Qulaməli Əhməd oğlu İmaməliyev (Şahbuzlu məktəbi)

DİQQƏT!!!

Xahiş olunur bu şəxs barədə aşağıdakı məlumatları [email protected] e-mailinə göndərəsiniz:

  1. Təvəllüdü
  2. Orta təhsilini nə vaxt bitirib
  3. Ali təhsili (haranı bitirib, nə vaxt)
  4. Əmək fəaliyyəti (yeri, tarixi, vəzifəsi)
  5. Foto şəkili (skan edilmiş) və s.

Bundan sonra məlumatlar qısa zamanda saytda yerləşdiriləcəkdir.

Qulaməli Əhməd oğlu İmaməliyev, 1941-ci ildə Gürcüstan Respublikasının Bolnisi rayonunun Faxralı kəndində anadan olub.

O, Faxralı orta məktəbini bitirdikdən sonra Azərbaycan Pedaqoji İnstitutuna daxil olub. Ali təhsilini başa vurduqdan sonra təyinatı ilə Azərbaycanın royonlarının birində müəllim vəzifəsində çalışıb, sonra isə doğma Faxralı kəndinə qayıdaraq Şahbuzlu məktəbində uzun müddət müəllimlik edib və təqaüdə çıxıb.

Onun 1 oğlu (Rasim), 3 qızı və çoxlu sayda nəvəsi var.

O, 26.04.2020-ci il tarixində 79 yaşında rəhmətə gedib. Allah rəhmət eləsin!

Qulaməli müəllimi belə xatırlayıram:

Gözəl, səmimi İnsan – Qulaməli müəllim kristal kimi saf, təmiz, təvəzökar bir insan olub. O, heç zaman “kimsənin toyuğuna  daş atmayıb”. Həmişə insanlara yaxşılıq edib, ağıllı məsləhətlər verib.

Orta boylu, dolu cüssəli Qulaməli müəllimin özünə məxsus ləngərvari ağır yerişi vardı. O, ağarmış saçlarını geriyə darayar, bu isə ona ağsaqqal görkəmi verərdi.  Onun gülüşü ağ çöhrəsinə xüsusilə yaraşar, qarşısındakı həmkarı ondan müsbət enerji alardı.

Qulaməli müəllim çox əməksevər insan olub. O, heç zaman haram yolla pul qazanmayıb, ev-eşiyini öz alın tərilə, halal zəhmətilə qurub yaradıb.

Yadıma bir hadisə düşdü:

Qulaməli müəllim qiraəti çox sevərdi. Tez-tez bizə gələr, atamdan (Müstafa Hüseynovdan) kitablar götürərdi. Atamın geniş kitabxanası vardı. O, oxumaq istəyən heç kəsə “yox” deməzdi. Kitabı o şərtlə verərdi ki, həmin adam kitabı verdiyi formada qaytarsın. Əgər kimsə, bu şərti pozurdursa, o zaman onu böyük “danlaq” gözləyirdi.

Günlərin birində Qulaməli müəllim atamdan kitab götürür. Lakin, hansısa səbəbdən kitab qaytarıldıqda onun vərəqləri çırılmış halda olur. O, atamın xasiyyətinə bələd olduğundan, kitabı qaytaran zaman söhbəti uzaqdan başlayır. Atam isə onun sözünü yarımçıq kəsib kitabı istəyir. Kitabı pis halda görəndə aləm dəyir bir-birinə…

Quləməli müəllim o danlaqdan sonra uzun müddət atamla qarşılaşmır.

Bütün bunlara baxmayaraq atam Quləməli müəllimi çox sevərdi. O, həm də atamın xalası oğlu idi. Atam mənə Qulaməli müəllimin taleyindən, əməksevərliyindən çox danışardı…

Quləməli müəllim mənim və onu tanıyan hər bir kəsin yaddaşında və qəlbində gözəl bir İNSAN kimi daima yad ediləcək və xatırlanacaqdır…

Rəşid Hüseynov (Amaşlı)

 

Faxralı.com saytında yerləşdirilən məlumatlar Hüseynqulu Məmmədli, Səməndər Məmmədov, Rəşid Faxralı, Allahverdi Kərimovun müəllifi olduğu 8-dən çox kitab və digər mənbələr əsasında tərtib olunmuşdur