Vaqif Nəbi oğlu Nəbiyev (elmlər namizədi)

QISA MƏLUMAT

Vaqif Nəbi oğlu Nəbiyev 1953-cü ildə Bolnisi rayonunun Faxralı kəndində anadan olmuşdur. 1970-ci ildə Faxralı orta məktəbini bitirmiş və Azərbaycan Dövlət Tibb İnstitutunun (indiki ADTU-nun) müalicə-profilaktika fakültəsinə qəbul olmuşdur. 1976-cı ildə institutu müvəffəqiyyətlə bitirmiş, bir il Kirovabad (Gəncə) şəhər təcili yardım xəstəxanasında internatura keçmişdir. 1978-1981-ci illərdə təyinatla Xanlar rayonu mərkəzi xəstəxanasında həkim-onkoloq işləmişdir. 1983-cü ildə şəhər onkoloji dispanserində endoskopiya şöbəsinin müdiri vəzifəsində çalışmışdır. Onun səyi nəticəsində endoskopiya şöbəsinin bazasında şəhər endoskopiya mərkəzi yaradılmışdır. Vaqif Nəbiyev həmin mərkəzə başçılıq etmişdir.Vaqif Nəbiyev 1990-cı ildə Leninqrad (indiki S.Peterburq) şəhərində SSRİ Səhiyyə Nazirliyinin S.M.Kirov adına Həkimləri təkmilləşdirmə İnstitutunun endoskopiya kafedrasının müdiri professor L.N.İnşakovun rəhbərliyi altında “Yemək borusu xərçənginin erkən diaqnostikasının təkmilləşdirilməsi yolları” mövzusunda namizədlik dissertasiyası müdafiə etmişdir. 15 elmi məqalənin müəllifidir. Onkologiya və endoskopiya üzrə tibbi kadrların hazırlanmasında xüsusi xidmətləri olmuşdur. ATU-da, 2 saylı tibb məktəbində, orta tibb işçilərinin ixtisasartırma kursunda dərs demişdir. Bakı şəhərinin baş endoskopisti,. Daxili qoşunlar hospitalının məsləhətçisi və endoskopisti olmuşdur.

Mənbə : REDAKTORDAN

ELOĞLU

 Çox qədim zamanlardan xalq arasında belə bir deyim var: “Az danışıb çox iş görmək lazımdır”. Çox təəssüflər olsun ki, sirli-sehirli  dünyamızda çox danışıb az iş görənlərin sayı artır. Cəmiyyətimizdə iş görənlərin sayı az olsa da, onlar sona qədər öz insanlığını və müqəddəsliyini saxlayırlar. Çünki onlar ətra­fını da özləri kimi müqəddəs bilirlər. Belələri haqqın dərgahına tapınıb öz ləyaqətlərinə hörmət edərək xalqa xidməti özlərinə şərəf bilirlər. Belələrindən biri də Vaqif Nəbi oğlu Nəbiyevdir.

Nəbiyev Vaqif Nəbi oğlu 1953-cü ildə Borçalı mahalının Faxralı kəndində anadan olmuşdur. O, 1970-ci ildə Faxralı kənd orta məktəbini əla qiymətlərlə bitirmişdir. Elə həmin ildə Azərbaycan Dövlət Tibb İnstitutunun müalicə-profilaktika fa­kül­təsinə qəbul olmuş və 1976-cı ildə həmin fakültəni mü­vəf­fəqiyyətlə bitirmiş, bir il Gəncə şəhəri Təcili yardım xəstə­xanasında internatura kursu keçmişdir. O, 1978-1981-ci illərdə təyinatla Xanlar rayonunun mərkəzi xəstəxanasında həkim–on­ko­loq işləmiş, 1983-cü ildən isə şəhər Onkoloji Disponserində Endoskopiya şöbəsinin müdiri vəzifəsində çalışmışdır. Onun səyi nəticəsində Endoskapiya şöbəsinin bazasında şəhər Endos­kopiya mərkəzi yaradılmışdır. Həmin mərkəzə rəhbərlik Vaqif Nəbiyevə tapşırılmışdır.

Vaqif Nəbiyev 1990-cı ildə Leninqrad (indiki Sankt-Peter­buq) şəhərində SSRİ Səhiyyə Nazirliyinin S.M.Kirov adına Həkimləri Təkmilləşdirmə İnstitutunda “Yemək Borusu xər­çən­ginin erkən diaqnostikasının təkmilləşdirilməsi yolları” möv­zusunda dissertasiya müdafiə etmiş və tibb elmləri namizədi alimlik dərəcəsi almışdır.

O, 21 elmi məqalənin müəllifidir, onkoloji və endoskopiya üzrə tibbi kadrların hazırlanmasında xüsusi xidmətləri var. O, Azərbaycan Dövlət Tibb Universitetində, 2 saylı Tibb məktəbində, orta tibb işçilərinin ixtisaslaşdırılma kurslarında dərs deyib. Bakı şəhərinin baş endoskopisti, Daxili qoşunların hospitalının məsləhətçisi və endoskopisti işləmişdir.

Vaqif Nəbiyev 2009-cu ildə Bakı şəhərində vəfat etmişdir.

Üzü el yanında həmişə ağ olan Vaqif həkim hər şeydən öncə böyük Faxralının insan oğlu idi. Doğma Səngəri, Gözəl dağını, Qızılqayanı, Tənəklini, Daşlı­gəz­dəyi, Yovşanlını canı qədər sevirdi. Elcanlı, yurdcanlı Vaqif həkim heç vaxt öz zirvəsinin ucalığından enmədi. Elə-obaya münasibəti ilə, insanlara təmənnasız xidmətilə haqqa qovuşana qədər öz ucalığını saxlaya bildi. Yediyi duz-çörəyə heç vaxt kəm baxmadı. Elinin gül-çiçəyinə də biganə qalmadı. Xalqımızın nəğməkar oğlu Rasim Kərimlinin yazdığı kimi:

Kəm baxma ellərin duz-çörəyinə,
Bahar diləyinə, dağ ürəyinə.
Biganə qalanda gül-çiçəyinə,
Çəmən gileylənib, çöl inciməzmi?

Vaqifin vaxtsız ölümü onu tanıyanları, elini-obasını yandırıb yaxdı. Ona görə ki, bir evin oğlu deyildi, bir elin oğlu idi. El oğlu kimi  bir nəfəri özündən incik salmadı. Ona pənah gətirən bir xəstəni də naümüd qaytarmadı. Tibb elmləri doktoru elmi dərəcəsi almaq ərəfəsində idi. Təəssüf, min təəssüf ki, əcəl im­kan vermədi. Bütün bunları öz gücünə etmişdir. “Dayı” gücünə vəzifə pillələrinə çıxanları qəbul etmirdi. Belələrinə R.Kərimlinin dilə ilə cavab verirdi:

Biri at oynadır dayı gücünə,
Biri arxalanır ayı gücünə.
Vermirlər hər kəsə payı gücünə,
Belə deyirlərsə, gerçək deyirlər.

Vaqif həm də gözəl ailə başçısı idi. Elimizə başucalığı gətirən övladlar tərbiyə edib. Sevindirici haldır ki, qızı Elnarə atasının və anasının davamçısıdır. 2004-cü ildə Bakı Onkoloji Disponserində ginekologiya və cərrahiyə şöbələrində inter­na­tura keçmişdir. 2005-ci ildə universitetini qırmızı diplomla bitirdiyinə görə Azərbaycan Tibb Univsersitetinin Pediatriya fakültəsinin “Cərrahi xəstəliklər” kafedrasında baş laborant  vəzifəsində saxlanılmışdır.

Hal-hazırda “Mədənin maliqnizasiya etmiş xoralarının patoqenezinin bəzi aspektləri və onların erkən diaqnostikası” mövzusunda dissertasiy üzərində işləyir. Kafedra 4 N-li Şəhər klinik xəstəxanasında yerləşdiyinə görə, həmin xəstəxanada praktik cərrah kimi də fəaliyyət göstərir. Ulularımızın təfək­kü­ründən süzülüb gələn bir el misalında yaxşı deyilib: ”Ot kökü üstə bitər”.

Mənbə : Səməndər Məmmədov – “Ağır elsən, Borçalıda adın var…”, Bakı – “Nurlan” – 2010, II kitab.

Faxralı.com saytında yerləşdirilən məlumatlar Hüseynqulu Məmmədli, Səməndər Məmmədov, Rəşid Faxralı, Allahverdi Kərimovun müəllifi olduğu 8-dən çox kitab və digər mənbələr əsasında tərtib olunmuşdur