Təhmiraz Əlizadə

ƏSL İNSANI EL YAŞADIR

10 may 1941-ci ildə Faxralıda anadan olmuşdur. Güllər nəslindəndir. 1948-ci ildə 1-ci sinfə getmiş, 1959-cu ildə məktəbi bitirib, həmin il (1959) Nəriman Nərimanov adına Azərbaycan Tibb Universitetinin pediatriya fakültəsinə qəbul olmuşdur.

1965-ci ildə həmin İnstitutu fərqlənmə diplomu ilə bitirmişdir. Tələbə vaxtı evtikmə kombinatında feldşer işləmişdir.

1965-ci ildə İnstitutu bitirdikdən sonra Şamaxı rayo­nu­na işləməyə göndərilmişdir. Ona instututda qalıb aspiranturaya daxil olması və elmi işlə məşğul olması təklif olunmuşdur. La­kin o dövrdəki vəziyyət, ailəsinin ağır maddi durumu, atasının yaşlı olması (qarovulçu işləyirdi), aspirantın maaşının az olması onu xəstəxanada işləməyə məcbur etmişdir.

4 avqust 1965-ci ildən 31 avqust 1965-ci ilədək yəni cəmi 1 ay həkim-pediatr işləmişdir. 1965-ci ildən 1979-cu ilədək 14 il fasiləsiz olaraq Mərəzə qəsəbə uşaq xəstəxanasının baş həkimi vəzifəsində çalışmışdır. Mərəzə qəsəbə sovetinin deputatı olmuşdur.

1979-cu ildə öz xahişi ilə (uşaqları böyüdüyündən və axıra kimi Mərəzədə yaşamağın mümkün olmadığından, qocalıqda Faxralıya qayıtmaq istəyirdi) tutduğu vəzifədən azad olmuş, 1979-cu ildən Sumqayıt şəhər birləşmiş uşaq xəstəxanasının so­matika şöbəsində çalışmış və az müddətdən sonra 5-ci yolu­xucu şöbənin müdiri vəzifəsinə keçmişdir.

İşlədiyi müddətdə dəfələrlə həkimləri təkmilləşdirmə kurs­larında olmuş, elmi-praktik konfranslarda iştirak etmişdir. O, praktik pediatriyanın ən yaxşı nümayəndəsi olmuşdur. Məhz bu səbəbdən Sumqayıt şəhərində həkim T.Əlizadənin 60 illik yubileyi Şəhər İcra Hakimiyyətinin, Şəhər səhiyyə şöbəsinin və Birləşmiş uşaq xəstəxanasının kollektivinin iştirakı ilə qeyd olunmuşdur. T.Əlizadə işdə və həyatda insanlar tərəfindən se­vil­miş və onu sadəcə doktor Əlizadə deyə çağırmışlar. Qüsur­suz əmək fəaliyyəti zamanı minlərlə uşağın sağlam böyümə­sinə və bəzilərinin hətta ölümün pəncəsindən azad etmişdir.

Sumqayıt birləşmiş uşaq xəstəxanasının baş həkimi Abbas Şahverdiyevin dediklərindən: “Qazandığı nüfuz onun sadəliyi, təvazökarlığı, mədəniyyəti, sağlamlığını damla-damla peşəsi uğrunda əritməyi ilə əldə edilmişdir. Elə buna görə də biz hər zaman onunla fəxr etmiş, nümunə götürmüşük.

Gərəklilik insanın dəyər ölçüsü,
Gərək bilirlərsə dünyada səni,
Böyründə, başında dost görəcəksən.
Elə ki, itirdin gərəkliyini,
Dünyada özünü yox biləcəksən.

T.Əlizadə öz gərəkliliyini heç bir zaman itirməyəcək həkimdir.”

Tanrı yaradanda hər bir insanı fərqli yaradır. T.Əlizadənin yaşadığı ömür fərqli və bənzərsiz ömürdür. O, nəinki ictima­iyyətin, həm də həkimlərin özlərinin uşaqlarının sağlamlığı keşiyində durmuşdur. Onun həyatda tutduğu mövqe insanlar üçün elə nümunə olmuşdur ki, hər bir insan necə yaşamalı sualına məhz onun yaşadığı ömürlə  cavab verə bilər.

Olduqca təmkinli olmaqla yanaşı, heç bir zaman səbirsizlik göstərməzdi, danışanda belə heç vaxt yüksək səslə danışmazdı.

Uşaqlıq dostu, uzun müddət Sumqayıt birləşmiş Onkolojı xəstəxanasında baş həkim işləmiş doktor H.Nağıyev isə onun barəsində belə deyərdi: “ O, həm xalqının, həm nəslinin, həm ailəsinin, həm də dostlarının, bir sözlə bütün yaxınlarının baş ucalığıdır. O, həddindən artıq incə ruhu və xoş təbiəti ilə seçilirdi.”

O, hətta ən ağır xəstələrinin belə sağalacağına ümid bəslər, onlar üçün əlindən gələndən də artıq fədakarlıq göstərərədi.

Öz peşəsinin ağırlığından söz düşəndə belə deyirdi: “Uşağın dili yoxdur ki, harasının ağrıdığını deyə bilsin. Pediatrın yaxşı həkim olması bir növ vergi kimidir”.

Bir də doktor Əlizadə sanki uşaq həkimi olmaq üçün doğul­muşdu. O, uşaqları çox sevirdi, onları danışdırmağın yollarını yaxşı bilirdi. Bir də ki, uşaqlar onu görəndə rahatlaşırdılar, ağ­la­maqlarını kəsirdilər, sanki hiss edirdilər ki, onları sağaldacaq adamın yanındadırlar, sanki onlar bu adama etibar etməyin müm­künlüyünü söyləyirdilər. Yadımdadır ki, neçə qohumu­muz uşaqları xəstələnəndə maşın tutub ya Mərəzəyə, ya da Sum­qayıta dayımın yanına gətiriridilər. Və təbii ki, heç vaxt yanılmırdılar. Onlar həm qonaq olurdular, həm də uşaqlarını təzədən qazanmış olurdular. Belə misalları çox göstərmək olar (İ.Əlizadə)

Mərəzədən Sumqayıta gəldikdən sonra da həmişə Şama­xı­nın kəndlərindən Təhmiraz həkimin dalınca Sumqayıta gəlir­di­lər. Onların bir hissəsini evdə qəbul edər, dava-dərmanını yaz­dıqdan sonra rayona qayıdardılar. Vəziyyəti ağır olanları xəs­tə­xanada yatızdırar, onların sağalması üçün başqalarının məslə­hə­tini də dinlərdi. Bu gün də həkim yoldaşları onu minnət­darlıqla yad edir, ölüm günü qəbirinin üstünə gedib, gül dəstələri qoyur, quran oxutdururlar.

T.Əlizadənin həyat yoldaşı Əbruzə xanım onunla tələbə yol­daşı olmuş, onu sevmiş və evlənmişlər. 4 oğlan övladı vardır:  Şakir, Samir, Faiq və Fuad.

Təhmiraz həkim çoxlu sayda fəxri fərmanlar almış, “Əmək veteranı” medalı ilə təltif olunmuşdur. Yaşadığı müddət ərzində heç vaxt insanlıq zirvəsindən enməmişdir. Əsl el adamı idi və eldə də  böyük hörməti, nüfuzu vardı. Təhmiraz həkim  kimi insanlar ölmür, şəfa verdiyi min-min insanların qəlbində yaşayır. Xalq üçün yaradan, xalq üçün yanan insanları el-mahal əbədi yaşadır. Təhmiraz həkim də belə nurlu insanlardan biri idi.

Mənbə : Səməndər Məmmədov –  “Ağir elsən, borçalida adin var…”, Bakı – “Nurlan” – 2010, II kitab.

Faxralı.com saytında yerləşdirilən məlumatlar Hüseynqulu Məmmədli, Səməndər Məmmədov, Rəşid Faxralı, Allahverdi Kərimovun müəllifi olduğu 8-dən çox kitab və digər mənbələr əsasında tərtib olunmuşdur