Ruslan Oruc oğlu Nağıyev

GƏNCLİK ARZU-İNAM DEMƏKDİR

Nağılar nəsli Faxralıda halallığı, düzlüyü ilə seçilən, hamıya hörmətlə yanaşan, necə deyərlər, kimsə ilə işi olmayıb, öz tükünün üstündə dolanan bir nəsildir. Bu nəsil xeyirxah insan­ları, dəyərli ziyalıları ilə tanınır. Bayram ba­ba­nı, Hasan baba­nı, Məhər babanı bu gün minnət­dar­lıqla xatırla­yıram. Onlar­la həm aran, həm də binə (yaylaq) qon­şusu olmuşuq. Həmişə də onların həm özlə­rin­dən, həm də övladlarından yalnız gözəl müna­si­bət, xeyirxahlıq  görmüşük. Yuxarıda adlarını çək­diklərimlə həm də yaxın qohumluq əlaqələrimiz var. Bayram babanı, onun həyat yoldaşı Yetər nənəni həmişə minnətdarlıqla anırıq. Sadə həyat tərzi keçirən bu insanlar – Bayram baba və Yetər nənə Alı əminin qayınatası və qayınanası idilər.

Bəli, Nağılar nəsli haqda ancaq xoş sözlər söyləmək olar. Çünki bunu özləri qazanıb: təmiz adları, halal zəhmətləri, xe­yirxah əməlləri, daim yaxşılığa can atmaları, el-obaya, yurda bağlılıqları ilə. Atalar yaxşı deyib ki, ot kökü üstə bitər. Nəslin bu günkü nümayəndələri də öz sələflərinin adını şərəflə daşıyır, həm mənsub olduqları nəslin, həm də Borçalının, ağır eli olan Faxralının adını ucaldır, şərəfini uca tuturlar. Bu gün onların sorağı Faxralıdan, Borçalıdan çox-çox uzaqlardan gəlir. Hər xoş soraq isə təkcə Nağılar nəslinin nümayəndələrini yox, bütün faxralıları sevindirir. Mən də sevinir, həm də qürur duyuram.

Bu nəslin gənc və gənc olmasına rəğmən artıq kifayət qədər karyera qazanmış nümayəndələrindən biri də  Ruslandır. Onun atası Oruc Nağı­yev haqqında bundan əvvəl işıq üzü görmüş kitabımda yazmışam. Oruc uzun müddət Kazanda daxili işlər orqanlarında çalışmışdı – şərəflə, ləyaqətlə, namusla, vicdanla, doğma Faxralının adına layiq! Borçalıdan minlərlə kilometr uzaqda olan Kazana üz tutan, yolu düşən, yaxud da orada yaşayan bütün borçalılara arxa-dayaq idi. Onun xeyirxah əməlləri bu gün də dildən-ağızdan düşmür.

Şair Abbas Abdulla şerlərindən birində yazır:

Yad önündə biri sinsə,
Salam verməz ona kimsə.
Məclislərdə böyük dinsə,
Kiçik dinlər Faxralıda.

Şairin bu misralarını oxuyanda həmişə Oruc Nağıyev kimi faxralıları xatırlayıram. Bu yazımın qəhrəmanı Ruslan, Vətən­dən uzaqlarda yaşayıb fəaliyyət göstərsə də, heç zaman yurdunu-yuvasını unutmayan, elinin vurğunu olan Oruc Nağı­yevin oğludur. Bayaqdan bəri Ruslanın atası və mənsub olduğu Nağılar nəsli haqqında yazdıqlarım da əslində elə Ruslanın hansı kökdən güc aldığını, hansı bulaqdan su içdiyini nişan vermək məqsədi daşıyır və onun haqqında ilkin təsəvvür yarat­mağa xidmət edir. Hətta düşünürəm ki, bu təqdimatdan sonra Ruslan haqda uzun-uzadı danışmağa ehtiyac da qalmır. Sadəcə onu demək kifayətdir ki, Ruslan kimi savadlı, səviyyəli və dolu oğluyla nəinki təkcə mənsub olduğu nəsil, bütövlükdə eli-obası fəxr edə bilər.  Ata yurdunu şenəldən oğullardandı Ruslan.

Ruslan Oruc oğlu Nağıyev 1979-ci il fevralın 23-də ana­dan olub. 1996-cı ildə  orta məktəbi bitirib. Qəlbi gənclik eşqi ilə döyünən, ürəyində min bir arzusu olan Ruslan özünə bir peşə seçməkdə çox da tərəddüd etməyib. Atası kimi hüquq-mühafizə sistemində çalışmağı qərara alıb. Bunun üçün isə, təbii ki, ali təhsil almalı idi. Bu arzu onu Kazan Dövlət Universitetinin hüquq fakültəsinə gətirib. Dörd il burada oxuduqdan sonra 2000-ci ildə universiteti bitirib.

Vaxtilə böyük türk şairi Nazim Hikmət yazırdı: “Gənclik arzu-inam, igidliyə həvəs deməkdir. Gənclik lirika və roman­tikadır. Bu, gələcək üçün tükənməz arzulardır. Bütün yaxşı əməllərin başlanğıcıdır”.

Ali təhsilli hüquqşünas olan Ruslan da gənclik enerjisi, gənclik hə­və­si ilə fəaliyyətə başlayıb. 2001-ci ilin martında Tatarıstan Res­pub­likası Vəkillər kollegiyasında iş təcrübəsi keçməyə qəbul olunub, altı aydan sonra vəkil statusu alıb,  Kazan şəhəri Mərkəzi Hüquq məsləhət­xa­nasına işə göndərilib.

Qısa müddətdə qazandığı təcrübə, dərin biliyi və zəngin dünya­gö­rüşü sayəsində 2003-cü ildə Tatarıstan Respublikası Vəkillər Palatasında mərkəz yaradıb.  Artıq on beş ilə yaxındır ki,  həmin mərkəzə inamla rəh­bərlik edir.

Ruslan Nağıyev bu gün Tatarıstanda tanınmış vəkillər­dəndir. Hüquqi yardıma, məhkəmədə müdafiəyə ehtiyacı olan­lar tərəddüd etmədən ona müraciət edirlər. Çünki onun uğur qazanacağına inanır, hüquqlarının qorun­masını ona etibar edirlər. Bu da təsadüfi deyil. İndiyədək yerli məhkəmələrdəki mülki və cinayət işləri ilə yanaşı, Rusiya və Avropa məhkə­mə­sində də insan hüquqları ilə bağlı məsələlərin baxılmasında vəkil kimi çıxış etmiş və prosesi udmuşdur.

Ruslanın öz peşəsinin sirlərinə dərindən bələd olan bir vəkil olması Rusiya Federasiyası Vəkillər Palatası tərəfindən də yüksək qiymət­lən­dirilib. Palatanın  28.01.2016-cı il tarixli qərarı ilə vəkil Nağıyev Ruslan Oruc oğlu “Vətəndaşların hüquq və azadlıqlarının müdafiəsinə görə” II dərəcəli medalla təltif olunub.

Ruslan ailəlidir – iki oğlu, iki qızı var. Çalışır ki, övladlarını hər şey­dən əvvəl babalarının, doğma Faxralının adına layiq övlad kimi böyütsün. Başqa cür ola da bilməz!

Ruslan Allah verən ömrü sevə-sevə, sevilə-sevilə yaşayır. Elinin hör­mətini qazanan, ata-baba yurduna bənövşə kimi əyilən Ruslana gələcək işlərində uğurlar arzulayırlam.

Ondan daha böyük uğurlar gözləyir, üzün ağ olsun deyirik!

Mənbə : Səməndər Məmmədov –  “Faxralılar”, Bakı – “Elm və təhsil” – 2017, I kitab.

 

Faxralı.com saytında yerləşdirilən məlumatlar Hüseynqulu Məmmədli, Səməndər Məmmədov, Rəşid Faxralı, Allahverdi Kərimovun müəllifi olduğu 8-dən çox kitab və digər mənbələr əsasında tərtib olunmuşdur