərəli istifadə edib və yüksək ideallarla, böyük arzu­larla yaşayıb. Xəbislik, ikiüzlülük, xırda hisslər ona yad olub.

… Süleyman Mehralı oğlu Qasımov 1961-ci il dekabrın 26-da Borçalının axarlı-baxarlı bir guşəsində, bu gün yetir­mə­lə­ri­nin sorağı Borçalının hüdudlarından çox-çox uzaqlardan gə­lən, neçə-neçə ünlü alimi, həkimi, mühəndisi, idmançısı və digər peşə sahibləri ilə ad çıxaran ağır ellli Faxralı kəndində halal­lıqla çörək qazanan əllərinə tapınan, alın təri ilə öyünən ailədə ana­dan olub. Yaşıdları kimi qayğısız uşaqlıq illərini ya­şa­yıb. Fax­ralı orta məktəbini bitirib. İlk baxışda yaşıdlarından, mək­təb yoldaşlarından heç nə ilə fərqlənməsə də, məktəbdə əla oxuması müəllimlərin diqqətindən yayınmayıb, onun gələ­cə­yinə böyük ümidlər bəsləyiblər. Və təbii ki, müəllimlərinin ona qarşı olan bu ümidi sadə əmək adamı olan valideynlərinin ürə­yini fərəhdən dağa döndərir, oğullarının işıqlı sabahına inam­larını artırırdı.

Zəlimxan Yaqub şeirlərinin birində yazır:

Şər ilandı, şər əfidi,
Saflıq ömrün şərəfidi,
Qoru görüm, şərəfi di,
Qorudunsa, yaşamısan. 

Şərəf və ləyaqət üstə köklənməyin nəticəsidir ki, Süleyman Qasımov müəllimlərin və valideynlərinin inamını doğrultdu. Şərəflə yaşayan və bu günkü günə qədər yaşaya-yaşaya şərəfini qoruyan bir ocağa tapındı. 1978-ci ildə Faxralı orta məktəbini əla qiymətlərlə bitirərək Bakıya gəldi və o vaxtkı Xalq Təsər­rü­fat İnstitutunun (indiki Azərbaycan Dövlət İqtisad Uni­ver­si­te­tinin) uçot-iqtisad fakultəsinə qəbul oldu. Artıq böyük həyata  ilk uğurlu addım atılmışdı. Bununla belə o, yaxşı bilirdi ki, da­ha gərgin günlər, yuxusuz gecələr hələ qabaqdadır. İstedadına nə qədər güvənsə də, yaxşı bilirdi ki, müdriklərdən biri de­miş­dir: “İstedad bircə çimdik də olsa kifayətdir, inad­kar­lıq isə dərya qədər olmalıdır. İstedad hələ hər şey demək deyil, əgər o, son dərəcə inadkar olmayan bir adama verilibsə, məhv olub gedə bilər”.

Onun üçün bir şey də gün kimi aydın idi: “Sən öz məqsə­di­nə nail olmaq üçün üç şeyə malik olmalısan: İstedada, inad­kar­lığa, özünə inama! Bacarmıram, bilmirəm, istəmirəm, sözlərini özünə qadağan etməlisən”.

Süleyman Mehralı oğlu qaynar tələbəlik illərini məhz bu amalla, bu idealla yaşadı. Hər dəqiqənin qədrini, qiymətini bil­di. Və təbii ki, gərgin zəhmət də öz bəhrəsini verdi: o, 1982- ­­ci ildə institutu fərqlənmə diplomu ilə bitirərək iqtisadçı ixtisasına yiyələndi. O vaxtlar ali məktəbi fərqlənmə diplomu ilə bitirmək məzuna böyük üstünlüklər verirdi. Əsasən belə məzunlar elmi şuranın qərarı ilə müvafiq kafedralarda saxlanılaraq elmi işə cəlb olunurdular. Bu baxımdan tələbəlik illərində elmi işə son­suz marağı ilə müəllimlərinin diqqətini çəkən Süleymanın ali mək­təbdə qalmaq imkanları daha çox idi. Amma o, hələlik bu­nu istəmədi. Hesab etdi ki, elmlə məşğul olmaq heç vaxt gec de­yil. Həyatı daha dərindən öyrənmək, elmi biliklərini təcrü­bə­də möhkəmlətmək üçün istehsalatda çalışmağı daha münasib saydı. Çünki yaxşı bilirdi ki, “Kəlilə və Dimnə” də deyildiyi kimi, “nəzəriyyə təcrübəsiz, şəkil məzmunsuz, dövlət ədalətsiz, elm hikmətsiz, sədəqə niyyətsiz fayda verə bilməz”.

Beləcə, o,  1982-ci ildə Neft Daşları Neft və Qazçıxarma idarəsində gənc mütəxəssis kimi əmək fəaliyyətinə başladı. Ali məktəbdə yiyələndiyi dərin bilik burada karına gəldi, savadı, bacarığı və işgüzarlığı rəhbərliyin diqqətindən yayınmadı. 1982-ci ildən 1991-ci ilədək həmin idarədə mühasiblikdən baş mühasib vəzifəsinədək yüksəldi. 1991–1992-ci illərdə “Xəzər­də­nizneftqaz” İstehsalat Birliyində, 1992-1993-cü illərdə  “Azərneft” Neft və Qazçıxarma Baş İdarəsində baş mühasib vəzifəsində çalışdı. 1994-2003-cü illərdə isə Dənizdə Neft və Qazçıxarma İstehsalat Birliyinin baş mühasibi oldu.

Artıq zəngin  təcrübəsi,  işə məsuliyyəti, təşkilatçılıq baca­rı­ğı ilə ölkə iqtisadiyyatının əsasını təşkil edən neft sektorunda özünəməxsus hörmət və nüfuz qazanan Süleyman Qasımov daha yuxarı dairələrin də diqqətini çəkdi. Və o, 2004-cü ildə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin iqtisadiyyat və uçot idarəsinin əvvəlcə rəis müavini, sonra isə rəisi təyin olundu. Bu vazifədə ona göstərilən etimadı doğruldan Süley­man Qasımova 2006-cı ilin dekabr ayında daha yüksək və məsul bir vəzifə etibar olundu. O, Azərbaycan Respublikası Prezi­dentinin sərəncamı ilə ARDNŞ-nin iqtisadi məsələlər üzrə vitse-prezidenti vəzifəsinə təyin olundu. Vaxtı ilə böyük söz sultanı Qazı Bürhanəddin yazırdı:

Gələn birdi, gedən birdi, qalan bir,
Gedən gəlməz, gələn qalmaz əcəb sirr.
Bir əvvəl var, bir axır var deyirlər;
Yalan  sözdür nə əvvəl var, nə axır.

Əcəb sirr olan bu dünyada əvvəl də insanlıqdı, son da in­san­lıqdı. İnsanlıq həm də tanrı yoludu. Bu yolu ancaq Allahın kö­məyi və əxlaqi fəzilətlərin  müşayiəti ilə getmək olar. Süley­man Qasımovun valideynləri özlərini biləndən bu yolun yolçu­larıdır. Bu fikri ona görə vurğulayıram ki, Süleyman Qasımov ilk tərbiyəni və təcrübəni bu ailədə qazandı və tədricən da­irə­sini genişləndirdi. Bu da bir faktdır ki, Süleyman və digər öv­lad­ları Mehralı kişinin bənzərsiz ömrünə bəzək, başına tac ol­du­­lar. Beləcə, Süleyman Qasımov ömür pillələrini qalxmağa başladı.

Bununla belə vəzifə pillələrində ucalması, daşıdığı vəzifə­nin məsuliyyəti onun hələ tələbəlikdən elmi axtarışlara olan ma­rağını azalda bilmədi. Və o, 1996-cı ildə Azərbaycan Dövlət İqtisad Universitetinin  «Mühasibat uçotu və audit» kafedra­sı­nın dissertantı kimi elmi axtarışlara başladı. Zəngin təcrübə ilə möhkəmlənən dərin elmi bilik və gərgin zəhmət öz bəhrəsini verdi. 2001-ci ildə adıbəlli Faxralı alimlərinin sırasına bir ad da əlavə olundu: Süleyman Qasımov məhz həmin ildə «Mühasibat uçotu, statistika» ixtisası üzrə  «Dənizdə neft və qazçıxarma sənayesində idarəetmə uçotunun təşkili problemləri və tətbiqi istiqamətləri» mövzusunda dissertasiya müdafiə edərək iqtisad elmləri namizədi alimlik dərəcəsinə yiyələndi. Bundan sonra daha yüksək vəzifələrdə çalışmasına görə çoxları güman edə bilərdi ki, artıq Süleyman Mehralı oğlunun elmi axtarışlarını davam etdirməyə vaxtı olmayacaq. Amma o, özünün inadkar­lı­ğı və əzmkarlığı ilə bir daha sübut etdi ki, ürəkdə istək olarsa hər şeyə vaxt tapmaq, hər bir çətin işin öhdəsindən gəlmək olar. Bu inadkarlığın, zəhmətsevərliyin məntiqi nəticəsi kimi o, 2009- cu ildə “Neft və qazçıxarma sənayəsində idarəetmə uçotu və iqtisadi təhlil problemləri” mövzusunda doktorluq dissertasiyasını uğurla müdafiə edərək “Mühasibət uçotu, statistika” ixtisası üzrə iqtisad elmləri doktoru elmi dərəcəsinə layiq görüldü.

Bəli, bu gün Süleyman Qasımovu Azərbaycanda neft sek­torunun inkişafında xidmətləri ilə yanaşı, həm də görkəmli bir iqtisadçı alim kimi tanıyırlar. İndiyədək onun iqtisadiyyatın bu və ya digər sahələrinə aid onlarla elmi məqaləsi respublikamızn və bir sıra xarici ölkələrin nüfuzlu elmi jurnallarında dərc olu­nub, respublika və beynəlxalq səviyyəli elmi və elmi-praktik konfrans və simpoziumlarda məruzələrlə cıxış edib.

Yuxarıda da qeyd etdiyimiz kimi, onun özü şan-şöhrət da­lın­ca qaçmasa da, atalar demiş, el gözu tərəzidir. Həmişə yük­sək mənəviyyatı, intellektual səviyyəsi ilə seçilən Süleyman Mehralı oğluna hər yerdə böyük ehtiram göstərilib, adı çəki­ləndə haqqında ancaq xoş sözlər deyilib. Onun əməyi dövlət tərəfindən də öz layiqli qiymətini alıb. 2006-cı ildə Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə  “Tərəqqi” medalı ilə təltif olunub.  Buradaca A.Abdullanın sözləri yada düşür:

Qara torpağına sürtdüm üzümü,
Üzüm el yanında ağardı, Vətən!

S.Qasımov el-oba təəssübü çəkən, yurdsevən, üzü el yanında həmişə ağ olan vətən övladı, torpaq oğludur. O, həm də gözəl ailə başçısıdır. Hər iki övladı ali məktəb tələbəsidir: qızı Pərvanə Azərbaycan Dövlət İqtisad Universitetinin, oğlu Mehralı Kiyev Beynəlxalq Münasibətlər İnstitutunun tələbəsi­dir.  İnanırıq ki, bu övladlar zamanın tələbi olmaqla, zamanın nəbzini tutub ləyaqət zirvəsinə ucalacaqlar.

Süleyman Qasımov hazırda ömrünün ən məhsuldar çağını yaşayır. İstər istehsalatda, istərsə də elm sahəsində onu qabaqda daha böyük uğurlar gözləyir.

Biz də ona bu yolda yeni-yeni nailiyyətlər arzusu ilə bu yazını C. Ruminin bir fikri ilə tamalayırıq: “Nə qədər ki, sağlam və qüvvətlisən işlə. İşindən qalma və əgər sənə xoşbəxt tale yazılıbsa, o, səni tapacaq”.

Mənbə : Səməndər Məmmədov –  “Ağır elsən, Borçalıda adın var…”, Bakı – “Nurlan” – 2009, I kitab.

 

 ƏHSƏN BU ÖMÜRƏ, YAŞA, ELOĞLU

O adam ki, bilir və biliyi ilə başqa­larını heyran edir, o, alimdir; ona ehtiram edin.
O adam ki, bilir və biliyinə  güvənmir, o, özündən  xəbərsizdir;  onu tənqid edin.
O adam ki, bilmir və öyrənməyə cəhd edir, o  zəhmətkeşdir; ona kömək edin.
O adam ki, bilmir və öyrənmək də istə­mir, o, ağılsızdır, ondan uzaq olun.
N.Tusi  

Hələ neçə onilliklər öncə şair Nəbi Miskin böyük iftixarla deyirdi: “Faxralı tək ağır elim var mənim”. Təkcə Bor­çalıda yox, onun hüdudlarından  çox-çox uzaqlarda da məşhur olan bu sözlər bu gün kimliyindən, harada yaşama­sından və hansı vəzifəni daşı­­masından asılı olmayaraq Borçalının ağır ellərin­dən olan, Azər­bay­canda və bütün Türk dünyasında da yaxşı tanınan bu qədim Türk yur­du­nun yetirmələrinin dilinin əz­-­bəri, bir növ fax­ralıların vizit kartıdır. Bu tor­paq­da ayaq açıb, bu kən­din suyundan içən hər kəs üçün elə Faxralının özü qədər əzizdır, müqəd­dəsdir bu kəlmələr. Eyni zamanda bir məsu­liy­yətdir. Ağır elin məsu­liyyəti!

R.Taqor əsərlərinin birində  yazır ki, “böyük torpaq adicə otun sayə­sində qonaqpərvər olur”. Ümummilli lidermiz Heydər Əliyev isə belə demişdir: “Xalq həmişə öz ziyalıları, öz mədə­niyyəti, öz elmi ilə tanınır”.

Bəli, torpaq üstündə bitirdiyi adicə otla tanınırsa, kənd, böl­gə, res­pub­lika və sonunda isə millət də yetirdiyi şəxs­iy­yət­lərlə ta­nınır. İn­sa­nın canında, qanında vətənpərvərlik, doğma yurda bağlılıq, vətən sevgisi yox­dursa, təbii ki, el-oba qar­şı­sında məsu­liyyət də olmayacaq. Gərək  nəb­zin Vətənin nəbzi ilə vursun. Bu mənada faxralıların fəxr et­mə­yə haqqı var. Tari­xin hansı qatına üz tutsaq, bu kəndin bir tanınmışı, məş­hu­ru çıxır qarşımıza. Özü də həyatımızın bütün  sahələrində. Aşıq Polad­dan başlamış Əli Səngərliyədək, Mirzə Rza Əlizadə və Əfqan Faxralıdan tut­muş bu gün ABŞ-ın Texas ştatında çalışan professor Rəhilə Rama­zan­lıya, Klivlend ştatında elmi fəaliy­yətlə məşğul olan Tahir Qasımova, ke­çən əsrin otuzuncu illə­rində Türkiyənin  energetika naziri vəzifəsində çalış­mış Hida­yət Turandan  üzübəri Arif Əliyevə qədər hər kəs bu elin başu­ca­lığına, təkcə faxralıların yox, həm də borçalıların, bütöv­lük­də soydaşlarımızın qürur yerinə çeviriliblər və adları Faxralının şərəf kitabına yazılanların hamısını sadalasan böyük bir siyahı alınar. Və mən bu siyahını uzatmadan bir şeyi xüsusilə qeyd etmək istəyirəm ki, istər alim olsun, istər müəllim, həkim, mü­hən­dis, istərsə də dövlət məmuru, ictimai-siyasi xadim, hüquq-mühafizə orqanı işçisi, yaxud da ədəbiyyat adamı – onların hamısını birləşdirən  bir ümumi cəhət, bir pirinsip var: doğma Faxralının babalardan yadigar qalmış şöhrətinə xələl gətirmə­mək, onu daha geniş coğrafiyada tanıtmaq, şöhrətinin üstünə şöhrət gətirmək. Faxralının belə oğullarından biri də Süleyman Mehralı oğludur.

Bu gün Azərbaycanda məsul dövlət vəzifəsində çalışan və həm mə­mur, həm də elm adamı kimi bütün potensialını ölkə­mizin iqtisa­diy­ya­tı­nın daha da möhkəmlənməsinə sərf  edən Süleyman Qasımovun uğur­larının kökündə vətən məhəbbəti, millət sevgisi durur. Süleyman Mehralı oğlu sağlam bir mənəvi mühitdə, elə bir ailədə dünyaya göz açıb ki, mayası zəhmətlə yoğrulub, eyni zamanda özünün həyata baxışı, zəhmət­se­vərliyi, fədakarlığı, uzaqgörənliyi və yüksək mənəvi keyfiyyətləri ilə seçilib. Maksim Rılski mükafatına layiq görülmüş müqtədir söz sahibi, hal-hazırda yaşayıb-yaradan görkəmli şairimiz Abbas Abdullanın mənim sevdiyim bir gözəl, mükəmməl ibarəsi, Zəlimxan Yaqub demişkən, dolu kəlamı var:

Qara torpağına sürtdüm üzümü,
Üzüm el yanında ağardı, Vətən.

Elə bil, Abbas Abdulla bu sözləri Süleyman Mehralı oğlu­nun vali­deyn­ləri üçün yazıb, gözünü açandan torpağa bağlı olan bu halal zəhmət adamlarını tərənnüm edib.

İnsanlıq hər adama nəsib olmur. Adamlar var ki, özləri ki­mi səthi adamları tez valeh edirlər. Ancaq dərinə gedəndə on­ların boşluqları görünür. Çünki  iç dünyaları bataqlıqdır.

İnsan da var, təpədən-dırnağadək nurdu, işıqdı – içi zən­gin, çölü zəngin. Belə adamları eldə-obada barmaqla gös­tərirlər. “İnsan mənəviy­yat üçün yaşamalıdır. Mənəviyyatını qoru­yan, yaşadan insan əbədi olacaqdır”,  – Ulu öndər Heydər Əliyevin dediyi bu müdrik kəlamlar Süleyman Mehralı oğlu­nun bir növ həyat devizinə çevrilib. Mənəviyyat prinsiplərinə daim sadiq qalması hələ gənclik illərindən ona həm çalışdığı kollektivdə, həm də eldə-obada hörmət qazandırıb, nüfuzunu artırıb. İn­san  üçün həyatda ən böyük qiymət, ən böyük müka­fat  el-oba mə­həb­bəti, xalq sevgisidir. Süleyman müəllim döv­lət məmurluğu ilə yanaşı, həm də el adamı olmağı özündə üzvi şəkildə bir­ləş­dirə bilir, elin ləyaqətli oğlu olmağı bacarır və bun­dan qürur du­yur. Ataların “ağac bar verdikcə, ba­şını aşağı əyər” kəlamı san­ki onun üçün deyilib. İqtisad elimləri doktoru, professor olan Süleyman Mehralı oğlu bununla da yerli-yersiz öyün­mə­yib, elmdə əldə etdiyi uğurları istehsalatda tətbiq etməyə çalışıb. Ça­lışıb ki, gərgin elmi axtarışlarının nəticələri iqtisa­diyyatımızın inki­şafına yönəlsin.

Süleyman Mehralı oğlunun savab işləri sırasına yazılan xid­mət­lərindən əhəmiyyətli biri də Borçalıda əhalinin su tə­minatı, qaz­laş­dırma işinə verdiyi töhfələrdir, bu məsələni daim diqqət mərkəzində saxla­ma­sıdır.

Vaxtilə Bakıda su problemi olanda Hacı Zeynalabdin Ta­ğı­yev (Allah rəhmət eləsin) ümumi vəziy­yətlə tanış olur,  görür ki, doğrudan da çox böyük çətinliklər var su ilə bağlı. Şollar suyunun  çəkilməsi ilə bağlı mü­hən­­dislər, mütəxəssislər dəvət edir, belə qərara gəlir ki, suyu Şahdağdan çəksinlər. Oxudu­ğu­ma görə, ətrafda olan adamlar deyirlər ki, ay hacı, bu su tükə­nəcək. Tağıyev deyir: “Su o vaxt tükənər ki, Şahdağın başından qar əskik olar.”

Məntiq qarşısında qalan hamı başa düşür ki, su heç vaxt tükən­mə­yəcək, gəlişi ilə həyat gətirəcək, gözəllik bəxş edəcək. Ulularımızın təfək­küründən süzülüb gələn bu məntiqə görə, su­yun özündə bir saflıq, aydınlıq təmizlik var, xeyir-dua var, həm də sağlamlıq var. Folklo­ru­muzda su ilə bağlı alqışlar da çox­dur: “Su qədər ömrün olsun!..”

Bu alqışa ünvan olanlardan ARDNŞ-nin prezidenti, hör­mətli Rövnəq müəllimin Faxralıya səfərini, vaxtilə on üç min nəfər əhalisi olan bu böyük kənddə yaxşı xatırlayır və ümid edirlər ki, kəndin su təminatındakı çatışmamaz­lığın tam həll olunacağı gün də uzaqda deyildir.

Süleyman Mehralı oğlu da bu məsələnin birdəfəlik həlli va­riantları üzərində fikirləşir. Artıq ilk təşəbbüslər var və inan­mağa dəyər ki, həmin təşəbbüslər intişar tapacaq, qarşıya qo­yu­lan məqsədə tezliklə nail olu­na­caq. Dövlətimizin, onun başçısı İlham Əliyevin (Allah onun canını sağ elə­sin) borça­lı­ların problemlərinə həssas yanaşması ümid etməyə əsas verir ki, Azərbaycan Prezidentinin Borçalı ilə, orada yaşayan yarım mil­yon azərbaycanlı ilə bağlı ideyaları məqsədyönlü şəkildə həyata keçiriləcək.

…Süleyman  Mehralı oğlunun inşa etdirdiyi körpüdən ke­çən 80 yaşlı Musa qızı Tamam anamızın alqışının  şahidi olmu­şam: “Ay Süleyman, səni Allah qorusun! Allah ruzini başından töksün, ayağına daş dəyməsin! Qazanan əllərin, yeriyən ayaq­ların var olsun!” Bir ixtiyar yaşlı kənd sakininin xeyir-duasıdı bu. Həyatda bundan gözəl, alqışa ünvan olmaqdan daha əfzəl nə ola bilər?!

Respublika səviyyəsində rəhbər vəzifədə çalışan bir insan ki­mi, onu fərqləndirən bir xüsusiyyət də həyatda öz yerini, məhz özünəməxsus olan yeri tutması, səmimiyyəti, sadəliyi, baş­qa­larının fikrinə hörmətlə yanaşmağı bacarması və imkan­larından artıq iddiada olmamasıdır. Yaxşı bilir ki, “kim ki, bili­yindən, bacarığından artıq iddialar edir, o, həmişə məğlub olur” (Heydər Əliyev).  Süleyman  Mehralı oğlu bu məqama, cəmiy­­yət­dəki hazırkı mövqeyinə “həyatın dibindən”, görə-görə, götürə-götürə gəlib yetişib, bu səviyyəyə çatıb. Çünki hər şeyin fövqündə insanlığı görür. Bu da onun içindən gələn təmizlikdi.

Başqalarına rəhbərlik etmək, yol göstərmək üçün hər şey­dən əvvəl gərək insanın mənəvi haqqı olsun. Süleyman Qa­sı­mov bu haqqı yuxarıda sadaladığım keyfiyyətlərlə qazanmış­dır.

Gözəl bir insandır, zəhmətə bağlı,
Çörəyi qazanır alın təriylə.
Təmizdir amalı, işıq paylayır,
Fəxr edir el-oba əməlləriylə.

Bir istək, sevgi var onun canında,
Kişi qanı axır damarlarında.
Nəğmələr dil açır onun dilində,
Odlu nəfəsidir dağda qarın da.

Sadədir, seçilmir adi insandan,
Qəlbində sönməyən məhəbbəti var.
İnsanlığı ucalardan ucadı,
Haqlıya haqq deyən ədaləti var.

Xalqın sevgisini qazanmaqla dövlətin qayğısına layiq ol­mağın üst-üstə düşməsi hər insan üçün gözəllik çələngidir. Bu­nu da Allah Süleyman  Mehralı oğluna qismət eləyib. Borça­lının çox hörmətli ziyalılarından biri olan Hacı Həmid Kəri­movun dediklərindən: “Bu kənd çox böyük dühalar yetişdirib. Çox böyük insanlar, zəhmətkeş və sadə adamlar yetirib. On­ların hər biri bu kəndə şərəf gətirən adamlardı. Belələrindən biri də Süleyman Mehralı oğludur.”

Doğurdan da, insana xas olan müsbət xüsusiyyətləri vəsf etmək üçün nə ki gözəl sözlər varsa, Süleyman  Mehralı oğlu­nun ünvanına söyləmək olar. Zi­yalı kimi gözəl, eloğlu kimi gözəl, məmur kimi gözəl olan Süley­man Mehralı oğlu bizim Faxralı orta məktəbinin yetiş­dirdiyi ən gözəl, kamil məzun­la­r­dan biridir. Məktəbinə bağlı, eli­nə bağlı, obasına bağlı, tor­pa­ğını, Vətənini sevən adamdı. İn­san­lığı ilə, alimliyi ilə do­ğul­duğu ailə­yə, təmsil etdiyi nəsilə baş­ucalığı gətirən oğuldur. Allah belə oğulları var eləsin. Bor­çalının məşhur şairlərindən biri Hüseyn Mahmudoğlunun dediyi kimi, belə oğullarımızın hər biri kökündən cücərib min budaq olsun”.

Ucalıq! Bu, hər bir bəşər övladının arzuladığı, eyni za­man­da hərənin bir şeydə gördüyü bir fəzilətdir. Bu da məlumdur ki, əsl ucalığa yüksəlmək hər kəsə nəsib olmur. “Hər ucalıq bir alçağa dərd olsa da”, ucalar həmişə öz məqamında  dayanmağı bacarır. Ucalıq  işıqdı, nurdu, sevincdi. Bu ucalıqda dayanan­lardı cəmiyyəti nura qərq edənlər. Belə nurlu ucalardandır Süley­man Qasımov. Onun ucalığı bir də onunla əzəmətli  və vüqarlıdır ki, İlahidən pay, Mehralı kişi kimi nurlu atadan, Gülüstan xanım kimi ağzı xeyir-dualı anadan güc alıb. Bir də:

Ellərə söykənib bu ellər oğlu,
Keçilməz yerlərdən körpülər salır.
Bu oba, bu ellər bizimdi deyib,
Dağından, daşından güc, qüdrət alır.

Kimsəsiz, kasıbın əlindən tutur,
Yanından naümid qayıdan olmur.
Kömək  istəyənin dadına çatır,
Yurda şərəf olmaq hamıda olmur.

Öyünməz özüylə, deməz nəçidir,
Belə oğulları bəxtiyar olsun.
“Yaxşılar yaşadır yaxşılıqları”,
Var olan dünyada o da var olsun.

Çanaqqala müharibəsinin məşhur qəhrəmanı Şükrü paşa xatirə­lərində yazır:

“Torpağıma, Vətənimə dönük çıxaramsa, məni parça- parça doğra­yın. Torpağım uğrunda şəhid olaramsa, məni şəhid oldu­ğum yerdə dəfn edin. Kəfənim çantamdadır. Gələcək nəsil­lər mə­­ni tapıb layiq olduğum qiyməti verəcək.” Bu kəlmələri an­caq bütün varlığıyla Vətəninə bağlı olanlar deyə bilər. Yurd sev­gisi, Vətən eşqi sadəcə dildə olmamalı, insanın daxilindən gəl­məlidir. “Öncə Vətəndir” kəlməsi dilinin duasına çevri­lən­də insan böyük olur, yenilməz olur – Süleyman  Mehralı oğlu kimi!

Elin sevgisidir, yaşadır onu,
Belə yaşayırsan, yaşa, eloğlu!
Kim sevməz belə bir Vətən oğlunu,
Əhsən bu ömürə, yaşa, eloğlu!

İsaak Nyuton deyib ki, insanlar körpü salmaq əvəzinə ha­sar çəkdikləri üçün tənha qalırlar. Körpü sahilləri, elləri, oba­ları, xalqları, ayrı-ayrı insanları birləşdirən bir vasitədir. İnsan əllərinin su və çay üstündə iz  qoyduğu  dostluq abidəsi də kör­pü hesab edilir. Qüvvələri bir­ləş­dirmək, əl-ələ verib kör­pü salmaq ehtiyacı insanlar arasında lap çox­dan möv­cuddur. Ona gö­rə də körpü salmaq ta qədimdən savab iş, xeyir­xah əməl kimi qiymətləndirilib, sahibinə hörmət, rəğbət, lap elə şöhrət, nəhayətdə rəhmət qazandırıb.

Süleyman Mehralı oğlunun ətrafını, oturub-durduğu adam­ları və dostlarını müxtəlif təbəqələrin, müxtəlif zümrələrin nü­mayəndələri təşkil edir. Bu adamları onların vəzifəsinə, sosial sta­tusuna, maddi imkanlarına və ictimai dayaqlarına və insan­lıq pirinsiplərinə əsaslanaraq seçib Süley­man  Mehralı oğlu. Bu da onun sadəliyindən, böyüklüyündən irəli gəlir.

Böyük şəxsiyyətlərin ömrü əsrlərlə ölçülür, ağlı, düşün­cəsi, gördüyü işi zamana, məkana sığmır, ideyaları gələcəklə səsləşir, insanlara örnək olur, tərbiyə məktəbinə çevrilir.

Kimliyindən asılı olmayaraq hər bir insan həyatı dərk et­mək, yaşayıb-yaratmaq, cəmiyyətə fayda vermək, dünyanın sir­lə­rini açmaq, gözəllik qanunları üzərində həyat  həqiqətlərinə qiymət vermək naminə gəlimli-gedimli qoca dünyaya “qo­naq” gəlir,  sözü, əməlləri ilə özünü  təsdiq edir, xalqın və bəşə­riy­yətin övladı olur. Bu ömrü şərəflə yaşayanlar idrakı, mən­tiqi, ağlı, zəkası, müdrikliyi ilə ucalıq zirvəsində parlayır, xal­qın, elin-obanın döyünən ürəyi, vuran əli, arxa-dayağına çe­v­rilirlər. Şəxsiyyəti bu amal və əqidə əsasında bütövlüyünü tapan, xeyriyyəçilik missiyası ilə yaşayan Süleyman  Mehralı oğlu da elimizinin fəxarət ünvanına çevrilmişdir.

Hörmətli Süleyman Qasımov! Sizin haqqınızda düşünəndə həmişə Qurbaninin “Bənövşə” şeiri yadıma düşür:

Ayrılıqmı çəkib, boynu əyridir,
Heç yerdə görmədim düz bənövşəni!

Əslində bənövşə doğulduğu və böyüdüyü torpağa səcdə  edir, baş əyir. Vətəninə, torpağına səcdə edənin, baş əyənin başı son­suzluğa qədər ucalır. Vətən qədri, el qədri bilən ziyalı­la­rı­mızın – məmurlarımızın başı həmişə uca olsun! Süleyman  Mehralı oğlu kimi!

Mənbə : Səməndər Məmmədov – “Faxralılar”, Bakı – “Elm və təhsil” – 2017, I kitab.

Faxralı.com saytında yerləşdirilən məlumatlar Hüseynqulu Məmmədli, Səməndər Məmmədov, Rəşid Faxralı, Allahverdi Kərimovun müəllifi olduğu 8-dən çox kitab və digər mənbələr əsasında tərtib olunmuşdur