Vəli Bayram oğlu Əliyev

“İNSAN HEYKƏL OLUR XATİRƏLƏRDƏ”

Nuşirəvan Adil öyüd və nəsihətlərinin birində deyirdi: “Ey oğul, oxuyarkən bu sözlərə xor baxma. Bunlardan həm hikmət iyi gəlir, həm də hökmranlıq iyi. Çünki bunlar həm alim sözüdür, həm də həkimlərin. Bunların hamısını öz malın et. İndi nə qədər cavansan öyrən”.

Əvvəla Vəli müəllim mütaliəni sevən, məlumatlı ziyalı idi. Sözdən məharətlə istifadə edib onu yerində işlətməyi sevərdi. Sözdən hikmət iyi gəldiyini də gözəl bilirdi. Onu da bilirdi ki, söz əvəzolunmaz xəzinə və sərvətdir. Şərqin Şekspiri böyük Cavid Əfəndi vaxtilə yazırdı:

Söz var kəsdirər başı,
Söz var kəsər savaşı.

İçi çölündən, çölü içindən duru olan insanlar həmişə savaş kəsən sözlərdən istifadə edirlər. Vəli müəllim də belələrindən idi.

Əliyev Vəli Bayram oğlu 1959-cu ildə Gürcüstan Respubli­kasının Bolnisi rayonunun Faxralı kənd orta məktəbini bitir­mişdir.

1959-cu ildən 1961-ci ilə qədər Bolnisi rayonunun “Qələbə” kolxozunda işləyib. 1961-ci ildə Azərbaycan Dövlət Univer­si­tetinin filologiya fakültəsinə daxil olub, birinci kursdan – 1961-ci ilin noyabr ayından 1964-cü ilin sentyabr ayına kimi Sovet Ordusu sıralarında aviasiya polkunda hərbi xidmətdə olub. Or­du­dan tərxis olunduqdan sonra universitetdə təhsilini davam et­di­rərək 1969-cu ildə “dilçi, ədəbiyyatçı, Azərbaycan dili və ədə­biyyatı” ixtisası üzrə diplom almış və həmin ildən də Gür­cüs­tan Respublikasının Bolnisi rayonunun Faxralı kənd orta mək­təbində müəllimlik fəaliyyətinə başlamışdır. O, əvvəlcə məktəbdə dil və ədəbiyyat müəllimi kimi, 1975-ci ildən 1978-ci ilə kimi isə həmin məktəbdə direktor vəzifəsində çalışmışdır.

1978-ci ildə Əliyev Vəli Bayram oğlu öz ailəsi ilə birlikdə Bakıya köçüb və Abşeron rayonu Güzdək qəsəbəsində orta məktəbdə dərs hissə müdiri və dil və ədəbiyyat müəllimi kimi çalışmışdır.

Vəli müəllim həm də gözəl şeirlər müəllifi idi. Onun şeirləri işərisində ömrünün son illərində yazdığı Qarabağ mövzulu şe­ir­ləri daha çox diqqəti cəlb edir və bu gün də aktuallığı ilə seçi­lir. Bu ağır, anoloqu olmayan olaylara Vəli müəllim dözə bil­mir, Şəhriyarın “Azərbaycan” şeirindən təsirlənərək özünə xas şəkildə yazırdı:

Əsrlərlə dilim-dilim bölünmüsən,
Bəsdir yatdın, indi oyan Azərbaycan.
Mayan oddur, sən günəşdən törəmisən,
Bəsdir tüstüləndin, gəl alovlan Azərbaycan.

“Bir canım var, sənə qurbandı Azərbaycan”, – deyən Vəli mü­əl­lim başqa bir şeirində yazır:

Hər bir yaran sağalantək sağalacaq bu yaran da,
 Şən nəğmələr oxunacaq aranında, dağında.
 Dalğalanacaq ay-ulduzlu bayrağın da Savalanda,
 Qardaş ellər qovuşacaq, ağlama, Vətən ağlama.

O taylı bu taylı Azərbaycanın bir-birinə qovuşacağına ina­nır, Vətənin gələcəyinə nikbin baxırdı Vəli müəllim. “Mərdlik, hünər yurd saldığı, igidliklə ucaldığı” Faxralısını – Borçalısını canı qədər sevirdi. Və o kənddə doğulması, Səngər dağından qürur alması ilə fəxr edirdi. Vəli müəllim üçün Vətən məhəb­bəti hər şeydən üstün idi. Vətənin qıraqda qalan yeri – “Dost qarşılayıb, yağı basan” Borçalını, Faxralını başının tacı bilirdi. Yurdumuza düşmən gözü ilə baxanların başını isə kəsməyə belə hazır idi. M.Cəlil demişkən:

Ölümün qolları güclü olsa da,
Vətən məhəbbəti güclüdür ondan!
Bax, bu məhəbbətdir, aparan bizi
Ağır döyüşlərə hər vaxt, hər zaman.

Vəli müəllim həmişə deyərdi ki, Vətən, sinəsində Vətən mə­həb­bəti gəzdirən, yenilməz və basılmaz oğullarındı. Belə oğul­lardı dar gündə sinəsini Vətən torpağına sipər edənlər. Onu da deməyi özümə borc bilirəm ki, Vəli müəllim ədalətli, qorxmaz, qüruruna tapınan bir kişi idi. Hər adam cəsarət edib onun qaba­ğında at oynada bilməzdi. Gözəl bilirdilər ki, Vəli müəllimin dava kitabında “geriyə dön” yoxdur. N.Gəncəvi demişkən “haqq olan inci sözün” tərəfində idi Vəli müəllim. “Həqiqət möhtacı” olanların qəlbinə sərinlik gətirəndə rahatlıq tapırdı. Ye­ri­şində də bir əzəmət və ağayanlıq vardı.Məsuliyyətli, inti­zam­lı, həm də tələbkar müəllim idi. Bunun nəticəsidir ki, Azər­baycanın əksər idarə və təşkilatlarında Vəli müəllimin şagird­ləri ləyaqətlə çalışırlar. Müəlliminin etimadını doğruldan, oxu­duğu məktəbə şöhrət gətirən məzun, həm də elinin, obasının başucalığıdır. Bu mənada Vəli müəllimin öyünüləsi yetirmələri çoxdur. Hansı ki, Vəli müəllimi həmişə minnətdarlıqla xatırla­yır­lar. Onlardan biri də mənəm. Çünki, Vəli müəllim bəziləri kimi papağı günə yandırmadı. Xatirələrdə yaşayacaq mənalı bir ömür yaşadı. Böyük şairimiz Zəlimxan Yaqubun dediyi kimi:

…Ömrü yaşadıqca bir ömür kimi,
İnsan heykəl olur xatirələrdə…

Xatirələrdə heykəlləşən Vəli müəllim həm də gözəl övladlar tərbiyə edib. Onun qaladığı ocaq indi də gur yanmaqdadı. Oğul oğul olanda ata ocağı həmişə yanır. Vəli müəllimin oğulları da məhz belə oğullardandı. Vətənə şərəf olan  oğullar atanın döv­ləti, varıdı. Nəğməkar şairimiz Rasim Kərimlinin yazdığı kimi:

Qəlbinin həyatda bir varı varsa
 O sənin dövlətin, sənin varındır.
 Əgər bircə sözün könül açırsa,
 O sənin nişanən, yadigarındır.

Mənbə : Səməndər Məmmədov –  “Ağır elsən, Borçalıda adın var…”, Bakı – “Nurlan” – 2010, II kitab.

Faxralı.com saytında yerləşdirilən məlumatlar Hüseynqulu Məmmədli, Səməndər Məmmədov, Rəşid Faxralı, Allahverdi Kərimovun müəllifi olduğu 8-dən çox kitab və digər mənbələr əsasında tərtib olunmuşdur