Roza Məhəmməd qızı Nuriyeva

HƏR TELİ BİR TARİX

Elə insanlar var ki, dünyaya gözü­nü açandan çətinlik içində olur. Yəni bu insanlar hər şeyi ya özləri etməli olurlar, ya da yaxınlarından kimsə on­lara əl tutur himayədarlıq edir. Be­lə insanlar həyatın hər üzünü görmüş olurlar. Yəni onlar həm dünyanın ağrı-acısından xəbərdar olurlar, həm də ən çətin  anlarda belə özlərini itirmirlər.

Gözəl ziyalı və alicənab insan olan Roza Məhəmməd qızı Nuriyeva da  valideyn nəvazişindən tez məhrum olub. O, əvvəl anasını, sonra isə atasını müharibədə itirib. Bu ayrılıq və həsrət istər-istəməz onun ömründə ağır anlar yaşadıb. Amma bu ağır, dözülməz və bəzən də ümidsiz günlərdə onları babaları Qapqoy Novruz və əmisi Abbas Nuriyev tənha qoymayıb. Kiçik bacısı Firuzə və qardaşı Kamran da bu qayğını üzərlərində hiss eləyiblər. Hiss eləyiblər ki, valideynlərini tez itirsələr də onların arxasında duran, qolundan tutan və “qorxma” deyən əzizləri var. Göydə Allah, yerdə də yaxşı insanlar onların böyüyüb, boya-başa çatmasında əsaslı rol oynayıb.

Roza Məhəmməd qızı Nuriyeva 1935-ci ildə Borçalı mahalının Faxralı kəndində bir qulluqçu ailəsində anadan olub. Həyatın çətinliklərini, ağrısını-acısını hiss eləyə-eləyə günlərin birində Faxralı kənd orta məktəbini qızıl medalla bitirir. Ki­taba, müxtəlif elmi və bədii ədəbiyyatlara böyük maraq göstərib. Hətta o zaman oxuduğu məktəbin direktoru Hüseyn­qulu Məmmədli öz şəxsi kitabxanasından istifadə Roza müəllimə icazə verib. Elə o kitabxanada da Roza Nuriyeva Azərbaycan ədəbiyyatının nümayəndələri ilə yanaşı, rus və avropa yazıçılarının əsərləri ilə də yaxından tanış olur. Onun həyatda bir insan, ziyalı kimi yetişməsində həmin kitabların böyük təsiri danılmazdır. Təbii ki, insanın həyatda mövqe tutmasında onun müəllimlərinin və xeyirxah insanların əvəzsiz xidmətləri olur. Ona görə Roza müəllimə Hüseynqulu müəllimin minnətdarlıqla xatırlayır.

Bu mənada Roza xanımın savadlı, ziyalı kimi yetişməsində və həyatda mətin insan kimi formalaşmasında müəllimlərinin-Nəbi Gülməmmədovun, Binnət Mahmudovun, Hacı Həsə­no­vun, Xalidə Həsənovanın böyük zəhməti olub. Hətta tanınmış professor Şəmistan Mikayılovun da onun həyatda yetişməsində zəhməti az olmayıb. Ona görə də Roza xanım həmin insanların zəhmətini, əməyini və işığını heç vaxt yaddan çıxarmır. Həmişə deyir ki, mənim həyatda mövqe tutmağımda, ziyalı kimi yetişməyimdə bu insanların haqqı, əməyi çox olub.

Roza Nuriyeva 1954-cü ildə S.M.Kirov adına (indiki BDU-nu) ADU-nun tarix fakultəsinə qəbul olub və həmin universiteti fərqlənmə diplomu ilə bitirib. Ali məktəbi fərqlənmə diplomu ilə bitirəndən sonra öz doğma kəndlərində tarix müəllimi işləyib. Kənddə hamı ona böyük hörmət və məhəbbət bəsləyir. Çünki bu qız kənddə ali təhsil alan ilk qız olduğuna görə, bir çoxları onun yolu ilə getmək istəyiblər. Hətta kəndin sayılıb-seçilən adamlarından İsrafil Məmmədov, Musa Həsənov, Binnət Mahmudov, Əli Əliyev bu qızla fəxr edirdilər. Və onlar da öz qızlarını bu cür oxumuş, savadlı və ziyalı kimi görmək istəyirdilər. Sanki Roza Nuriyeva ali məktəbi qurtarıb gəlməyi bu kənddə qızlar arasında böyük bir hadisə  yaratmışdı. Yəni digər qızlar da onun kimi ali məktəblərdən birində təhsil almağa can atırdılar. Kəndin bir neçə ziyalı insanı öz qızlarını ali məktəbdə oxumağa icazə verdilər və onlara lazımı şərait yaratdılar.

Ələsgər Nuriyev, Qurban Baytalov, İsmayıl Musayev, Qulam­əli Əhmədov, Aslan Əliyev və başqaları belə ziyalılardan idi. Nizami Gəncəvinin belə bir hikmətli deyimi var: “İnsan zəkası təbiət və cəmiyyətin inkişaf qanunlarına, həyatın sirli mənalarına getdikcə daha çox yol açır”. İllər ötdükcə Roza Nuriyeva öz zəkasının işığında neçə-neçə insan övladına elm, savad və əxlaq dərsi verdi. Onun işığından və savadından nur alan şagirdləri bağlı qapıları açmağın sirlərini öyrəndilər. Və ən nəhayət bu ziyalı insan özü kimi bacısını da arxasınca çəkə bilmişdi. Onun bacısı Firuzə Nuriyeva da orta məktəbi gümüş medalla bitirib və Xarici Dillər İnstitutuna qəbul olur və indidə Boçalıda müəllim işləyir.

Ziyalı  və oxumuş qızları görəndə Roza xanımın sevincindən ürəyi köksünə sığmır deyir ki, mən kəndimizin oxumuş qızlarını görəndə elə bil dünyanı mənə verirlər. Axı bu qızlar, bu oxumuş uşaqlar bizim əkdiyimiz ağacın meyvələridir. Roza Nuriyeva 1962-69-cu illərdə Faxralı kənd orta məktəbində tədris işləri üzrə direktor müavini işləyib. Elə onda da öz ömrünü-gününü şam kimi şagirdlərin yolunda əridib. Ağaran saçları,  hirsli anları heç vaxt  onu hövsələdən çıxarmayıb. Ən azından ona təsəlli olan bu olub ki, çəkdiyi zəhmət hədər getməyib. İşlədiyi müddətdə müxtəlif vaxtlarda Gürcüstan SSRİ Maarif Nazirliyinin Fəxri Fərmanları ilə təltif olunub. 32 il maarif sahəsində qüsursuz fəaliyyətinə görə “Əmək veteranı” medalı ilə təltif edilib. 1991-ci ildə təqaüdə çıxıb.

1959-cu ildə o, maarifpərvər bir insanla- Həsən Əlizadə ilə ailə həyatı qurub və xoşbəxt bir ömür yaşayırlar. Onların 2 oğlu və 2 qızı var. Və eyni zamanda 9 nəvələri ilə fəxr edirlər. Oğlanları Moskva Və Ukraynanın müxtəlif şəhərlərində yaşayırlar. Nəvələri Moskvanın və Luqanski şəhərlərinin ən yaxşı universitetlərində təhsil alırlar. Nəvəsi Aydan Əlizadə universitetdə təhsilini uğurla davam etdirir. Başqa bir nəvəsi olan Türkan Qurbanova Moskvada orta məktəbi əla qiymətlərlə bitirib. Bir test imtahanı ilə iki  universitetə daxil olub.

Bir sözlə, mayası ziyalılıqdan yoğrulan bu ailənin çəkdikləri zəhmətdən sonra, işıqlı anları başlayıb. Bu işıqlı anları yaşatmaq, davam etdirmək isə nəvələrin boynuna düşür. Nənələri və babaları öz ömürlərini mənalı yaşayıblar, şərəflərini və qürurlarını həmişə qoruya biliblər. Şərəfini və qürurunu qoruya bilən insansa həmişə yaddaşlarda qalır. Və Roza müəllimin saçlarını ağardan şagirdləri indi üzünü ağardırlar. Hər teli bir tarixə dönmüş Roza müəllim isə bundan şərəf duyur.

Mənbə : Səməndər Məmmədov – “Ağir elsən, borçalida adin var…”, Bakı – “Nurlan” – 2010, II kitab.

 

Faxralı.com saytında yerləşdirilən məlumatlar Hüseynqulu Məmmədli, Səməndər Məmmədov, Rəşid Faxralı, Allahverdi Kərimovun müəllifi olduğu 8-dən çox kitab və digər mənbələr əsasında tərtib olunmuşdur