Sabir Məcid oğlu Aşırov

Sabir Məcid oğlu Aşırov 1955-ci il dekabr ayının 17-də Gürcüstan Respublikasının Bolnisi rayonunun Faxralı kəndində anadan olmuşdur. Kəndin “Aşırlı” nəslindəndir.

1963-cü ildə Faxralı kənd orta məktəbinin 1-ci sinfinə daxil olmuş, 1975-ci ildə həmin məktəbi bitirmişdir.

1975-1977-ci illərdə keçmiş SSRİ-nin Silahlı Qüvvələrində hərbi xidmətdə olmuşdur. Əsgəri xidmətdən tərxis olunduqdan sonra, 1978-ci ildə M.Ə.Rəsulzadə adına BDU-nun hüquq fakultəsinə qəbul olunmuş, 1983-cü ildə həmin fakultəni bitirmişdr. Təyinatla Gürcüstan Respublikasının Daxili İşlər Nazirliyinin Sərəncamına göndərilmiş, o, burada müxtəlif vəzifələrdə çalışmışdır (1987-1991). 1991-ci ildə Sabir Aşırov xidmətini davam etdirmək üçün Azərbaycan DİN-ə işə düzəlmişdir.

1992-ci ildə Sabir Aşırov Daxili Qoşunlar idarəsində xidmətə başlamışdır. O, burada Kadrlar və İşlər idarəsinin rəisi vəzifələrində çalışmışdır.

Sonralar o, Baş İdarədə Beynəlxalq Hərbi Əməkdaşlıq şöbəsinin rəisi vəzifəsində işləmişdir.

Sabir Aşuraov Azərbaycan Respublikasının   ərazi bütövlüyü və süverenliyi uğrunda erməni işğalçılarına qarşı gedən döyüşlərdə iştirak etmiş, komandanlıq tərəfindən verilən xüsusi tapşırıqları şərəflə yerinə yetirmişdir.

Nümunəvi xidmətlərinə görə dəfələrlə Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi və Daxili Qoşunlar Komandanlığı tərəfindən mükafatlandırılmışdır.

O, polkovnik rütbəli müharibə veteranıdır.

Sabir Aşırov 18 iyul 2020-ci il tarixində 64 yaşında rəhmətə gedib. Allah rəhmət eləsin!

Mənbə : Məmməd Sarvan, Musa Nəbioğlu –  “BORÇALI”, Bakı – “Nurlan” – 2003.

 

HƏR KİMİN DEYİLSƏ MAYASI ELDƏN…

Borçalıda həmişə öz çəkisi, san­balı ilə seçilən Faxralıdan söz dü­şəndə nədənsə ilk növbədə bu elə şöhrət qazandıran görkəmli alimlər, saz-söz adamları yada düşür. Doğ­ru­dan da, bu gün Borçalının kəndləri içərisində Faxralı bəlkə də yetirmə­ləri arasından ən çox alimi olan kənddir. Amma bu kəndə daha ya­xın­dan bələd olanlar yaxşı bilirlər ki, həyatımızın elə bir sahəsi yoxdur ki, o sahədə Faxralıdan görkəmli mü­təxəssis ol­ma­sın. Bu mənada hüquq sahəsi də istisna deyil. Bu gün fax­ra­lılar haqlı olaraq həm də özlərinin bacarıqlı, sorağı Borçalının hüdudlarından çox-çox uzaqlardan gələn hüquq-mühafizə işçi­ləri ilə  fəxr edirlər. Daim haqqlının tərəfində olan, haqqı na­haq­qa qurban verməyən, bir kəlməsi qanlar yatıran ağır-batman kişiləri ilə seçilən Faxralıdan belə tanınmış hüquq-mühafizə işçilərinin çıxması da tam qanunauyğun, el-oba ənənəsinin bir növ məntiqi davamıdır.

Bu yazıda mən onlardan biri – təkcə faxralıların yox, bütöv­lükdə son onillikərdə Azərbaycan hüquq-mühafizə sistemində ça­lışanların hamısının yaxşı tanıdığı Sabir Aşırov haqqında söh­bət açamaq istəyirəm. O şəxsdən ki, həyatda qazandığı bütün uğur­larına görə ilk növbədə özünün zəhmətsevərliyinə, əzm­karlığına borcludur.

Sabir Məcid oğlu Aşırov 1955-ci il dekabrın 17-də anadan olub. 1965-1975-ci illərdə Faxralı orta məktəbində təhsil alıb, 1975-1977-ci illərdə keçmiş SSRİ-nin Silahlı Qüvvələrində həqiqi hərbi xidmətdə olub. Və kişilk məktəbi adlandırılan or­duda xidmətini başa vurduqdan sonra gələcək həyat yolunu mü­­əy­yənləşdirmək qərarına gəlib. Daha doğrusu, gələcəkdə hansı peşəni seçəcəyini çoxdan götür-qoy etmişdi və qərarı qəti idi: ali hüquq təhsili almaq. İndi bu arzunu reallaşdırmaq vaxtı idi. Bu arzunun işığı ilə 1978-ci ildə Bakıya gələn Sabir sənədlərini Azərbaycan Dövlət Universitetinin (indiki BDU) hüquq fakültəsinin əyani şöbəsinə verir və qəbul imtahanla­rın­dan uğurla çıxaraq onu böyük uğurlara aparan yolda ilk inamlı qələbəsini qazanır. Yaşlı və orta nəslin nümayəndələri yaxşı bilirlər ki, o vaxtlar universitetlərin hüquq fakültəsinə daxil olmaq nə demək idi və belə fakültələrdə daha çox kimlərin övladları təhsil alırdılar. Sabir isə öz gücünə, kimə və nəyəsə arxalanmadan bu fakültəyə daxil olmuşdu.

1983-cü ildə universiteti bitirərək Borçalıya qayıdan Sabir Aşırov Gürcüstan Respublikası Daxili İşlər Nazirliyinin tabeçi­li­yində olan İslah Əmək Müəssisələrinin birində dəstə rəisi və­zi­fəsində xidmətə başlayıb. 1991-ci ilədək burada çalışdıqdan sonra xidmətini davam etdirmək üçün Azərbaycan Respub­li­ka­sı Daxili İşlər Nazirliyi Daxili Qoşunlar Baş İdarəsinə keçirilib. Burada əvvəlcə kadrlar şöbəsinin rəis müavini vəzifəsində çalışıb. Peşəsinin sirlərinə dərindən bələd olması, işinə məsu­liy­yətlə yanaşması diqqətdən yayınmayıb və o, vəzifə pillələ­rində irəliləyib. Kadrlar şöbəsinin rəisi, sonra Kadrlar İda­rə­si­nin rəisi, daha sonra isə İşlər İdarəsinin rəisi kimi məsul vəzifə­lərdə çalışıb. Respublikamızın ərazi bütövlüyü və suverenliyi uğrunda Dağlıq Qarabağda erməni işğalçılarına qarşı aparılan müharibə zamanı dəfələrlə döyüş bölgələrində (Ağdam, Tərtər, Füzuli, Zəngilan və b.) olaraq komandanlıq tərəfindən verilən xidməti-döyüş tapşırıqlarını ləyaqətlə yerinə yetirib. 2004-cü ilin sentyabrında Daxili İşlər nazirinin əmrilə ona polkovnik rüt­bəsi verilib. Polkovnik rütbəsi aldı demək asandır. Fakt bu­dur ki, polkovnik rütbəsi alana qədər keçirdiyi yuxusuz gecə­ləri və çəkdiyi zəhməti göz önünə gətirmək lazımdır. Gərək elnən nəfəs alıb, elnən durasan ki, elin – Vətənin qədrini bi­ləsən. Söz sultanı xalq şairi O.Sarıvəlli vaxtı ilə yazırdı:

İlham bulaqları quruyacaqdır,
Hər kimin deyilsə mayası eldən.

Sabir Aşırov mayası eldən olan, sinəsini Vətən torpağına sipər edən Borçalı balasıdır.

2000-ci ildən 2006-cı ilin iyulunadək Daxili Qoşunların Beynəlxalq Əməkdaşlıq şöbəsinin rəisi vəzifəsində çalışan Sabir Aşırov daşıdığı vəzifənin spesifikasına uyğun olaraq xid­məti işlə əlaqədar son illərdə bir sıra xarici ölkələrdə (Türkiyə, ABŞ, Rumıniya və s.) ezamiyyətlərdə olaraq respublikamızı lə­yaqətlə təmsil edib. 2005-ci ilin may ayında Rumıniyanın pay­taxtı Buxarestdə keçirilən Avropa və Aralıq dənizi ölkələrinin (Fransa, İtaliya, İspaniya, Niderland, Portuqaliya, Türkiyə) Jan­darm təşkilatlarının beynəlxalq konfransında iştirak edib. Res­pub­likamızda Daxili qoşunların dünya təcrübəsindən bəhrə­lə­nərək müasir tələblərə uyğun səviyyəyə çadırılmasında, bir sıra xarici ölkələrin, o cümlədən Türkiyə və İspaniya jandarm təşkilatları ilə əməkdaşlıq əlaqələrinin yaradılmasında və bu əlaqələrin inkişaf etdirilməsində xüsusi fəallığı ilə seçilib.

Onun fədakar xidməti diqqətdən kənarda qalmayıb. Hüquq-mühafizə sistemində çalışdığı müddət ərzində qüsursuz xid­mə­tə, nümunəvi nizam-intizama və göstərdiyi yüksək peşəkarlığa görə dəfələrlə Daxili Qoşunların Komandanlığı və Daxili İşlər Naziri tərəfindən “Fəxri fərman”lar, adlı hədiyyələr və pul mükafatlarına layiq görülüb. 2005-ci ildə Azərbaycan Respub­li­kası Daxili İşlər nazirinin müvafiq əmrlərinə əsasən, “Qüsursuz xidmətə görə” II və III dərəcəli medallarla və “Silahlı Qüvvələrin 10 illiyi (1991-2001)” yubiley medalı ilə təltif olunub.

2006-cı ilin iyulundan təqaüddə olan Sabir Aşırov həm də gözəl ailə başçısı – üç övlad atasıdır. Yaxşı bilir ki, O.Balzak demiş “atalar həmişə öz atalıq səadətlərindən feyz almalıdırlar. Atanın vəzifəsi həmişə verməkdir, almaq deyil”.  Övladlarının firavan gələcəyi, onların cəmiyyətdə layiqli mövqe tutmaları üçün hər şeyi edən Sabir Məcid oğlunun böyük qızı Azər­bay­can Dövlət Pedaqoji Universitetini, kiçik qızı isə İqtisad Universitetini bitirib. Oğlu Bakı Dövlət Universitetinin şərq­şünaslıq fakültəsinin III kurs tələbəsidir. Heç şübhəsiz, onlar həyatda atalarının adını doğruldacaq, xoş soraqları ilə təkcə valideynlərini yox,  bütün faxralıları sevindirəcəklər.

Mənbə : Səməndər Məmmədov –  “Ağır elsən, Borçalıda adın var…”, Bakı – “Nurlan” – 2009, I kitab.

 

 

SABİR AŞIROV BARƏDƏ XATİRƏLƏRİM

Sabir Aşırovla şəxsi tanışlığımız 1991-ci ildən başlayıb. O müddətədək onunla bir kəndli, eloğlu olduğumu bilirdim. Lakin onu yaxından tanıyanda bu İnsana valeh oldum. Kristal kimi saf mənəviyyata malik səmimi İnsan, sözünə dürüst sədaqətli Dost, sözü ilə ilə hərəkəti həmahəng olan etibarlı Yoldaş,  elinə-obasına – doğma Faxralı kəndinə,  ümumülükdə Borçalıya vurğun olan təəssüfkeş Vətənpərvər İnsan…

Bu şəxs barədə müsbət keyfiyyətləri sadalamaqla qurtarmaq olmur. O, həqiqətən müsbət dəyərləri özündə cəmləşdirən yüksək əxlaqlı Şəxsiyyət, təmizlik, ülvilik mücəssiməsi idi.

Sabir Aşırov 1991-ci ildə Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Daxili Qoşunların Baş İdarəsininin Kadrlar və İşlər İdarəsinin rəisi vəzifəsində işləyirdi. Mənə bu barədə bir həmkəndlim demişdi. Mən elmi işlə məşğul olurdum. Həmin illərdə erməni qəsbkarları Dağlıq Qarabağda böyük iğtişaşlar və terror hadisələri törədirdi. Bir sözlə Vətənimiz Azərbaycanın ağır dövrləri idi. Mən elmi işi yarımçıq qoyub Ordu sıralarına daxil olmaq qərarına gəldim və Daxili Qoşunların Baş İdarəsinə – Sabir Aşırovun qəbuluna düşdüm.

Onunla ilk dəfə idi ki, üzbəüz oturub söhət edirdim. Sabir müəllim, məni böyük rəğbətlə qarşıladı və mənim şəxsi və iş məlumatlarımla yaxından tanış oldu.

“Hüseynov”, – dedi (sonralar da o mənə Hüseynov deyə müraciət edirdi), sən bizə çox lazım olan vacib kadrsan.

Sonra sözünə davam edərək: “Hal-hazırda Daxili Qoşunların Hesablama Mərkəzi yaradılıb. Onun rəisi eloğlumuz Mehrab Tükanovdur. Elə indi Daxili Qoşunlar Komandanının qəbul vaxtıdır. Gedək qəbuluna”.

Sabir müəllim məni Daxili Qoşunlar Komandanına təqdim etdi və məni Komandana müsbət xarakterizə etdi. Onun təqdimatından sonra məni Daxili Qoşunlara işə qəbul etdilər.

İşlədiyim müddət ərzində mən Sabir Aşırovla yaxında tanış oldum və münasibətlərimiz dostluq səviyyəsinədək yüksəldi.

İşlədiyim dövrdə onun necə sözünə bütöv, prinsipial İnsan olduğunu gördüm. O, həmişə düzgün olmayan qərarlara, haqsızlığa qarşı mübarizə aparırdı. Sabir Aşırovun bu məziyyətləri onu Daxili Qoşunlarada sevdirirdi. Kollektiv arasında Sabir müəllimin böyük hörməti vardı.

Sabir Aşırovun yüksək işgüzarlıq xüsusiyyətlərini, elit mədəniyyətini, sərbəst qərar qəbul etmə, idarəedicilik qabiliyyətini və elmi savadını nəzərə alaraq Daxili Qoşunlar Komandanlığı “polkovnik” rütbəsi vermiş və onu Daxili Qoşunların Beynəlxalq Əməkdaşlıq Şöbəsinin rəisi vəzifəsinə təyin etmişdir. O, bu vəzifəni ləyaqətlə yerinə yetirərək Türkiyə, Gürcüstan və digər ölkələrin müvafiq hərbi strukturları ilə Daxili Qoşunlar Komandanlığının görüşlərini təşkil edirdi.

Sabir Aşırov işlədiyi bütün vəzifələrdə çox məsuliyyətli və intizamlı idi. Mən işlədiyim müddət ərzinə Sabir müəllim barədə bir dəfə də olsa mənfi söz-söhbət eşitməmişəm.

Mən onunla ikilikdə bir yerdə olanda, o, həmişə elimiz-obamız Faxralıdan, övladlarımızın təlim-tərbiyəsindən söhbət açardı. Yadımdadır o, qızı Vüsalənin təhsildə ilk uğurlarından mənə necə sevinə-sevinə danışardı. Onda mən Sabir Aşırovun gözəl ailə başçısı olduğunun şahidi oldum.

O, ekstremal vəziyyətlərdə özünü çox təmkinlə aparırdı. Bəzən xidmətlə bağlı xırda söz-söbətlərdən əsəbləşəndə Sabir müəllimin yanına gedərdim. O, gülərək məni sakitləşdirər və dəyərli məsləhətlər verərdi. Onun kabinetindən çıxanda özümü həmişə çox yüngül hiss edərdim. Mən Sabir Aşırovu qardaşım hesab edir, onunla ünsiyyətdən heç yorulmur və ondan həmişə müsbət enerji alırdım.

Onun yerişi, gülüşü, duruşu əsl azərbaycan kişisinə xas olan bir nümunə idi. Onun mayası Torpaq, Vətən sevgisi ilə yoğrulmuşdu. Qorxmazlıq, igidlilik Sabir Aşırovu fərqləndirən əsas atributlardan biri idi.

Sabir Aşırov barədə çox xatirələrim var…

Bu gün (18.07.2020)  Sabir Aşırovun qəfil beyin qanaxmasından sonra vəfat etməsini eşitdikdə çox sarsıldım, son dərəcə üzüldüm. Açı göz yaşlarıma hakim kəsilə bilmədim. Yaz yağışı kimi doldum, boşaldım… Heyif səndən Sabir, çox heyif… Sənin kimi mətin əqidəli insanlar bu dünyaya hər vaxt gəlmir…

Yerin behşit olsun, əziz qardaşım! Allah Sənə rəhmət eləsin! AMİN!

Rəşid Hüseynov (Amaşov)
18.07.2020

Yada düşür xatirələr…

Xatirələr çözəllənir… Xəyal məni 1990-cı ilin oktyabr ayına aparır…

Sabir  Aşırov barədə yazdığım xatirələrdə qeyd etmişdim ki, mən həmin tarixdən DİN Daxili Qoşunlarına onun müsbət təqdimatı əsasında xidmətə qəbul olunmuşdum.  Bir ay olardı ki, Mehrab Tükanovun rəhbərlik etdiyi şöbədə çalışırdım. Sabir müəllimin bir eloğlu kimi mənə etdiyi yaxşılığı başa düşsəm də, ona xırda bir hədiyyə verməyi qərara almışdım. Bu barədə məqsədimi Mehrab müəllimə açıqladım. O, Sabir Aşırovun belə şeylərdən xoşu gəlmədiyini qeyd etdi. Lakin mən onun yaxşılığı qarşılığında  xırda bir “şirinlik” verməyi qərara aldım.

İlk maaşımı almışdım. Braziliya istehsalı olan 1 banka kofe və 2 kq şokalad alaraq onun yanına getdim. Sabir müəllim məni gördükdə, üça səslə:

Buyur gəl, yoldaş Hüseynov! Nə var, nə yox? Gəl, kənddən-kəsəkdən danışaq…

O, mənə oturmaq üçün yer göstərdi. Mən Sabir müəllimin xoş rəftarından ürəkləndim və ani olaraq əlimdəki bağlamanı ona necə təqdim edəcəyimi düşündüm.

Sabir müəllim əlindəki işi dayandırıb diqqətini mənə yönəltdi. Mən bu İnsanın nurani sifətində və gözlərində xeyirxahlıq təbəssümünü gördüm və özümdə cəsarət tapıb danışmağa başladım. Əvvəlcə hal-əhvaldan sonra birbaşa mətləbə keçdim:

Sabir müəllim, Siz mənə böyük yaxşılıq edibsiniz.

O sözümü kəsərək, “Hüseynov” dedi, – Sən özün buna layiq olubsan, mən öz vəzifəmi yerinə yetirmişəm. Burada nə var ki?

Mən bir daha ona etdiyi yaxşılığa görə minnətdarlıq etdim və sonra əlimdəki bağlamanı stolun üstünə qoydum:

Bu kofedir, naharda içərsiz, – dedim.

O, bağlamadakı kofeni gördükdə, sifəti həmin an dəyişdi və mənə əsəbləşdi:

Hüseynov, əgər mənim etdiyimi, yaxşılıq kimi qəbul edirsənsə, et! Bu sənin öz işindir. Mənə sənin təşəkkürün kifayətdir. Birdə ki, mən yaxşılıq etiyim insandan heç zaman təmanna ummamışam. Mənim təbiətim belədir.

Həmin an Mehrab Tükanovun dediklərini xatırladım və peşmançılıq hissi keçirdim. Sabir müəllim gözlərimdə daha da böyüdü. Ürəyimdə qürur hissi keçirdim ki, belə müsbət mənəviyyata malik Eloğlum var.

Mən bağlamanı götürüb Sabir müəllimin kabinetini tərk etdim və olmuş hadisəni Mehrab müəllimə danışdım. O, gülərək, Sabir başqa insandır. Onun əvəzi yoxdur, – dedi.

Aldığım kofe və şokalatı şöbəmizin əməkdaşlarına verdim.

İllər, aylar keçdi. Mən Sabir Aşırovu daha yaxından tanıdım. Biz dostlaşdıq.

Daxili Qoşunlarda xidmət etdiyimiz müddətlərdə elə hal olurdu ki, növbətçiliyimiz eyni günə düşürdü. O, Qoşunlar üzrə “məsul şəxs” mən isə “əməliyyat növbətçisi” olurdum. Həmin gün mən çox sevinirdim. Çünki, Sabir müəllim ilə gözəl söhbətlər edirdik.

Mən görüşlərimizin birində  ona 1990-cı illərdə baş vermiş “kofe məsələsini” xatırlatdım. O, güldü və davam etdi ki, Rəşid, mən heç zaman kimdənsə rüşvət almamışam. Hətda başına gələn bir hadisəni də danışdı:

“… Azərbaycanın Daxili Qoşunları yenicə yaranırdı. Ölkəmiz çox çətin günlərini yaşayırdı. Bir tərəfdən ermənilər ilə cəbhədə gərginlik, digər tərəfdən isə iqtisadi çətinlik və s.  Mənim bir amalım var idi – Azərbaycanımızın müstəqilliyini qorumaq üçün əlimdən gələni etmək, ləyaqətlə xidmət etmək. Gec-gündüz yorulmadan işləyidim. Kadrlar şöbəsinin rəisi kimi hər gün bir çox insanları xidmətə qəbul edirdim. Yadımdadır, bir nəfərin sənədlərinədə problem var idi. Mən həmin problemi həll etdim. O, çox sevinirdi və gedəndə sənədlərin arasına pul qoyub getmişdi. Mən pulu görəndə çox əsəbləşdim və qərara aldım ki, bu barədə Komandanlığa məruzə edim. Elə də etdim. Həmin pulu sənədləşdirib kassaya mədaxil edmək mümkün olmadı. Lakin əvəzində bəzi dəftərxana ləvazimatları alıb şöbələrə payladıq…”

Sabir Aşırov bu söhbəti etdikcə onun sifəti gah gülür, gah da gərilirdi. Ona görə əsəbləşirdi ki, yaşadığımız cəmiyyətdə rüşvət bir normaya çevrilib. Hər şey alınıb satılır… İşə girmək – rüşvət, xəstələndin, həkimə getmək – rüşvət, polisə, məhkəməyə düşdün – rüşvət. Bir sözlə, hər yan rüşvət!  O, danışdıqca əsəbdən əlləri əsirdi.

Əminəm ki, cəmiyyətmizdəki bu tipli qanunsuzluqlar onun səhhətinin get-gedə pisləşməsinə, xəstələnməsinə səbəb olmuşdu…

Sabir Aşırov çox saf əqidəli insan idi. İllər keçsə də o, müsbət keyfiyyətləri ilə daima xatırlanacaq və heç  zaman unudulmayacaqdır.

Allah rəhmət eləsin! Amin!

Dost sevgisi: Ehtiyatda olan polis polkovniki Mehrab Tukanovun Sabir Aşırov barədə yazdığı “Şərəf Dostu” məqaləsinə keçid üçün bu link üzərinə sıxa bilərsiniz.

Rəşid Hüseynov (Amaşov)
19.08.2020

Faxralı.com saytında yerləşdirilən məlumatlar Hüseynqulu Məmmədli, Səməndər Məmmədov, Rəşid Faxralı, Allahverdi Kərimovun müəllifi olduğu 8-dən çox kitab və digər mənbələr əsasında tərtib olunmuşdur