Telli Məmməd qızı Məmmə­dova

ÇAĞLAYAN ÇEŞMƏ

Dahilərdən  biri deyib: “Dünya­da ən uzun və eyni zamanda ən qısa şey bizim həya­tı­mızdır”. Əlbəttə, in­san ömrü heç də çox yaşa­maq­la öl­çülmür. İnsan ömrü onunla ölçü­lür ki, həmin adam həyatda yaşadığı dövrdə hansı iş­lər görüb, əməlləri necə olub və ən nəhayət, in­san­ların yadında necə qalıb. Adam var ki, elə sağ­lığında insanların ürəyində özü­nə əbədi məhəbbət qaza­nır və hey­kəlləşir. Aylar, illər öt­sə də, həmin in­sanlar heç vaxt unudulmur və yad­­dan çıxmır. Bax, onda yaxşı əməlin və yax­şı işin nəyə qadir olduğunu insan daha dərin­dən dərk edir. Çünki yaşadığı, arxada qalan uzun illər üçün heç vaxt təəs­süf və peşmançılıq hissi keçirmir.

Gözəl ziyalı və pedaqoq olan Telli Məmməd qızı Məmmə­dova da Gürcüstanda yaşayan azərbaycanlılardan biri olub. O, 1914-cü ildə Tiflis şəhərində anadan olub. Orta məktəbi bitirdikdən sonra Tiflis Pedaqoji Texnikumuna daxil olub. Tex­nikumu bitirdikdən sonra isə Gürcüstanın Aspindza rayonunun Aşağı Oşam kəndində müəllim kimi pedaqoji fəaliy­yətə baş­layıb. O, həm də  Gürcüstanda qadın pedaqoji kadrların ilk qaranquşlardan biri sayılır.

İllər ötür, Telli müəllimə özünün pedaqoji təcrübəsi və də­rin savadı ilə nəinki şagirdlərin, hətta müəllimlərin belə təəc­cüb­lənməsinə səbəb olur. Çünki o, hansı sinifdə dərs deyirsə, o sinfin şagirdləri savadları və elmə maraqları ilə başqalarından seçiliblər. Elə ona görə də çoxları öz uşaqlarını Telli müəlli­mənin dərs dediyi sinifdə oxutmaq istəyiblər.

1947-ci ildə İsa müəllimlə ailə həyatı qurur və Faxralı kən­dində işə başlayır. Elə həmin illərdə də əsl Azərbaycan ziya­lı­sı­nın, müəlliminin və xanımının necə olmasını öz əməli ilə təs­diq­ləyir. O, dərs dediyi uşaqlar­dan tutmuş məktəb direktoruna qədər hər kəsin ürəyinə yol tapa bilir. Hətta zəif oxuyan şa­girdlərin belə boş damarını tapır, onları ələ alır və dərsə, elmə, kitaba böyük maraq yaradır. Bu marağın altında isə heç bir təmənna və heç bir məqsəd olmayıb. Sadəcə olaraq, Telli Məm­mədova həmişə öz vicdanının və qəlbinin səsini eşidib.

Telli xanım gözəl müəllimə, gözəl pedaqoq, həm də ailə­si­nə səda­qətli bir xanım olub. Allah-Təala ona qeyri-adi bir şirin səs də verib. O, muğamlarımızı və xalq mahnılarımızı elə gözəl ifa edib ki, səsi çox sənət­karları tərpədib. Bu məlahətli səsinə görə çoxlarının diqqətini cəlb eləyib.

Günlərin birində Gürcüstanda qastrol səfərində olan Azər­bay­canın tanınmış mədəniyyət və incəsənət xadimləri onun ifa etdiyi muğamı dinləyəndən sonra həyəcanlarını və təəc­cüb­lə­rini gizlədə bilməyiblər. Deyiblər ki, müəllimdə də belə şirin və zil səs olar? Gəl, səni aparaq Ba­kı­ya, Azərbaycan Dövlət Flarmoniyasında çıxış elə. Amma Telli xanım müəllimlik sənə­tini hər şeydən uca tutub və bu təklifi qəbul eləməyib.

Xalq şairi Zəlimxan Yaqub şerlərinin birində yazır:

Çağlayan çeşməyəm, kükrəyən çayam,
Dirilik suyundan yoğrulub mayam.

Telli müəllimə çağlayan çeşməyə, kükrəyən çaya bənzə­yirdi. Gözəl səsi olduğu kimi, gözəl də natiqlik qabiliyyəti vardı. Sanki mayası dirilik suyundan yoğrulmuşdu.

Telli Məmmədova pedaqoji təcrübəyə malik olmaqla yanaşı, fəallığı ilə də seçilib, Bolnisi rayonunun seçki ko­mis­siyasının katibi vəzifəsində çalışıb. Harda olubsa, öz işinə məsuliyyətlə yanaşıb. O, bu illərdə Faxralı kənd orta məktə­bi­nin həmkarlar komitəsinin sədri olub. Elə bir tədbir olmayıb ki, Telli müəllimə orda gözəl danışığı, qeyri-adi nitqi ilə iştirak­çı­la­rı özünə cəlb eləməsin. Aydındır ki, bu təcrübəli pedaqoqun zəhməti heç vaxt yerdə qala bilməzdi. Ona görə də Gürcüstan SSR Ali Soveti Rəyasət Heyətinin 1968-ci il 3 oktyabr tarixli fərmanı ilə Telli Məmməd qızı Məmmədovaya Gürcüstan SSRİ-nin “Əməkdar müəllimi”i fəxri adı verilib.

Çox maraqlıdır ki, Telli xanım haqqında “Azərbaycan mü­əllimi” qəzetinin 7 mart 1969-cu il tarixli sayında gözəl bir yazı dərc olunub. Ə.İsmayıllı və D.Əliyevin onun barəsində qələmə aldıqları məqalədə yazılır: “Şagirdlərin biri son vaxtlar dərsə ha­zır­lıqsız gəlir, ev tapşırığını yerinə yetirmirdi. Telli müəllimə qızın ailəsinə gedib, ata-anası ilə görü­şüb, söhbət etdi. Məlum oldu ki, qız ev işləri ilə həddindən çox yüklənib. Telli müəl­li­mə­nin qızın valideynləri ilə söhbəti nəticəsiz qalmadı. İkinci rübdə həmin qız bütün dərslərdən yüksək qiymət aldı”. Bax, əsl pe­daqoq və əsl müəllimə belə olmalıdır. Yəni bacarığı, savadı olan şagirdləri axtarıb tapmalı, onların istedadının  üzə çıx­ma­sına kömək etməlidir.

Telli Məmmədovanın pedaqoji tərcümeyi-halında bir neçə kəndin adı var. Onların arasında Adıgün rayonunun Çiçela kən­di, Ağbulaq rayo­nunun Şıxlı və Kosalar kəndi və Bolnisi rayo­nu­nun Dəllər (Muşevan) kəndləri xüsusi yer tutur. Çünki hə­min kəndlərdə Telli müəllimə müxtəlif dövrlərdə dərs demiş, şagirdlərin həyata müstəqil yetişib addım atmasın­da öz kömək­liyini etmişdir. Faxralı, Telli müəllimənin fəaliyyətində və tale­­yin­­də xüsusi yer tutur. Uzun müddət bu kənddə işləyib, Faxra­lı­larla qaynayıb-qarışır. Bütün Faxralılar indi də onu minnət­dar­lıqla xatırla­yır­lar. Faxralı ziyalılarından gözəl alim və mə­mu­rumuz Eldar Hüseynqulu oğlunun təbirincə desək, Telli müəllim Faxralıya həm də şəhər mədə­niy­yəti və şəhər mətbəxi də gətirmişdir. Eldar müəllim tamamilə haqlıdır. Mən də Telli müəllimənin insanlarla  münasibətini, ünsiyyətini, onun oturuşunu-duruşunu, ağır yerişini, savad və səviyyəsini yaxşı xatırlayı­ram. Və mənə elə gəlir ki, onda olan insani keyfiy­yətlərin hər biri etik norma və əxlaqi fəzilətlər idi.

Heç təsadüfi deyil ki, Faxralı orta məktəbinin direktoru ol­muş Hüseynqulu Məmmədov “Görüm Faxralının biri olsun beş” kitabında Telli müəlliməni “Bu gün artıq xatirəyə dönmüş ibtidai siniflərdə dərs deyən müəllimlər” sırasında xatırlayır.

Telli Məmmədova çox namuslu, şərəfli bir ömür yaşayıb. Elə bir ömür ki,  şagirdlərin yolunda şam kimi əriyib. Ancaq şam kimi əriyən və bu yolda saçlarını ağardan Telli xanım heç vaxt o illər üçün heyfs­lən­məyib. Yaşa dolandan sonra 1980-cı illərin əvvəlində Telli Məmmədova Bakıya oğlu Nadirin yanına köçür və 1997-ci ildə dünyasını dəyişir.

Belə bir şərəfli ömürlə Telli Məmmədova yüzlərlə şagirdin qəlbində özünə əbədi bir heykəl ucaldıb.

Mənbə : Səməndər Məmmədov – “Faxralılar”, Bakı – “Elm və təhsil” – 2017, I kitab.

Faxralı.com saytında yerləşdirilən məlumatlar Hüseynqulu Məmmədli, Səməndər Məmmədov, Rəşid Faxralı, Allahverdi Kərimovun müəllifi olduğu 8-dən çox kitab və digər mənbələr əsasında tərtib olunmuşdur