Bayram Tahir oğlu Bayramov

Bayram Tahir oğlu Bayramov 15.03.1972-ci il tarixində Gürcüstan Respublikasının Bolnisi rayonunun Faxralı kəndində anadan olub. Kəndin “Budaqlı” nəslindəndir.

1978-1989-cu illər Faxralı orta məktəbində təhsil alıb. Atası Tahir Bayramovun Faxralı kənd xəstəxanasındakı həkimlik fəaliyyəti, həmçinin işindəki məsuliyyəti ilə xalqın sevgisini qazanması Bayramda da həkim olmaq sevgisini yaradıb.

“Niyyətin hara, mənzilin ora” – deyib atalar, Bayramın da həkimlik sevdası onun 1991-ci ildə Azərbaycan Tibb Universitetinə gətirib.

1999-2001-ci illər ilk həkimlik fəaliyyətinə Azərbaycan Topçubaşov adına eksperimental xəstəxananın endokrinologiya şöbəsində cərrah vəzifəsini icra edərək başlayıb.

2001-ci ildən Mirqasımov adına Respublika xəstəxanasının ümumi cərrahiyyə şöbəsində həkim-cərrah olaraq işinə davam edir.

O, Azərbaycanın erməni işğalçılarına qarşı apardığı 2-ci Qarabağ müharibəsində həkim kimi könüllü olaraq fəal iştirak edib.

Vətən sevgisi Bayramı cəbhə bölgələrindəki əsgərlərimizə xidmət göstərməsi üçün ön cəbhəyə aparıb. Hələ 2016-cı ilin “aprel döyüşləri”ndə ön cəbhəyə ezam olunanda Cocuq Mərcanlı və Lələ Təpə bölgələrində əsgərlərə ilk tibbi yardımlar göstərib.

2020-ci ilin 27 sentyabr ayında başlayan Azərbaycanın “Vətən müharibəsi” Bayramın təkrar ön cəbhəyə ezam olunmasına səbəb olub. Cəbhənin Füzuli rayonu istiqamətində ön cəbhədəki yaralılara ilkin tibbi yardımını həmin rayonun xəstəxanasında cərrah həkim olaraq yerinə yetirib.

O, ezamiyyət müddətində Cəbrayılın, Zəngilanın, Hadrutun və Şuşanın ön cəbhələrində yaralanan döyüşçülərə tibbi yardımlar göstərib. 2020-ci ilin 16 noyabr tarixində ezamiyyəti bitdikdən sonra öz iş yerinə qayıdaraq ikinci düşmən COVİD virusuna qarşı mübarizəsini davam etdirir.

Borçalı elinin Faxralı kəndinin vətənpərvər və xeyriyyəçi oğlu ildə iki dəfə könüllü olaraq Naxçıvan Muxtar Respublikasının Ordubad şəhərində həkim kimi əmək fəaliyyətini heç zaman əsirgəməyib.

Dr Bayram Bayramov ailəlidir, iki övladı var.

Həkim qardaşımıza gördüyü işlərə görə təşəkkür edir, işlərində yüksək nailiyyətlər arzulayırıq…

Faxralı.com saytında yerləşdirilən məlumatlar Hüseynqulu Məmmədli, Səməndər Məmmədov, Rəşid Faxralı, Allahverdi Kərimovun müəllifi olduğu 8-dən çox kitab və digər mənbələr əsasında tərtib olunmuşdur