Azad Hüseyn oğlu Qurbanov

Azad Hüseyn oğlu Qurbanov 1966-cı ildə Gürcüstan Respublikasının Bolnisi rayonunun Faxralı kəndində  anadan olub. Kəndin “Teşərələr” nəslindəndir.

O, orta təhsilini doğma kəndində alıb, 1983-cü ildə Faxralı orta məktəbini bitirib.

Onun haqqında çoxdan yazmaq istə­səm də, nədənsə, alınmırdı. Bunun da əsas səbəbi onun özüydü – hər dəfə müxtəlif yollarla söhbətdən yayınır, “haqqında yazı­lası faxralılar çoxdur, onlardan yaz”, – deyirdi. Mən də onu hardasa başa düşür, razılaşmaqdan başqa çarəm qalmırdı. Bilirdim ki, bu, sadəcə onun işlədiyi sahə və daşıdığı vəzifəylə bağlı deyil, həm də onun təvazö­kar­lığın­dan irəli gəlir. Amma  burasını da yaxşı bilirdim ki, o, nə qədər təva­zö­karlıq eləsə də, haqqında yazılası, elə-obaya daha yaxından tanıdılasıdır. Bunu çoxdan haqq edib: həm şəxsi keyfiyyətləri, həm də əməli işləri ilə. Üstəlik, onun mənsub olduğu nəsil də ağır elli Faxralıda sayılıb-seçilən nəsildir. Bu soyadın yetirmələri təkcə Faxralıda, Borçalıda deyil, Azər­bay­canda və hətta onun hüdudlarından kənarda da məşhurdurlar. Bu mənada, təkcə iki çağırış Azərbaycan Respublikası Milli Məclisinin üzvü olmuş görkəmli alim, filologiya elmləri doktoru, professor Şamil Qur-ba­novun adını çəkmək kifayətdir. Dünyasını dəyişməsindən on ildən artıq vaxt keçsə də, Şamil müəllim hər zaman minnətdarlıqla xatırlanan kişilər­dəndir. Şərəfli bir alim ömrü yaşayan Ş.Qurbanovun sanballı elmi əsərləri Azərbaycan ədəbiyyatşünaslığına qiymətli töhfədir. Milli Məclis­dəki cəsarətli çıxışlarını isə unutmaqmı olar?! Unudulmaz Xalq şairi Zəlimxan Yaqub Şamil müəllimdən söz düşəndə nahaqdan demirdi ki, “elmin yollarında ağaran saçlar, döndü bir millətin üzağlığına”.

Bəli, Faxralıda doğulub boya-başa çatan Şamil Qurbanov millə­ti­mi­zn üzağlığına çevrildi, öz adıyla yanaşı əzəli və əbədi ünvanı olan Fax­ra­lı­nın adını da ucaltdı, bu elin şöhrətini artırdı, faxralılara başucalığı gətirdi. Belə bir görkəmli şəxsiyyəti yetirən ocaqdan od alıb, kökdən su içənlərin, belə bir qürur mənbəyi olanların başqa cür olmağa sadəcə, mənəvi haqqı yoxdur!

Diqqətli oxucu artıq bu yazıda söhbətin kimdən, daha doğrusu, hansı nəslin nümayəndəsindən gedəcəyinin fərqindədir. Qurbanovlar soyadının daha bir ləyaqətli övladından söhbət açmaq istəyirəm.

“Qabusnamə”də deyilir: “Gənc adam, iyirmi yaşına çatdın, artıq özü­nə bir məslək seçmək məcburiyyətindəsən”. Azad üçün də belə bir mə­qam yetişmişdi. Artıq özünə bir məslək seçməyin, gələcək həyat yolunu müəyyənləşdirməyin vaxt çatdığından, o da ali təhsil almaq arzusu ilə bir çox yaşıdları kimi, Bakıya üz tutub. Bakı Mühəndislər İnstitutuna daxil olub.

XX əsrin 80-ci illərində keçmiş SSRİ-də ali məktəblərin əyani şöbələrində oxuyanlar da həqiqi hərbi xidmətə çağırılırdılar. Gənclər təhsillərini yarımçıq qoyub hərbi xidmətə yollanır, xidməti başa vurduqdan sonra yenidən təhsillərini davam etdirirdilər. Azad da ali məktəb partası arxasından hərbi xidmətə yollanıb, 1985-1987-ci illərdə ordu sıralarında xidmət edib. Hərbi xidmətdən qayıtdıqdan sonra təhsilini davam etdirib.

Azadın tələbəlik illəri elə bir dövrə təsadüf edir ki, keçmiş SSRİ məkanının əksər yerlərində milli oyanış baş qaldırmışdı, Azərbaycanda isə milli hərəkat daha güclü idi. Xüsusilə də, gənclər arasında milli qurtuluş mübarizəsi meyilləri güclü idi. Gənc həmkarları kimi, Azad da bu qaynar həyatın içində idi. Bu dövrdə Azərbaycan həm də sonradan daha böyük faciələrə yol açacaq erməni vandalizmi, erməni separat­çıla­rının şovinizmi ilə üz-üzə idi. Azərbaycanın tarixində mühüm mərhələ olan bir dövrdə – SSRİ-nin dağılması və repsublikamızın müstəqilliyin bir addımlığında olduğu bir zamanda Azad ali təhsilini başa vurub 1990-cı ildə Bakı şəhərində 2 saylı Yol təmir-tikinti idarəsində əmək fəaliy­yətinə başladı. Amma az öncə də qeyd etdiyimiz kimi, bu illər Azər­baycan özünün tarixinin elə bir mərhələsini yaşayırdı ki, bir küncə çəkilib sakitcə öz işinlə məşğul olmaq, ölkədə baş verənlərə biganə qalmaq müm­kün deyildi. Azad kimi milli ruhda böyümüş bir gənc isə əsla bu hadi­sələrdən kənarda qala bilməzdi. Söhbət Vətən torpaqlarının toxu­nul­maz­lığından gedirsə, düşmən sərhədlərimizi pozub ərazilərimizə soxu­lursa necə seyrçi mövqeyində dayanmaq olar? Azad da könlünün səsini dinləyib cəbhə bölgəsinə yollandı. Daha doğrusu, 1991-1992-ci illərdə o zamanlar yenicə yaranan Müdafiə nazirliyinin “N” saylı hərbi hissənin tərkibində Qarabağda erməni qəsbkarlarına qarşı döyüşlərdə iştirak etdi.

1992-ci ilin avqustundan isə o, Milli Təhlükəsizlik nazirliyində xidmətə qəbul edilib. Burada müxtəlif əməliyyat strukturlarında əməliy­yat müvəkkili və baş əməliyyat müvəkkili vəzifələrində çalışıb. Üzərinə düşən işdə özünü doğrultduğundan, ona daha böyük vəzifələr, məsul işlər etibar olunub. Bu sistemdə xidmətinin son 10 ilində rəhbər vəzifələrdə çalışıb. Bu illərdə təcrübəsi və nüfuzu ilə yanaşı, rütbəsi də artıb. Polkovnikdir.İşlədiyi müddət ərzində əldə etdiyi naliyyətlərə görə 4 dəfə rəhbərlik tərəfindən müxtəlif medallarla tərtif edilmişdir. 2016-cı ildən ehtiyata buraxılıb.

Vaxtı ilə Ə.Əbivərdi yazırdı:

İnsanın zinəti hünərdir, hünər,
Onsuz insan oğlu miskin görünər.

Azad Qurbanov da hünərdən doğulan oğuldur. Onunla ünsiyyətdə olmayıb, sadəcə peşə fəaliyyətindən tanıyanlar, bəlkə də, düşünərlər ki, xasiyyətcə sərt adamdır. Amma bu qətiyyən belə deyil. Mən hələ öz müşahidələrimə əsasən də deyə bilərəm ki, savadlı adamlar adətən qəlbiyumşaq və istiqanlı, digərlərinə qarşı həssas olurlar. Mark Tven necə də gözəl deyib: “Bilik ürəyi yumşaldır, mərhəmət və incəlik hisslərini tərbiyə edir”. Azadın da qəlbi həmişə mərhəmət hissi ilə doludur. Adamları dinləyib, dərdinə şərik olmağı bacarır. Hər sadəlikdə belə, bir hikmət axtarır. Yaxşı bilir ki, adam nə qədər hikmət sahibi olsa belə, qaş-qabağını tökdükdə onun nə hikmətində hikmətlik qalar, nə də sözündə gözəllik.

V.Hüqo yazır: “O qəlb ki, təbiətə qarşı açıqdır – təbiət ona böyük bir səxavətlə hədsiz-hesabsız sevinc verir. O qəlb ki, təbiətə qarşı bağlıdır – təbiət onu bu sevincdən mərhum edir”. Azad da təbiətin, təbii gözəlliklərin vurğunudur. Vaxt tapan kimi təbiətin qoynuna çıxmağı sevir.  Azərbaycanın hər qarışı onun üçün əziz olsa da, daha çox doğma Faxralının, Borçalının təbiətinin vurğunudur. Axı, bu yerlərin hər qarşı onun üçün əzizdir, doğmadır, Faxralının hər daşından, hər qayasından uşaqlığının bir şirin xatirəsi boylanır.

Azad Qurbanov ömrünün arxada qoyduğu əlli ilini şərəflə yaşayıb, üzağlığı ilə yaşayıb. Elə bir ömür yaşayıb ki, dönüb arxaya boylananda bu ömür kitabının hər səhifəsi ilə haqlı olaraq qürur duya bilər. Bu qürurdan həm də onun doğmalarına və yaxınlarına, eloğlularına  pay düşür. Və biz inanırıq ki, hələ bundan sonra da Azad bizi yeni-yeni uğurları, xoş soraqları ilə sevindirəcəkdir.

Mənbə : Səməndər Məmmədov –  “Faxralılar”, Bakı – “Elm və təhsil” – 2017, I kitab.

Faxralı.com saytında yerləşdirilən məlumatlar Hüseynqulu Məmmədli, Səməndər Məmmədov, Rəşid Faxralı, Allahverdi Kərimovun müəllifi olduğu 8-dən çox kitab və digər mənbələr əsasında tərtib olunmuşdur