Qara Abbas oğlu Abbasov

Qədim Borçalımızın Qara adlı işığı – Qara Abbasov haqda bu oçerki yazmağım Azərbaycan Silahlı Qüvvələrinin yaranmasının 100 illiyinin qeyd olunduğu 26 iyun 2018-ci il ərəfəsinə təsadüf etdi ki, bu da səbəbsiz deyildir. Qarşımda doğma yurdum Faxralının vətənpərvər bir ziyalısının, qabaqcıl müəllimin, İkinci dünya müharibəsi veteranının, polkovnik rütbəsinədək yüksəlmiş şərəfli zabitin ədəbi portretini yaratmaq və cizgilərini xalqın qəhrəmanlıq tarixinin fonunda təsvir etmək kimi məsuliyyətli vəzifə durur. İnanmaq istəyirəm ki, əziz oxucuların arasında sovet ordusunda xidmət etmiş, faşizmin devrilməsinə öz canları, qanları bahasına töhfə vermiş həmvətənlərimizin şücaətinə sayğısız yanaşanlar yoxdur.

Mən də oxucuların diqqətini Qara müəllimin, mənsub olduğu Abbasovlar nəslinin şücaətli oğullarının timsalında tariximizin bir səhifəsinə, bir müsbət hadisəyə cəlb etmək istəyirəm.

Ziyalının hərbçisi, hərbçinin ziyalısı

Qara Abbas oğlu Abbasov 1912-ci ildə qədim Borçalı mahalının Bolnisi (keçmiş Lüksemburq) rayonunun Faxralı kəndində kolxozçu ailəsində anadan olub. Atası Abbas kişi kəndin ən qədim və köklü nəsillərindən biri olan İveylər nəslindəndir. Qara Abbas oğlu 1928-ci ildə məktəbi əla qiymətlərlə bitirdikdən sonra müəllimlik fəaliyyətinə başlayıb. Müharibədən əvvəl Adıgün rayonunun pedaqoji məktəbini bitirən yeganə Faxralı vətəndaşı olan Qara müəllim sözün əsl mənasında dövrünün ən qabaqcıl və vətənpərvər ziyalılarından olub. Məktəbdə müəllimlik etdiyi zaman əvvəlcə məktəb komsomol komitəsinin, sonra partiya təşkilatının katibi vəzifələrində şərəf və vicdanla çalışıb.

Qara Abbas oğlunun könüllü olaraq müharibəyə getmiş qardaşlarından Nadir döyüşdə həlak olmuş, İsrafil isə yaralanaraq 1944-cü ildə tərxis olunmuşdur. Qara müəllim özü müharibə vaxtı hərbi məktəbi bitirərək uzun müddət Uzaq Şərqdə polkovnik rütbəsinə yüksəlmişdir. O, 1984-cü ildə Krasnoyarsk vilayətinin Kansk şəhərində vəfat etmiş və orada fəxri qəbirstanlıqda dəfn olunmuşdur. Qızı təqaüdçüdür. Yeganə nəvəsi hazırda babasının yolunu davam etdirərək Uzaq Şərq hərbi hava qüvvələrində xidmət edir. Heç şübhəsiz ki, onun hərbçi peşəsini sevməsinin əsas səbəbkarı məhz babası olmuşdur.

Rəhmətlik Qara Abbasov Uzaq Şərqdə hərbi xidmət aparsa da, qəlbi həmişə Vətən eşqi ilə döyünmüş, milli dəyərlərimizə sadiq qalmışdır. Heç şübhə etmirəm ki, ömür vəfa etsəydi, 90-cı illərədək yaşayıb baş verənlərin şahidi olsaydı, o, Qarabağ savaşının getdiyi vaxtlar dönüb Azərbaycana qayıdar, bilik və təcrübəsini gənc əsgər və zabitlərlə məmnuniyyətlə bölüşərdi. Bu nöqteyi-nəzərdən, istisna etmək lazım deyil ki, gün gələcək, Vətənimiz Azərbaycan Qara Abbasov kimi hərbiçilərin hərb sənətini yüksək səviyyədə mənimsəmiş övladlarının xidmətlərindən lazımınca bəhrələnəck, onların nəzəri və təcrübi biliklərindən qələbələrimizin qazanılması naminə istifadə olunacaqdır.

Mənbə: Səməndər Məmmədov –  “Faxralılar və tarix yaradanlar” kitabı

Faxralı.com saytında yerləşdirilən məlumatlar Hüseynqulu Məmmədli, Səməndər Məmmədov, Rəşid Faxralı, Allahverdi Kərimovun müəllifi olduğu 8-dən çox kitab və digər mənbələr əsasında tərtib olunmuşdur