Güləsər Əli qızı Əliyeva

MAARİF YOLLARINDA AĞARAN SAÇLAR

Faxralıda doğulsa da, şüurlu hə­yatı və əmək fəaliyyəti Bakıda keç­miş və elinin-obasının adını uca tut­muş ziya­lı­lardan biri də, Güləsər Əli qızı Əliye­vadır.

O,  1946-cı il aprelin 14-də Gür­cüs­­tanın Bol­nisi rayonunun Faxralı kən­­dində ziyalı ailə­sində dünyaya göz açmışdır. Ailənin ilk övladı ol­maq  həm də məsuliy­yətdir. Hələ uşaq vax­tın­dan Güləsər özündən ki­çik bacı-qardaş­la­rının da qayğısına qalır, onların təlim-tərbiyəsində ata-anasına yardım edirdi. Məhz uşaq vaxtından on­da yaranmış qay­ğıkeşlik və məsuliyyət hissi bir müəllim ki­mi onun fə­aliy­yə­ti­nin əsasını təşkil edirdi. O, orta təhsilini  Faxralı orta mək­təbində almış və 1962-ci ildə oranı bitirmişdir. Böyük Və­tən müharibəsindən sonrakı dövrün uşaqları olduq­la­rın­dan o il Fax­ralı orta məktəbinin mə­zun­larının sayı 15-20 nə­fər ancaq olardı, qızların sayı isə 5-6 nəfər idi. Düz 50 il bun­dan qabaq Güləsər xanım da Faxralıdan pərvazlanmış bar­maqla sayılan ilk ali təhsil almış qızlardandır. O, 1962-ci ildə M.F.Axun­dov adı­na Azərbaycan Pedaqoji Dillər İnstitutuun rus dili və ədəbiyyatı fakültəsinə daxil olub və ali təhsilini 1967-ci ildə bitirib. Tə­lə­bəlik illəri rəh­mətlik əmisi Qulu müəllimin və onun həyat yol­da­şı Tama­ra xanımın qayğısı altında başa çatdıq­dan sonra elə hə­min ildən təyinatla Bakıdakı 8 nömrəli Musiqi təmayüllü İnternat Mək­təbində (Hazıkı Milli Konserva­to­ri­yanın tərkibində Respublika İncəsənət Gim­naziyası) tərbiyəçi-mü­əl­lim  kimi fəaliyyətə başlayıb. Gənc Güləsər o zaman mək­təbdə işləyən Kəbirə müəllimə, Sadıq müəllim kimi təc­rübəli müəl­lim­lərdən öyrənərək özü də bir pedaqoq kimi püxtələşib və öyrəndiklərini başqalarına da öyrədib. Onunla çiyin-çiyinə eyni məktəb­də işləyən bacısı Sona xanım, bacısı qız­ları Aynur, Aytən, Leyla Güləsər müəllimənin yetirmələri sırasındadırlar.

İnternatda təhsil alan şagirdlərin əksəriyyəti valideyn qay­ğısından mərhum olan uşaqlar idi. Onların qəlbinə yol tapmaq üçün həm pedaqoji ustalığın, həm təcrübən, həm səmimiyyətin, həm də ana ürəyin olmalı idi. Bütün bu xüsusiyyətlər Güləsər müəllimədə həm ailədən qaynaqlanıb, həm də öz daxilindən gəlib. O, öz övladları ilə tərbiyə etdiyi şagirdlər arasında fərq qoymayıb. Qayğıdan mərhum olan uşaqları evinə gətirib  çimizdirb, əyin-başını səliqəyə salıb və hərtərəfli diqqət yetirib.

Güləsər müəllimə nəinki, şagirdlərinə, həm də Gürcüstan azərbaycan­lıları arasında böyük hörmət-izzət sahibi olan atası Əli Bayram oğlunun vaxtsız vəfatından sonra öz kiçik bacı-qardaşlarına həyat yoldaşı rəh­mətlik Əli müəllimlə birlikdə böyük qayğı göstərmişdir. 27 yaşlı Güləsər öz zərif çiyinlərinə ağır yük alaraq bacı-qardaşlarının Bakı şəhərində  kiçik 2 otaqlı mənzilində yaşayıb ali təhsil almaları üçün hər cür fəda­karlıq edib. Onların təhsilinə, əyin-başlarına bir bacı kimi diqqət ye­tirib, nə çətinlikləri olsa, həll etməyə çalışıb. Güləsər müəllimə tək bacı-qar­daşlarının deyil, qayın, baldız övladlarına da öz qapısını açmış, onların da ali təhsil almalarına şərait yaratmış və qayğılarını çəkmişdir. Ümu­miyyətlə, Güləsər müəllimə həm işdə, həm də evdə pedaqoji fəaliyyət göstərib. Onun evi də sanki bir təhsil ocağı olub. Bu evdə onlarla insan ali təhsilə yiyələnib. Üç övlad anası olan Güləsər müəllimə övladlarına da müəllimlik etmiş və onların mükəmməl təhsil almalarına öz töhfəsini vermişdir. Böyük oğlu Allahyar bəy, kiçik oğlu Vüqar bəy və qızı Şəlalə xanım həkimdirlər. Vüqar bəy Rusiya Fe­de­rasiyasında Sankt-Peterburq şəhərində yaşayır, neyrocər­rahdır, tibb elmləri namizədidir və doktorluq dissertasiyasını tamamlamaq üzrədir. Güləsər xanım həm də mehriban və qayğıkeş nənədir, bu gün də nəvələrinin tərbiyəsi və təhsili ilə məşğul olur, çalışır ki, ailə ənənələrini onlara da aşılasın.

Güləsər müəllimə rus dilini sevə-sevə nə çox, nə az düz 45 il İncə­sənət Gimnaziyasında tədris edib. Dəfələrlə yenidən təşkil etdiyi rus dili kabineti məktəbdə Güləsər müəllimənin adı ilə bağlı olub. Bu kabinetdə zəngin kitabxana, rus klassiklərinin portretləri olub. Dərs zamanı əyani vəsaitlərdən istifadə edib, beyin həmləsi, Vyen diaqramı, söz zənciri, rollu oyunlar, di­aloq­lardan istifadə edərək şagirdlərə yeni mövzuları daha sə­mə­rəli öyrətməyə çalışıb. Uzun illər Slavyan Uni­versitetinin gənc tələ­bələri Güləsər müəllimənin pedaqoji təcrü­bəsindən ya­rar­lanıblar. Güləsər müəllimə əmək fəaliyyətində fəal və yaradıcı olub. O, məktəbdə rus dili metodbirləşməsinin sədri və rus dili dərnəyinin rəhbəri kimi fəaliyyət göstərib. Onun  elmi metodik məqalələri “Русский язык и литература в Азeрбайджане” jur­nalında dəfələrlə nəşr olunub. Əmək fəaliyyəti döv­ründə təd­ri­sin problemlərinə həsr olun­muş konfranslarda müxtəlif möv­zularla çıxışlar edib. Məhz Güləsər müəllimənin öz işinə ya­radıcı yanaş­ması və can yan­dır­ması nəticəsində onun dərs de­­di­yi şagirdlər rus dilində sərbəst danışır və savadlı yazıb-oxu­yur­lar. Gimnaziyada təhsil alan şa­girdlər müxtəlif sahələrdə iste­dadlı olduqlarından Güləsər müəl­limə onların hər birinə fərdi yanaşıb, respublikadan kə­nara çıxdıqda dil bilmə­yin necə vacib olduğunu onlara başa salıb. Onun şagirdləri müxtəlif mü­sa­bi­qə­lərdə işirak edərək laureat adı qazanıblar və sevimli mü­əl­­lim­lərinin sevincini birə-beş artı­rıblar. Güləsər müəllimə­nin işinə can yandırması, rus dilinin təd­ri­sindəki müvəf­fə­qiy­yətləri mək­təbin rəhbərliyi tərəfindən dəfələrlə yüksək qiymət­lən­di­ri­lib: 12.12.1993-cü il şəxsi işinə yazılmaqla təşəkkür; 01.05. 2006-cı ildə 60 illik yubileyi ilə əlaqədar şəxsi işinə yazılmaqla Fəxri fərman; 2009-cu ildə Respublika İncəsənət Gimna­zi­ya­sı­nın 50 illik yubileyi münasibəti ilə Fəxri Fərman; 2010-cu ildə 8 mart qadınlar bayramı münasibəti ilə təbrik və mükafat; 2011-ci ildə 65 illik yubileyi münasibəti ilə Fəxri Fərman və mü­kafat onun əməyinə verilən dəyərlərdir.

Güləsər müəllimə hər şeydən əvvəl sagirdlərinə şəxsiyyət kimi yana­şıb, onlara hörmət edib, onların məğrur, mübariz, və­tən­pərvər ruhda tər­biyə edib. O, təbiətcə həm qürurlu, həm tə­va­zökar, həm də işinə ciddi və məsuliyyətlə yanaşan bir pe­daqoqdur. Həmişə müəllim adını uca tutan, müəllim müqəd­dəs­liyini özündə cəmləşdirən, öz ixtisasını yüksək səviy­yədə tədris edən bir müəllimdir, bunu onun uzun illər işlədiyi kollektivdə hamı qeyd edir. Güləsər müəllimənin sinif otağı da başqa sinif­lərdən həmişə səliqə-səhmanı və tər­tibatı ilə fə­rq­lənib. Onun sinfi həmişə təlim-tərbiyəsinə və təd­risin səviyyəsinə görə məktəbdə birinci yerə layiq gö­rülüb. Pedaqoji fəaliyyəti dövründə yetişdirdiyi yüz­lərlə sagirdinin sorağı dünyanın hər yerindən gəlir. Fərəh­ləndirici haldır ki, Güləsər müəllimə­nin şa­girdlərindən bir neçəsi onunla çiyin-çiyinə işləyiblər. Onları gö­rəndə fikirləşib ki, zəhməti hədər getməyib: “Yaşamağa dəyər. Axı o, müəllimlərin müəllimidir”.

Şəhərin hansı hissə­sində olursan ol, mütləq Güləsər müəllimənin bir şagirdinə rast gələcəksən. Və onlar yenə də mək­təbdəki kimi deyəcəklər:  “Здравствуйте, Гюласар Алиевна! Как поживаете?”  O, isə cavab verəcək: “Спа­сибо, мои дорогие, все хо­ро­шо!”

Müəllim üçün bundan yüksək qiymət olarmı?

Mənbə : Səməndər Məmmədov –  “Faxralılar”, Bakı – “Elm və təhsil” – 2017, I kitab.

Faxralı.com saytında yerləşdirilən məlumatlar Hüseynqulu Məmmədli, Səməndər Məmmədov, Rəşid Faxralı, Allahverdi Kərimovun müəllifi olduğu 8-dən çox kitab və digər mənbələr əsasında tərtib olunmuşdur