Nadir Nəsib oğlu Nəsibov

TƏHSİL XƏZİNƏ, ZƏHMƏT İSƏ ONUN AÇARIDIR

Şair, ədəbiyyatşünas, tərcü­mə­çi,  Əmək­dar mədəniyyət işçisi, Ukraynanın Mak­sim Rılski adına ədəbi mükafatı laureatı Abbas Ab­dulla Borçalının müx­təlif kənd­ləri haqda şeirlər yazıb. Şəxsən mənim doğulub boya-başa çatdığım Faxralı kəndini də tərənnüm edib:

Yad önündə biri sinsə,
Salam verməz ona kimsə.
Məclislərdə böyük dinsə,
Kiçik dinlər Faxralıda.

Dörd  tərəfi dağdan hasar,
Dost qarşılar, yağı basar.
At oynatmaz hər cür yasar,
Ər oğlu ər Faxralıda.

Var olsun Vətənimizin, elimizin-obamızın Abbas Abdulla kimi söz adamları! Bu, bir tarixdi, tarixdə də həmişə söz adam­­ları, söz sahibləri qalır. Aşıq Alı vaxtilə deyirdi ki:

Gəlib gedər yaxşılar da, yaman da,
Qu tükündə, saman üstə yatan da.
Aşıq Alı, nə qazandın cahanda?
Səndən qalan qatar-qatar söz oldu.

Qu tükü üstündə xumarlananlar da tarixin səhnəsindən getdi, saman üstə inləyənlər də. Amma söz adamları əbədi qal­dılar. Söz, təbii ki, ədə­biy­yatımızın, mədəniyyətimizin zəngin­ləş­məsinə xidmət edir. Bu gün haqqında söz açdığım Nadir Nə­sibov bizim eldə, obada çox böyük hörmət və nüfuz qazanmış Nəsiboğulları nəslinin (Nəsiböyü) adlı sanlı nümayəndəsi Na­dir kişinin nə­və­sidir. Nadir kişi xeyirxahlığıyla, eldə-obada hörmət-izzətiylə seçilən kişilərdən biri olub. Məşhur bir faktı xatırlatmaq istə­yirəm: Borçalı qaçaqçılıq tarixində çevikli­yi, igidliyi, çox iti sürətlə qaçmağıyla, çətin situ­asiyalarda akro­ba­tik tullanışlarıyla seçilən Çərçioğlu Hümmətin də­fə­lərlə həmin dövrdə qorunub saxlanılmasında, düşmən əlinə keç­mək təhlü­kə­sindən qurtul­masında Nadir kişinin xüsusi xidməti olub. Nadir Nəsibov məhz həmin Nadir kişinin nəvəsidi, həm də bi­zim elin-obanın çox gözəl yazarı, Borçalının Ələsgəri sayılan, “Fax­ralıtək ağır elim var mənim”, – deyən Şair Nəbinin doğmaca nəticəsidi.

Borçalının ağır eli Faxralı adlı-sanlı igid kişiləri, alimləri, mühən­disləriylə bərabər, həm də bütün ömrünü təhsilə, elmə həsr eləyən müəl­lim­ləriylə məşhur olub. Onların hamısı bizim xal­qımıza, millətimizə, döv­lətimizə, dövlətçi­li­yimizə, həm də doğulub boya-başa çatdığımız elimizə-obamıza başucalığı gəti­rən ziyalılar olub. Təhsilimizin inkişa­fına, elmimizin zəng­in­ləş­mə­si­nə töhfələr verən ziyalılardan biri də Nadir Nəsib oğlu Nəsibovdur.

O, 14 iyun 1957-ci ildə Gürcüstan Respublikası Bolnisi rayonunun Faxralı kəndində anadan olub. 1964-cü ildə Faxralı kənd orta məktəbinə qəbul olunub və 1974-cü ildə oranı əla qiymətlərlə bitirib. Həmin ildə Azərbaycan Dövlət Universi­te­tinin (indiki BDU) mexanika-riyaziyyat fakültəsinə daxil olub. Universiteti bitirdikdən sonra təyinatla 1980-1983-cü illərdə İmişli rayonunun Çahar kəndində riyaziyyat müəllimi işləyib.

1984-1986-cı illərdə Ümumittifaq “Kaskad” elmi-isteh­salat birliyi XKB “Xəzər”in təyinatı ilə Moskva şəhərində Elmi-Tədqiqat Rabitə və İdarəetmə Sistemləri İnstitutunda proqramçı mühəndis kimi fəaliyyət göstərib.

1989-1993-cü illərdə Faxralı kənd orta məktəbində riya­ziy­yat fənnini tədris edib. 1993-1995-ci illərdə Dərbənd Huma­nitar İnstitutunda Öyrənci İşləri müdiri və riyaziyyat müəllimi işlə­mişdir.

1995-2000-ci illərdə Dərbənddəki Dağıstan Türk Liseyin­də riya­ziy­yat müəllimi kimi pedaqoji fəaliyyətini davam etdirib, “Maarif əlaçısı” kimi yetirdiyi şagirdlər Dərbənd şəhəri və respublika riyaziyyat olim­piadalarında uğurlu qələbələr qazanıblar. Bu illərdə Dağıstan Türk Lisey­ləri baş direktorluğu tərəfindən qiymətli hədiyyələrlə mükafat­landırılıb.

2000-2004-cü illərdə Bakı Özəl Türk Liseyində X-XI siniflərdə və riyaziyyat olimpiada qruplarında müəllim kimi ri­ya­ziyyatın sirlərini şagirdlərə öyrədib. Bu illərdə Azərbaycan fənn olimpiadalarında şagird­lərinin birincilik qazanmasında sərf etdiyi əməyə görə “Çağ” Öyrətim İşlətmələri Baş İdarəsi və Bakı Özəl Türk Liseyi tərəfindən “Təşək­kür­namə”lərlə təltif olunub. 2000-ci ildən bu günə qədər Bakı şəhəri 271 saylı tam orta məktəbdə riyaziyyat müəllimi işləyir. Ali kateqoriyalı riyaziy­yat müəllimidir.

Gənc nəslin təlim-tərbiyəsi sahəsində səmərəli pedaqoji fə­aliyyətinə və əldə etdiyi uğurlu nəticələrə görə dəfələrlə Bakı Şəhər Baş Təhsil İdarəsinin  Fəxri Fərmanı ilə təltif olunub.

O, “Riyaziyyatdan olimpiada məsələləri”, (Bakı, 2012), “Математи­ческие олимпиады. Задачи и решения”. (Дербент, 2000) kitablarının müəllifi, riyaziyyata aid bir çox sanballı dərs vəsaitlərinin rəyçisi, “Məntiq və riyaziyyat” jurnalının redak­siya heyətinin üzvüdür.

Riyaziyyata aid müxtəlif qəzet və jurnallarda: “Fizika və ri­­ya­ziyyat tədrisi”, “Математика в школе”, “Məntiq və riya­ziy­yat” jurnallarında, “Математика” qəzetində məqalələrlə çıxış edir.

Riyaziyyat – real həyatın miqdar və fəza münasibətlərinə dair mə­sə­lələrin həllinin bu obyektlərin xassələrini zərurət üzündən ideallaşdırma yolu ilə tapılmasına əsaslanan elmdir, təbiət elmlərinin bazisidir. Riya­ziy­yatçı isə riyaziyyat elminin tədrisi, inkişafı və praktikada tətbiqi ilə məşğul olan mütə­xəs­sisə deyilir. Riyaziyyatçı olmadığım üçün Nadir Nəsibovun İlyas Həsənovla birgə hazırladıqları “Riyaziyyatdan olim­pi­ada məsələləri” kitabı haqda təfərrüatlı söz aça, detallara müna­sibət bildirə bilmərəm. İlk baxışdan diqqətimi çəkən odur ki, vəsa­itin həcminin beşdə bir hissəsi suallardan, qalan böyük əksəriy­yəti isə həmin suallara verilən geniş və əhatəli cavablardan ibarətdir. Vəsait, riyaziyyata xüsusi maraq göstərən yuxarı sinif şagirdlərinin olimpiadalara hazırlaş­maları üçün riyaziyyatdan fakültativ və dərnək məşğələləri aparan müəllimlər və ümu­miy­yətlə, riyaziyyatla ciddi maraqlananlar üçün nəzərdə tutul­muşdur. Bu vəsaitə, müxtəlif olimpiadalarda təklif olunmuş bir çox maraqlı məsələ, misallar və onların həlli, həmçinin müəl­lif­lərin tərtib etdikləri məsələ və misallar daxil edilmişdir.

Hər bir yazının, elm tutumlu işin hansı zəhmət hesabına ba­­şa gəlməsini qələm adamları, intellektual əmək adamları yax­­­şı bilirlər. Mən özüm də on beş kitab müəllifi kimi, bili­rəm bu yazıların araya-ərsəyə gəlməsi üçün hansı mərhələdən keçmək lazımdır.

Həyatda qüsursuz, nöqsansız insan yoxdu. Amma bizim ziyalıla­rı­mızın ən yaxşı cəhəti xalq üçün, millət üçün iş gör­mə­yə maraqlı olmasıdır. Böyük söz fatehi, xalq şairi Zəlimxan Yaqub deyir ki, el üçün, xalq üçün yazıb-yaradan insanlar hə­mişə sağdı, diridi. Həqiqətən də qələm adamları, nə qədər ki, bə­şəriyyət mövcuddur, həyat var, kitablar da, onların müəl­lif­lərinin adları da əbədi qalacaqdır. Mən fəxr edirəm ki, Faxra­lı­nın on beş il müddətində iki yüz nəfərdən artıq ziyalı şəxsiy­yətləri haqda yazılar yazıb, dövri mətbuatda dərc elətdirmişəm, kitablar halında nəşrinə nail olmuşam. Bu missiyamı bu gün də davam etdirirəm. Qəhrəmanlarımdan biri də Nadir müəllimdi. Onun bir gözəl insan, qabaqcıl pedaqoq kimi üstün cəhətləri barədə məndən qabaq da yüksək fikirlər söylənilib. Texniki Universitetin ali riyaziyyat kafedrasının do­senti Firudin Məm­mədovun Nadir müəllim haqda dediklərindən bəzi mə­qam­ların altını cızmaq istəyirəm: “Uzun illərdir ki, mən Nadir müəllimi çox savadlı, səviyyəli, gözəl bir zəhmətkeş ziyalı kimi tanıyı­ram. Onun zəhmətinin bəhrəsi, fədakarlığının təsdiqi, özünün şü­urlu həyatını təhsilə həsr etməsinin nəticəsi, onun  həmmü­əl­lif olduğu, 2012-ci ilin nəşri olan “Riyaziyyatdan olimpiada məsələsləri” kitabıdır. Nadir müəllim nəyə qa­dirdisə, onun yol­daş­ları, dostları, həmkarları deyə bilərlər. Amma onun haq­qın­da ən yaxşı sözü ərsəyə gətirdiyi bu və əvvəlki kitablar deyə bi­lər”.

Nadir Nəsibovu məzunu olduğu Faxralı kənd orta mək­tə­bində müəl­limlərindən İmdad Mikayılov və Vəli Göyüşov fəxarət hissi ilə xatırla­yırlar. İmdad müəllimin dediklərindən: “Nadir müəllim bizim orta mək­təbin məzunlarının içərisində özünün qabiliyətiylə, həyata baxışıyla, sava­dıyla seçilən yetir­mə­lərimizdən olub və bu gün də xalqımıza, millətimizə başu­calığı gətirməklə bizi də sevindirir”.

Riyaziyyat müəllimi Vəli Göyüşovun sözlərindən: “Mü­əllim üçün ol­duqca sevindirici və qürurverici haldır ki, vaxtilə dərs dediyi  şagirdi, tələbəsi cəmiyyət üçün, xalq üçün, dövlət üçün çox gərəkli bir ziyalı kimi yetişsin. Nadir Nəsibovun mü­əl­limləri də fəxr edirlər ki, bu gün onun intellektinin məhsu­lundan minlərlə məktəbli bəhrələnərək riyaziyyatın sirlərinə bələd olurlar.”

İnsan yetkin doğulmur. Ancaq gündən-günə mükəmməl­lə­şərək və işində təkmilləşərək yetkinliyin yüksək zirvəsinə, mə­­ziyyətlərinin və üstünlüklərinin tamlığına nail olur. Bu, özünü zövqün incəliyində, ağlın itiliyində, mühakimələrin tutarlılı­ğın­da, arzu və diləklərin təmizliyində büruzə verir. Bəziləri tam yet­kinliyə nail ola bilmirlər, onlarda həmişə nə isə çatışmır. Bə­­ziləri buna gec nail olurlar. Hərtərəfli inkişaf etmiş, söz­lə­rin­də sər­rast, işlərində ağıllı adam dərrakəli adamların xoşuna gə­lir və onlar belə adamla ünsiyyətə can atırlar. Nadir müəllim də məhz bu və sadalamaqla qutarmayan üstün məziy­yətləri ilə özü ət­ra­fında müsbət aura yaradır, onunla ünsiyyət məmunluq do­ğu­rur.

Bu yaxınlarda Təhsil Nazirliyi Azərbaycanda “Müəllim­lə­rin etik davranış qaydaları”nı təsdiq etdi. Amma bu o demək de­yil ki, bunadək o qaydalar yox idi. Nadir Nə­si­bov kimi müəl­limlərimizin davranış qayda­ları istər mək­təb­­li­lərlə, istər həmkarları ilə, istər valideyinlərlə, istətrsə də, bü­tövlükdə icti­maiyyətlə ünsiyyətdə rəftarı normal qəbul oluna bi­lər. Təşəb­büskar, yaradıcı insan olan Nadir müəllim hər bir şa­gir­din uğurunu məmunluqla qarşılayır, layiqincə qiy­mət­lən­dirir, dəstək­ləyir, digərlərinə nümunə göstərir. Pedaqoji fəaliy­yəti zamanı pedaqoji taktın tələblərinə daim riayət etmiş, sözü və əməli üst-üstə düşmüşdür. Nadir müəllim pedaqoji fə­aliy­yə­tində daim öz işinin məsuliyyətini anlamış, həmişə nəzərə al­mış­dır ki, o, ən qiymətli kapital olan insanla işləyir, bu işdə isə səhvə yol vermək olmaz.

Bütöv pedaqoji prosesi müşahidə və təhlil etməsi, onun qanuna­uy­ğunluqlarını nəzərə alması, pedaqoji problemlərin op­timal həlli yollarını müəyyən etməsi onu təhsil ictimaiyyətinə yaradıcı pedaqoq kimi tanıtdır­mışdır.

Nadir müəllim yüksək əqidə, məslək sahibi olan müəllim-və­tən­daşdır. O, xalqın, Vətənin problemləri ilə yaşayır, gənc­liyi də bu ruhda yetişdirir. O, özündə zahiri və daxili mədə­niyyəti, nəcib əxlaqi keyfiy­yətləri, düzlüyü, ədalətliliyi, xeyirxahlıq, humanizm, sadiqlik və başqa xüsusiyyətləri cəmləşmişdirir. Yük­­sək peşakarlıqla yanaşı, akademik, didaktik, konstruktiv qa­biliyyətləri ilə həmişə seçilir. Məktəbimizin kollektivi Nadir müəllimlə çiyin-çiyinə işləməkdən məmundurlar.

Xalqın rəğbətini, xüsusilə də məhəbbətini qazanmaq asan deyil. Bunun az qismi taleyin köməyi ilə, çoxu isə səy hesabına qazanılır. Tale adama yol açır, səy isə bu yolu davam etdirir. Nadir müəllim də elmi-pedaqoji fəaliyyətində inadla özünə yol açmış, intellektual əməyinin məhsulundan bəhrələnəcək gənc­lərə də yol göstərmişdir. Gələcəyimizə göstərdiyi bu qayğıya, iltifata görə sağ olsun Nadir müəllim.

Mənbə : Səməndər Məmmədov – “Faxralılar”, Bakı – “Elm və təhsil” – 2017, I kitab.

 

Nadir Nəsibovİlyas Həsənov tərəfindən  “Riyaziyyatdan olimpiada məsələləri“. (VIII-XI sinif şagirdləri üçün vəsait, Bakı, “Zərdabi LTD” MMC, 2012, 320 səh.) kitabı hazırlanmış və 2012-ci ildə çap olunmuşdur.

Bu vəsait, riyaziyyata xüsusi maraq göstərən yuxarı sinif şagirdlərinin olimpiadalara hazırlanması üçün nəzərdə tutulmuşdur. Vəsaitə, müxtəlif olimpiadalarda təklif olunmuş bir çox maraqlı məsələ, misallar və onların həlli, həmçinin müəlliflərin tərtib etdikləri məsələ və misallar da daxil edilmişdir.

Bu kitab, 8-11-ci sinif şagirdləri, riyaziyyatdan fakultativ və dərnək məşğələləri aparan müəllimlər və ümumiyyətlə, riyaziyyata ciddi maraq göstərənlər üçün nəzərdə tutulmuşdur.

Kitabın elmi redaktoru fizika-riyaziyyat elmləri doktoru, professor N.B.Kərimovdur.

Mənbə : Redaktordan

 

Faxralı.com saytında yerləşdirilən məlumatlar Hüseynqulu Məmmədli, Səməndər Məmmədov, Rəşid Faxralı, Allahverdi Kərimovun müəllifi olduğu 8-dən çox kitab və digər mənbələr əsasında tərtib olunmuşdur