Qurban Hüseynov

YAXŞILIQ CARÇISI

Bəzən kiminsə haqqında söh­­bət düşən­də, cəmiyyətdəki möv­­­­qeyindən danışanda çoxları ilk növbədə onun daşıdığı və­zifə ilə maraqlanırlar. Sanki hər şey vəzi­fənin bö­yük və ya ki­çik­liyin­dən asılıdır. Məncə bu, düzgün yanaşma deyil. Vəzi­fə­nin bö­yük­­lüyü sadəcə olaraq insanın səla­hiy­yət­lərini ge­niş­lən­dirə bilər, onun qəlbindəki vətən yanğısı, el-oba sevgisi, xe­yir­xahlıq və sə­mi­miyyət kimi keyfiyyətlər isə hər kəsin qanında, canında olan bir şeydir. Onu pulla, vəzifəylə al­maq olmaz. “Kəlilə və Dim­nə”də deyildiyi kimi: “İstedadlı və bacarıq­lı ada­mın vəzifəsi kiçik, nüfuzu az, düş­mə­­­ni çox olsa da, o, əql və kəlamı sayə­sin­də özünü büruzə verər, şöhrət tapar. Belə adam­lar çıraq kimidirlər, fikir verməmisinizmi ki, çırağı sön­dürmək istərkən o yüksəyə qalxmağa meyl göstərir”.

Rəvayət edirlər ki, ulu peyğəmbərimizin yaxın adamları ondan soruş­muşlar: “Ey Allahın peyğəmbəri, dünyada görülən işlərin ən yaxşısı nədir?” Peyğəmbər cavab vermişdir: “Elm öyrənmək”. O, elmi “İmanın meyvəsi və İslamın çırağı” adlandıraraq bildirib ki, “Mən bir müəllim olaraq göndəril­dim. Mən gözəl əxlaqı tamamlamaq üçün gəldim”.

Müəllimə hörmət zaman-zaman Allaha hörmət kimi sayılıb, mü­əllimlik Tanrı peşəsi hesab edilib. Tarixin bütün dönəmlərində bu peşənin daşıyıcı­larına xüsusi hörmət və ehtiram olub. Dün­ya­nın ən böyük fatehləri də müəl­lim şəxsiyyəti qarşısında baş əyib­lər.

Mustafa Kamal Atatürk müəllimləri belə dəyərləndirib: “…Millətləri azad edənlər yalnız və yalnız müəllimlərdir. Müəl­lim­dən, maarifdən məh­rum bir millət hələ millət adını daşımağa layiq deyildir. Ona adi kütlə de­yir­lər. Bir kütlənin millət ola bilməsi üçün mütləq yaxşı müllimlərə möhtacdır”.

İşıqlı insanlardan – ömürlərini maarifçilik yolunda şam kimi əridən­lərdən yazmaq  mənim ən çox toxunduğum möv­zudur və bu qədər uzun girişdən sonra diqqətli oxucu bu yazımda da müəllim şəxsiy­yətin­dən, müəllim əməyindən söh­bət gedəcəyini duymamış olmaz. Bəli, elimin-obamın daha bir hörmətli müəllimindən söhbət açmaq istəyirəm. Elə bir insan­dan ki, keçdiyi ömür yolu, tərcümeyi-halı çoxlarından fərq­lən­məsə də, yaşadığı ömür adlı zaman kəsimindəki əməlləri ilə yaxşı mənada seçilib, fərqlənib. El adamı olub, eldən ayrı bir günü olmayıb. Xeyir-şər adamı kimi tanınıb.

Oxucuları çox da intizarda saxlamaq istəmirəm. Söhbət Qurban mü­əllimdən gedir, Qurban Hüseynovdan. O, 1912-ci ildə Faxralı kəndində anadan olub. Faxralı orta mək­təbində oxuyub və bu məktəbi əla qiymət­lər­lə bitirib. Özü­nə bir peşə seçməyə gəldikdə isə müəllimliyə üs­tünlük verib. O zamanlar Tiflisdə fəaliyyət göstərən A.S.Puşkin adına Peda­qoji İnstituta daxil olub. İnstitutda təhsilini Azərbaycan dili və ədə­biyyatı ixtisası üzrə başa vuraraq pedaqoji fəaliyyətə başlayıb. Uzun illər Faxralı orta məktəbində müəllim işləyib. Pedaqoji ustalığını, təşkilatçılıq qabiliy­yətini nəzərə alaraq onu Faxralı orta məktəbinə direktor vəzifəsinə irəli çəkiblər. Təkcə Bolnisi rayonunda yox, bütövlükdə Gürcüstanda qabaqcıl ümum­təhsil məktəbi kimi tanınan, hər il onlarla məzunu ölkənin müxtəlif ali məktəblərinə daxil olan bu təhsil ocağına rəhbərlik etmək təbii ki, bö­yük bilik və bacarıq, zəngin təcrübə tələb edirdi. Qurban müəllim bu işin öhdəsindən layiqncə gələ­rək adını həm məktəbin, həm də kəndin tarixinə şərəflə yaza bilib. Müəllim şərəfini həmişə uca tutub, işdə ciddi və tələb­kar olduğu qədər də qayğıkeş olub. Səmimiyyəti və həssaslığı onun hörmət və nüfuzunu daha da artırıb.

Türk dünyasının böyük yazıçısı Çingiz Aytmatov yazır: “İnsan dün­yanın bu keşməkeşində həyatla ölüm arasında hər­lə­nən zaman onu azı yüz dəfə öldürə bilərlər.  Amma sağ qalır, çox şeylər öyrənir: Xeyir və şər, həqiqət və yalan”.

Həyat təcrübəsi Qurban müəllimə də çox şey öyrətmişdi. Həyatın sərt sınaqlarından çıxan bu gözəl insan, təcrübəli mü­əllim özünün zəngin həyat təcrübəsinə söykənərək yetirmə­lərinə həm də həyat dərsi keçir, onlara zamanın hər çətinliyinə hazır olmağı öyrədirdi. Şagirdlərinə bir də onu öyrədirdi ki, “həyatda yeganə və əsl xoşbəxtlik yaxşılıq eləməkdir və yax­şı­lıq eləməkdən duyulan həzzdir”. Demək, müəllim həm də yaxşılıq carçısıdır.

Qurban Hüseynov 1995-ci ildə dünyasını dəyişib. Ölümündən illər keçsə də, qədirbilən faxralılar tərəfindən həmişə minnətdarlıqla xatırlanır. Çünki bu  hörməti sağlığında ikən onun özü qazanıb.

Mənbə : Səməndər Məmmədov – “Faxralılar”, Bakı – “Elm və təhsil” – 2017, I kitab.

Faxralı.com saytında yerləşdirilən məlumatlar Hüseynqulu Məmmədli, Səməndər Məmmədov, Rəşid Faxralı, Allahverdi Kərimovun müəllifi olduğu 8-dən çox kitab və digər mənbələr əsasında tərtib olunmuşdur