Eldar Həsən oğlu Qurbanov

QISA MƏLUMAT

Eldar Həsən oğlu Qurbanov 1957-ci il noyabr ayının 19-da Bolnisi rayonunun Faxralı kəndində anadan olmuşdur. O, 1964-cü ildə Faxralı orta məktəbinin 1-ci sinfinə daxil olmuş, 1974-cü ildə həmin məktəbi  bitirmişdir.

Eldar Qurbanov 1976-cı ildə hərbi xidmətə çağrılmış və 1978-ci ildə ordu sıralarından tərxis olunmuşdur.

1979-cu ildə Azərbaycan Dövlət Universitetinin (indiki BDU-nun) hüquq fakultəsinə daxil olan Eldar Həsən oğlu 1985-ci ildə universiteti  bitirmişdir.

O, 1986-cı ildən ədliyyə sistemində çalışır. Əvvəlcə Azərbaycan Ədliyyə Nazirliyində işləmiş, 1987-ci ildən isə Bakıdakı 15 saylı Dövlət Notariat Kontorunda fəaliyyət göstərir. Hazırda həmin notariat kontorunda böyük dövlət notariusu vəzifəsində çalışır. Böyük ədliyyə müşaviridir.

Eldar Qurbanov xidməti vəzifəsi ilə yanaşı əhalinin hüquqi baxımından maariflənməsi üçün də əlindən gələni əsirgəmir, Azərbaycan müstəqillik əldə etdikdən sonra qəbul olunmuş  bir sıra qanunların geniş ictimaiyyət üçün izahı, hər bir vətəndaşın öz hüquq və vəzifələrini bilmələri istiqamətində səmərəli işlər görür.

Mənbə : Məmməd Sarvan, Musa Nəbioğlu –  “BORÇALI”, Bakı – “Nurlan” – 2003.

 

KİM QALA BİLMƏSƏ EL YADDAŞINDA

“İçi parıldasın gərək adamın, insanı parıldadan güzgülər olmur”. Yurtcanlı eloğlu, etibarlı dost, qayğıkeş ata, səxavətli baba, əvəzsiz qohumlardan biri də Eldar Qurbanovdur. “Dörd tərəfi dağdan hasar olub, dost qarşılayıb, yağı basan Faxralı” Eldar Qurbanovun qibləgahı və səcdəgahıdır”. Vətənin qıraqda qalan yeri Borçalının Faxralı kəndi oğullar yetirib el-el tanınıb. Faxralı orta məktəbinin məzunlarının xoş soraqları bu gün Amerikadan, Almaniya və Türkiyə kimi nüfuzlu dövlətlərin ali məktəblərindən gəlir. Torpağa tac olan belə övladları el sevir, mahal sevir. İnsanlıq üçün ən böyük qiymətdi el sevgisi, mahal sevgisi. Türk dünyasının böyük şairi Zəlimxan Yaqub bir-birindən gözəl şerlərinin birində yazır:

…..Ellərə doğmadır şairin səsi,
Mən necə sevməyim el sevən kəsi?

El sevən və eli sevənlərdəndir Eldar Qurbanov.

Eldar Həsən oğlu Qurbanov 1957-ci ildə noyabr ayının 19-da Borçalının Faxralı kəndində anadan olmuşdur. 1964-cü ildə Faxralı kənd orta məktəbinin 1-ci sinfinə getmiş, 1975-ci ildə orta təhsili başa vurmuşdur. 1986-cı ildə Azərbaycan Dövlət Universitetinin  hüquq fakultəsini bitirmişdir. 1988-ci ildən Bakı şəhəri 15 saylı dövlət notariat kontorunda Baş Dövlət Notariusu vəzifəsində  çalışır. Uzun müddət qüsursuz işlədiyinə görə dəfələrlə Ədliyyə Nazirliyinin təşəkkürünü almışdır. Məşhur Qurbanov soyadının layiqli daşıyıcılarındandır. Eldar Qurbanov həm də elnən nəfəs alıb, elnən duran oğuldu. El adamıdı, həmişə elin içindədir. Elni sevəni Allah da sevər. Eldar Qurbanov da qohumlara, ərki çatanlara həmişə el sevgisini, vətənpərvərliyi təbliğ edir. Hər bir adam çalışır ki, haqqın dərgahına qədər ucalsın. Haqqın dərgahına ucalmaq üçün isə insanlıq  yolunu tutub, el sevgisini qazanmaq lazımdır. Eldar Həsən oğlu Qurbanov kimi. İçindən gələn bu sevgi Eldara atası Həsən əmidən (Yumru əmidən) və kökündən gəlir. Çox haqlı olaraq Xalq şairi Zəlimxan Yaqubun bu şeri Eldarın dilindən düşmür.

……Sözə şahlıq eylə, nə əyil, nə sın,
Ömrü əbədidi nəğmənin, səsin.
Qoy, özündən küssün, eldən küsməsin,
Kim qala bilməsə el yaddaşında.

Mənbə : Səməndər Məmmədov –  “Ağır elsən, Borçalıda adın var…”, Bakı – “Nurlan” – 2010, II kitab.

Faxralı.com saytında yerləşdirilən məlumatlar Hüseynqulu Məmmədli, Səməndər Məmmədov, Rəşid Faxralı, Allahverdi Kərimovun müəllifi olduğu 8-dən çox kitab və digər mənbələr əsasında tərtib olunmuşdur