Vəli Daryax oğlu Sultanov (elmlər namizədi)

QISA MƏLUMAT

Vəli Daryax oğlu Sultanov 1928-ci ildə Bolnisi rayonunun  Faxralı kəndində anadan olmuşdur. Orta məktəbi Faxralı kəndində bitirdikdən sonra, 1950-ci ildə Azərbaycan Sənaye İnstitutuna daxil olmuş və 1955-ci ildə Neft və qaz quyularının qazılması ixtisasına yiyələnmişdir. Bir müddət neft buruqlarında işləmiş, 1958-ci ildə “ÜİTTETİ-də” (ümumittifaq Təhlükəsizlik Texnikası Elmi Tədqiqat İnstitutu) çalışmışdır.1968-ci ildə namizədlik dissertasiyası müdafiə etmişdir. Həmin ildən etibarən AzPİ-nin (indiki ATU-nun) əmək mühafizəsi və təhlükəsizlik texnikası kafedrasında dosent vəzifəsində işləmişdir.  Vəli Sultanovun elmi və pedaqoji fəaliyyəti 20-dən çox elmi əsərdə öz əksini tapmışdır. O cümlədən iki kitabın müəllifi, 4 kitaba isə həmmüəllif olmuşdur. Vəli Sultanov 15-ə qədər ittifaq və respublika səviyyəli konfranslarda mə’ruzələr etmiş və elmi materiallar çap etdirmişdir.  Vəli Daryax oğlu Sultanov 1998-ci il iyun ayında Bakıda vəfat etmişdir.

Mənbə : REDAKTORDAN

YADDAŞLARDA YAŞAYACAQ

Məni tanıyanlar yaxşı bilir ki, əlim qələm tu­tandan – hələ orta məktəb illərindən müxtəlif möv­zulu yazılarımla, şeirlərimlə Gürcüstandakı Azər­baycan dilində nəşr olunan qəzetlərdə, xüsusilə də Bolnisi rayonunda çıxan “Qələbə bayarğı” qəze­tində çıxış etmişəm. Sonralar Azərbaycan Dövlət Univer­sitetinin (indiki BDU-nun) filologiya fakül­təsində oxuyarkən isə əvvəllər bəlkə də ötərki bir həvəs saydığım yaz­maq marağı daha da artdı, çap olunmaq imkan­larım isə genişlənd, yazı­larım Azərbay­canın müxtəlif qəzet və jurnallarında çap olunmağa baş­ladı. Üs­təlik filologiya fakültəsində oxumağım da məni daha çox yaz­mağa sövq etdi, bir növ əlavə stimul verdi. Faxralının saz-söz adamları haqqında araşdırmalara başladım, neçə-neçə el şairi­nin şeirlərini yaddaşlardan yazıya köçürüb nəşr etdirdim. Son on ildə isə yaradıcılığımda yeni bir istiqamət yarandı – doğma Faxralımın, ulu Borçalımın tanınmış şəxsiy­yətləri haqqlnda pub­li­sistik məqalələr yazdım, onları ictimaiyyətə təqdim etdim. Etiraf edim ki, bu səpkili yazı­ları yazmağa başlayanda heç düşünmür­düm ki, nə vaxtsa bunları toplayıb kitab halında oxuculara təqdim edəcəyəm. Məqsədim sadəcə ləyaqətli eloğlularım haqqında öz ürək sözlərimi demək, onların xidmətlərini təq­dir etmək idi. Am­ma aylar, illər keçdikcə bu yazılar da çoxaldı. Özü də təkcə faxra­lılar haqqında deyildi bu yazılar. Qəhrəman­larımın arasında Bor­çalının görkəmli elm və ədəbiyyat adamları, tanın­mış ictimai-siyasi xadimlərlə yanaşı, Azərbay­canın ayrı-ayrı guşələrindən olanlar da az deyil. Bu məşhurların həm özləri haqda, bəzilərinin həm də kitabları haqda yazılarım respublika mətbuatında işıq üzü gördü. Və sonunda bu yazıları kitab halında nəşr etdirməyin zəruriliyi meydana çıx­dı. Faxralı və faxralılar haqda yazdığım yazılar üçcildlik “Ağır elsən, Bor­çalıda adın var”, digər yazılar isə iki­cildlik “El sevəni aləm sevər” adlı kitablarımda toplanaraq nəfis şəkildə işıq üzü gördü. Bütün bunları sadalamaqda heç də məq­sədim öz yara­dı­cılıq yolum haqqında oxucuya müfəssəl mə­lu­mat ver­mək deyil. Demək istədiyim odur ki, əlim qələm tutan­dan yara­dı­cılığımın ana mövzusu Faxralı və faxralılar olub. Hər dəfə kitabım işıq üzü görəndən sonra artıq bəsdir deyə düşünsəm də, bu, uzun çəkməyib. Çünki görmüşəm ki, hələ haqqında yazılası eloğlularım çoxdur. Bu yazıda da elə onlardan biri haqqında söhbət açmaq istəyirəm.

Əslində bu yazı çoxdan yazılmalıydı. Hər kəs layiq olduğu qiyməti sağlığında almalı, ünvanına deyilən xoş sözləri eşitmə­lidir. Amma neyləyəsən ki, bəzən bu, alınmır. Bir də gözünü açıb görürsən ki, gecikmisən… Etiraf edim ki, Faxralının yetirməsi olan alimlərin böyük əksəriyyəti ilə yaxın münasibətim, tez-tez görüşlərim olsa da, onunla əlaqəm zəif olub. Bunun səbəblə­rin­dən biri odur ki, aramızda xeyli yaş fərqi olub, mən dünyaya gələndə o, artıq Bakıda idi və 20 ilə yaxındır ki, vəfat edib. Ancaq həm eloğlularımdan, həm də onun həmkarlarından, dostla­rından həmişə ünvanına xoş sözlər eşitmişəm.

Bəli, bu yazıda elimin-obamın daha bir alim oğlundan – Vəli Sulta­novdan söhbət açacam. Hər şeydən əvvəl onu deyim ki, Vəli müəllim Faxralı orta məktəbinin yetirməsi olan 100-dən çox alimdən biridir. Vəli Dərgah oğlu 1928-ci ildə Bolnisi rayonunun Faxralı kəndində anadan olub. Uşaqlıq və yeniyetməlik dövrü ikinci dünya müharibəsinin çətin illərinə təsadüf edib. Amma bu çətinliklər onu təhsildən yayındırmayıb. Orta təhsilini Faxralı kən­dindəki məktəbdə alıb. Ali təhsil almaq üçün Bakıya gəlib və 1950-ci ildə Azərbaycan Sənaye İnstitutuna (indiki Neft Akade­mi­yası) daxil olub. Beşillik tələbəlik həyatını uğurla tamam­layaraq 1955-ci ildə Neft və qaz quyularının qazılması ixtisası üzrə institutu bitirib. Ali təhsilli neft mütəxəssisi kimi bir müddət neft buruqlarında çalışıb. 1958-ci ildən isə əmək fəaliyyətini elm sahəsində davam etdirib – Ümumittifaq Təhlükəsizlik Texnikası Elmi-Tədqiqat İnstitutunda (ÜİTTETİ) çalışıb, elmi-tədqiqatla məşğul olub. 1968-ci ildə elmi axta­rışları öz bəhrəsini verib – namizədlik dissertasiyasını uğurla müdafiə edib. Bundan sonra el­mi fəaliyyətinə pedaqoji fəaliyyət də əlavə olunub – əmək fəaliy­yətini AzPİ-nin (indiki Azərbaycan Texniki Universiteti) əmək mühafizəsi və təhlükəsizlik texnikası kafedrasında dosent kimi da­vam etdirib. Elmi axtarışla pedaqoji fəaliyyəti bacarıqla uzlaş­dıran Vəli Sultanovun elmi-pedaqoji fəaliyyəti öz əksini 20-dən çox elmi əsərdə tapıb. İki kitabın müəllifi, 4 kitabın isə həm­mü­əllif olub. Vəli Sultanov 15-ə qədər ittifaq və respublika səviyyəli konfranslarda məruzələrlə çıxış edib və elmi materiallar çap etdirib.

Bu gün dostları, yaxınları və qədirbilən faxralılar Vəli mü­əllimi minnətdarlıqla xatırlayırlar. Ondan söhbət düşəndə ilk yada gələn isə onun saza-sözə vurğunluğu, aşıq sənəti və aşıqlara bağlılığı olur. Aşıqları dinləməkdən doymazmış.

1998-ci ilin iyun ayında Bakıda vəfat edən Vəli Dərgah oğlu Sultanovun işıqlı xatirəsi faxralıların qəlbində əbədi yaşacaqdır. 

Mənbə : Səməndər Məmmədov – “Faxralılar”, Bakı – “Elm və təhsil” – 2017, I kitab.

Faxralı.com saytında yerləşdirilən məlumatlar Hüseynqulu Məmmədli, Səməndər Məmmədov, Rəşid Faxralı, Allahverdi Kərimovun müəllifi olduğu 8-dən çox kitab və digər mənbələr əsasında tərtib olunmuşdur