Vüqar Əli oğlu Əliyev (tibb elmləri doktoru)

SADƏLİK VƏ SAFLIQ NÜMUNƏSİ

Qaraməmmədli nəsli Faxralıda sayılıb-seçi­lən nəsillərdəndir. Bu nəsilin yetirdiyi ziyalılar həmişə elin hörmətini qazanıb. Adı-sanı və xeyirxahlıqları ilə xatırlanıblar. El-el tanınan oğulları bir deyil, beş deyil. Yalnız bütün Bor­çalıda böyük hörmət qazanmış, sözün həqiqi mənasında xalqımızın sinəsində yanar ürək gəz­dirən oğullarından biri olan Əli Bayram oğlu Əliyev kimi namuslu,  ziyalı övladlarının adını çəkmək bəs edər ki, bu nəsil haqqında tam təsəv­vür olsun. Abbas Abdulla şerlərinin birində yazır:

Dörd tərəfi dağdan hasar,
Dost qarşılar, yağı basar.
At oynatmaz hər cür yasar,
Ər oğlu ər Faxralıda.

Qaraməmmədli nəslinin layiqli davamçılarından biri də Vüqar Əli oğludur.

Vüqar Əli oğlu Əliyev 1971-ci il avqust ayının 12-də Bakı şəhərində anadan olub. Orta təhsilini də bu şəhərdə alıb – 1977-ci ildə Yasamal rayonundakı 20 saylı məktəbdə birinci sinfə gedib, 1988-ci ildə həmin məktəbi gümüş medalla bitirib. Həkim olmaq arzusu onu N.Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutuna (indiki Tibb Universiteti) gətirib çıxarıb. O vaxtlar qəbul imtahanlarında yüksək nəticə, prestij sayılan ekstern yolu ilə (o vaxtlar ali məktəbə qəbul olunmaq üçün ixtisasa uyğun olaraq dörd fəndən imtahan vermək lazım gəlirdi, ekstern yolla qəbul şərtlərinə görə isə ilk iki imtahandan yüksək qiymət alan abituriyent sonrakı iki imtahana daxil olmadan tələbə adını qazanırdı) institutun müalicə-profilaktika fakültəsinə daxil olub. 1994-cü ildə həmin fakültədə təhsilini uğurla başa vurub fərqlənmə diplomuna layiq görülən Vüqar Əli oğlu bir illik internatura təhsilini 1994-1995-ci illərdə Xəzər Dəniz Gəmiçiliyinin Mərkəzi xəstəxanasında reanimatoloq-anestezioloq ixtisası üzrə alıb. Artıq bundan sonra yüksək ixtisaslı bir həkim kimi, istədiyi bir müalicə müəssisəsində çalışmaq imkanı olsa da, Vüqar təhsilini davam etdirmək, biliklərini təkmilləşdirmək qərarına gəlib və bu məqsədlə də Rusiyanın Sankt-Peterburq şəhərinə gedib. 1996-1999-cu illərdə bu şəhərdə A.L.Polenov adına Neyrocərrahiyə İnstitutunda neyrocərrah ixtisası üzrə ordinatura keçib. Onun sonrakı əmək və elmi fəaliyyəti də Sankt-Peterburq şəhəri ilə bağlıdır. Burada müxtəlif xəstə­xa­nalarda həkim-neyrocərrah kimi fəaliyyət göstərməklə yanaşı, eyni zamanda A.L.Polenov adına Neyrocərrahiyə İnstitutunda elmi-tədqiqatla da məşğul olub. “Kəllədaxili anevrizmli xəstə­lərin beyin qan dövranının autotənziminin vəziyyəti” möv­zu­sunda namizədlik dissertasiyası üzərin­də işləyib və  2003-cü ildə dissertasiya işini uğurla müdaifə edərək tibb elmləri namizədi elmi dərəcəsini alıb. Bundan sonra da elmi axta­rış­larını davam etdirib və 2015-ci ildə  “Neyrocərrahi xəstələrin beyin qan dövranının autotənziminin qeyri-invaziv qiymət­lən­di­rilməsi” mövzusun­da  doktorluq dissertasiyasını uğurla mü­dafiə edib.

Vüqar hazırda Sankt-Peterburq şəhərində  Müqəddəs Yeli­za­veta adına şəhər xəstəxanasında şöbə müdiri vəzifəsində çalışır. O, dünyanın bir çox ölkələrində elmi konfrans və sim­poziumlarda  məruzələrlə çıxış edib, Rusiya (Moskva – 2005, 2009), Fransa (Lion – 2008; Tuluz – 2012), Türkiyə (İstanbul – 2011) və Finlandiyada (Helsinki – 2013) treninqlərdə neyrocərrahiyənin müxtəlif sahələri üzrə təhsilini daha da təkmilləşdirib. Kəllədaxili anevrizmli xəstələrin beyin qan dövranının autotənzimi mövzusunda məqalələri Rusiyanın “Функциональная диаг­ностика”, “Вестник Военно-меди­цинский академии”, “Acta Neurochirurgica” kimi beynəlxalq miqyaslı jurnallarında çap olunur.

Vüqar  həkim 2008-2014-cü illər ərzində Rusiya Federa­si­yasında 9 ixtira üzrə patent alıb.  Ali dərəcəli həkimdir. Ney­ro­cərrahiyə üzrə 20 illik iş təcrübəsinə malikdir.

Bu sadaladıqlarımız Vüqar həkimin ömür kitabının ayrı-ayrı səhifə­lərindən fraqmentlər, fəaliyyətinin qısa statis­ti­ka­sıdır. O, bu qədər yüksək nailiyyətləri yad ölkədə öz səyi, bilik və bacarığı sayəsində qazanıb. Təbii ki, burada onun özünün bacarığı və səyi ilə yanaşı, tərbiyə aldığı ailə, böyüdüyü mühit də böyük rol oynayıb. Gözünü açandan ailədə həmişə elmə-savada böyük maraq, ciddi münasibət görüb. Anası Güləsər xanım rus dilinin incəliklərini nəinki Vüqara, həm də qohum-qonşuların uşaqlarına da öyrədərdi. Yüksək savada malik olan atası Əli müəllim övladlarının da təhsil almaları üçün əlindən gələni edərdi. Vüqar hələ uşaqlıq illərindən yüksək məsuliyyət hissinə malik olmasıyla fərqlənərdi, ona tapşırılan hər işi sona çatdırmamış sakitləşməzdi. Çox əməksevər və səliqəlidir. Dərs­lərini əla oxumaqla yanaşı, musiqi təhsili də almışdı. For­tepiano gözəl ifa edir və əgər həkimlik ixtisasını seçməsəydi, yəqin ki, gözəl bəstəkar ola bilərdi.  Uşaqlıq illərində qazandığı bu qabiliyyət indi də onun köməyinə gəlir.  7-8 saatlıq əməliy­yatdan sonra fortepianonu dilləndirdikcə, bütün  əsəb və fiziki yorğunluğunu unudur.

Vüqar Əliyev ali dərəcəli həkim, tibb üzə elmlər doktoru olmaqla yanaşı, hüquq və iqtisadiyyat üzrə də ali təhsil alıb. Rusiyada yaşasa da, öz kökünə, elinə-obasına, yurduna bağlı bir insandır. Mehriban, qayğıkeş, insansevər, səmimi və təva­zö­kardır. Milliyətindən, sosial vəziyyətindən asılı olmayaraq  hər bir xəstəyə diqqətlə yanaşır və həkimlik borcunu sonu­na­dək ləyaqətlə yerinə yetirməyə çalışır. İşinə o qədər məsu­liy­yətlidir ki, hətta doğma Vətənə məzuniyyətə gəldikdə belə bir də görürsən ki, xəstələri üçün narahat olur, telefonla əlaqə saxlayaraq onların vəziyyəti ilə maraqlanır, lazımi göstə­riş­lərini verir. Məhz bu xa­siy­yətləri Vüqar həkimi xəstələrin gö­zündə yüksəldərək onlarda min­nətdarlıq hissi yaradır. Müalicə etdiyi xəstələr hər zaman onun haqqında min­­nət­darlıq hissi ilə danışırlar. Rusiyanın müxtəlif guşələrindən ünva­nına gələn minnətdarlıq məktubları da bunu sübut edir: “Vüqar həkim məni Peterburqda əməliyyat etmişdi. Mən onun yanına İnqu­şe­tiyadan gəl­­mişdim. Mən çox şadam ki, Rusiyada da xaricdəki kimi yaxşı həkim­lər var!” (Hacı Murad, 2016-cı il). “Çox yaxşı həkimdir, əlləri qızıldır! O, mənim anamı anev­rizmə görə əməliyyat etmişdi, bu gün də anam ona dua edir!” (Zara, 2015-ci il). Bu sayaq nümunələr onlarla, yüzlərlədir. Çoxları isə Vüqar həkimə öz minnətdarlıqlarını internet vasitəsilə bildirir və ona cansağlığı arzulayırlar.

“Ağac bar gətirəndə başını aşağı əyər!”, –  deyiblər.  Vüqar Əliyev də sadə, səmimi, həm də təvazökar, lovğalıqdan uzaq bir insandır. Bu sadəlik, saflıq və təvazökarlıq hər şeydən əvvəl kökdən gəlir. Haqqında yazmaq istəyimizi biləndə də razı olmaq isəmirdi ki, mən bir həkim kimi öz borcumu yerinə yetirirəm.

Bu gün Vətəndən uzaqlarda elimizi-obamızı, millətimizi, Borça­lı­mızı, Faxralımızı ləyaqətlə təmsil edən Vüqar həkimə daha böyük uğur­lar arzulayır və deyirik: Sağ ol, Vüqar həkim,  Allah əllərinin şəfasını bol eləsin, gözlərinə nur, canına sağlıq versin!

Sizin kimi insanlar nəinki Faxralının, Borçalının,  bü­töv­lükdə Azərbaycanın fəxridir!

Mənbə : Səməndər Məmmədov – “Faxralılar”, Bakı – “Elm və təhsil” – 2017, I kitab.

Faxralı.com saytında yerləşdirilən məlumatlar Hüseynqulu Məmmədli, Səməndər Məmmədov, Rəşid Faxralı, Allahverdi Kərimovun müəllifi olduğu 8-dən çox kitab və digər mənbələr əsasında tərtib olunmuşdur