Musa Pənah oğlu Musayev

Musa Pənah oğlu Musayev Gürcüstan Respublikasının Bolnisi rayonunun Faxralı kəndində anadan olub.

O, kəndin “Musalar” nəslindəndir.

Hərbi həkim kimi 1993-cü illərdə Füzuli, Beyləqan istiqamətlərdə gedən döyüşlərdə ön cəbhədə iştirak edib.

Səməndər Məmmədov: “Müqəddəs hamını müqəddəs bilər, çünki ürəyinin qarası yoxdur”

O, əbəs doğulmayıb, hədər yaşamayıb, səbəbsiz ölməyib.

Təqvimdə elə illər var ki, baş verən hadi­sələri ilə bir insanın, bir elin, bir ölkənin, bəzən də bütün dünyanın, bəşəriyyətin ta­ri­xində silinməz iz buraxır. 1958-ci ilin qışı da Borçalının ağır eli Faxralı üçün yaddaqalan olmuşdur. O qış başqa qışlara bənzəmirdi. Bütün kənd həyəcan içində idi. Faxralıda yoluxucu xəstəlik olan sarılıq tüğ­yan edirdi. Bu mənfur xəstəlik neçə-neçə insan həyatına son qoymuş, cavan gəlini bətnində gəzdir­diyi körpəsi ilə birgə bu dünyadan aparmışdı.

Sarılıq xəstəliyinə tutulanlardan biri də Bəsti ana idi. O da intizarla dünyaya gətirəcəyi körpəni gözləyirdi. Dördüncü öv­ladını gözləyən gəlin əllərini göyə qaldıraraq gözəgörünməz Ulu Tanrıdan imdad diləyirdi: “İlahi, sənə qurban olum! Mənə rəhm elə, əkiz qızlar ver, ancaq mənə toxunma, evdə üç körpə balam var”. Tanrı bu cavan gəlinin yalvarışlarını eşitdi. Gəlin amansız xəstəlikdən həm özü, həm də körpəsi salamat qurtardı.

1958-ci il mart ayının 10-da kəndin hörmətli, adlı-sanlı kişilərindən sayılan hesabdar, sınıqçı Pənah Musayevin ailə­sində bir oğlan uşağı dün­yaya gəldi. Ana əkiz qız diləmişdi, Tanrı ona oğul payı verdi. Pənah kişi uşağa öz atasının – 128 il ömür sürmüş məşhur sınıqçı Musa kişinin adını qoydu.

Aylar-illər bir-birini əvəz etdi. Musa böyüdü, məktəbə getdi. Ağılı, bacarığı, dərin biliyi ilə o, həm müəllimlərinin, həm də yoldaşlarının rəğ­bətini qazandı. Hələ kiçik yaşlarından həkim olmağı, xalqın sağlamlığı keşiyində durmağı arzulayan Musa 1974-1975-ci tədris ilində Faxralı orta məktəbini əla qiymət­lərlə başa vurdu. Babası Musa kişinin, atası Pənahın sınıqları, çıxıqları əl ilə yoxlayıb nəticə söyləmək qabiliyyəti irsən ona da keçmişdi. Elə bu arzu ilə də Bakıya gəldi, sənədlərini N.Nəri­manov adına Azərbaycan Tibb Universitetinin müalicə-profi­lak­tika fakültəsinə verdi. Orta məktəbdə bütün fənnləri eyni səviyyədə müvəffəq öyrənən Musaya ali məktəbə qəbul olmaq çətin olmadı. O, yüksək nəticə göstərərək istədiyi fakültəyə daxil oldu. Rektor Z.Quliyeva qəbul imtahanlarında xüsusilə fərqlənmiş tələbələrlə söhbət edərkən Musaya dedi: “Oğlum, səninlə söhbətdən mən anlayıram ki, yaxşı həkim olacaqsan”.

Bəli, yuxusuz gecələr, çətin sınaqlar öz bəhrəsini verdi. Musa 1981-ci ildə ali təhsilini uğurla başa vurdu. Onu ali mək­təbdə saxlamaq istəsələr də, qalmaq istəmədi. O, işləmək, yaxşı həkim olmaq, təcrübə qazanaraq insanların sağlamlığı naminə fəaliyyət göstərmək istəyirdi. Buna görə də təyinatla Tatarıstan Respublikasının Nijnekamsk şəhərinə göndərildi. Musa 1981-ci ilin sentyabr ayından 1989-cu ilədək Nijne­kamsk şəhər xəstə­xa­nasında əvvəlcə həkim, sonra baş həkim, tibb texni­ku­munda mü­əllim, partkom vəzifələrində işlədi. Püxtələşdi, həm sənət, həm də həyat təcrübəsi qazandı. Dəfələrlə Moskva şəhərində ixtisas­artırma kurslarında oxudu.

Qarabağ müharibəsi başlayanda o da digər vətənpərvər soy­daş­la­rımız kimi Azərbaycana qayıtdı. Əvvəlcə Hövsan qəsə­bəsində baş həkim, sonra isə 5 saylı şəhər klinik xəstəxa­nasında həkim-terapeft işlədi. 1991-ci ilin axırlarında cəbhəyə getdi. O, Füzuli–Beyləqan istiqamə­tindəki N saylı hərbi his­sədə xidmət edirdi. Özü də necə xidmət? M.Musayev neçə-neçə yaralının ölümün pəncəsindən qurtarmasına səbəbkar ol­muş­dur. Xosrov Ruzbeh vaxtilə yazırdı: “İnsanı məhkum et­mək olar lakin şücaəti, mərdliyi, vətənpərvərliyi, şərəfi və fəda­karlığı məhkum etmək olmaz”. Musa Musayev də vətənpərvər ziyalı idi. O,  həyatın fövqündə şərəflə yaşamağı görürdü və gördü də. Azərbaycanı namusu, qeyrəti bilirdi, bildi də. “Vətən mənə oğul desə nə dərdim, mamır olub qayasında bitərdim” – pirinsipi  ilə yaşayırdı.Vətəni müqədəs bilirdi. Çünki ürəyində qara yox idi, qara fikir yox idi. Ürəyini saflıqla, müqəddəsliklə yükləmişdi. Rasim Kərimlinin dediyi kimi:

Arsızlar yanmağı cana qəsd bilər,
Nə qayğı, nə qiymət, nə həvəs bilər,
Müqəddəs hamını müqəddəs bilər,
Çünki ürəyinin qarası yoxdur.

O, başqalarının həyatda qalması üçün çalışarkən öz həyatını təhlükə qarşısına qoyurdu. Bir dəfə səngərdəki əsgərləri mü­ayinə edib qayıdan zaman onların maşınını ermənilər atəşə tutur. Şaxtalı havada bir neçə saat atəş altında qar üstündə qa­lan kapitan Musa Musayev ağır vəziyyətdə vertalyotla Bakıya gətirilir. Bir müddət müalicə olunduqdan sonra o, yenidən cəbhəyə hərbi hissəsinə qayıdır. Kapitan M.Musayev mayor rütbəsini almaq üzrə idi. Ancaq amansız ölüm imkan vermədi. Əcəl onu 1996-cı il noyabrın 16-da haqladı. Vətən uğrunda həlak olan igid oğulların sırasına 38 yaşlı kapitan Musa Musayev də əlavə olundu. O, arxasınca cavan gəlini dul, iki körpəni atasız, ağ saçlı ata-anasının, bacı-qardaşını gözüyaşlı qoyub getdi.

Rəhmətlik Musanın həyat yoldaşı Xatirə xanım övladlarına həm ana, həm də ata oldu. Ali təhsilli, əsl ziyalı olan Xatirə xanım min bir əziyyətlə böyütdüyü övladlarının təhsilə yiyələn­mələri üçün də əlindən gələni etmişdir. Böyük oğlu Tural atasının yolunu davam etdirərək ali tibb məktəbinin farmakologiya fakültəsini bitirib. Kiçik oğlu Toğrul isə Gürcüstan Biznes Universitetini bitirb.

Şübhəsiz, Vətən uğrunda həlak olmuş, igid zabit, gözəl həkim Musa Musayevin övladları atalarının adını doğruldaraq, ləyaqətli vətən­daşlar olmuşlar. Onlar həmişə cəmiyyət arasında alnıaçıq, üzüağ olacaq­lar. İnanırıq kı, gec-tez işğal altında olan torpaqlarımız da geri alınacaq, Musanın və digər şəhidlərimizin cənnətməkan ruhu şad olacaqdır. Axı, o, əbəs yerə dünyaya gəlməmiş, hədər yerə yaşamamış, səbəbsiz də ölməmişdir.

Mənbə : Səməndər Məmmədov –  “Faxralılar”, Bakı – “Elm və təhsil” – 2017, I kitab.

Faxralı.com saytında yerləşdirilən məlumatlar Hüseynqulu Məmmədli, Səməndər Məmmədov, Rəşid Faxralı, Allahverdi Kərimovun müəllifi olduğu 8-dən çox kitab və digər mənbələr əsasında tərtib olunmuşdur