Qulu Bayram oğlu Əliyev

“GÜLƏ GÜLDƏN AĞIR SÖZ DEMƏMİŞƏM”

XX əsrin 50-ci illərində Bakı şəhərində ali təhsil alan tələ­bələri barmaqla saymaq olardı. Bunlar ağır müharibə illərindən sonra Faxralı kəndinin ali təhsil dalınca Azərbaycana üz tutmuş qaranquşları idi. Bu gənclər sırasında Qulu Bayram oğlu Əli­yev özünəməxsus yer tuturdu. Qulu Bayram oğlu Əliyev 1938-ci il fevral ayının 14-də Gürcüstan Respublikasının Faxralı kəndində anadan olmuşdur. Atası Qarammədoğlu Bayram həm kənd təsərrüfatı ilə məşğul olur, həm də dəmirçilik və nalbənd­lik edirdi. Anası Fatma Məşədi Haqverdi qızı qoçaq, cəsur, qeyrətli bir qadın olmaqla 5 övlad böyüdür və tərbiyə edirdi. Qulu Bayram oğlu 1945-ci ildə Faxralı orta məktəbinə qəbul olmuş, 1955-ci ildə isə onun müharibədən sonra azsaylı mə­zun­lardan biri olmuşdur. Elə həmin ildə müvəffəqiyyətlə Ç.İldırım adına Azərbaycan Dövlət Politexnik İnstitutunun Av­to­­mobil nəqliyyatı fakültəsinə daxil olmuşdur. Politexnik İns­titutunu 1960-cı ildə avtomobil nəqliyyatının istismarı ixtisası üzrə bitirən Qulu müəllim mühəndis-mexanik ixtisasına yiyə­lənmiş və Faxralının ilk ali təhsilli mühəndislərindən olmuşdur. O, əmək fəaliyyətinə təyinat üzrə Bakı şəhəri 4 saylı avtomobil bazasında dispetçer kimi başlamış, işlədiyi kollektivdə texni­kanı mükəmməl bilən yüksək ixtisaslı bir mütəxəssis kimi özü­nə hörmət qazanmış  və elə təqaüd zamanına qədər doğma kol­lektivdən ayrılmamış, kolon rəisi, mühəndis, baş mühəndis, rəis vəzifəsinə yüksəlmişdir. Xasiyyətcə təmkinli və mülayim olan Qulu müəllim çoxmillətli, böyük sürücü ordusuyla yüksək səviyyədə iş qurmuşdu, qarşılıqlı hörmət və anlaşma bu kol­lektivdə həmişə hökm sürərdi. Sürücülər problemlərinin həllini humanist və qayğıkeş bir insan olan Qulu müəllimlə birlikdə tapardılar.

Bütün bu keyfiyyətləri Qulu müəllim hələ uşaq vaxtlarından qazanmışdı. Erkən uşaqlıq dövrü müharibə illərinə və mühari­bədən sonrakı ağır illərə təsadüf edən Qulu müəllim zəhmətə çox tez alışmışdı. Atasını 1944-cü ildə itirən  balaca Qulu, bö­yük qardaşı Alı da müharibədə olduğundan əmisi Allahyar kişi, dayısı Əhməd kişi ilə birlikdə ailənin qayğısını çəkməyə baş­layır. Xırman döyməkdə, dərz bağlamaqda, odun gətirməkdə, mal-qaraya baxmaqda əməlli-başlı fərasəti vardı. Anası rəh­mətlik Fatma nənə elə hey deyərdi: “Qulunun nə işi varıydı şəhərdə, onun yeri kənddir”. Elə ömrünün sonuna qədər Fatma nənə Qulu müəllimin Bakıda qalması ilə barışa bilmirdi. Qulu müəllim həyatdan qəfil namərd gülləsi ilə getmiş atası rəh­mətlik Bayram kişiyə həm zahirən, həm xasiyyətcə çox bənzə­diyindən Fatma nənə onu o biri oğullarından fərqləndirirdi.

Qulu müəllimi isə Bakıda saxlayan səbəb onun 1957-ci ildə hələ tələbə ikən şəhərli qızı Tamara xanımla ailə qurması idi. Tamara xanım  şəhərli olsa da, yayda Faxralıya gələndə inək sağ­maq da öyrənir, gözəl ləziz xörəkləri ilə, tikib-biçmək  qabiliyyəti ilə tezliklə ailənin böyük hörmətini qazanır. Tamara xanım uzun müddət 4 saylı Bakı şəhər xəstəxanasında təcrübəli bir tibb bacısı işləməklə yanaşı, Azərbaycan Pedaqoji Dillər İns­ti­tutunu da rus dili ixtisası üzrə bitirir. O vaxt Bakıda yaşayan gənclər arasında və onların ailələri arasında böyük bir mehribanlıq və həmrəylik var idi. İstirahət günləri bu eloğlular bir-birinin evinə qonaq gedər, xanımlar ləzzətli yeməklər ha­zırlayar, bilmədiklərini bir-birindən öyrənər, bəzi vaxtlarda isə birlikdə məşhur incəsənət ustalarının konsertlərinə gedərdilər. Bu ailələrin sayı isə cəmi 7 idi və gənc ailələr qaynar şəhər hə­ya­tına alışırdılar. İndi isə Bakıda yaşayan ailələrin sayı bilin­məz. O vaxtlar Qulu müəllimin ətrafında olan və ünsiyyət qur­duğu dostları bunlar idi: millət vəkili mərhum Qurbanov Şamil (oğlu Aydının kirvəsi), tarix elmləri namizədi Məmmədov Məm­məd (ana tərəfdən qohum), Məmmədov Oruc (ana tərəfdən qohum), Hüseynov Qulu (qohum, xalası qızının əri), Mikayılov Şəmistan (eloğlu – sonralar filologiya elmləri dokto­ru), Həsənov Hacı (əmioğlu, böyük, yolgöstərən, respublikanın əməkdar jurnalisti), Budaqov Mürsəl (yaxın qonşu və yaxın dost) və bunların da dostları. Bu insanlar arasında səmimi münasibətlər hökm sürər, bir-birinə can deyib can eşidərdilər. Lakin onlar haqqında xoş xatirələr bu gün də yaşayır. Bu kitab isə onların xatirələrini əbədiləşdirməyə xidmət edəcəkdir. Al­lah onların hamısına qəni-qəni rəhmət etsin.

Qarammədoğlu Bayramın ortancıl oğlu digər iki oğlundan fərqlənirdi. Qulu müəllim hündürboylu, qarayanız, ala gözlü, şux qamətli bir insan idi. O, mehriban, həlim xasiyyətli, nizam-intizamlı, səliqə-səhmanı sevən və çox məsuliyyətli idi. Gənc yaşlarından şəhər mühitinə düşən ilk Faxralı gənclərindən olan Qulu müəllim 1960-cı illərdə inkişafda olan Bakının canlı şahi­di olmuş, özü də bu quruculuq işlərində fəal iştirak etmişdir. Şəhərli qızla ailə quran Qulu müəllim şəhər mədəniyyətinə yi­yə­­lən­məklə, özündən sonra Bakıya üz tutanların bir məsləhət və güvənc yeri idi. Qulu müəllim təkcə Qarammədli nəslinin deyil, həm də Faxralı gəncləri üçün bir arxa, dayaq idi. Köhnə 4-cü Dağlıq məhəlləsindəki ikiotaqlı balaca mənzil kənddən şəhərə üz tutub gələnlər üçün sanki bir ata eviydi, çünki bu ünvanda onlara atalıq qayğısı göstərən əmi, qardaş, dayı, əmi­oğlu, mamaoğlu, xalaoğlu, bir sözlə hələ gənc yaşlarından özün­dən 6-7 yaş fərqlənən gənclərə böyüklük edən humanist, qohum-qardaşlı bir insan yaşayırdı. Neçə-neçə gənc ailə Qulu müəllimin Bakının köhnə 4-cü Dağlıq məhəlləsindəki evindən pərvazlanıb, ev-eşik sahibi olublar. Qulu müəllimin və onun həyat yoldaşı Tamara xanımın Bakıya üz tutan yaxınlarının ali təhsil almalarında böyük əməyi olub. Qulu müəllim gənclərin dərsləri ilə, maddi durumları ilə çox yaxından maraqlanardı. Qulu müəllim kiçik qardaşı Vəli müəllimin, dayısı oğlu Səməd müəllimin, qardaşı oğlu Bayramın, Rəşidin, Azadın, qardaşı qızları Güləsərin, Sonanın, Lalənin, bacısı qızları Əsli və Nəzakətin, bacısı oğlanları Almazın, Səlimin, Qurbanın şəhər mühitində özlərini necə aparmalarına, geyimlərinə nəzarət edər və məsləhət verərdi. Təsadüfi deyil ki, qardaşı oğlu Bayramın və bacısı oğlu Almazın da avtomobil nəqliyyatı ixtisasını seç­mələrində Qulu müəllimin bu ixtisası mükəmməl bilməsi bö­yük rol oynayır.

Qulu müəllimin ürəyi daima Faxralı həsrəti ilə döyünüb və həmişə də deyərdi: “Gedib qocalanda kənddə özümə şərait düzəldib orda yaşayacam”. Hələliksə, Qulu müəllim qandan gələn bir fəaliyyətlə Abşeronda özünəməxsus bir sevgi və şəf­qətlə gözəl bir bağ salmışdır. Şəhərin səs-küyündən, yeknə­səgliyindən bezəndə Qulu müəllim bu bağda dincələr, dədə-babaları kimi bağbanlıq edərdi. O, burada Faxralıdan ata yur­dun­dakı bağlardan alma, armud, nar, tut, albalı, ərik ağacları gətirib əkmiş və böyütmüşdü. O, Faxralının ətrini bu ağaclar­dan alardı. Bağ da Qulu müəllimin şəfqətli əllərinin sığalı qar­şısında borclu qalmazdı. Payız olanda bağın barı aşıb-daşardı. Zənbil-zənbil bu meyvələri yığıb qohum-qardaşa, dost-tanışa göndərəndə Qulu müəllimin sevinci aşıb-daşar və o, bir ra­hatlıq tapardı. Bağda da Qulu müəllim ətrafına yenə də əziz qohumlarını yığmış, əmisi oğlu Əli müəllimi, qardaşının kürəkəni Əmirxan müəllimi özünə bağ qonşusu eləmişdir. Qulu müəllimin məsləhətləri ilə qonşu bağlarda da ağaclar əkildi, calaqlar edildi, tezliklə həmin bağların da məhsulları aşıb-daşdı… Çox heyflər olsun ki, bu mehriban qonşuluq və qohum­luq ünsiyyətləri uzun sürmədi. Əvvəl Əli müəllimi aramızdan alan əcəl sonra elə bağda da Qulu müəllimi qəfil yaxaladı. O, ömrünün 63-cü ilində dünyaya vida dedi və vətənə qayıtmaq arzusu da ürəyində qaldı… Elə bil onlar rəhmətə gedəndən sonra bağların da üzü döndü, ağaclar elə həmin ildən nə qədər qayğıları çəkilsə də, qurumağa başladılar. Allah sənə rəhmət etsin Qulu müəllim, qəbrin nurla dolsun, yerin də bağın kimi cənnət olsun!

Qulu müəllimin qardaşı qızı Lalə xanım əmisinin ölümün­dən təsirlənərək onu belə yad edir:

Bir torpaq niskili vardı qəlbində,
Onunçun bağ saldın, ağaclar əkdin,
Bir cənnət yaratdın qumlu sahildə,
Doğma torpağından gözünü çəkdin!

Dədə ocağından ağ tut, qumral tut,
Gətirdin Abşeron torpağına sən.
Bəslədin, hər yana saldı çətrini,
Sən onlardan aldın vətən ətrini.

Hər kolun, ağacın dibinə, söylə,
Gündə neçə dəfə sən dolanardın.
Yetişmiş meyvələr yerdə qalanda,
Köksünü ötürüb necə yanardın!

Körpə fidanlara sığal çəkərdin,
Dibini belləyib kübrə tökərdin.
Etdiyin bir calaq əgər tutmasa,
Körpə uşaq kimi boyun bükərdin.

Belinə yükləyib dərdi-qəmini,
Dərviş tək, sən tənha, tək dolanardın.
Son vaxtlar toplayıb qohum-qardaşı,
Deyəsən yamanca qayğı umardın!

Zənbillər doldurub sən bağ-baxçadan,
Sevdiyin kəslərə pay göndərərdin,
Hamının payını bölənnən sonra,
Yalnız ondan sonra nəfəs dərərdin. 

Əkdiyin ağaclar səndən yadigar!
Hələ zaman-zaman bar gətirərlər,
Ağaclar yarımçıq ömrünü yaşar,
Çiçəklər üzlərə gülər hər bahar! 

Fərhad da, Anar da səndən yadigar!
Bağdakı o qoşa çinara bənzər.
 Aydın ürəyində nisgil, intizar,
Ata itiribdir, daima gəzər! 

Nənəmin hamıdan əziz balası,
Sən dönə bilmədin doğma vətənə!
Ananın gözləri yolda qalası,
Qürbətdə büründün sən ağ kətana!

İtirdik biz səni, mehriban əmi!
İndi də pay etdin qəmi, möhnəti.
Gəzərik yerini hər zaman, əmi,
Allah qismət etsin sənə cənnəti!

Qulu müəllimin elmə, təhsilə böyük həvəsi övladlarına da keçmisdir. Oğlu Aydın müəllim Azərbaycan Dövlət Univer­sitetinin fizika fakültəsini 1980-ci ildə bitirib. Hal-hazırda BP şirkətində neft axtarışı üzrə mühəndisdir. Dünyanın bir çox ölkələrində neft kəşfiyyatı aparmışdır. Böyük nəvəsi Anar Əliyev Azərbaycan Dövlət Neft Akademiyasını bitirmiş, ma­gist­ratura təhsilini Amerikada almış, o da BP şirkətində aparıcı mütəxəssislərdəndir. Kiçik nəvəsi Fərhad Əliyev Bank işi üzrə mütəxəssisdir və Azərbaycan Dövlət Neft Akademiyasını bitirmişdir.

Dünyanın səfasını başa qədər sürən olmayıb. Bu da Tanrı işidir. Tanrının işinə heç kim qarışa bilməz. Məlumdur ki, Al­lah yaxşıları həmişə sevib və sevir. Qulu müəllim Allahın yaxşı bəndələrindən olub. Lalə xanım əmisinə həsr etdiyi şe­irdə onu çox gözəl xarakterizə edib. Və türk dünyasının böyük söz sultanı Zəlimxan Yaqub “Gülə güldən ağır söz deməmişəm” ifadəsini sanki Qulu müəllim üçün deyibmiş:

Çiçəkli baharam, şaxtalı qışam,
Soyuq bir nəzərəm, odlu baxışam,
Tikanı olanı tikanlamışam,
Gülə güldən ağır söz deməmişəm.

Mənbə : Səməndər Məmmədov – “Ağır elsən, Borçalıda adın var…”, Bakı – “Nurlan” – 2010, II kitab.

Faxralı.com saytında yerləşdirilən məlumatlar Hüseynqulu Məmmədli, Səməndər Məmmədov, Rəşid Faxralı, Allahverdi Kərimovun müəllifi olduğu 8-dən çox kitab və digər mənbələr əsasında tərtib olunmuşdur