Bayram Abbasov

Bayram İsrafil oğlu Abbasov 1951-ci ilin yanvar ayının 1-də Bolnisi rayonunun Faxralı kəndində ziyalı ailəsində anadan olub.

O, 1967-ci ildə Faxralı orta məktəbini bitirir və həmin ildə də Azərbaycan Pedaqoji İnstitutunun rus dili və ədəbiyyatı fakültəsinə daxil olur.

Bayram 1972-ci ildə gənc müəllim kimi Faxralı kəndinə qayıdır, doğma məktəbdə müəllimliyə başlayır.

1978-ci ildən 1991-ci ilədək Faxralı 1 saylı ictimai məktəbində tərbiyəvi işlər üzrə direktor müavini vəzifəsini icra edir.

1991-ci ildən 2005-ci ilədək Talaveri 2 saylı (Faxralı) əsas məktəbinin direktoru, 2005-ci ildən 2010-cu ilədək həmin məktəbin tərbiyəvi işləri üzrə direktor müavini vəzifəsini tutur. Fəaliyyəti və əsil insanıq keyfiyyətləri gözdən yayınmır, onun əməlləri ilə hökumət dairələri maraqlanır. Nəhayət ölkə prezidenti 2003-cü ilin 28 avqust tarixində imzaladığı sərəncamda yazmışdı:

“Gənc nəslin təlim və tərbiyəsində şəxsi nümunəsinə, təhsil islahatı prosesində fəal iştirakına, məhsuldar ictimai-pedaqoji fəaliyyətinə və respublikada gürcülərin və azərbaycanlıların dostluğunun daha da möhkəmlənməsində yüksək xidmətinə görə Gürcüstan maarif işçisi, Bolnisi rayonu Talaver 2 saylı əsas məktəbinin direktoru Bayram İsrafil oğlu Abbasov “Şərəf” ordeni ilə təltif edilsin”.

Bəli, həm xalqımız, həm də dövlətimiz Bayram müəllimin əməyini yüksək qiymətləndirir. O, 2014-cü ildə hakim “gürcü arzusu” partiyasının proporsional siyahısı ilə Bolnisi rayon bələdiyyəsinə deputat seçilir. Bayram müəllim, bu gün şərəfli müəllimlik peşəsi ilə bərabər Bolnisi rayon bələdiyyəsinə ictimai siyasi fəaliyyətini davam etdirir, ölkənin inkişafı naminə əlindən gələni edir. 2012-ci ilin parlament və 2013-cü ilin prezident seçkilərində Bayram müəllim əsl iradə göstərərək siyasi baxışından dönməyərək “gürcü arzusu” partiyasına və dövlətimizə bir daha sadiqliyini nümayiş etdirir. Bir ildən artıqdır ki, Bayram müəllim deputat kimi fəaliyyət göstərir. Onun il yarımlıq fəaliyyətinə seçicilər yüksək qiymət verir. O, eyni zamanda yaxşı ailə başçısıdır. Həyat yoldaşı Svetlana xanım özü ilə bərabər məktəbdə müəllimə işləyir. Hər iki qızı – Elnarə və Elyanura Ali təhsillidir.

Bayram müəllimin 65 yaşı, pedaqoji fəaliyyətinin isə 45 illiyi tamam olur. Bu münasibətlə onu ailəsi, yaxın dostları və həmkarları təbrik edir, ona uzun ömür, möhkəm can sağlığı və uğurlar arzu edirlər.

Bayram müəllim həmişə mətbuata, informasiya bolluğuna dərin dəyər verən şəxsdir. O, “Təhsil” qəzetini dəstəkləyir, onun daimi oxucusu kimi ziyalı mövqeyindən çıxış edir. Təvazökar, səmimi, çox sanballı bir ağsaqqal mövqeyinə sahib olan və həmişə diqqətimizi cəlb edən Bayram müəllimi anadan olmasının 65 illiyi münasibəti ilə “Təhsil”in minlərlə oxucuları adından təbrik edirəm, pedaqoji və siyasi fəaliyyətində uğurlar arzu edirəm.

“Təhsil” qəzeti Bayram müəllimi təsis etdiyi diplomla təltif edir. Təltifdə yazılır:

Bayram İsrafil oğlu Abbasov “Tutduğu vəzifəni, pedaqoji fəaliyyəti, dövri mətbuatı qəlbdən sevdiyinə görə, gənc nəslin təlim-tərbiyəsində əldə etdiyi uğurlara və anadan olmasının 65, pedaqoji fəaliyyətinin 45 illiyi münasibəti ilə təltif edilir”.

Abay Paşa,
“Təhsil”in redaktoru

Faxralı.com saytında yerləşdirilən məlumatlar Hüseynqulu Məmmədli, Səməndər Məmmədov, Rəşid Faxralı, Allahverdi Kərimovun müəllifi olduğu 8-dən çox kitab və digər mənbələr əsasında tərtib olunmuşdur