Elmar İlqar oğlu Bədəlli

Elmar İlqar oğlu BƏDƏLLİ 1995-ci ilin 23 fevralında Bakı şəhərində anadan olub. Əslən Borçalının tanınmış kəndlərindən olan Faxralı kəndindən Qarabədəllilərdən Hüseyn kişinin nəvəsidir. Atasının Moskavada işgüzar fəaliyyəti ilə bağlı 2002-ci ildə həmin şəhərin 103 nömrəli orta məktəbində ibtidai təhsilə başlayıb. İdmana olan marağından Elmar ibtidai təhsillə bərabər Taekvondo idman növü ilə məşğul olmağa başlayıb. Moskva şəhərində yaşadığı müddət ərzində bir neçə yarışların qalibi olub. İki dəfə yeniyetmələr arasında keçirilən yarışda Moskva birincisi adına layiq görülüb.

2007-ci ildə Bakı şəhərinə köçdükdən sonra təhsilini 141 nömrəli orta məktəbdə 6-cı sinifdən davam etdirib. İdmana sevgisi ilə həmin ildən də Azərbaycan Taekvondo Federasiyasının müəllimi Sənan Həşimovun Qafqaz klubuna üzv olub. İdman sahəsində əməyinin bəhrəsi olaraq Azərbaycanda üçqat ölkə çempionu, ikiqat Gürcüstan çempionu, İran üçüncüsü nailiyyətlərini qazanıb, Hollandiyada, Xorvatiyada, Türkiyədə, Rusiyada, Misirdə keçirilən yarışların iştirakçısı olub, müxtəlif dərəcələr və mükafatlarla mükafatlandırılıb.

Elmar Bədəlli 2013-cü ildə orta məktəbi bitirib və Azərbaycan Texniki Universitetinə (Azərbaycan Politexnik Universiteti) daxil olub. Ali təhsili başa vurduqdan sonra hərbi xidmətə çağırılıb. Xidmətini Azərbaycan sərhəd qoşunlarında yerinə yetirib. Hərbi xidmətini başa vurduqdan sonra Elmar gələcək həyatında hərbi sahədə vətənə xidmət etmək qərarına gəlir. Yüksək fiziki göstəriciləri ilə yanaşı peşəkar idmançı kimi zabitlərin müsbət rəyi ilə gizir kursunu keçərək tamamlayıb. Kursu bitirdikdən sonra Dövlət Sərhəd Xidmətinin N saylı hərbi hissəsində xidmətini davam etdirib.

2020-ci ilin 27 sentyabrında Azərbaycan və Ermənistan arasında başlanmış İkinci Qarabağ müharibəsində (Vətən Müharibəsində) Elmar Xüsusi Təyinatlı Qüvvələrin tərkibində vətənə xidmətinə davam etdirib.

Cəbhənin Kəlbəcər istiqamətlərindən hücum edən düşmənin həmlələrini dəf edərək Murov dağındakı bir sıra əhəmiyyətli yüksəklikləri ələ keçirənlərdən biri də gizir Elmar Bədəlli idi. Daha sonra Fizuli, Cəbrayıl, Xudafərin, Zəngilan istiqamətlərində Elmar digər Xüsusi Təyinatlı Qüvvələrlə birlikdə böyük qəhrəmanlıqlar göstərmişdi. Təbii ki, Elmar göstərdiyi şücaətləri xətrini çox istədiyi komandiri Xüsusi Təyinatlı Qüvvələrin qərargah rəisi polkovnik Babək Ələkbərovun bilik və bacarığından bəhrələnərək qazanmışdı.

Xüsusi Təyinatlı Qüvvələrin sıralarında xidmətini davam etdirən Elmar Bədəlli 44 günlük Vətən Müharibəsi dövründə demək olar ki, bütün cəbhə xətlərində vuruşub, qəhramanlıqlar göstərib, onlarla düşməni məhv edərək qələbəmizdə pay sahiblərindən biri olub. Xüsusilə Cəbrayıl istiqamətindəki döyüşlərdə, Xudafərin körpüsünün azad olunması zamanı bir sıra qəhrəmanlıqlar göstərən Elmar tarixi abidəyə Üçrəngli Şanlı Azərbaycan Bayrağı sancılarkən Ali Baş Komandana raport verən dəstənin tərkibində olub.

https://twitter.com/i/status/1317818059474849792

Elmar daha sonra Zəngilan və Qubadlının işğaldan azad edilməsi üçün baş verən döyüşlərdə də ən öndə gedənlərdən olub.

Laçın uğrunda gedən döyüşlərdə də iştirak edən Elmarın qəhrəmanlıqları diqqətdən kənarda qalmayıb və Ali Baş Komandanın Sərəncamı ilə “İgidliyə görə” medalı ilə təltif olunub. (https://president.az/articles/49222)

(Oxu.az – İlham Əliyev bir qrup hərbi qulluqçunu “İgidliyə görə” medalı ilə təltif etdi)

Sonrakı günlərdə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının “Cəbrayılın azad olunmasına görə” medalı ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə təltif olunanlar siyahısında Elmar Bədəllinin də adı var. (https://president.az/articles/49462)

Təltiflərin davam etdiyi sırada son günlərdə Elmar növbəti təltiflə mükafatlandırılıb. Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə “Zəngilanın azad olunmasına görə” medalı ilə təltif edilməsi Elmar Bədəllinin növbəti mükafatlarından biridir. Ümidvarıq vətənpərvər Eloğlumuzun qazandığı mükafatlar davamlı olar, həyat yollarını işıqlandırar. (https://president.az/articles/49512)

Elmarın ən son aldığı “Vətən müharibəsi iştirakçısı” medalı ölkə rəhbərinin sərəncamı ilə verilmiş dördüncü medalıdır.

Elmarın vətənpərvər şücaəti onu təkcə ailəsinə sevdirmir, həm doğulduğu, canı və qanı ilə xidmət etdiyi Azərbaycan, həm də əsli-kökü ilə bağlı olduğu obası, eli olan Faxralı və bütün Borçalıların qəlbində taxt qurub, qürur mənbələrinə çevrilib, sevənləri onun qəhrəmanlıqlarından böyük ruh yüksəkliyi ilə danışırlar.

Elmar Bədəlli hal-hazırda Laçında ordu sıralarında vətənimizi düşməndən qoruyanlar sırasındadır.

Elmara gələcək həyat yollarında uğurlar, ömrünün daha mənalı, mənəvi, zəngin olmasını arzulayırıq…

Faxralı.com saytında yerləşdirilən məlumatlar Hüseynqulu Məmmədli, Səməndər Məmmədov, Rəşid Faxralı, Allahverdi Kərimovun müəllifi olduğu 8-dən çox kitab və digər mənbələr əsasında tərtib olunmuşdur