Tariyel Əhmədəli oğlu Əliyev

Tariyel Əhmədəli oğlu Əliyev 15 dekabr 1965-ci ildə Gürcüstan Respublikasının Bolnisi rayonunda anadan olub. Kəndin “Alıöyü” nəslindəndir.

1972-ci ildə Faxralı kənd orta məktəbinin 1-ci sinfinə daxil olub, 1982-ci ildə tam orta təhsilini əla və yaxşı qiymətlərlə başa vurub.

Mərhum xalq şairi Bəxtiyar Vahabzadə “Ömür” adlı şeirində yazırdı:

Yaşamaq yanmaqdır, yanasan gərək,
Həyatın mənası yalnız ondadır.
Şam əgər yanmırsa, yaşamır demək,
Onun da həyatı yanmağındadır.

Həyatını Vətən, millət, xalq yolunda şam kimi yandıran və yandırmaqda davam edən, işığı ilə mayak kimi yol göstərən və nur saçan, dövlətə, dövlətçiliyə sədaqətlə xidmət edən, rəşadəti, hünəri, cəsarəti, iradi keyfiyyətləri ilə hətta düşməni də təəccübləndirən eloğlum Tariyel Əliyev haqqında söz açmaq istəyirəm bu oçerkimdə.

Hərə öz ömrünə bir cürə baxmış,
Hərə bu dünyanı bir cürə anlar.
Cahanda bəs nədən zövq alacaqmış
Zəhmətin özündən zövq almayanlar?

Əmək fəaliyyətinə 1982-ci ildə Faxralı üzümçülük sovxozunda fəhlə kimi başlayan Tariyel Əliyev 1984-cü ilədək burada çalışaraq alın tərilə, halal zəhmətlə qazanılan çörəyin şirinliyini erkən yaşlarından dadmışdır.

1984-1986-cı illərdə sovet ordusu sıralarında müddətli həqiqi hərbi xidmətdə olub. Onun əsgərliyə yollanması ilə bağlı maraqlı bir tarixçə var. Gənc Tariyel sonradan bütün ömrünü, həyatını, karyerasını şəkilləndirəcək qətiyyətli qərarı da məhz onda verib. Mənimlə bölüşdüyü xatirəsini hörmətli oxucularla paylaşıram: “Yaşlı adamların yadındadır, o vaxtlar orduda “tikinti batalyonları” adlandırılan hərbi hissələr vardı. Bəziləri xidmətin asan olması səbəbindən müəyyən yollarla övladlarının məhz həmin hərbi hissələrdə qulluq etməsini istəyir və buna nail olmaq üçünmüxtəlif vasitələrə əl atırdılar. Mənə gələn çağırış vərəqəsində də “tikinti batalyonu”na düşdüyümü görüb, birbaşa rayon hərbi komissarının qəbuluna getdim. Həqiqətən də kişi kimi hərbi xidmət keçmək arzumu bildirib komandanın dəyişdirilməsinə nail oldum. Şamoyan familiyalı hərbi komissar bu addımıma olduqca təəccüblənsə də, məni Daxili Qoşunların Xüsusi Təyinatlı Dəstəsinə göndərdi”.

Ömrü az olsa da, qartal yenmədi,
Dedi, səmalarda öz oylağım var.
Ömrün azlığından gileylənmədi,
Ömrü insan kimi başa vuranlar.

Təbii ki, yenilməz qartal qürurlu Tariyel Əliyev “kişi kimi hərbi xidmət” seçimini edəndə də, sonradan Qarabağ uğrunda şiddətli döyüş¬lərdə iştirak edəndə də hər şeyi, hətta ömrünün tez qırıla biləcəyini də nəzərə almışdı. Amma sabahını düşünən qəhrəman ola bilməz deyib müdriklər. 1987-ci ildə Bakı Dövlət Universitetinin Hüquq fakültəsinə qəbul olunmuş və 1992-ci ildə həmin fakültəni “hüquqşünaslıq” ixtisası üzrə fərqlənmə diplomu ilə bitirən Tariyel Əliyevin tələbəlik illəri Azərbaycanın ən yeni tarixinin keşməkeşli dövrünə təsadüf edib. Tələbə hərəkatında və Milli Azadlıq hərəkatında yaxından iştirakı ilə fərqlənib, tələbələrdən ibarət könüllü dəstənin tərkibində Laçın rayonunun Yuxarı Cicimli, Aşağı Cicimli və Qazıdərəsi kəndlərinin ermənilərdən mühafizəsində və döyüş əməliyyatlarında iştirak edib. Qarabağ müharibəsi veteranıdır.

Damarlarında təmiz türk qanı axan türk oğlu Tariyel Əliyev özünün üstün savadı, qabiliyyəti, istedadı ilə gənc müstəqil Azərbaycan dövlətinin təhlükəsizliyinin təmini, dövlətçiliyimizin möhkəmlənməsi işinə mühüm töhfə vermək arzusunu həyata keçirmək üçün 1992-ci ilin oktyabr ayından Azərbaycan Respublikasının MTN (DTX) orqanlarında xidmət etməyə başlamış və 2015-ci ilin dekabr ayınadək həmin sistemdə müstəntiq, baş müstəntiq, mühüm işlər üzrə baş müstəntiq, bu orqanın Akademiyasında baş müəllim, fakültə rəisinin müavini və fakültə rəisi (dekan) vəzifələrində xidmət edib.

İstintaqını apardığı işlər içərisində Rusiya prezidenti Vladimir Putinə Bakı şəhərində hazırlanmış terror aktının araşdırılması özünün siyasi əhəmiyyəti ilə çox fərqlənmişdir. Bununla bağlı Moskvanın “ORT” televiziya kanalı geniş reportaj hazırlamış və yayımlamışdır. Digər əhəmiyyətli işləri arasında Azərbaycan Respublikasının o vaxtkı və hazırki prezidentlərinə sui-qəsdlərin, dövlət çevrilişi cəhdlərinin, dövlətə xəya¬nət, dövlət əmlakını xüsusilə külli miqdarda talama və digər işlərin araşdırılmasını göstərmək olar. Bu xidmətlərinə görə dəfələrlə mükafatlandırılmış, o cümlədən, Azərbaycan Respublikası Prezidenti tərəfindən “Hərbi xidmətlərə görə” medalı, habelə “Hərbi xidmətdə fərqlənməyə görə”, “Qüsursuz xidmətlərə görə” və 10-a yaxın digər medallar, Fəxri Fərmanlar və qiymətli əşyalarla təltif olunub, ona vaxtından əvvəl növ¬bəti hərbi rütbə verilib.

2010-cu ildə NATO ilə əməkdaşlıq çərçivəsində Əfqanıstana yardım göstərilməsi ilə əlaqədar əfqan təhlükəsizlik xidməti zabitləri (2 general da daxil olmaqla 5 nəfər) üçün terrorçuluqla mübarizə məsələləri ilə bağlı kursun təşkilatçısı və rəhbəri olub. Layiqincə yerinə yetirdiyi bu iş həm qarşı tərəf, həm də nazirliyin rəhbərliyi tərəfindən çox yüksək qiymətləndirilib.

2015-ci ilin dekabr ayında ştat ixtisarı ilə əlaqədar ehtiyata buraxılıb. Hərbi rütbəsi polkovnikdir.

Yüz-yüz ömür belə azdır, doğrusu,
Bir ömrü insana az sayanlara.
Haramdır bu hava, haramdır bu su,
Əylənmək eşqilə yaşayanlara.

Zəhmətsevərliyi ilə ucalan, şöhrəti şücaətinin qanadlarında haqlayan Tariyel Əliyev yüksək əmək məhsuldarlığını, təravətini, damarlarındakı “iş cövhəri”ni qoruyub saxlayıb. Hazırda bank sistemində çalışır, “Aqrarkredit” QSC Şəki filialının müdir müavinidir.

Cəmiyyətin və dövlətin mükəmməl modelini insanın fərdi və ictimai həyatını haqda, ədalətdə axtaran tərəqqipərvər ziyalılarımızdan olan Tariyel Əliyevin qanuna hörmətinin, ədalətsevərliliyinin, həqiqətpərəstliyinin şahidi olanların hamısı onun bu müstəvidə nümunə olduğunu təsdiqləyirlər. Ən müsbət cəhətlərindən biri də özünün bilik və qabiliyyətini, səy və bacarığını müntəzəm olaraq təkmilləşdirməsidir. Hansı işdə çalışmasından asılı olmayaraq Tariyel Əliyev onu tanıyanların nəzərində ciddi intizamı, qətiyyəti ilə seçilən məsuliyyətli icraçı, fəal vətəndaşlıq mövqeyinə malik ziyalı kimi ucalmışdır.

Ailəlidir, 2 övladı var. Tariyel müəllimin möhtəşəm “Ata” heykəlini öz qəlblərində ucaltmış oğlu, qızı da onun özü kimi qaynar təbiətli, coşqulu Vətən övladlarıdırlar. Onlara münasibətdə də yenə böyük şairimiz Bəxtiyar Vahabzadənin “Azərbaycan oğluyam” şeirindən iqtibas gətirmək istəyirəm:

Azərbaycan oğluyam,
Odu Allah sanmışam.
Anam torpaq,
Atam od,
Mən oddan yaranmışam
Od kimi istiqanlı,
Seltək dəliqanlıyam.
Həyat qədər qədiməm,
Azərbaycan bayrağı
Başımın üstündədir!..
Əqidəmin, eşqimin,
Qanımın rəngi bayraq,
Bütün arzularımın,
Qızıl çələngi bayraq.

Oğlu Fərid İqtisad Universitetini “Beynəlxalq İqtisadi Münasibətlər” ixtisası üzrə bitirmişdir, hazırda İstanbul Universitetində “Maliyyə” ixtisası üzrə magistr təhsili alır. Qızı Fəridə İqtisad Universitetində oxuyur. Hər ikisi karate ilə məşğul olur. Fərid dəfələrlə respublika çempionu, beynəlxalq turnirlərin qalibi olmuş, lakin aldığı zədə səbəbindən məşqləri dayandırmışdır. Fəridə dünya kubokunun sahibi, iki dəfə dünya üçüncüsü, saysız-hesabsız turnirlərin qalibi olmuş, IV İslam Həmrəyliyi Oyunlarında gümüş medal qazanmışdır.

“Bu dünya beş gündür”, – deyib hər yerdə,
Sağ ikən qəbirdə uzanan da var.
Öz alın tərilə bircə ömürdə
Yüz insan ömrünü qazanan da var.

Şərəfli, mənalı yaşam fəlsəfəsi ilə yüzlərlə, minlərlə müasirlərinə nümunə göstərən, döyüşçüdən artıq döyüşçü, vətəndaşdan artıq vətəndaş, zəhmətkeşdən artıq zəhmətkeş, gözəl eloğlum Tariyel müəllimə dadından doyulmayan uzun ömür, möhkəm cansağlığı, sevinc dolu günlər arzulayıram.

Mənbə: Səməndər Məmmədov –  “Faxralılar və tarix yaradanlar” kitabı

Faxralı.com saytında yerləşdirilən məlumatlar Hüseynqulu Məmmədli, Səməndər Məmmədov, Rəşid Faxralı, Allahverdi Kərimovun müəllifi olduğu 8-dən çox kitab və digər mənbələr əsasında tərtib olunmuşdur