Tahir Məhəmməd oğlu Qasımov (elmlər namizədi)

ELM SƏRHƏD TANIMIR

Bəzən adam elə fikirləşir ki, bütün insanların taleyi və hə­yatı bir-birinə bənzəyir. Ancaq bu, ilk baxışdan belə görünür. Yəni haradasa insan dünyaya gəlirsə, böyüyürsə və yaşa dolub  həyatda öz irsini qoyursa, onda hər bir adamın özünün yaşam tərzi və ömür yolu olur. Bu ömür yolları heç də asan, rahat və sakit olmur. Bir çox halda istedadlı, ziyalı və məşhur insanların ömür yolları, yaşam tərzləri bir-birinə oxşasa da, ancaq onları, bayaq dediyimiz kimi, fərqləndirən, ayıran bir çox cəhətlər var. O cəhətlər hər insanda bir cür formalaşır. Əgər bir insan zəh­mətkeşdirsə və gecə-gündüz əziyyət çəkirsə, öz üzərində işlə­yib, alın təri axıdırsa, onun gec-tez nə vaxtsa bəhrəsini görür. Amma sadəcə olaraq, o bəhrəyə qədər gedən yol çox əzablı, əziy­yətli və çətin olur.

Tahir Məhəmməd oğlu Qasımov da heç kimə bənzəməyən və heç kimə oxşamayan maraqlı bir ömür yolu yaşayır. Bir də daxilində olan inam və iradə onu həmişə o işıqlı yola doğru aparır. Uzaqda işıq olduğunu görəndə insan o yolu daha rahat və daha tez qət edir. Tez qət edir ki, o işığa və o məqsədə çata bilsin. Bu yolda çətin anlar, büdrəmələr, yıxılmalar da ola bilər. Amma iradəli insanlar nə həyatda büdrəməyindən, nə də yıxılmalarından qor­xurlar. Onlar yıxılanda da ayağa tez qalxmağı bacarırlar. Tahir Qasımov, bax, həyatını belə bir məqsəd üstündə qurub.

O, 1965-ci ilin oktyabrın 27-də Gürcüstanın Bolnisi rayo­nu­nun Faxralı kəndində anadan olub. Uşaqlıq çağlarında bütün kənd uşaqları kimi onun da iş-gücü, qayğısı başından aşıb. Yə­ni qoltuğunda kitab qoyun-quzunun dalınca çox vaxt örüşə ge­dib. Orada da iki daşın arasında dərslərini oxumağı və çox şeyi öyrənməyi yaddan çıxarmayıb. Kənddə 8 illik məktəbi bitirəndən sonra Mingəçevirə gəlib. Mingəçevirdə orta  məktə­bi bitirən zaman tarix müəllimi ona “4” yazır. Bu da onunla bağlı olur ki,  tarix müəllimi onun savadına qısqanclıqla yana­şır. Və sonrakı hadisələr həmin tarix müəllimin ədalətsizlik et­di­yini sübut edir.

Daha doğrusu, qızıl medala layiq olduğunu yəqin edən mü­əl­lim elə fikirləşir ki, onun arxasınca kimsə gəlib xahiş elə­yə­cək ki, filan fəndən ona “5” yazılsın ki, qızıl medala layiq görülsün. Təbii ki, istedadlı adamlar heç vaxt heç kimdən min­nət götürmürlər. Yəni Tahir Qasımov da nə atasını əziyyətə salmaq istəyir, nə də yaxın qohumlarını. Ona görə də qızıl medalsız-filansız orta məktəbi yüksək qiymətlə bitirib Tibb  İns­ti­tutuna daxil olmaq istəyir. Ancaq yaxın qohumlarından biri məsləhət bilir ki, həkimlik peşədir, sən elmlə məşğul olsan daha yaxşı olar. Elə Tahir də həmin ili sənədlərini Azərbaycan Dövlət Universitetinin (indiki BDU) kimya fakültəsinə verir. İmtahanları müvəffəqiyyətlə verib ali məktəb tələbəsi adını qa­zanır. Tələbəlik illərində də Tahir Qasımovun çox çətin və an­caq maraqlı həyatı olur. Yəni o, digər tələbə dostlarından fərq­li olaraq gününün əsas hissəsini kitabxanada keçirir. Elə vaxt olub ki, çoxlarının oxumadığı dərs vəsaitlərini də haradansa tapıb maraqlı, elmi mənbələr axtarıb. Tələbəlik illərində də onun bəxti “gətirməyir”. Yəni o, Lenin təqaüdünə layiq görülməli olduğu halda, həmin təqaüdü hansısa nazir qızına verirlər. Ancaq istedad, savad və bir də çəkilən zəhmət zaman-zaman üzə çıxır. Təhsil Nazirliyi bir neçə ay keçəndən sonra Yusif Məmmədəliyev adına yeni təqaüd təsis edir. Univer­sitetin iki tələbəsi və Tahir Qasımov bu təqaüdə layiq görülür. O, ikinci kursdan sonra ordu sıralarına çağırılır. Ordu sıra­la­rında olarkən bir daha Tahir Qasımov həyatın çətin anlarını yaşaya-yaşaya bərkiyir. Əsgərliyi bitirdikdən sonra yenidən universitetə qayıdır. O, üçüncü kursda təhsilini davam etdirmək istəyir. Ancaq həmin dövrdə kimya fakültəsinin dekan müavini işləyən Abel Məhərrəmov (indi BDU-nun rektorudur) Tahirə təhsilini Moskva Dövlət Universitetində davam etdirməyi məsləhət eləyir. Deyir ki, Moskva Dövlət Universiteti daha böyük təhsil ocağıdır və orada istəyinə bir qədər də tez çatmaq imkanın ola bilər.

Əlbəttə, Azərbaycan mühitindən ayrılıb, Moskva mühitində yaşamaq və oxumaq bir azərbaycanlı üçün o qədər də asan de­yildi. Çünki Moskvada, adətən, azərbaycanlı tələbələr təhsil alarkən rus dilini zəif bildiklərinə görə, müəyyən çətinliklər ya­şayır və problemlər içində olurdular. Hətta Azərbaycandan gə­lən tələbələri Moskva Dövlət Universitetinin rəhbərləri də bir çox halda qəbul eləmək istəmirdilər. Deyirdilər ki, sizin tə­lə­bə­lər burada oxuya bilmir, bizimkilərlə ayaqlaşmır və univer­si­tetdən xaric olunurlar.

Aydındır ki, bu çətinlikləri Tahir Qasımova da universitetin rəhbərliyi xatırladır. Ancaq Tahir hər şeyi soyuqqanlılıqla qar­şı­layır. Ona görə ki, o, öz savadına, biliyinə və zəhmət­keşliyinə tam arxayın idi. Yəni, arxayın idi ki, keçdikləri bütün fənləri yüksək səviyyədə mənimsəyəcək, semestr imtahanları zamanı yüksək qiymət alacaq. Başqalarından fərqli olaraq, o, semestr imtahanlarını daha tez verməyə hazır olduğunu bildirir. O vaxt onun bu hərəkətindən fakültə dekanı təəccüblənir. Təəccübü də ondan ibarət olur ki, Azərbaycandan gələn bir tələbə başqala­rın­dan fərqli olaraq imtahana daha tez hazırlaşıb.

Tahirin təkidlərindən sonra imtahana buraxılmağı üçün ica­zə verilir. Və o, bütün fənlərdən yüksək qiymət alaraq, bir daha öz biliyini və istedadını Moskva Dövlət Universitetinin professor-müəllim heyəti qarşısında sübut eləyir. Onu da sübut eləyir ki, Azərbaycandan gələn tələbələrin arasında bu cür is­tedadlı, savadlı və elmin sirlərinə yiyələnən insanlar var.

Bir çoxları ali məktəbi  birtəhər bitirib, diplom almaq haq­qında fikirləşir. Ancaq bu düşüncələri Tahir Qasımov tamamilə alt-üst edir. O, Moskva Dövlət Universitetini qırmızı diplomla bitirib, aspiranturaya qəbul olur. Zaman göstərir ki, heç də Tahir kimya sahəsində elm dalınca getməkdə səhv addım at­mayıb. O, addımını atanda yüz dəfə ölçüb, bir dəfə də biçib. Yaxşı başa düşüb ki, qərib bir ölkədə, Moskva mühitində boş-boşuna vaxt keçirmək heç də insana başucalığı gətirməz. Ona gö­rə də  hər ötən dəqiqəsinə qızıl vaxt kimi baxıb. Vaxtın qəd­rini bilərək, ömür yolunu bir az da zənginləşdirib. Tahir Qası­mov aspiranturanı bitirib, dissertasiya müdafiə edərək elmlər namizədi adını qazanıb. Sonra isə ona doktoranturada qalmağı təklif ediblər. Təbii ki, o, bu təklifi də normal qəbul edib və yeni bir yolun başlanğıcına doğru addım atıb.

Bu dəfə həyat onu başqa bir ölkədə sınağa çəkir. Belə ki, o MDU-də doktoranturada olduğu vaxtda Amerikanın Klivlend şəhərində yerləşən CASE Western Universietinə işə dəvət olu­nur. Aydındır ki, heç də hər hansı alimi,  elmlər namizədini, Ame­rikanın mötəbər universitetlərindən birinə işə dəvət elə­məzlər. Yəni, o adam bu işə dəvət olunmalı idi ki, ən azından onu beynəlxalq elm aləmində çoxları yaxşı tanısın. Bu mənada Tahir Qasımov da elm aləmində qeyri-adi elmi məqalələr, kəşfləri və monoqrafiyaları ilə yaxşı tanınırdı. Elmi rəhbəri akademik N.S.Zefirovun xeyir-duası sanki gənc azərbaycanlı alimi bir az da ruhlandırıb. Çünki insana kimsə bir xoş söz deyəndə, onun istedadına, elminə qiymət verəndə, istər-istəməz bu adam da həmin münasibətdən bir qədər də ruhlanır və daha inamlı, mübariz olur.

Məhz buna görə də azərbaycanlı alim zaman-zaman Ame­rika elmi mühitində də öz sözünü deməyə başlayır. Tahir Qası­mov 1997-ci ildən Amerikanın Klivlend şəhərində əvvəlcə CASE  Western Reserve Universitetində, sonra isə dünyada ürək cərrahiyyəsi ilə məşğul olan ən inkişaf etmiş Klivlend Kli­ni­kasında elmi işlər və tədqiqatlar aparır. Artıq o, 50-dən artıq elmi məqalənin müəllifidir. Onun qələmə aldığı elmi məqalələr Rusiyada, Danimarkada, İngiltərədə, Almaniyada, Fransada və Amerikada elmi jurnallarda nəşr edilib.

Bir faktı da qeyd edək ki, Tahir Qasımov ürək xəstəlik­lərinin müalicəsi ilə bağlı iki patentin müəlliflərindən biridir. Onun Moskvadakı elmi işləri sırf üzvi kimya ilə bağlı olsa da, Amerika həyatına qədəm basandan sonra ürək, qara ciyər, di­abet xəstəliklərinin metabolizmi ilə bağlı araşdırmalar aparıb. Bu gün də o, genom lahiyəsinin davamı olaraq, metabolomies və proteomies sahəsində axtarışlar aparır.

Bəzən bir respublikanı yüzlərlə, minlərlə ziyalı xaricdə ta­nıt­dıra bilmir. Amma bir də görürsən ki, hansısa bir dünya şöhrətli alimimiz onu nəinki bir ölkədə, onlarla ölkədə tanıt­dırır və məşhurlaşdırır. Bu mənada istedadlı alim, gözəl ziyalı, Borçalı balası Tahir Qasımov, sözün həqiqi mənasında, Azərbaycanın adını dünyanın inkişaf etmiş ölkələrində belə uca tutub və onun şərəfini qoruyub. Elmin sərhəddi olmur. Yəni, hər hansı kəşf böyük olanda onun əhatə dairəsi də genişlənir. İndi həmyerlimiz Tahir Qasımovun elm aləmindəki yeni kəşfləri də nəinki Moskva mühitində, hətta Amerika və Avropa mühitində böyük marağa səbəb olub.

Mənbə : Səməndər Məmmədov – “Ağır elsən, Borçalıda adın var…”, Bakı – “Nurlan” – 2010, II kitab.

Faxralı.com saytında yerləşdirilən məlumatlar Hüseynqulu Məmmədli, Səməndər Məmmədov, Rəşid Faxralı, Allahverdi Kərimovun müəllifi olduğu 8-dən çox kitab və digər mənbələr əsasında tərtib olunmuşdur