QISA MƏLUMAT

Rəşid Mustafa oğlu Hüseynov, 16.12.1961-ci il tarixində Gürcüstan Respublikasının Bolnisi rayonunun Faxralı kəndində anadan olub. Kəndin “Amaşlı” nəslindəndir.

1979-cu ildə Faxralı orta məktəbini bitirdikdən sonra Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) Tətbiqi-riyaziyyat fakultəsinə daxil olub və 1984-cü ildə həmin fakultəni bitirib.

İş fəaliyyəti:

  • 1984-1992-ci illərdə Neft-Kimya Avtomat Elmi-Tədqiqat İnstitutu və “Azərtac” informasiya agentliyi,  Aparıcı mühəndis;
  • 1996-1997-ci illə “Günəşli” sanatoriyası, Baş həkimin texniki işlər üzrə müavini;
  • 1992-1996 və 1997-2010-cu illərdə Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarında (DİN DQ) xidmət edib və AİS xidmətinin rəisi vəzifəsinədək yüksəlib. Müharibə veteranıdır, Füzuli rayonu uğrunda gedən döyüşlərdə iştirak edib;
  • 2010-cu ildən etibarən, əsasən dövlət qurumlarında biznes layihələri həyata keçirən Cybernet MMC-də işləyir.

Hərbi xidməti:

R.Hüseynov 1982-1984-cü illərdə Azərbaycan Dövlət Universitetinin nəzdində fəaliyyət göstərən hərbi kafedrada təhsil alaraq “leytenant” hərbi rütbəsini alıb.

Universiteti bitirdikdən sonra o, Neft-Kimya Avtomat Elmi-Tədqiqat İnstitutuna işə qəbul olunub və sonralar həmin institututun aspiranturasına daxil olaraq “qeyri-hamar optimal idarəetmə məsələləri” üzrə elmi işlə məşğul olub.

Lakin 1990-cı illərdə yeni müstəqillik əldə etmiş Azərbaycan Respublikasının ağır günlərində erməni separatçılarının Dağlıq Qarabağda iğtişaş və terror hadisələri törətməsi səbəbindən Rəşid Hüseynov elmi işini yarımçıq qoyaraq Ordu sıralarına daxil olmaq qərarına gəlir və Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının Baş İdarəsinə müraciət edir. Həmin dövrlərdə Baş İdarənin Məlumat Hesablama Mərkəzi (MHM) yeni yaradılırdı. Onun informasiya texnologiyaları (İT) üzrə mütəxəssis olmasını nəzərə alaraq R.Hüseynovu bu sahə üzrə xidmətə qəbul edirlər.

R.Hüseynov hərbi forma geyinərək MHM-in rəisi olmuş Mehrab Tukanovun rəhbərliyi altında işgüzar fəaliyyətə və hərbi xidmətə başlayır.

Komandanlıq tərəfindən ilk növbədə aşağıdakı tələblər hədəf kimi qarşıya qoyulur:

– Baş İdarə və döyüş xəttində olan hərbi hissələr arasında elekton sənəd mübadiləsinin həyata keçirilməsi üçün etibarlı qlobal kompüter şəbəkəsinin yaradılması, bu sistem yaradıldıqdan sonra onun qoşunların digər hərbi hissələrində də tətbiq edilməsi;

– Qoşunların bütün xidmət sahələri üzrə (kadrlar, nizami hissə, kargüzarlıq, silah-sursat, döyüş texnikası, nəqliyyat vasitələri, təchizat və s.) avtomatlaşdırılmış uçot proqramlarının hazırlanması və tətbiq edilməsi.

Hədəfə nail olmaq üçün Mehrab Tukanov tabeçiliyində olan bacarıqlı zabitləri, o cümlədən R.Hüseynovu səfərbər edərək onları növbəlilik əsasında döyüş bölgələrinə ezamiyyətə göndərir. İlkin olaraq R.Hüseynov Füzuli bölgəsinə ezam olunur. O, Qoşunların Daşburunda yerləşən Mərkəzi Qərargahında ona verilmiş xidməti tapşırığı ləyaqətlə yerinə yetirir.

Beləliklə, tez bir zamanda Daxili Qoşunlarda idarəetmənin avtomatlaşdırılması sahəsində nailiyyətlər əldə edilir və Qoşunlarda Avtomatlaşdırılmış İdarəetmə Sistemləri (AİS) xidmətləri yaradılır.

Sonralar bu barədə “ordu.az” saytında Daxili Qoşunlarda AİS xidmətinin yaradılmasında müstəsna rolu olan ehtiyatda olan “polis polkovniki” Mehrab Tükanöv yazıdı:

“… İlk xidmətə qəbul olunanlar arasında sonrakı uğurlarımızın “özəyinə” çevrilən, hər zaman savadı, səriştəsi, intizamı ilə başqalarına nümunə olan, gənc kadrlara hamilik edən Yaşar Quliyevin, Vaqif Axundovun və Rəşid Hüseynovun adlarını xüsusilə vurğulamaq istərdim”.

və ya

“… Daxili Qoşunlar ölkəmizdə yeni informasiya texnologiyalarının tətbiq edildiyi ilk öncül qurum oldu. Bu müvəffəqiyyətin əldə edilməsində AİS xidmətinin bütün zabit-gizir heyətinin, ilk növbədə, Yaşar Quliyevin, Vaqif Axundovun, Rəşid Hüseynovun, Dünyabəy Rzayevin, Şahin Cavadovun, Mustafa Sadıqovun, Nəsib İbadovun böyük rolu olub”.

R.Hüseynovun hərbi xidməti aşağıda göstərilir:

  • 1992 – 1993 – DQBİ-nin MHM-də zabit, proqramçı-mühəndis;
  • 1993 – 1996 – DQ-nin “N” saylı hərbi hissəsinin AİS xidmətinin rəisi;
  • 1996 – 1997 – DQBİ-nin AİS şöbəsinin zabiti, aparıcı mühəndis;
  • 1997 – 1999 – DQBİ-nin AİS xidmətinin rəisi;
  • 1999 – 2003 – DQBİ-nin Qərargahında rabitə və AİS şöbəsinin rəis müavini;
  • 2003 – 2004 – DQ-nin “N” saylı hərbi hissəsinin rabitə və AİS xidmətinin rəisi;
  • 2004 – 2007 – DQBİ-nin Qərargahında rabitə və AİS şöbəsində zabit;
  • 2007 – 2010 – DQBİ-nin Qərargahında rabitə və AİS şöbəsində bölmə rəsi;

O, “Qüsursuz xidmətə görə” 3-cü və 2-ci dərəcəli medalları, “AR SQ-nin 10 illiyi (1991-2001)” yübley medalı, “AR SQ-nin 90 illiyi (1918-2008)” yübley medalı və xidmət etdiyi dövr ərzində dəfələrlə Komandanlıq tərəfindən qiymətli hədiyyə və qramota ilə mükafatlandırılıb.

R.Hüseynov Daxili Qoşunlarda “leytenant” hərbi rütbəsindən “polkovnik-leytenant” hərbi rütbəsinədək yüksəlib.

2010-cu ildə R.Hüseynov “Hərbi vəzifə və hərbi xidmət haqqında” Qanununun (və ya “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin) 156-cı maddəsinin “b” bəndinə (yaşa görə) əsasən Ordu sıralarından tərxis olunaraq ehtiyata buraxılıb.

Təqaüdə çıxdıqdan sonra R.Hüseynov biznesin inkişafı üzrə İT mütəxəssisi kimi Cybernet şirkətində əmək fəaliyyətini davam etdirir.

REDAKTOR

Faxralı.com saytında yerləşdirilən məlumatlar Hüseynqulu Məmmədli, Səməndər Məmmədov, Rəşid Faxralı, Allahverdi Kərimovun müəllifi olduğu 8-dən çox kitab və digər mənbələr əsasında tərtib olunmuşdur