Sabir Alı oğlu Budaqov

VAR-DÖVLƏT DOST DEYİL, DOST VAR-DÖVLƏTDİR

Başqalarını bilmirəm, amma qə­ləm adamları yəqin mənimlə ra­zı­laşar ki, bəzən ən yaxından tanı­dığın, insanlığına, xeyir­xah­lı­ğına bə­­ləd olduğun, səmimiyyətinə vu­rulduğun ən doğma adam haqqında nəsə yazmaq elə də asan olmur. Nə qədər ki, əli­nə qələm götürüb düşüncələrini vərəqlərə köçürməyə başla­ma­mısan düşünürsən ki, sənə bunca doğma və əziz olan bir in­san haqqında yazmağa nə var ki?! Amma elə ki, əməli işə keçirsən – ürəyindən keçənləri ipə-sapa düzməyə başlayırsan görürsən ki, yox, bu iş sən düşündüyün qədər də asan deyilmiş. Bilmirsən nədən başlayıb nədə qurtarasan. Sabir Budaqov haqqında yazmaq istəyərkən bu hissləri bir də yaşamalı oldum. Düşüncələr içində var-gəl edirkən birdən ağlıma nə vaxtsa oxuduğum və müəllifini unutduğum şeirdən bir beyt düşdü:

İnsan olduğumu düşündükcə mən,
Daim yüksəlirəm, fəxr ilə qəlbən.

Doğrudan da xoşbəxt o adamdır ki, bu dünyada Allahın ver­di­yi ömür payını sözün əsl mənasında insan kimi yaşayır, qüru­runu, mənliyini hər şeydən uca tutur. Qürurunu qoruya bilmə­yənin qeyrəti də ola bilməz. Öz mənliyini ucuz tutanlar başqa­la­rının da qədir-qiymətini bilməz. O, adamlar başıuca, alnıaçıq və üzüağ gəzə bilir ki, şərdən, böhtandan, yalandan, riyakar­lıq­dan, ikiüzlülükdən, təkəbbürdən və saxta təbəssümdən, tamah­dan uzaq olur, insanlara var-dövlətinə, tutduğu vəzifəyə görə yox, daxili dünyasına, ləyaqətinə görə qiymət verir, haqqa ina­nır, haqqa güvənir. İnanır ki, M.S.Ordubadi demiş, “lap dün­ya dağılsa da haqq-ədalət həmişə olacaq”.  Və bir də dünyada hər şeyi pulla ölçmür. Bilir ki, “pula, layiq olduğundan artıq qiy­mət vermək olmaz, o, yaxşı nökər və pis ağadır” (A.Düma).

Sabir Alı oğlu Budaqov 1941-ci ildə Faxralı kəndində kol­xozçu ailəsində anadan olub. Yaşıdlarının çoxu kimi müha­ri­bə­nin ağrı-acılarını öz taleyində yaşayıb. Yetimliklə böyüsə də, hələ uşaqlıqdan qürurunu sındırmayıb, kimin və nəyin qaba­ğın­dasa əyilməyib. 1958-ci ildə Faxralı orta məktəbini bitirib ali təhsil almaq üçün Bakıya gəlib. Sənədlərini Bədən Tərbiyəsi İnstitutuna verib və tələbə adını qazanıb. Ancaq cəmisi bir neçə aydan sonra tələbə həyatı ilə vidalaşmaq zorunda qalıb. Maddi durumu imkan verməyib ki, təhsilini davam etdirsin. Həyatda hər şeyi öz gücünə əldə etməyə çalışan Sabir Budaqov kömək üçün ki­məsə ağız açmağı da özünə sığışdırmayıb, şəninə yaraşdır­mayıb. Sadəcə olaraq qüruru buna yol verməyib. Düşünüb ki, bu da tale verən bir qismətdir. İnstitutda təhsilini yarımçıq qoyaraq kəndə qayıdıb. 1960-cı ildə hərbi xidmətə çağırılb. İki illik hərbi xidmət dövrü onu ali təhsil almaq arzusundan uzaq­laşdıra bilməyib və o, 1962-ci ildə ordudan tərxis olunduqdan sonra ali məktəbə daxil olmaq üçün yenidən Bakıya gəlib. Bu dəfə sənədlərini Politexnik İnstitutuna (indiki Texniki Univer­sitet) verib və təbii ki, imtahanlardan uğurla çıxaraq tələbə adı­nı qazanıb. Amma onu dabanbasaraq izləyən maddi çətinlik burada da təhsilini sonadək davam etdirməyə imkan verməyib. İki il oxuduqdan sonra yenidən tələbəlik həyatı ilə vidalaşaraq Neft Daşlarında fəhlə kimi əmək fəaliyyətinə başlayıb.

Bəlkə də ali təhsil almaq üçün iki cəhdi uğursuz alındı­ğın­dan başqaları artıq bu arzudan vaz keçərdi. Amma Sabir Buda­qo­vun möhkəm iradəsi, arzusu yolunda dönməzliyi və ən baş­lıcası isə yuxarıda da qeyd etdiyim kimi qüruru buna yol ver­məzdi ki, inamsızlıq ona üstün gəlsin, taleyin çətin sınaqları onu öz yolundan döndərsin. Hər çətinlikdən çıxmaq üçün Allahın bir qapı açdığına, hər zülmət gecənin bir işıqlı sabahı ol­duğuna inandığından bu illər ərzində ali təhsil almaq arzusundan vaz keçməyib. Əksinə, öz üzərində daha ciddi, daha inadkarlıqla çalışıb, düşünüb ki, oxumaq heç vaxt gec deyil. Nəhayət 1965-ci ildə Xarici Dillər İnstitutunun ispan dili fakültəsinə daxil olub. Burada sadəcə elmin sirlərinə yiyələn­məklə kifayətlənməyib, institutun ictimai həyatında yaxından iş­tirak edib. Həyat təcrübəsini, məsuliyyətini, təşkilatçılıq qabiliyyətini, və işgüzarlığını nəzərə alaraq  təşkilatı işlərdə ona böyük etimad göstərilib  və o,  iki il institut tələbə həm­kar­lar təşkilatına rəhbərlik edib. 1970-ci ildə ali təhsilini başa vurub.

1971-ci il onun həyatında dönüş ilidir desəm yəqin ki, səhv et­mərəm. Həmin ildə Sabir Budaqov Azərbaycan Respub­li­kasının Daxili işlər orqanlarında işə düzəlib. Qətiyyəti və dözü­mü, inadkarlığı, möhkəm iradəsi hər zaman olduğu kimi, bu­ra­da da onun əsas güvənc yeri olub, həmişə köməyinə çatıb. Elə bu keyfiyyətləri ilə kollektivdə yaxşı mənada seçilib, fərqlənib, xidməti fəaliyyəti rəhbərliyin diqqətindən yayınmayıb. Üç il Nəqliyyatda Baş Polis İdarəsində çalışdıqdan sonra Daxili İşlər Nzirliyində baş inspektor vəzifəsinə təyin olunub. İki il həmin nazirlikdə Viza və Qeydiyyat şöbəsinin rəisini əvəz edib.

1980-ci ildə keçmiş SSRİ Daxili İşlər Nazirliyinin Akade­miyasına daxil olub. Elə həmin ildən Azərbaycan Daxili İşlər Nazirliyinin Sosialist Əmlakını Dağıdanlara Qarşı Mübarizə (SƏDM) İdarəsinin əməkdaşı olub. 1983-1987-ci illərdə Sum­qayıt şəhər Daxili İşlər İdarəsinin SƏDM şöbəsində əvvəlcə baş əməliyyatçı, sonra isə həmin şöbənin rəisi vəzifəsində, 1991-ci ildə daxili işlər orqanlarından təqaüdə çıxdıqdan sonra isə dörd il  gömrük sistemində çalışıb.

Sabir Budaqovu tanıyanlar daha çox onun dostluqda səda­qə­tindən danışır, dostluq timsalı kimi gənclərə nümunə gös­tə­rirlər. Çünki o, Pablo Nerudanın təbirincə desək, dünyanı dost­larla görmək istəyənlərdəndir  və düşünür ki, insanın tənhalığı cinayətdir. Onun mərhum həkim, şəfalı əlləri ilə minlərlə ailəyə sevinc bəxş etmiş, xeyirxahlığı, insanpərvərliyi, səmimiyyəti ilə könüllərdə özünə abidə qurmuş Hümbət Nağıyevlə dost­lu­ğunun mən də şahidiyəm. Hər ikisinin şəxsi taleyi – yetimliyin, ehtiyacın ağrı-acıları ilə yanaşı onların xarakter bütövlüyü, KİŞİ sözünü, ləyaqəti, mənliyi hər şeydən üstün tutmaları, el-oba yolunda hər şeyə hazır olmaları bu dostluğu daha da möh­kəmləndirirdi. Yunan filosofu Stobeyin “var-dövlət dost deyil, dost var-dövlətdir” kəlamı sanki bu dostlar üçün deyilmişdir. Sabir Budaqovun dostlarından ürəkdolusu danışdığının dəfə­lərlə şahidi olmuş və danışdıqca da yüngülləşdiyini görmüşəm. Sabir Budaqovla Hümbət Nağıyevin dostluğu ona görə davam­lı, dayanıqlı və etibarlı idi ki, bünövrəsində kişilik və halallıq dururdu. Kəlbəcərin nəğməkar oğlu Əli Qurbanovun yazdığı kimi:

Kim qurban eyləməz dosta yağını,
Yedirtməz bağrının dosta yağını.
Qoysun gözüm üstə dost ayağını,
Dolaşım ellərdə ay şişə-şişə.

Onun həmçinin Kərim Gülməmmədov, Arçil Nuriyev, Vey­səl Aşırov, Yahaların Abbas və digərləri ilə heç bir təmən­naya söykənməyən, qarşılıqlı hörmət və sədaqət üstündə quru­lan dostluğu da çoxlarına, xüsusən də bu günkü gənclərə əsl örnəkdir.

Sabir Budaqovu faxralılar və bütövlükdə borçalılar sözdə yox, əməldə elə-obaya bağlı, qəlbi yurd məhəbbəti ilə dolu bir qeyrətli eloğlu kimi tanıyırlar. Bu mənada Sabiri çoxlarından fərqləndirən bir də odur ki, o, dədə-baba yurdunu təkcə sevmir, həm də onun daha işıqlı sabahı üçün əlindən gələni edir. Yaxşı bilir ki, müdriklərdən biri demiş, “yardım edən əllər dua oxu­yan ağızlardan müqəddəsdir”. Hər il ən azı 1-2 ay doğma Fax­ralıda olub elin dərd-sərindən halı olur, kəndin sosial inki­şafı naminə bacardığı qədər maddi və mənəvi köməklik göstərir. Özü gördüyü işləri yeri gəldi-gəlmədi dilə gətirməyi xoşlayan olmasa da, onun kənddə həyata keçirdiyi işlərdən bi­ri­ni qeyd etmək istəyirəm: Faxralıda tikilməkdə olan məscidin dörd tərəfini şəxsi vəsaiti hesabına hasara aldırıb, dəmir dar­vaza qoydurub.

Sabir Budaqov həm də gözəl ailə başçısı, Vətənə layiqli övladlar böyüdən atadır.  Oğlu Fuad Azərbaycan İqtisadi İn­kişaf Nazirliyində, qızı Ofeliya isə xarici şitkətdə bank siste­min­də çalışır.  Heç şübhəsiz ki, onlar da  ömrünün müdriklik çağlarını yaşayan ataları Sabir Budaqov – elimin bu qeyrətli oğlu kimi Vətən təəssübü, el-oba təəssübü çəkəcək, od aldıqları ocağın adına layiq olacaqlar.

Mənbə : Səməndər Məmmədov –  “Ağr elsən, Borçalıda adın var…”, Bakı – “Nurlan” – 2009, I kitab.

 

Qeyd: Sabir Budaqov 12.12.2020-ci ildə vəfat edib. Allah rəhmət eləsin!

Faxralı.com saytında yerləşdirilən məlumatlar Hüseynqulu Məmmədli, Səməndər Məmmədov, Rəşid Faxralı, Allahverdi Kərimovun müəllifi olduğu 8-dən çox kitab və digər mənbələr əsasında tərtib olunmuşdur